Ölkəmizdə 2017-ci ildə də makroiqtisadi sabitliyin təmin olunması istiqamətində tədbirlər həyata keçiriləcək

Son illər Azərbaycan siyasi, sosial və iqtisadi sahələrdə böyük inkişaf yolu keçib. Respublikamız daimi islahatlarla təkmilləşdirilən, davamlı iqtisadi inkişafa nail olan, dünya dövlətləri arasında özünə layiqli yer tutan bir ölkəyə çevrilib. Əlbəttə, bütün bunlar məqsədyönlü gərgin işin, fəaliyyətin nəticəsidir.

Azərbaycanın əldə etdiyi uğurların real mənzərəsini görmək üçün bir sıra iqtisadi və maliyyə göstəricilərinə nəzər yetirmək kifayətdir. Yalnız son 12 il ərzində ümumi daxili məhsul (ÜDM) 3 dəfədən çox, büdcə gəlirləri isə 20 dəfə artıb. Eyni zamanda, yoxsulluğun səviyyəsi 49 faizdən 5 faizə qədər azaldılıb. İşsizliyin səviyyəsi də bu qədərdir. Azərbaycanda son 12 il ərzində 1 milyon 500 min iş yeri açılmışdır. Hazırda Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 75 faizini təşkil edir.

Azərbaycanın bu uğurları beynəlxalq təşkilatlar tərəfindən də təsdiq edilir. Dünya İqtisadi Forumunun qlobal rəqabətqabiliyyətliliyi indeksində Azərbaycan 37-ci yerdədir və bu sahədə ölkəmiz MDB məkanında birincidir. “Fitch”, “Standard and Poor's”, “Moody's” kimi beynəlxalq reytinq agentlikləri Azərbaycanın reytinqini yüksək qiymətləndirirlər. 

Mərkəzi Bankın 2017-ci il üçün pul siyasətinin əsas istiqamətləri haqqında bəyanatında da bildirilir ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illərdə Azərbaycanda yüksək iqtisadi inkişafa və rifaha nail olunub. Ölkənin iqtisadi qüdrəti, beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə yüksəlib. Yaradılan modern sosial-istehsal infrastruktur, sürətli regional inkişaf başqa ölkələrin on illərlə qət edə bilməyəcəyi bir yolun Azərbaycanın çox qısa bir müddətdə keçdiyini sübuta yetirib.

Bütün yuxarıda qeyd edilənlərlə yanaşı, o da xatırladılır ki, 2014-cü ilin ikinci yarısından etibarən dünya iqtisadiyyatının yeni tsiklə daxil olması qlobal iqtisadi artımın və tələbatın zəifləməsinə gətirib çıxarıb, nəticədə isə birja məhsulları, ilk növbədə neftin qiyməti aşağı düşməyə başlayıb. Dünya bazarlarında qiymətlər ötən ildə də dəyişkən olub. Qlobal iqtisadi artımın və tələbatın zəif olması neftin qiymətinə mənfi təsir edib. Ötən ilin I rübündə dünya bazarında neftin qiyməti son illər üzrə ən aşağı həddə düşüb. Neftin qiymətində sonrakı rüblərdə müəyyən artım olsa da, ümumilikdə ötən ildə brent markalı neftin orta dünya qiyməti 2015-ci ilin müvafiq dövrünə nəzərən 16 faiz azalıb.

Beləliklə, dünya enerji bazarlarında neftin kəskin ucuzlaşması bütün neft ixracatçısı ölkələrində olduğu kimi, Azərbaycan iqtisadiyyatına da mənfi təsir edib. Bu şəraitdə ixrac gəlirlərinin azalması, xarici borclar və öhdəliklər üzrə valyuta ödənişlərinin artması tədiyə balansında irihəcmli kəsirin yaranmasına səbəb olub.

Yaranmış yeni şəraitdə makroiqtisadi siyasət, o cümlədən pul-məzənnə siyasəti adekvat şəkildə korreksiya olunub. Ötən il Mərkəzi Bank idarə olunan üzən məzənnə rejimini tətbiq edib.   Mövcud makroiqtisadi şəraitdə antiinflyasiya xarakterli sərt pul siyasəti yürüdülüb. İqtisadi qurumlarla razılaşdırılan pul siyasəti proqramının məqsədyönlü icrası nəticəsində pul emissiyası məhdudlaşdırılıb.

Həyata keçirilən tədbirlər nəticəsində ölkənin strateji valyuta ehtiyatları 2016-cı ilin 11 ayının sonuna 37,3 milyard  ABŞ dolları təşkil edərək, 28 aylıq mal və xidmət idxalına kifayət edib və xarici dövlət borcunu 4 dəfə üstələyib. Fiskal konsolidasiya və məzənnədə baş verən dəyişikliklər strateji valyuta ehtiyatlarına əhəmiyyətli qənaət etməyə imkan verib. Strateji valyuta ehtiyatları ÜDM-in təxminən 100 faizini təşkil edib.

Mərkəzi Bankın bu il üçün pul siyasətinin əsas istiqamətləri haqqında bəyanatında, eyni zamanda, qeyd edilir ki, iqtisadi artımın dinamikası daxili tələbin dəyişməsinin təsiri altında formalaşıb. Daxili tələbin əsas komponentlərindən olan investisiyaların həcmi ötən ilin 11 ayında 13 milyard manat olub. Burada digər mühüm komponent olan istehlakın səviyyəsi isə əməkhaqqının, pul gəlirlərinin və faiz dərəcələrinin dinamikası, habelə inflyasiya amillərinin təsiri altında formalaşıb. İstehlakın yığcamlaşması özünü istehlak mallarının idxalında, eyni zamanda,  istehlak kreditlərinin dinamikasında göstərib.  

Əvvəlki dövrdə olduğu kimi, ötən ildə də makroiqtisadi sabitliyin təmin edilməsi Mərkəzi Bankın qarşısında duran ən mühüm vəzifə olub. Bu, iqtisadi artımın bərpa olunmasının, milli iqtisadiyyatın yeni artım və inkişaf modelinə keçirilməsinin bazis şərtini təşkil edib. Nəticədə isə monetar siyasətin büdcə-vergi siyasəti ilə səmərəli əlaqələndirilməsi,   iqtisadiyyatın  və valyuta bazarının tarazlaşdırılmasına imkan verən kompleks təbdirlərin görülməsi zərurəti yaranıb və bununla bağlı müvafiq tədbirlər həyata keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 15 iyul 2015-ci il tarixli fərmanı ilə yaradılan Maliyyə Sabitliyi Şurasının 2017-ci ilə və ortamüddətli dövrə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması üzrə nəzərdə tutulan tədbirlər planı da məhz makroiqtisadi sabitliyin yaradılmasına yönəlib. Mərkəzi Bank makroiqtisadi sabitliyin əsas amillərindən olan antiinflyasiya xarakterli sərt pul siyasəti vasitəsilə nəzərdə tutulan makroiqtisadi sabitləşmə proqramının səmərəli icrasına 2017-ci ildə də zəruri dəstək verəcək.

Bu il milli iqtisadiyyatda, xüsusən də qeyri-neft sektorunda iqtisadi artımın dinamikası daxili tələbin səviyyəsindən, nəzərdə tutulan struktur islahatlar paketinin həyata keçirilməsinin səmərəliliyindən  və makroiqtisadi sabitləşməyə yönələn tədbirlərin effektivliyindən asılı olacaq. Hökumətin proqnozlarına görə, bu il milli iqtisadiyyatda artımın tədricən bərpa olunacağı gözlənilir.

Bu il cari əməliyyatlar hesabının vəziyyəti neftin qiymətindən, çevik məzənnə rejiminin və makroiqtisadi siyasətin təsirlərindən, idxalın azalması miqyasından, habelə qeyri-neft sektoru üzrə ixrac potensialının reallaşmasından asılı olaraq dəyişəcək. Əlverişli məzənnə ilə yanaşı, son vaxtlar hökumətin yerli istehsalın qorunması və ixracın stimullaşdırılması istiqamətində qəbul etdiyi qərarların cari əməliyyatlar hesabına müsbət təsir göstərəcəyi gözlənilir. 

Mərkəzi Bankın 2017-ci il üçün pul siyasətinin əsas istiqamətləri haqqında bəyanatında, eyni zamanda, vurğulanır ki, hökumətlə sıx koordinasiya şəraitində sərəncamındakı monetar alətlərdən istifadə edərək Mərkəzi Bank Maliyyə Sabitliyi Şurasında razılaşdırılmış pul proqramını icra etməklə inflyasiya risklərinə çevik reaksiya verəcək. Pul siyasəti qərarlarının inflyasiyaya təsirinin müəyyən zaman intervalı tələb etdiyini nəzərə alaraq, adıçəkilən bank fəaliyyətini qabaqlayıcı rejimdə həyata keçirməyə çalışacaq. Bundan başqa, bu il inflyasiyanın məqbul səviyyədə saxlanılması üçün pul təklifi razılaşdırılmış pul proqramı çərçivəsində məqsədyönlü şəkildə tənzimlənəcək. Bəyanatda, həmçinin qeyd olunur ki, pul proqramı pul təklifi kanallarının effektiv nəzarətə götürülməsini təmin edəcək. Mərkəzi Bankda əlaqədar iqtisadi orqanların dəstəyi ilə yaradılacaq likvidliyin monitorinqi və qısamüddətli proqnozlaşdırılması sistemi pul bazasının məqsədyönlü idarə edilməsində mühüm rol oynayacaq.

Bəyanatda diqqətə çatdırılır ki, cari il Mərkəzi Bank pul siyasətinin effektiv strateji çərçivəsi olan inflyasiyanın birbaşa hədəflənməsi rejiminin tətbiqinə hazırlıq istiqamətində səylərini davam etdirəcək. Bunun üçün Mərkəzi Bank çevik məzənnə rejiminin tətbiqini davam etdirəcək, pul bazasının pul siyasətinin etibarlı “bələdçisinə” çevrilməsini reallaşdıracaq, analitik və proqnozlaşdırma potensialını gücləndirəcək, habelə kommunikasiya və hesabatlığı təkmilləşdirəcək. Eyni zamanda, maliyyə və kapital bazarı inkişaf etdikcə faiz dərəcələrinin Mərkəzi Bankın pul siyasətinin yeni lövbərinə çevrilməsi imkanlarına da baxılacaq. İnflyasiyanın hədəflənməsi rejiminə keçid şərtlərinin reallaşdırılması ilə yanaşı, pul siyasəti dizaynında baş verən qlobal dəyişikliklər, mərkəzi bankların hədəf perimetrinin və alət arsenalının genişləndirilməsi ilə bağlı son meyillər daim izlənəcək və bundan asılı olaraq pul siyasətinə zəruri dəyişikliklər ediləcək.

Üzən məzənnə rejimi iqtisadiyyatın mənfi xarici şoklardan etibarlı qorunmasını, tədiyyə balansının və iqtisadiyyatın çevik tarazlaşmasını təmin edir, habelə pul siyasətinin pul kütləsi və faiz dərəcələrinə təsir imkanlarını artırır. Həmçinin, çevik məzənnə rejimi daxili maliyyə bazarının inkişafını təşviq edir, bir sıra yeni maliyyə alətlərindən istifadəni dəstəkləyir. Bundan başqa, yeni məzənnə rejimi valyuta ehtiyatlarının qorunmasını təmin edir.

Bu il manatın məzənnəsinə başlıca olaraq valyuta bazarında tələb amilləri və onların idarə olunması, o cümlədən idxalın əvəzlənməsi prosesi təsir edəcək. Valyuta bazarında təklifin həcminə isə ixrac potensialının reallaşdırılması təsir göstərəcək.

Mərkəzi Bankın bu il üçün pul siyasətinin əsas istiqamətləri haqqında bəyanatında yuxarıda qeyd edilənlərlə yanaşı, həmçinin xatırladılır ki, hökumətin pul siyasətinin əsas istiqamətləri Azərbaycan Prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri” ilə müəyyənləşdirilən strateji inkişaf prioritetləri, ötən illərdə yeridilən siyasətin nəticələri, makroiqtisadi proqnozlar, habelə, potensial risklər nəzərə alınmaqla hazırlanıb.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında