Prezident İlham Əliyev: Azərbaycan müstəqillik, sabitlik, inkişaf yolu ilə gedir

Yola saldığımız 2016-cı ildə dünyada baş verən ağır maliyyə böhranı, bir sıra mənfi proseslər qlobal iqtisadiyyatda dərin tənəzzülə səbəb olmuşdur. Bununla yanaşı, dünya bazarında neftin qiymətinin əvvəlki illərlə müqayisədə xeyli aşağı düşməsi iqtisadi inkişafla bağlı vəziyyəti bir qədər də  ağırlaşdırmışdır. Qlobal maliyyə böhranına, dünya iqtisadiyyatında cərəyan edən mənfi təzahürlərə baxmayaraq, Azərbaycan 2016-cı ildə öz inamlı inkişafını davam etdirmişdir.

Bu, mötəbər beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmışdır. Belə ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 65-ci yerdə qərarlaşmışdır. Bundan əlavə, dünyanın aparıcı iqtisadi beynəlxalq forumunun – Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə üç pillə irəliləyərək 40-cı yerdən 37-ci yerə yüksəlmişdir. MDB məkanında isə ölkəmiz bu sahədə liderliyini qoruyub saxlaya bilmişdir.

Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu barədə məlumat verən dövlətimizin başçısı demişdir: “Ölkəmizdə sabitliyin mənbəyi xalqımızın iradəsidir, xalqımızın seçimidir. Dünyada və bölgədə gedən təhlükəli proseslərə fikir verərkən bir daha görürük ki, Azərbaycan öz yoluna sadiqdir, müstəqillik, inkişaf yolu ilə gedir və biz çalışmışıq və çalışacağıq bundan sonra da ölkəmizi, xalqımızı mümkün olan risklərdən qoruyaq, öz müstəqil yolumuzu təmin edək. Artıq tarix və ətrafda baş verən hadisələr göstərir ki, bizim seçdiyimiz yol yeganə düzgün yoldur. Bu, müstəqillik yoludur, sabitlik, inkişaf yoludur”.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, son illər neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi ilə əlaqədar gəlirlərimizin kəskin şəkildə azalmasına baxmayaraq, 2016-cı ildə ölkə qarşısında duran demək olar ki, bütün əsas vəzifələr təmin edilmiş, Azərbaycan iqtisadi sabitliyini qoruya bilmiş, bu ağır vəziyyətdən şərəflə çıxa bilmişdir. Ötən il ölkəmizdə iqtisadi inkişafla bağlı çox önəmli addımların atıldığını diqqətə çatdıran dövlət başçısı bunu  Azərbaycanda təhlükəsizliyin, sabitliyin və vətəndaş həmrəyliyinin mövcudluğu ilə əlaqələndirmişdir.

Ötən il Azərbaycan tarixi müstəqilliyinin bərpasının 25 illiyini bir sıra əlamətdar hadisələrlə, uğurlu nəticələrlə qarşıladı. Hər şeydən əvvəl, xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu, sosial-iqtisadi strategiyanı müasir dövrün tələblərinə uyğun olaraq yaradıcılıqla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz 13 il ərzində əsrə bərabər inkişaf yolu keçdi. Bazar iqtisaiyyatına keçid dövrünü uğurla başa çatdıran Azərbaycan Respublikası özünün inkişaf modelini dünyaya təqdim edə bildi. Neft gəlirlərindən düzgün və səmərəli şəkildə istifadə edən Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsini prioritet elan etdi. Məhz bunun nəticəsidir ki, neftin qiymətinin aşağı həddə olduğu bir şəraitdə belə, ölkəmizdə inkişaf və sabitlik davam edir, nəzərdə tutulmuş bütün sosial proqramlar, infrastruktur layihələri uğurla icra olunur.

Bununla yanaşı, 2016-cı ildə qlobal maliyyə böhranının Azərbaycana təsirini minimuma endirmək məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi sahədə ardıcıl tədbirlər həyata keçirilmiş, bir sıra  qərarlar, qanunlar qəbul edilmiş, çoxsaylı sərəncamlar imzalanmışdır. Bütün bunlar ölkəmizdə iqtisadi islahatları daha da dərinləşdirməklə yanaşı, inkişafın qeyri-neft sektoru  hesabına təmin etməyə imkan yaradır. Bir sözlə, bütün bunlar onu deməyə əsas verir ki,  2016-cı il ölkəmiz üçün dərin iqtisadi islahatlar ili kimi tarixdə qalacaq.

Yola saldığımız 2016-cı ildə neft gəlirlərinin azalması fonunda  investisiyaların, xüsusən də dövlət investisiyalarının azalması hesabına ümumi daxili məhsul bir qədər aşağı düşsə də, digər makroiqtisadi göstəricilər uğurlu olmuşdur. Ötən il ölkəmizdə qeyri-neft sənayesi və kənd təsərrüfatı istehsalında müvafiq olaraq 5 faiz və 2,6 faiz artım qeydə alınmışdır. Bu da Azərbaycanda qeyri-neft dövrünün ilkin uğurlu nəticələri kimi dəyərləndirilə bilər. Prezident İlham Əliyev  Nazirlər Kabinetinin iclasında sənaye və kənd təsərrüfatının hər bir ölkənin əsas inkişaf dinamikasını şərtləndirən amillərdən olduğunu vurğulayaraq bildirmişdir ki, ötən il bu iki sahədə əldə olunmuş uğurlu göstəricilər deməyə əsas verir ki, Azərbaycan çətin və böhranlı şəraitdən şərəflə çıxa bilmişdir.

Son illər Azərbaycanda yaradılmış gözəl sərmayə iqliminin məntiqi nəticəsi olaraq 2016-cı ildə ölkəmizə 8 milyard dollar xarici investisiya qoyulmuşdur. Hökumətin iclasında bu barədə söhbət açan Prezident İlham Əliyev demişdir: “Bu gün bütün dünyada iqtisadi böhran yaşanır, maliyyə çətinlikləri müşahidə olunur və belə vəziyyətdə xaricdən investisiya gətirmək çox çətin məsələdir. Biz bunu təmin etmişik və ölkə iqtisadiyyatına 8 milyard dollar xarici sərmayə qoyulmuşdur. Daxili sərmayə isə 3,7 milyard dollar olmuşdur. Əvvəlki illərlə müqayisədə bu, daha aşağı rəqəmdir. Ancaq bu, başadüşüləndir, bunun səbəbi də bəllidir. Beləliklə, ölkə iqtisadiyyatına keçən il 11 milyard 700 milyon dollar sərmayə qoyulmuşdur. Bir daha demək istəyirəm ki, bu, çox gözəl göstəricidir. Bu göstəricinin mütləq rəqəmləri də çox böyükdür. Əgər bunu adambaşına hesablasaq görərik ki, biz bəlkə də dünya miqyasında ən qabaqcıl yerlərdən birini tuturuq”.

Prezident İlham Əliyevin 2016-cı ildə qarşıya qoyduğu əsas vəzifələrdən biri də Azərbaycanın valyuta ehtiyatlarını, xüsusən də Neft Fondunun vəsaitini qorumaqdan ibarət idi. Qlabal maliyyə böhranının ölkəmizə təsirinə baxmayaraq, bu çətin vəzifənin öhdəsindən də layiqincə gəlmək mümkün oldu. Bu da Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın valyuta ehtiyatlarının şaxələndirilməsi istiqamətində əvvəlki illərdə atılmış addımlarla bağlıdır.  Hazırda Azərbaycan Respublikası Dövlət Neft Fondunda 33 milyard dollar vəsait var. Nazirlər Kabinetinin iclasında bu vəsaitin qorunması ilə bağlı konkret tapşırıq verən dövlət başçısı qeyd etmişdir ki, biz gələcəyi düşünərək  uzunmüddətli strategiyamızı qururuq, ölkə üçün lazım olan infrastruktur, sosial layihələrə yönəltmişik və bu gün də qoruyuruq, artırırıq və artırmalıyıq.

Azərbaycan üçün çətin sınaq dövrü kimi xarakterizə olunan 2016-cı ildə sosial siyasət də dövlətin əsas prioritetlərdən biri olmuşdur. Belə ki, il ərzində ölkəmizdə maaşlar 7 faiz, pensiyalar 8 faiz artmışdır. Kommunal sahədə həyata keçirilən yeni qiymət siyasəti ilə əlaqədar əhalinin aztəminatlı hissəsinin mənafeyi nəzərə alınmış, qaz və işıq sərfiyyatına görə diferensial qiymət mexanizminin tətbiqinə başlanılmışdır. Gəlirlərimizin azalmasına baxmayaraq, ölkədə sosial infrastruktur layihələrinin icrası diqqət mərkəzində saxlanılmış,  il ərzində 485 məktəb təmir edilmiş, 29 yeni məktəb tikilmiş, 41 xəstəxana inşa olunmuş və ya təmir edilmişdir. Bu da ölkəmizdə həyata keçirilən sosial siyasətin məntiqi nəticəsidir.

Azərbaycanın yerləşdiyi coğrafi mövqe, zəngin təbii gözəlliklər, əlverişli iqlim şəraiti ölkəmizin turizm baxımından cəlbediciliyini xeyli artırmışdır ki, bu da bütün dünya ölkələrindən Azərbaycana gələn turistlərin sayının artmasına səbəb olmuşdur. Turizm axınının çoxalması isə öz növbəsində ölkə iqtisadiyyatına böyük mənfəət gətirir. Bunun nəticəsidir ki, son illər ölkəmizdə iqtisadiyyatın gəlirli sahələrindən sayılan turizmin inkişafı sahəsində də məqsədyönlü işlər görülmüşdür. Bu tendensiya ötən il də davam etmiş, ölkəmizdə 35 mehmanxana tikilmiş, onların sayı 500-ü ötmüşdür. Bununla belə, tələbatın getdikcə artması ilə əlaqədar hazırda yeni turizm obyektlərinin tikintisi davam etdirilir.

2016-cı ildə Azərbaycan enerji siyasətinin təkmilləşdirilməsi istiqamətində növbəti uğurlara imza atıb. İl ərzində “Cənub” qaz dəhlizinin icrası uğurla davam etdirilib. “Cənub” qaz dəhlizinin əsas tədarükçüsü olan “Şahdəniz-2” layihəsi çərçivəsində tikinti-quraşdırma işləri xeyli sürətləndirilib. Artıq dünya miqyasında ən böyük qaz-kondensat yataqlarından sayılan “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi üzrə işlərin 90 faizi tamamlanıb. Bununla yanaşı, “Cənub” qaz dəhlizinin əsas seqmentlərindən sayılan Trans-Anadolu (TANAP) layihəsinin böyük hissəsi icra edilib, Trans-Adriatik (TAP) boru kəməri layihəsinin icrasına başlanılıb. Sevindirici haldır ki, ötən ilin fevral ayında Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının ikinci toplantısında iştirak edən bütün ölkələr, Avropa Komissiyası, Amerika Birləşmiş Ştatları və “Cənub” qaz dəhlizinin bütün üzvləri tərəfindən qəbul edilmiş bəyanatda Azərbaycanın liderliyi bir daha təsdiqlənmişdir.

Azərbaycanın dünyaya inteqrasiyasında nəqliyyat layihələri mühüm yer tutur. Ötən il ölkəmizin nəqliyyat sektorunda mühüm hadisələr baş verib, Şimal-Cənub dəhlizinin yaradılması istiqamətində ciddi addımlar atılıb. Dövlət başçısının göstərişi ilə İran sərhədinə qədər dəmir yolunun çəkilişi ilin sonunadək başa çatdırılıb,  Astaraçay üzərində körpü istifadəyə verilib. Nazirlər Kabinetinin iclasında artıq bu böyük layihənin işə düşməsi ilə bağlı əlavə təşəbbüslər irəli sürdüyünü diqqətə çatdıran Prezident İlham Əliyev demişdir: “Bu, həm bizə, həm qonşu ölkələrə, bütün dünyaya lazımdır. Bu layihənin icrası nəticəsində Hindistandan, Pakistandan gələn yüklər Azərbaycan ərazisindən İrana, Rusiyaya, Şimali Avropaya və əks istiqamətdə gedəcəkdir. Bu, böyük nəqliyyat hərəkatına gətirib çıxaracaq. Milyonlarla ton yük ərazimizdən keçəcək və minlərlə iş yeri yaradılacaq. Biz bu layihənin icrası ilə, eyni zamanda, Naxçıvanı da dəmiryolu blokadasından çıxaracağıq. Naxçıvan İran ərazisindən dəmir yolu vasitəsilə Azərbaycanla birləşəcək. Yəni, bu, tarixi layihədir və biz bunu qonşu, dost ölkələrlə birlikdə icra edirik”.

Nazirlər Kabinetinin məlum iclasında ölkəmizin 2017-ci ildə uğurla inkişaf edəcəyinə əminliyini bildirən Prezident İlham Əliyev cari ildə bütün sosial proqramların icra olunacağını, ölkənin iqtisadi inkişafı ilə bağlı çox önəmli addımların atılacağını bəyan etmişdir. Azərbaycanın cari il üçün sosial-iqtisadi inkişafının başlıca hədəflərini diqqətə çatdıran dövlət başçısı qarşıdakı aylarda ölkənin inşaat sektorunun böhrandan çıxması istiqamətində lazımi tədbirlərin görüləcəyini, bu sahədə bir çox layihələrin icra ediləcəyini bildirdi. Bu baxımdan ölkəmizdə yenicə yaradılmış Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən reallaşdırılan ilk layihə diqqəti cəlb edir. Xatırladaq ki, layihə çərçivəsində yeni yaradılacaq şəhərcikdə hündürmərtəbəli 29 yaşayış binası, məktəb və uşaq bağçası tikiləcək, infrastruktur yaradılacaq, yollar çəkiləcək. Yeni binalarda iki minə yaxın mənzil güzəştli şərtlərlə vətəndaşlara, xüsusilə maddi imkanları məhdud olan ailələrə uzunmüddətli kreditlə veriləcək.

Bununla yanaşı, dövlət başçısı il ərzində paytaxtın müxtəlif ərazilərində istifadəyə yararsız, qəzalı vəziyyətdə olan evlərin, binaların yerində hündürmərtəbəli müasir binaların tikintisi ilə bağlı tövsiyə və göstərişləriərini verdi, “Ağ şəhər” ərazisində inşaat işlərinin davam etdiriləcəyini bildirdi. Bu da Bakı şəhərinin görkəmini daha da yaxşılaşdırmaqla yanaşı,  tikinti materialları sektorunda böyük canlanmaya, yeni iş yerlərinin yaradılmasına səbəb olacaq.  Prezident İlham Əliyev, həmçinin inşaat sektorunun inkişafının bütün bölgələrə də şamil ediləcəyini bəyan etdi.

 Nazirlər Kabinetinin iclasındakı yekun nitqində 2017-ci ildə qarşıda duran vəzifələrdən söhbət açan dövlət başçısı makroiqtisadi sabitliyin hər bir ölkənin iqtisadi dayanıqlılığı üçün əsas şərtlərdən biri kimi xarakterizə edərək bildirdi ki, bu il Azərbaycanda makroiqtisadi sabitlik təmin edilməli, inflyasiya birrəqəmli həddə saxlanılmalıdır. Bununla yanaşı, il ərzində bank sektorunun təmizlənməsi, sağlamlaşdırılması, şəffaflaşması, beynəlxalq standartlara uyğunlaşması istiqamətində ciddi addımlar atılacaq.

Cari ildə ölkənin iqtisadi inkişaf strategiyasının başlıca hədəflərindən biri də sənaye potensialının inkişaf etdirilməsindən ibarətdir. Dövlət başçısı bu məqsədlə ölkədə sənaye parklarının, sənaye zonalarının tikintisinin sürətləndirilməsi ilə bağlı ciddi addımlar atılmasının vacibliyini önə çəkərək bildirdi ki, dövlətin dəstəyi ilə görüləcək bu işlərdə yerli icra orqanları, sahibkarlar da yaxından iştirak etməlidirlər.

Ölkə iqtisadiyyatının əsas sahələrindən sayılan kənd təsərrüfatının inkişafı ilə bağlı konkret tapşırıq və tövsiyələrini verən Prezident İlham Əliyev bu il pambıqçılığın, baramaçılığın, fındıqçılığın inkişaf etdirilməsinin, xurma, nar, badam və zeytun bağlarının genişləndirilməsinin vacibliyini bildirdi.  Dövlət başçısı qeyd etdi ki, tütün və üzüm istehsalının artırılması ilə bağlı fermerlərə lazımı dövlət dəstəyinin göstərilməsi bu sahədə ixrac imkanlarının genişləndirilməsinə imkan yaradacaq. Azərbaycanda kənd təsərrüfatı ilə bağlı məsələlərin xüsusi diqqət tələb etdiyini vurğulayan Prezident İlham Əliyev dedi: “Ona görə, mən bu sahəyə bu gün də, ümumiyyətlə, çox böyük diqqət ayırıram. Çünki bu sahə həm məşğulluqdur, həm inkişafdır, həm ixracdır. Biz ixracı şaxələndirməliyik və ilk növbədə, kənd təsərrüfatı məhsulları hesabına. Biz realist olmalıyıq. Biz indi texnologiya ixrac edə bilmirik və edə bilmərik, vaxt lazımdır. Biz istədiyimiz səviyyədə maşın, mexanizm ixrac edə bilmirik. Heç özümüzü də təmin edə bilmirik. Biz nəyi ixrac edə biliriksə, diqqətimizi o real sektora yönəltməliyik. Burada kənd təsərrüfatı, emal sahəsi əlbəttə ki, ən böyük potensiala malikdir. Torpaqlardan səmərəli istifadə etməliyik və ixracımızı şaxələndirməliyik. Hesab edirəm ki, biz görüləcək tədbirlər sayəsində kənd təsərrüfatı məhsulları ixracını iki dəfə artıra bilərik. Bu, ölkəmizə daha çox valyuta, kənddə yaşayanlara isə əlavə vəsait gətirəcək”.

Hökumətin iclasındakı yekun nitqində Prezident İlham Əliyev, həmçinin 2017-ci ildə ölkədə infrastruktur imkanlarının artırılması, kəndlərin qazlaşdırılması, yeni yolların çəkilməsi,  içməli su layihələrinin icrasının davam etdirilməsi, sosial  infrastrukturun yaradılması ilə bağlı mühüm tapşırıqlar verdi. 

“Cənub” qaz dəhlizinin yaradılması ilə bağlı çox böyük işlərin görüləcəyini  diqqətə çatdıran dövlət başçısı qeyd etdi ki, 2017-ci il iqtisadi cəhətdən olduqca səmərəli, enerji təhlükəsizliyi baxımından bir çox ölkələrin, xüsusən də Azərbaycanın maraqlarını təmin edəcək bu layihə üçün həlledici il olacaq.

Bütövlükdə isə Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı proqram xarakterli yekun nitqində səsləndirilən müddəalar, qarşıya qoyulan vəzifələr onu deməyə əsas verir ki, 2017-ci ildə  Azərbaycanın sosial-iqtisadi inkişafı sahəsində qazandığı uğurların sayı bir qədər də artacaq, nəzərdə tutulmuş bütün sosial proqramlar və infrastruktur layihələrinin icrası davam etdiriləcək.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında