Azərbaycanda aparılan sosial-iqtisadi islahatlar bundan sonra da davamlı xarakter daşıyacaq

Prezident İlham Əliyev Azərbaycanın müasir dövlətə çevrilməsini və tam müstəqil siyasət yürütməsini hər zaman milli ideyanın başlıca hədəfi kimi diqqət mərkəzində saxlayır. Dövlət başçısı əhalinin həyat şəraitini yaxşılaşdırmaq məqsədilə  icra mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində konkret addımlar atır, sosial-iqtisadi layihələrin uğurla həyata keçirilməsinə mühüm önəm verir. 

Fəaliyyətini daim ictimai inam və etimadı doğrultmaq məramı üzərində quran, hakimiyyətin mütəmadi olaraq gördüyü işlərlə bağlı xalqa hesabat verməsini idarəçilikdə mütərəqqi ənənə kimi formalaşdıran cənab İlham Əliyev bununla da respublikamızın siyasi, iqtisadi müstəqilliyini getdikcə möhkəmləndirir.

Bu gün istər Avropada, istərsə də Asiyada dərin maliyyə böhranı, iqtisadi tənəzzül müşahidə olunur. Lakin siyasi və sosial kataklizmlərə baxmayaraq, Azərbaycan bu coğrafiyanın “sabitlik adası” kimi qalmaqdadır. İqtisadi aktivliyin hökumət tərəfindən dəstəklənməsi iqtisadiyyatın inkişaf dinamikasına müsbət təsir göstərir, xaricdən gələn müəyyən inflyasiya meyillərinə baxmayaraq, makroiqtisadi sabitlik qorunur.

Bütün bunlar barədə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ətraflı danışılıb.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı alim Vüqar Bayramov dedi:

– Əvvəla onu xatırladım ki, Nazirlər Kabinetinin iclasında qeyd edildiyi kimi, 2016-cı il iqtisadi baxımdan asan olmadı. Bu, daha çox neftin dünya bazar qiymətinin aşağı olması, əsas ticarət tərəfdaşlarımızın iqtisadi çətinliklərlə qarşılaşması kimi xarici faktorlarla bağlı idi. Lakin buna baxmayaraq, qeyri-neft sənayesinin 5 faiz, kənd təsərrüfatının  isə 2,6 faiz artması kimi mühüm göstəricilər uzun illər ərzində aparılan siyasətin, başqa sözlə, qeyri-neft sektorunun inkişafına göstərilən qayğının məntiqi nəticəsidir. Dövlət başçısı da iclasda diqqəti bu fakta yönəltdi: “Bax, bu iki rəqəm deməyə əsas verir ki, biz bu çətin və böhranlı şəraitdən şərəflə çıxa bildik və artıq görülmüş işlər və bu il görüləcək işlər bu dinamikanı daha da gücləndirəcək. İqtisadiyyat dayanıqlı şəkildə inkişaf edəcək, qeyri-neft sektorumuz inkişaf edəcək, yeni iş yerlərinin yaradılması təmin ediləcək və əminəm ki, biz dediyim bütün hədəflərə çatacağıq.

Baxmayaraq ki, gəlirlərimiz 3-4 dəfə aşağı düşüb, Azərbaycanda yaradılmış gözəl sərmayə iqlimi hesabına biz ölkəmizə 8 milyard dollar xarici investisiya cəlb edə bilmişik. Bu da çox gözəl göstəricidir. Çünki bu gün bütün dünyada iqtisadi böhran yaşanır, maliyyə çətinlikləri müşahidə olunur və belə vəziyyətdə xaricdən investisiya gətirmək çox çətin məsələdir. Biz bunu təmin etmişik və ölkə iqtisadiyyatına 8 milyard dollar xarici sərmayə qoyulmuşdur. Daxili sərmayə isə 3,7 milyard dollar olmuşdur. Əvvəlki illərlə müqayisədə bu, daha aşağı rəqəmdir. Ancaq bu, başadüşüləndir, bunun səbəbi də bəllidir. Beləliklə, ölkə iqtisadiyyatına keçən il 11 milyard 700 milyon dollar sərmayə qoyulmuşdur. Bir daha demək istəyirəm ki, bu, çox gözəl göstəricidir. Bu göstəricinin mütləq rəqəmləri də çox böyükdür. Əgər bunu adambaşına hesablasaq görərik ki, biz bəlkə də dünya miqyasında ən qabaqcıl yerlərdən birini tuturuq”.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın valyuta ehtiyatlarının saxlanılması və artırılması məsələsinə də toxundu. Ölkə başçısı bildirdi ki, Neft Fondunun gəlirləri cəmi 4 faiz aşağı düşmüşdür. Çünki biz valyuta ehtiyatlarımızın şaxələndirilməsi istiqamətində vaxtilə addımlar atmışıq. Bizim valyutamız həm dollarda, həm avroda, həm Britaniya funtunda saxlanılır. Dolların möhkəmlənməsi, avronun, funtun aşağı düşməsi nəticəsində bax, dollar ekvivalentində bizim Neft Fondumuzun valyuta ehtiyatları 4 faiz aşağı düşmüşdür. Əgər bu məzənnə fərqi olmasaydı, biz o az səviyyəli tənəzzülə də uğramazdıq. Yəni, bu gün Azərbaycan Dövlət Neft Fondunda 33 milyard dollar vəsait var. Biz bunu qorumuşuq, qoruyacağıq və əminəm ki, bu il bunu daha da artıracağıq.

Nazirlər Kabinetinin iclasında da qeyd edildiyi kimi, 2016-cı il, eyni zamanda, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi ili kimi tarixə düşdü. Bu xəritələr post-neft dövrünü yeni çağrışlarına uyğun olaraq hazırlanıb. Eyni zamanda, iqtisadi islahatların konkret və aradıclı şəkildə həyata keçirilməsini sürətləndirmək məqsədi daşıyır. Başqa sözlə, bununla Azərbaycanın iqtisadiyyatında yeni mərhələnin əsası qoyulacaq. Bu sənədlər məhz iqtisadi inkişafa nail olunması, iqtisadi çətinliklərin təsirlərinin minimumlaşdırılması ilə bağlı strateji yol formalaşdırır. Bu baxımdan, sənəd Azərbaycanda həyata keçiriləcək iqtisadi islahatların məhz bu strateji xəritəyə uyğun olaraq müddətli şəkildə reallaşdırılmasına imkan verəcək.

Nazirlər Kabinetinin iclasında, həmçinin bildirildi ki, qlobal maliyyə böhranının yeni mərhələyə keçdiyi bir şəraitdə Azərbaycanda görülən qabaqlayıcı tədbirlər sayəsində makroiqtisadi sabitlik təmin edilib. Maliyyə resurslarının səmərəli reallaşdırılması hökumətin qarşısında duran vəzifələri həyata keçirməyə, iqtisadiyyatın inkişafı üçün zəruri maliyyə əsaslarının formalaşdırılmasına da əlverişli imkanlar yaradıb. Bu baxımdan 2016-cı il ərzində də ölkə iqtisadiyyatında müsbət meyillər davam edib. Sosial proqramlar uğurla həyata keçirilib və müsbət göstəricilər əldə edilib.

Xatırladım ki, islasda yuxarıda qeyd edilənlərlə yanaşı,  Azərbaycanda multikultural dəyərlərə mühüm önəm verilməsi, miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması,  “ASAN xidmət”in yaradılması ilə dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin yüksək keyfiyyətlə, rahat və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi ilə bağlı son illərdə əldə edilən uğurlardan da ətraflı danışıldı.

Bütün bunlar isə göstərir ki, Azərbaycanda neft gəlirləri əsasında yaradılan möhkəm maliyyə-iqtisadi baza qeyri-neft sektorunun dinamik inkişafını və iqtisadiyyatın diversifikasiyasını, regionların tarazlı inkişafını, səmərəli beynəlxalq iqtisadi əməkdaşlığı sürətləndirib və son nəticədə ölkəmizin hər bir vətəndaşının rifahının yüksəldilməsi ilə bağlı müsbət  dəyişikliklər baş verib. 

Söhbəti yazdı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında