Qlobal iqtisadi və maliyyə böhranının bütün dünya ölkələrini əhatə etdiyi təsdiqlənsə də, bəzən onun ancaq neft ölkələrinə aid olduğunu iddia edənlər də tapılır. Beynəlxalq maliyyə institutlarının və iqtisadi tədqiqatlarla məşğul olan analoji mərkəzlərin hesabatlarında söhbətin yalnız dünya iqtisadiyyatını və onun maliyyə sistemini bu böhrandan çıxarmağın yolları araşdırıldığı halda, həmin fikirlərin məhz siyasi motivlərə söykəndiyi heç kimdə şübhə doğurmur. Təbii ki, yaranmış vəziyyətdən maksimum siyasi dividendlər qazanmağa hesablanmış bu iddialar böhranın yaratdığı müəyyən çətinliklər fonunda onun daha dərin izlər buraxmasına Azərbaycan vətəndaşını inandırmağa hesablanıb.
Bəs yola saldığımız 2016-cı ildə dünya iqtisadiyyatında və onun maliyyə sistemində hansı çətinliklər yaşanmış və il ərzində bu qlobal böhranın səviyyəsini xarakterizə edə biləcək hansı hadisələr baş vermişdir? İlin sonuna yaxın ABŞ-ın monetar siyasəti sərtləşdirməsi, Böyük Britaniyanın Avropa Birliyindən çıxması, OPEK-də il ərzində baş verən ciddi qarşıdurmalar, “köhnə qitə”dəki bank böhranı, fond birjalarında və valyuta bazarlarındakı təlatümlər, bir çox ölkələrin milli valyutalarının ciddi dəyər itirməsi keçən ilin iqtisadi və maliyyə böhranını xarakterizə edən əsas amillərdir. Heç şübhəsiz, bu hadisələr öz xoşagəlməz nəticələrini 2017-ci ildə də göstərəcək.
Bu hadisələr içərisində ən çox diqqəti cəlb edən məsələ ilin sonuna yaxın və məhz ABŞ-da prezident seçkilərindən sonra Birləşmiş Ştatların Federal Ehtiyat Sistemi tərəfindən əsas faiz dərəcəsinin 0,25-0,5 faizdən 0,5-0,75 faizə qədər qaldırması oldu. ABŞ hökumətini belə bir addımı atmağa nə vadar etdi? Artan inflyasiyanın və işsizliyin qarşısını almaq məqsədilə atılan bu addımın sonrakı nəticələrinin bir o qədər də ürəkaçan olmayacağı gözləniləndir. Çünki bahalı dollar siyasəti ABŞ-ın ixrac potensialının kifayət qədər azalmasına və öz növbəsində, istehlak bazarında geriləmələrə gətirib çıxaracaq. Nəticə etibarilə bahalı dollar siyasəti 2017-ci ildə ABŞ-ın ümumi daxili məhsulunun artım sürətini aşağı salacaq.
Ötən ilin iyun ayında Böyük Britaniyanın Avropa Birliyindən çıxmasına dair referendumun nəticələri də valyuta bazarında ciddi təlatümlər yarada bildi. İngilis funt-sterlinqi tarixi bir ucuzlaşma ilə üz-üzə qalaraq 1985-ci ildəki səviyyəyə - 1 funt-sterlinq 1,25 ABŞ dolları səviyyəsinə endi. Çox çəkmədən ölkənin bank sektoru yaranmış vəziyyətə reaksiya verdi. Aparıcı banklar mövcud durumda yaranmış itkiləri bağlamaq iqtidarında olmadıqlarını bəyan etdilər. Ölkə ciddi kapital axını ilə üz-üzə qaldı. 2016-cı ildə Birləşmiş Krallığın iqtisadiyyatı xarici investisiyaların 45 faizə qədərini itirdi.
Keçən il Avropanın bir sıra ölkələrinin bank sistemi də ciddi problemlərlə üzləşdi. İtaliyanın bank sistemi daha böyük çətinliklərlə qarşılaşdı. Bir çox ölkələrin milli valyutaları ciddi dəyər itirdi. İl ərzində Çin Mərkəzi Bankı yuanın kursunun dəstəklənməsinə 500 milyard dollar vəsait xərcləsə də, 2016-cı ilin 11 ayı ərzində yuan özünün səkkiz il bundan öncəki səviyyəsinə - 1 dollar 6,9 yuana qədər ucuzlaşdı. ABŞ-dakı son prezident seçkilərindən dərhal sonra Meksikanın milli valyutası peso bir gecədə öz dəyərini 12 faiz itirdi. Türk lirəsi öz tarixində ilk dəfə 1 dollar--3,5 lirə səviyyəsinə endi. İnkişaf etmiş ölkələr içərisində ən çox dəyər itirən valyuta təbii ki, ingilis funtu oldu və o, avro üçün də dərin bir quyu qazdı. Avro 2015-ci ilin mart ayındakı səviyyəyə qədər ucuzlaşdı və dollara bir qədər də yaxınlaşdı.
Bütün bunlar yola saldığımız ildə dünya iqtisadiyyatını və onun maliyyə durumunu xarakterizə edə biləcək hadisələrin kiçik bir hissəsidir. Böhranın coğrafiyası onun tək neft ölkələrinə aid olmasına dair iddiaları tamam alt-üst edir. Onun əhatə etmədiyi ölkə, demək olar ki, yoxdur. Bu böhranın əsası isə 2007-2008-ci illərdə ABŞ-da baş vermiş ipoteka kreditləşmələrinin yaratdığı maliyyə böhranı ilə qoyulmuşdu. Həmin dövrdə ABŞ hökuməti nəinki öz ölkəsinin bank sistemini xilas etmək üçün yüz milyardlarla dollar xərcləməli oldu, o, həm də böhranın təsirinə məruz qalmış Avropa banklarına da maliyyə dəstəyi göstərmək zorunda qaldı.
Qlobal böhranın bu qədər davamlı olmasının başlıca səbəblərindən biri də dünya siyasi müstəvisində baş verən hadisələr və onların getdikcə daha ciddi xarakter almasıdır. Şərqi Ukrayna və Suriya olayları ilə bağlı ABŞ--Rusiya qaşıdurması və bu səbəbdən siyasi motivlərlə neftin qiymətində məqsədyönlü şəkildə süni tənzimləmələr vəziyyəti bir qədər də mürəkkəbləşdirdi.
2016-сı ildə görülən qabaqlayıcı tədbirlər Azərbaycan hökumətinin və onun Prezidenti cənab İlham Əliyevin dünya iqtisadiyyatında baş verən bütün bu proseslərə adekvat cavablar verməyə hazır olduğunu göstərdi. Yaranmış vəziyyətdə əsas məqsəd böhrandan çıxışın düzgün və ən qısa yollarını arayıb ortaya qoymaqdan və ölkə iqtisadiyyatını tezliklə mövcud durumdan çıxarmaqdan ibarət idi.
Dünyada gedən iqtisadi prosesləri və maliyyə müstəvisində yaranmış durumu düzgün qiymətləndirən Azərbaycan Prezidenti İlham Əliyev məhz bu seçimi etdi. 2015-ci ilin sonlarında ölkədə post-neft dövrünün başlandığını rəsmən bəyan edən Prezident bir-birinin ardınca çox qətiyyətli və zəruri qərarlar qəbul etdi. Ölkədə azad sahibkarlığın qarşısında duran bütün maneələr qısa zaman kəsiyində tam aradan qaldırıldı, rüşvət və korrupsiyaya qarşı barışmaz mübarizə başlandı. Gömrük və vergi islahatları, bu sahələrdə maksimum sadələşmələr monopoliyanın aradan qaldırılmasına və bununla da təkcə yerli iş adamlarının deyil, həm də xarici investorların qarşısına çıxa biləcək əngəllərin vaxtında zərərsizləşdirilməsinə şərait yaratdı. Bu qərarlar ancaq Azərbaycanda deyil, onun hüdudlarından kənarda da rəğbətlə qarşılandı. Beynəlxalq maliyyə institutları Azərbaycanın apardığı iqtisadi islahatlara yüksək qiymət verərək bu işdə onun yanında olduqlarını bəyan etdilər.
Beynəlxalq Valyuta Fondu və Dünya Bankı kimi nüfuzlu maliyyə institutlarının rəhbərlikləri səviyyəsində verilən bu bəyanatlar çox mətləblərdən xəbər verirdi. Davos Beynəlxalq İqtisadi Forumu ötən ildəki müəyyən iqtisadi geriləmələrə baxmayaraq, Azərbaycanın rəqabət qabiliyyətliliyi üzrə göstəricinin 37-ci yerdə olduğunu qeyd etdi. Bu da MDB məkanında birinci yerdə olmaq deməkdir.
Hazırda Azərbaycan apardığı islahatlarla investisiyaların cəlb edilməsi baxımından dünyanın ən maraqlı ölkələrindən biridir. Çünki hər bir investor yaxşı görür ki, Azərbaycan hökuməti post-neft dövrünü adi bir şəkildə qarşılamadı. O, praktik olaraq ortaya iqtisadi inkişafın yeni modelini qoya bildi. Bu modelin kökündə isə ölkə iqtisadiyyatını ən qısa zaman kəsiyində real sektora transformasiya etmək dayanır. Bu istiqamətdə atılan addımlar sistemli və eyni zamanda, davamlıdır. Bu gün artıq ölkə iqtisadiyyatının yaxın, orta və uzaq perspektivdə inkişaf səviyyəsini hədəfləyən Strateji Yol Xəritəsi qəbul olunub. İqtisadiyyatın inkişafının bundan sonrakı perspektivlərini müəyyən edən bu ali sənəd dünyanın ən qabaqcıl mütəxəsislərinin iştirakı ilə beynəlxalq təcrübəni ümumiləşdirmək əsasında, yerli xüsusiyyətlər nəzərə alınmaqla hazırlanmışdır. Həmin sənədə əsasən yaxın perspektivdə Azərbaycanda real sektorun bütün sahələrinin sürətli inkişafı təmin ediləcək. Sənədin qəbuluna qədərki ötən dövr ərzində ölkədə qeyri-neft sənayesinin inkişafı, aqrar sektorda inqilabi dəyişikliklərin baş verməsi, tranzit yükdaşımaların nizama salınması və Azərbaycanın regionun beynəlxalq yükdaşımalar mərkəzinə çevrilməsi, turizmin inkişafının müasir tələblər səviyyəsində yenidən qurulması ilə bağlı bir çox ciddi addımlar atılmışdır.
Məhz bu addımlar və ötən il görülən zəruri tədbirlər nəticəsində Azərbaycan 2016-cı ili ən az itkilərlə yola salmağa müvəffəq oldu. Təəssüf ki, ötən ilin payız aylarında indiyə qədər müşahidə olunmamış aramsız yağışlar aqrar sektorda proqnozlaşdırılan bir sıra nəticələri əldə etməyə imkan vermədi. Əgər təbiətin bu şıltaqlığı olmasaydı, heç şübhəsiz, biz ili nisbətən yaxşı iqtisadi göstəricilərlə yola sala bilərdik. Çünki bu istiqamətdə inqilabi dəyişikliklərə səbəb ola biləcək addımlar atılır və ilkin nəticələr kifayət qədər pozitivdir. Heç şübhə yoxdur ki, yaxın iki il ərzində aqrar sektorun ümumi daxili məhsuldakı həcmi rekord həddə çatacaqdır.
Yola saldığımız ilin ən böyük uğuru Avropanın enerji təhlükəsizliyində xüsusi rolu olacaq “Cənub” qaz dəhlizi kimi transmilli bir layihənin reallaşdırılması istiqamətində əldə etdiyimiz nəticələrdən ibarət deyil. Ötən il Azərbaycanın regionun ən aparıcı tranzit yükdaşımalar məkanına və turizm mərkəzinə çevrilməsi baxımından da inqilabi addımların atıldığı il kimi yaddaşlarda qalacaq. Ən əsası isə biz böyük bir uğura imza atdıq - təkcə post-neft dönəminin başlandığını elan etmədik, həm də bu dövrün inkişafını təmin edə biləcək yeni iqtisadi modeli ortaya qoya bildik və bu modeli reallaşdıracaq baş sənədi – Milli iqtisadiyyat və onun əsas sektorları üzrə Strateji Yol Xəritəsini işləyib hazırladıq və qəbul etdik. Odur ki, tam əminliklə deyə bilərik ki, bu il bizi iqtisadi sabitliyin tam təmin olunması və iqtisadiyyatın daha sürətli inkişafı gözləyir.
Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.