Ötən il “Şahdəniz-2” layihəsi çərçivəsində tikinti-quraşdırma işləri davam etdirilib

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair saziş ölkəmizin qaz potensialının üzə çıxarılmasında müstəsna rol oynamışdır. Xatırladaq ki, 1996-cı ilin iyun ayında imzalanmış sazişə əsasən, “Şahdəniz” layihəsinin bir neçə mərhələdə reallaşdırılması nəzərdə tutulmuşdur. Layihə çərçivəsində  tikinti-quraşdırma işlərinə isə 2003-cü ilin fevral ayında start verilmişdir.

Məlum olduğu kimi, ilk mərhələ çərçivəsində  “Şahdəniz” yatağındakı zəngin qaz və kondensat ehtiyatlarının hasilatına imkan yaradan nəhəng platforma inşa olunub, sualtı boru kəməri çəkilib, Səngəçal terminalında əlavə genişləndirmə işləri həyata keçirilib. Bundan əlavə, “Şahdəniz” qazının dünya bazarına ixracını təmin etmək məqsədilə Cənubi Qafqaz boru kəməri tikilib istismara verilib. “Şahdəniz” yatağının birinci işlənmə mərhələsi çərçivəsində qaz hasilatına isə 2006-cı ildə başlanılıb. Bu mərhələdə maksimum hasilat ildə 9 milyard kubmetr qaz və gündə 50 min barrel kondensat təşkil edib. Ötən dövrdə bp şirkəti və tərəfdaşları “Şahdəniz-1” layihəsinə 12 milyard ABŞ dollarından artıq  investisiya yönəldiblər.

Yola saldığımız 2016-cı ildə “Şahdəniz” yatağının işlənmədə olan birinci və tikinti-quraşdırma tədbirləri davam etdirilən ikinci mərhələlərində işlər uğurla davam etdirilib. bp-nin məlumatına görə, 2016-cı ilin doqquz ayında “Şahdəniz” layihəsi üzrə fəaliyyətlərə təqribən 334 milyon dollar əməliyyat və 2,77 milyard dollar  əsaslı  xərclər sərf edilib. Əsaslı xərclərin isə böyük əksəriyyəti “Şahdəniz-2” layihəsi ilə bağlı olub.

“Şahdəniz” yatağından Azərbaycan, Gürcüstan və Türkiyə bazarları üçün qaz hasilatı, əvvəlki dövrlərdə olduğu kimi, 2016-cı ildə də uğurla davam etdirilib. Xatırladaq ki, “Şahdəniz” yatağının ilk işlənmə mərhələsi çərçivəsində çıxarılan qaz Azərbaycana, GOGC (Gürcüstan) şirkətinə, BOTAŞ-a və BTC şirkətinə satılır. Ötən ilin doqquz ayı ərzində “Şahdəniz” yatağından 8 milyard standart kubmetr qaz və 1,9 milyon ton (təqribən 15 milyon barrel) kondensat hasil edilib. “Şahdəniz-1” layihəsi çərçivəsində istismar olunan mövcud qurğuların hasilat gücü isə hazırda gündə 29,5 milyon standart kubmetr və ya ildə təqribən 10,8 milyard kubmetrdir. 2006-cı ilin dekabr ayında “Şahdəniz”də hasilata başlandığı vaxtdan ötən 10 il ərzində yataqdan dünya bazarlarına Cənubi Qafqaz boru kəməri vasitəsilə təqribən 76 milyard kubmetr qaz ixrac olunub. Bundan əlavə, adıçəkilən yataqdan hasil edilən 20 milyon tondan artıq kondensat isə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə dünya bazarına göndərilib.

İl ərzində “Şahdəniz” yatağının birinci işlənmə mərhələsi çərçivəsində qazma əməliyyatları uğurla davam etdirilib. Belə ki, “Şahdəniz-1” platformasında SDA09 hasilat quyusunun alt hissələrinin qazılması yekunlaşdırılaraq tamamlama işlərinə başlanıb. Sentyabr ayında isə “İstiqlal” qazma qurğusunda  yenidənqurma tədbirləri və istismar sınaqları başa çatdırıldıqdan sonra SDC04 quyusunda analoji işlərə start verilib. Bununla yanaşı, ərazidə qazma işləri aparan “Heydər Əliyev” qurğusu da uğurlu fəaliyyətini davam etdirib. Ötən il SDG03 quyusunda qazma işlərini tamamlayan qurğu hazırda analoji işləri SDG02 quyusunun lay hissəsində həyata keçirir. Yeri gəlmişkən, ötən müddətdə bu iki qazma qurğusu vasitəsilə “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsinin başlanması və hasilatın ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində on hasilat quyusu qazılıb. Qazma işləri  hasilatın planlaşdırılan sabit səviyyəsinə çatmaq üçün tələb olunan  bütün quyuların qazılması istiqamətində davam etdiriləcək. Hasilatın isə artırılaraq ildə 16 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. 

2016-cı ildə “Şahdəniz” yatağının birinci işlənmə mərhələsi çərçivəsində çıxarılan qazı xarici bazarlara ixrac edən Cənubi Qafqaz boru kəməri də fəaliyyətini uğurla davam etdirib. Azərbaycan qazının ixracını həyata keçirən bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilib. Kəmər Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə “Şahdəniz-1” qazını çatdırır. 2016-cı ildə kəmərin gündəlik orta ötürücülük gücü 20 milyon kubmetr  təşkil edib. Keçən ilin doqquz ayı ərzində Cənubi Qafqaz boru kəməri ilə bağlı fəaliyyətlərə 21 milyon dollar əməliyyat və 764 milyon dollar əsaslı xərclər sərf olunub. Cənubi Qafqaz boru kəmərinin obyektlərin tikintisi və istismarı üzrə məsul texniki operatoru bp şirkəti, biznes icrası üzrə məsul kommersiya operatoru isə SOCAR-dır.    

Məlum olduğu kimi, “Şahdəniz” layihəsinin ikinci işlənmə layihəsi çərçivəsində hasil ediləcək qazın Avropa bazarlarına ixracı üçün hazırda mövcud Cənubi Qafqaz boru kəməri genişləndirilir. 2016-cı ildə bu sahədə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyu davam etdirilib. Bu baxımdan Azərbaycanda boru kəmərinin inşası sahəsində görülən işlər diqqəti cəlb edir. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən ilin doqquz ayı ərzində təqribən 196 kilometr uzunluğunda borular qaynaq edilib, 177 kilometr boru örtüklənib və 168 kilometr sahədə isə borular xəndəyə endirilib. Hazırda xəndəyin qazılması, boruların xəndəyə  endirilməsi, düzülməsi və üstünün torpaqlanması işləri sürətlə davam etdirillir.

Ötən ilin üçüncü rübündə Gürcüstan ərazisində də xəndəyin qazılması, boruların xəndəyə  endirilməsi və düzülməsi işləri davam etdirilib. Həyata keçirilən tikinti işləri çərçivəsində 59 kilometrə yaxın boru qaynaq edilərək örtüklənib, 52 kilometrə yaxın boru isə xəndəyə endirilib. Bundan əlavə, Şərqi Kür ərazisində tunel tikintisi başa çatdırılıb. Hazırda burada boru kəmərinin inşası davam etdirilir. Gürcüstanda hər iki kompressor stansiyasında və nəzarət-ölçü stansiyasında tikinti-quraşdırma işləri sahəsində də xeyli iş görülüb. Artıq 1-ci kompressor stansiyasında işlərin 80 faizindən çoxu tamamlanıb. Bu işlərin 2017-ci ildə başa çatdırılması nəzərdə tutulur. 2-ci kompressor stansiyasında və nəzarət-ölçü stansiyasında isə işlərin 2018-ci ildə tamamlanması planlaşdırılır.

Yeri gəlmişkən, müstəqilliyinin ötən illərində həyata keçirdiyi uğurlu neft strategiyası, bir sıra qlobal enerji layihələrinin təşəbbüskarı və fəal iştirakçısı kimi  beynəlxalq aləmdə böyük  nüfuz qazanmış Azərbaycan Respublikası artıq özünü zəngin qaz ölkəsi kimi də təqdim edə bilmişdir. Təsadüfi deyil ki, son illər “mavi yanacağa” getdikcə artmaqda olan tələbatının ödənilməsinə çalışan Avropa və bir sıra dünya ölkələri əsas qaz təchizatçısı kimi Azərbaycana böyük ümid bəsləyirlər. Bu da ölkəmizə qaz ehtiyatlarını dünya bazarına çıxarmaq üçün şaxələndirilmiş ixrac marşrutlarının yaradılmasına yol açır. Buna isə “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi çərçivəsində nail olunacaq. Hazırda bütün dünyanın diqqət mərkəzində olan “Şahdəniz-2” layihəsi Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihədir. Bu layihə yeni “Cənub” qaz dəhlizi açmaqla Avropa bazarlarına qaz təchizatının və enerji təhlükəsizliyinin artırılmasına mühüm töhfələr verəcək. Belə ki, 28 milyard dollar dəyərində olan bu layihə reallığa çevrildikdən sonra yatağın birinci işlənmə mərhələsi çərçivəsində hasil edilən illik 9 milyard kubmetr qazın həcmi xeyli artırılaraq 25 milyard kubmetrə çatdırılacaq. Bu isə “Şahdəniz”in hazırda dünyanın ən böyük qaz işlənməsi layihələrindən biri olduğunu sübut edir. İkinci mərhələ çərçivəsində hasil ediləcək ildə 16 milyard kubmetr qaz təxminən 3500 kilometr məsafəyə nəql edilərək Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan və İtaliyadakı milyonlarla istehlakçını enerji ilə təmin edəcək. İlk qazın Gürcüstan və Türkiyəyə nəqli 2018-ci ilin sonlarına nəzərdə tutulur. Avropaya isə qazın bundan təxminən bir il sonra çatdırılacağı planlaşdırılır.

 Azərbaycanın zəngin qaz ölkəsi olduğunu sübut edən “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi çərçivəsində işlər sürətlə davam etdirilir. Qeyd etdiyimiz kimi, 2013-cü il dekabrın 17-də Şahdəniz konsorsiumu tərəfindən ikinci işlənmə mərhələsi üçün yekun investisiya qərarı təsdiq olunduqdan sonra “Şahdəniz” qaz hasilatı və ixracı layihəsi həlledici mərhələyə qədəm qoymuşdur.  Bu qərar Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin ixrac gücünə ildə 16 milyard kubmetr əlavə olunması (Azərbaycanda 48 düyümlük yeni boru kəməri, Gürcüstanda isə iki kompressor stansiyası vasitəsilə), Türkiyə ərazisindən keçən Trans-Anadolu qaz boru kəmərinin (TANAP) və Yunanıstan, Albaniya ərazisindən keçərək İtaliyaya uzanan Trans-Adriatik boru kəmərinin (TAP) tikintisi ilə bağlı planların gerçəkləşməsinə təkan verir. Bu layihələr birlikdə, həmçinin qazı Bolqarıstana ötürəcək infrastuktur, Avropaya yeni bir “Cənub” qaz dəhlizi açacaq. Xatırladaq ki,  qazın satışı və nəqli üzrə bütün sazişlər Azərbaycan Qaz Təchizatı Şirkəti tərəfindən idarə olunacaq.

Sahildən təxminən 70 kilometr məsafədə yerləşən “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi layihəsinin planlarına körpü ilə birləşdirilmiş iki yeni hasilat platforması, iki yarımdalma qazma qurğusu vasitəsilə qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində çəkiləcək 500 kilometr uzunluğunda sualtı boru kəmərləri, Cənubi Qafqaz boru kəmərinin ixrac imkanlarının artırılması məqsədilə Azərbaycanda 48 düyməlik yeni boru kəməri, Gürcüstanda isə iki kompressor stansiyası vasitəsilə ildə 16 milyard kubmetr əlavə olunması, həmçinin Səngəçal terminalının genişləndirilməsi daxildir.

2013-cü ilin dekabr ayında yekun investisiya qərarı veriləndən bəri “Şahdəniz-2” layihəsi qrafik üzrə davam etmişdir. Ötən il adıçəkilən layihə üzrə bir sıra mühüm nailiyyətlər əldə olunmuşdur. Ölkəmizdəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində--həm dənizdə, həm də quruda, o cümlədən Səngəçal terminalı, Bakı yaxınlığındakı AMEK-Tekfen-Azfen sahəsi, Bakı Dərin Özüllər Zavodu və boru kəməri marşrutu boyunca irimiqyaslı işlər həyata keçirilmişdir. Sentyabr ayında “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi çərçivəsində quraşdırılacaq iki platformadan birinin dayaq blokunun Bakı Dərin Özüllər Zavodundan dənizə yola salınması isə, heç şübhəsiz  layihənin ilkin uğurlu nəticələrindən biri idi. Xatırladaq ki, dayaq blokunun rəsmi yolasalma mərasimində Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev iştirak etmişdir. Bununla yanaşı, hasilat və dik borular platformasının dayaq blokunun daşınması, suya endirilməsi və yerləşdirilməsi işləri də artıq təhlükəsiz şəkildə tamamlanmışdır.

 Ölkəmiz hasil etdiyi təbii qaz həcmlərini Avropanın getdikcə artmaqda olan enerji tələbatının təminatına yönəltməyə, bu məqsədlə nəqliyyat marşrutlarının diversifikasiyasının tərəfdarıdır. Mövcud layihələr üzrə görülən işlər, eləcə də perspektiv strukturların potensialı isə nikbin proqnozlar üçün əsas verir. Belə ki, hazırda ölkəmizin təsdiq olunmuş qaz ehtiyatları təqribən 3 milyard kubmetrə yaxındır. 2025-ci ildə ölkə üzrə qaz hasilatını laylara vurulan qaz istisna olunmaqla 40 milyard kubmetrə çatdırmaq üçün real imkanlar mövcuddur. Bu isə Azərbaycanın regionun və Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında  rolunu daha da artıracaqdır.

Mirbağır YAQUBZADƏ,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında