Son dövrlər Azərbaycanda bir tərəfdən uğurla gerçəkləşdirilən antiböhran tədbirləri, digər tərəfdən isə əvvəlki illərdə yaradılan möhkəm maliyyə-iqtisadi potensial hesabına ölkə iqtisadiyyatının dayanıqlığı qorunub saxlanılıb, onun mənfi xarici təsirlərə müqavimət qabiliyyəti sınaqdan uğurla çıxıb. Məhz bunun nəticəsidir ki, respublikamızın iqtisadi inkişafı, biznes mühitinin liberallaşdırılması və əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər müxtəlif beynəlxalq təşkilatlar və biznes qurumları tərəfindən müsbət dəyərləndirilir. Məsələn, Dünya İqtisadi Forumunun 2016-2017-ci illər üzrə qlobal rəqabətlilik hesabatına görə, Azərbaycan 2006-cı illə müqayisədə 27 pillə irəliləyərək 138 ölkə arasında 37-ci mövqedə qərarlaşıb. Hazırda respublikamız makroiqtisadi mühitin keyfiyyət göstəricisinə görə dünyada 39-cu, əmək bazarının səmərəliliyi üzrə 26-cı, milli gəlirin ÜDM-ə nisbəti üzrə 37-ci, infrastrukturun keyfiyyətinə görə isə 55-ci yerdədir.
Azərbaycanın böhrana qarşı səmərəli müqavimət göstərməsində son on ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən dövlət proqramları da müstəsna əhəmiyyətə malikdir. 2004-2008-ci, 2009-2013 və 2014-2018-ci illəri əhatə edən regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində ölkədə makroiqtisadi göstəricilərin səviyyəsində artım əldə olunub, sosial-iqtisadi inkişaf sahəsində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi əhalinin həyat səviyyəsinin yüksəlməsində mühüm rol oynayıb. Ümumilikdə, həmin proqramların icrasına bütün mənbələr hesabına 50 milyard manatdan çox vəsait yönəldilib.
Azərbaycan Respublikası Prezidentinin 16 mart 2016-cı il tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” sərəncamı, habelə həmin sərəncamdan irəli gələn vəzifələrin icrası məqsədilə ölkə başçısının 2016-cı il 6 dekabr tarixdə imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərman milli iqtisadiyyatın böhrandan çıxarılması, habelə enerji resurslarından asılı olmayan dayanıqlı inkişaf modelinin formalaşdırılması baxımından vacib əhəmiyyətə malikdir.
Xatırladaq ki, adıçəkilən sərəncama müvafiq olaraq milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə ümumilikdə 12 strateji yol xəritəsi hazırlanıb. Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilə qədərki dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışdan ibarətdir.
2020-ci ilədək nəzərdə tutulan məqsədlərin yerinə yetirilməsi üçün iqtisadiyyata təxminən 27 milyard manat investisiyanın yatırılması proqnozlaşdırılır. Nəzərdə tutulan vəsait bütün növ dövlət və özəl (yerli və xarici) mənbələr hesabına təmin ediləcək. Bu investisiyalar Azərbaycan iqtisadiyyatı üçün 2020-ci ilədək müəyyənləşdirilən hədəflərdən əlavə, gələcək üçün nəzərdə tutulan məqsədlərə təsir baxımından da əsaslı bünövrə rolunu oynayacaq. Prioritet sektorlar və ya iqtisadiyyatın digər sahələri üzrə yeni strateji hədəflərin müəyyənləşdirilməsi Azərbaycana Strateji Yol Xəritəsinin prioritetlərinin müsbət trayektoriyası ilə daha yüksək məqsədlərə çatmağa kömək edəcək.
Yuxarıda qeyd etdiyimiz kimi, sözügedən sənədə əsasən, milli iqtisadiyyat perspektivi çərçivəsində dörd strateji hədəf seçilib. Həmin hədəflərin və 11 sektor üzrə strateji yol xəritələrinin həyata keçirilməsi nəticəsində real və maliyyə sektorları arasında tarazlığın reallaşdırılması yolu ilə davamlı iqtisadi inkişafın təmin edilməsi əsas məqsədlərdən biridir. Sənəddə qarşıya qoyulan əsas hədəflərdən biri də nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması və özəlləşdirmənin həyata keçirilməsi yolu ilə iqtisadi dinamikliyin təmin edilməsindən ibarətdir.
Sənəd təkcə inkişaf məqsədlərini deyil, həm də hər bir istiqamət üzrə qlobal meyilləri, görüləcək tədbirləri, tələb olunan investisiya və gözlənilən nəticələri əhatə edir. Biznes mühitinin yaxşılaşdırılması tədbirləri çərçivəsində biznesin dövlət tənzimləmə mexanizmlərinin effektivliyinin artırılması, vergi-gömrük idarəetməsinin keyfiyyətinin yüksəldilməsi, bazara daxilolma məhdudiyyətlərinin minimuma endirilməsi, eyni zamanda, azad rəqabət mühitinin təmin edilməsi prioritet istiqamətlər kimi nəzərdən keçirilir. Bununla yanaşı, dövlət sektorunun kommersiya fəaliyyətinin (sənaye, nəqliyyat, rabitə, maliyyə xidmətləri və s.) məhdudlaşdırılması yolu ilə özəl təşəbbüskarlıq üçün imkanların genişləndirilməsi sənəddə əsas hədəflərdən biri kimi müəyyənləşdirilib.
Ümumilikdə, bu məqsədlərin həyata keçirilməsi nəticəsində qeyri-neft sektoru üzrə ixracın 2015-ci ildəki adambaşına 170 ABŞ dollarından 2025-ci ildə ən azı 450 ABŞ dollarına qaldırılması əsas hədəflərdən biridir. Hazırda Azərbaycan iqtisadiyyatının idxal tələbi adambaşına 1000 ABŞ dollarına bərabərdir. Lakin idxalı tarazlaşdırmaq üçün ölkədən adambaşına 1500 ABŞ dolları həcmində ixrac məhsulunun çıxarılması vacibdir. Bu, manatın sabitliyinin təmin edilməsi, tədiyə balansının qorunması baxımından da vacib məqsəddir.
Strateji Yol Xəritəsinə əsasən, hökumət ixracı məhz qeyri-neft sektoru məhsulları hesabına genişləndirməyi qarşıya məqsəd qoyub. Sənəddə bu məqsədlə sənayenin bir sıra mühüm sahələrinin müəyyənləşdirilməsi və həmin sahələrə investisiyaların cəlb edilməsi vacibliyi önə çəkilir. Qeyd olunur ki, bu sahələrə investisiya qoyuluşlarının artırılması, texnoloji avadanlıq və istehsal proseslərinin yenilənməsi, əmək məhsuldarlığının yüksəldilməsi, həmçinin ümumi satışda innovativ məhsulların payının beynəlxalq göstəricilər səviyyəsinə qaldırılması aktualdır. Daxili imkanların və regional bazarın təhlili nəticəsində ölkədə istehsal edilə bilən, əlavə dəyər zəncirində yüksək yer tutan və regional rəqabət qabiliyyətinə malik malların ümumi siyahısı hazırlanacaq.
Strateji Yol Xəritəsində 2025-ci ilədək ticari mal və xidmətlər sektorunda 150 min əlavə iş yerinin açılması da nəzərdə tutulur. İxracın şaxələndirilməsi üçün ticari mal və xidmətlər sektorunda, yəni, beynəlxalq səviyyədə satıla bilən məhsulların (məsələn, sənaye və ya qida məhsulları) və ya xidmətlərin istehsalı ilə məşğul olan sektorlarda iş yerlərinin yaradılması zəruri hesab edilir.
Dövlət büdcəsinin ARDNF-nin transfertlərindən asılılığının azaldılması da qarşıya qoyulmuş əsas vəzifələrdən biridir. Bu gün dövlət sektorunda xərclənən hər ikinci manat (təqribən 50 faizi) ARDNF-nin transfertləri hesabına maliyyələşdirilir. Hökumət 2015-ci ilədək bu rəqəmi 15 faizə endirməyi qarşıya məqsəd qoyib. Bu, Azərbaycan iqtisadiyyatına neft qiymətlərindəki dəyişikliklərin ciddi təsirini əsaslı şəkildə azaltmış olacaq.
Azərbaycan Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” müvafiq fərmanında qeyd edildiyi kimi, yeni mərhələdə ölkənin iqtisadi inkişafının dayanıqlığının təmin olunmasında, dünya iqtisadiyyatında cərəyan edən böhran meyillərinin mənfi təsirlərinin qarşısının alınmasında Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasəti həlledici rol oynayır. Bu siyasətin ən mühüm istiqamətlərindən biri qeyri-neft sənayesinin inkişafı ilə bağlı görülən kompleks tədbirlərdir. Son illərdə ölkədə sənayeləşmə templəri yüksəlib, sənayenin regional strukturunun təkmilləşdirilməsi əsas prioritetlərdən birinə çevrilib.
Sənayeləşmə sahəsində əsas istiqamətlərdən biri ən yeni texnologiyaların tətbiqidir. Metallurgiya, maşınqayırma, kimya, inşaat materiallarının istehsalı, qida və digər ənənəvi sənaye sahələri genişlənməklə bərabər, yeni sənaye sahələri yaradılıb. Belə ki, ilk süni peykin orbitə buraxılması ilə kosmik sənayenin əsası qoyulub. Qısa zaman ərzində müdafiə sənayesi artıq ordumuzu müasir silahlarla təchiz etməklə yanaşı, onun məhsulları beynəlxalq sərgilərdə də uğurla nümayiş etdirilir və inkişaf etmiş xarici ölkələrə satılır. Alternativ və bərpa olunan enerji sahəsində bir sıra müəssisələr fəaliyyətə başlayıb, yeni perspektivli layihələr həyata keçirilməkdədir. Gəmiqayırma zavodunun fəaliyyətə başlaması ilə sənayenin tamamilə yeni sahəsinin əsası qoyulmuş və istehsal profilinə görə bu müəssisənin regionda analoqu yoxdur.
Hazırda uğurla həyata keçirilən “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın əsas istiqamətlərindən biri də sənaye və texnologiyalar parklarının fəaliyyətinin gücləndirilməsi, sənaye zonalarının yaradılmasıdır. Dövlət başçısının müvafiq fərman və sərəncamları ilə yaradılan Sumqayıt Kimya Sənaye, Balaxanı Sənaye və Qaradağ Sənaye parkları artıq fəaliyyət göstərir. Mingəçevir və Pirallahı Sənaye parklarının təşkili üçün işlər aparılır. Sənaye parklarında və zonalarında rezidentlər üçün stimullaşdırıcı tədbirlər həyata keçirilir.
Ümumilikdə sənaye parklarına rezidentlər tərəfindən bu vaxta qədər 553 milyon ABŞ dolları məbləğində investisiya yatırılıb və 3000-dən çox iş yeri yaradılıb. Növbəti mərhələdə isə 1,5 milyard ABŞ dollarına yaxın investisiyanın qoyulması və 4000-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Neftçala Sənaye Zonasında artıq ümumi sahəsi 7800 kvadratmetr olan 8 istehsal təyinatlı modullaşdırılmış blok, 1200 kvadratmetr olan inzibati bina, texniki binalar, bütün zəruri infrastruktur sahibkarların istifadəsinə verilib. Masallı Sənaye Zonasına isə sahibkarlar tərəfindən artıq ümumi dəyəri 30 milyon manatdan çox olan 33 layihə təklifi təqdim olunub. Hazırda İqtisadiyyat Nazirliyi tərəfindən Ağstafa və Gəncədə yerli potensiala əsaslanan sənaye zonalarının yaradılması imkanları araşdırılır və bu işlər yaxın zamanda yekunlaşdırılacaq.
Dövlətin iqtisadi siyasətində Azərbaycanın hər bir bölgəsini sürətli və tarazlı inkişaf etdirmək əsas istiqamətlərdən biridir. Regionların sosial-iqtisadi inkişafını şərtləndirən dövlət proqramları bu baxımdan xüsusi qeyd edilməlidir. Belə ki, regionların, habelə Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafı dövlət proqramları rayon və qəsəbələrin iqtisadi potensialının əhəmiyyətli dərəcədə artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yaxşılaşmasına, müasir müəssisələrin açılmasına, ümumən qeyri-neft sektorunun inkişafının sürətlənməsinə səbəb olub, Azərbaycan bütün bölgələrində dinamik tərəqqi yaşanan ölkəyə çevirib. Hazırda ən ucqar yaşayış məntəqələrinin belə dayanıqlı elektrik enerjisi, qaz, içməli su ilə təmin olunması ilə bağlı işlər görülür, rahat yollar, müasir təhsil, səhiyyə, mədəniyyət, idman obyektləri istifadəyə verilir. Bu dövlət proqramlarının uğurlu icrası sayəsində regionların inkişafına, əhalinin yeni iş yerləri ilə təmin olunmasına, yoxsulluğun və işsizliyin minimuma endirilməsinə nail olunub.
Prezident İlham Əliyev tərəifndən aparılan islahatların, qəbul olunan bütün dövlət proqramlarının, icra olunan layihələrin əsas hədəfi məhz vətəndaşların həyat səviyyəsinin yüksəldilməsidir. Prezidentin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, qəbul edilmiş dövlət proqramlarının uğurlu icrası ölkədə yoxsulluq səviyyəsinin ciddi şəkildə - 4,9 faizədək azaldılmasına səbəb olub.
Görülmüş işlərin nəticəsidir ki, son 13 ildə ölkədə minimum əməkhaqqının məbləği 11,7 dəfə, orta aylıq pensiyalar 10 dəfədən çox artıb. Qeyd olunan dövrdə əhalinin orta aylıq əməkhaqqı 6 dəfədən çox artaraq 466,9 manata çatdırılıb. 2016-cı ilin yanvar-noyabr ayları ərzində isə orta aylıq əməkhaqqı 490,5 manat təşkil edib. Qeyd edək ki, 2017-ci il üçün ehtiyac meyarının həddi 10,5 faiz artırılaraq 105 manatdan 116 manata çatdırılıb.
Əhalinin sosial müdafiəsi, sosial layihələrin reallaşdırılması, yeni sosial obyektlərin tikintisi istiqamətində əhəmiyyətli işlər görülüb. Ötən 13 ildə 600-dən çox səhiyyə müəssisəsi, 3 minə yaxın məktəb tikilib və ya əsaslı təmir olunub, orta təhsil müəssisələrinin yarıdan çoxu yenilənib. Gəlirlərin azalmasına baxmayaraq, dövlət başçısının tapşırığına uyğun olaraq sosial layihələrin icrası davam etdirilir.
Strateji yol xəritələri iqtisadi islahatlara uyğun kompleks tədbirlərin həyata keçirilməsini, iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılmasını təmin edəcək. Sənədin məqsədi Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və rəqabətqabiliyyətliyinin gücləndirilməsi, neftdən asılılığın aradan qaldırılması, qeyri-neft sektorunun və keyfiyyətli ixrac məhsullarının artırılması, əhalinin məşğulluq səviyyəsinin və rifahının daha da yüksəldilməsidir. Sənəddə qeyd edilən iqtisadi sahələr kənd təsərrüfatından tutmuş sənayeyə qədər bütün sferaları, həmçinin insan kapitalının inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması kimi əsas istiqamətləri əhatə edir. Sənəddə görüləcək hər bir işin nəticələri dəqiq meyarlarla ölçüləcək. Bu isə, öz növbəsində, həmin işlərin effektivliyinin və icraçıların məsuliyyətinin dəfələrlə artmasına stimul yaradır.
Beləliklə, Prezident İlham Əliyevin “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir” prinsipinin uğurlu nəticələri Azərbaycanın qarşıdakı illərdə də dayanıqlı inkişafı üçün möhkəm zəmin yaradır, yeni iqtisadi şəraitdə sistemli islahatların böyük əzm və qətiyyətlə həyata keçirilməsi Azərbaycanı qarşıya qoyulan hədəfə - dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilmək məqsədinə doğru inamla aparır.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.