Ötən əsrin sonlarında tarixi müstəqilliyinə qovuşan Azərbaycan Respublikası xalqımızın ümummilli lideri Heydər Əliyevin böyük uzaqgörənliklə işləyib hazırladığı sosial-iqtisadi inkişaf strategiyasının məntiqi ardıcıllıqla həyata keçirilməsi nəticəsində dünyanın ən sabit və dinamik inkişaf edən bir ölkəsi kimi yüksək nüfuz qazanmışdır. Təsadüfi deyil ki, son illər Azərbaycanda həyata keçirilən məqsədyönlü islahatlar, dinamik sosial-iqtisadi inkişaf dünyanın aparıcı dövlətləri tərəfindən birmənalı olaraq bəyənilir, bir sıra nüfuzlu təşkilatların reytinq siyahılarında ölkəmiz qabaqcıllar sırasında yer alır. “Fitch”, “Standard and Poor’s”, “Moody’s” kimi beynəlxalq reytinq agentlikləri də Azərbaycanın reytinqini yüksək qiymətləndirirlər. Bundan əlavə, hazırda Azərbaycan Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə, "yuxarı orta gəlirli” ölkələr qrupunda, BMT-nin İnkişaf Proqramının İnsan İnkişafı İndeksində isə “yüksək insan inkişafı” ölkələri qrupunda qərarlaşıb.
Tarixi müstəqilliyinin əldə olunmasından ötən 25 il ərzində Azərbaycan siyasi və sosial-iqtisadi sahələrdə yüksək nailiyyətlərə imza atıb. Azərbaycan Respublikası artıq davamlı iqtisadi inkişafa nail olan, dünya dövlətləri arasında özünə layiqli yer tutan, regionın lider ölkəsinə çevrilib. Bütün bunlar isə, heç şübhəsiz, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyətinin nəticəsidir. Məhz son 13 ildən artıq bir müddətdə ölkəmizin sosial-iqtisadi həyatına, beynəlxalq əlaqələrinə bir dinamizm gətirən dövlətimizin başçısı müasir dünyada Azərbaycanın inkişaf modelinin tanınıb qəbul edilməsinə nail olub. Ölkəmizin əldə etdiyi uğurların real mənzərəsini konkret şəkildə ifadə etmək üçün isə bir sıra iqtisadi və maliyyə göstəricilərinə nəzər yetirmək lazımdır. Belə ki, ötən 13 il ərzində Azərbaycanda ümumi daxili məhsul üç dəfədən çox, büdcə gəlirləri isə 20 dəfə artıb. Bununla yanaşı, ölkədə yoxsulluğun səviyyəsi 49 faizdən 5 faizə enib, 1 milyon 500 min iş yeri yaradılıb. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış neft strategiyasının uğurla reallaşdırılması nəticəsində ölkəmizin maliyyə imkanları xeyli artıb. Yeri gəlmişkən, son üç ildə dünya bazarında neftin kəskin şəkildə ucuzlaşması fonunda Azərbaycanın bu sahədən əldə etdiyi gəlirlər xeyli azalsa da, qlobal maliyyə böhranı şəraitində belə, ölkəmiz valyuta ehtiyatlarını qoruyub saxlamağa müvəffəq olub. İndi təqribən 40 milyard ABŞ dollarına yaxın valyuta ehtiyatlarına malik Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 75 faizini təşkil edir.
Dünya ölkələri, eləcə də Azərbaycan üçün son dərəcə çətin sınaq dövrü olan 2016-cı il artıq təqvimin yaddaşına köçüb. Yola saldığımız 2016-cı il Azərbaycan üçün tarixi müstəqilliyinin 25-ci ilinin tamam olması kimi əlamətdar bir tarix olsa da, qlobal maliyyə böhranı fonunda bir sıra çətinliklərlə də yadda qaldı. Xatırladaq ki, ötən il yanvarın 10-da 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev bu ilin anonsunu verərək demişdir: “Biz 2016-cı ildə iqtisadi inkişaf templərini təmin etməliyik. Bu, asan məsələ deyil. Ümumiyyətlə, keçən il müşahidə olunan mənzərə deməyə əsas vermir ki, 2016-cı ildə dünyada iqtisadi böhran başa çatacaq. Belə olan halda biz daha da səmərəli işləməliyik və iqtisadi inkişaf templərini daxili resurslar hesabına, düşünülmüş siyasət, islahatlar, o cümlədən struktur islahatları nəticəsində təmin etməliyik. Xüsusilə qeyri-neft sektorunun inkişafı böyük əhəmiyyət daşıyır. Son illər ərzində bu istiqamətdə böyük işlər aparılmışdır. Əgər biz vaxtilə qeyri-neft sektorunun inkişafı ilə məşğul olmasaydıq, bu gün iqtisadi inkişafımız o qədər də uğurlu olmazdı. İqtisadi şaxələndirmə, qeyri-neft sektorunun inkişafı 2016-cı ildə iqtisadi sahədə əsas prioritet olacaqdır. Əminəm ki, biz bu il ərzində bu istiqamətdə daha da böyük uğurlara nail olacağıq”. Elə yola saldığımız 2016-cı ildə ümumi daxili məhsulun 66 faizinin qeyri-neft sektorunda istehsal olunması da məhz Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərin məntiqi nəticəsidir.
İl ərzində dövlət başçısı tərəfindən qarşıya qoyulan hədəfə çatmaq üçün bir sıra mühüm sənədlər qəbul olunaraq icraya yönəldilmiş, iqtisadiyyatın neft amilindən aslılığının azaldılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Bunun da nəticəsində qlobal maliyyə böhranının doğurduğu çətinliklərə baxmayaraq, Azərbaycanda sosial-iqtisadi inkişaf davam etmiş, nəzərdə tutulmuş bütün sosial proqramlar, infrastruktur layihələri uğurla icra olunmuşdur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ilin yanvar-noyabr aylarında ölkəmizdə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 54 milyard 433,1 milyon manatlıq ümumi daxili məhsul istehsal edilmişdir. Yola saldığımız 2016-cı ildə iqtisadiyyatın neft və qaz sahələrində, eləcə də tikinti sektorunda istehsalın həcminin azalmasına baxmayaraq, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4,9 faiz artmışdır. Bu da Prezident İlham Əliyevin neftdən asılılığın minimum səviyyəyə endirilməsi ilə bağlı tövsiyə və tapşırığın uğurla icra olunmasını təsdiqləyir.
Ölkə Prezidentinin 2016-cı il üçün müəyyənləşdirdiyi prioritetlər sırasında xarici investisiyaların Azərbaycana daha böyük həcmdə cəlb edilməsi də mühüm yer tuturdu. İl ərzində bu istiqamətdə böyük irəliləyişlərə nail olunmuş, xarici investorlar Azərbaycanda bir sıra sahələrə – qeyri-neft sənayesi, tikinti, nəqliyyat, ticarət, turizm və xidmət sektorlarına maraq göstərməyə başlamış, bununla bağlı konkret müqavilələr imzalanmışdır.
Bununla yanaşı, dövlət başçısının tapşırığı ilə ölkədə tətbiq olunan vergi güzəştləri, eləcə də əsassız yoxlamaların qarşısının alınması yerli sahibkarları da iqtisadiyyata sərmayə qoymağa ruhlandırmışdır. Təkcə onu qeyd etmək kifayətdir ki, 2016-cı ilin on bir ayında qeyri-dövlət investisiyası hesabına Bakı şəhərində Ağdağ gips və Oksigen zavodları, Ağstafa rayonunda “Modern” mebel fabriki, “Karvan-L EKO” sənaye parkında 9 müəssisə və istixana kompleksi, İsmayıllıda “İSMA BİKES” velosiped istehsalı zavodu, Qəbələdə “Qafqaz Tufandağ Mountain Resort” oteli və bir sıra obyektlər tikilib istifadəyə verilmişdir. Yeri gəlmişkən, ulu öndər Heydər Əliyevin Azərbaycanda bazar iqtisadiyyatına keçidin əsas hərəkətverici qüvvəsi kimi böyük ümidlər bəslədiyi sahibkarlar ordusu ölkəmizin sosial-iqtisadi inkişafının təmin olunmasına mühüm töhfələr verirlər. Ötən illər ərzində Prezident İlham Əliyevin daimi diqqət və qayğısı ilə əhatə olunan özəl bölmə təmsilçiləri 2016-cı ildə də dövlət qayğısını hiss etmişlər. Belə ki, ötən ilin doqquz ayı ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ölkə üzrə 1815 sahibkara 120 milyon manatdan artıq güzəştli kredit verilib. Bütövlükdə isə fond fəaliyyətə başladığı vaxtdan keçən ilin oktyabr ayının 1-dək Azərbaycanda 32300 nəfərə yaxın sahibkara 1,9 milyard manata qədər güzəştli kredit ayırıb.
Dövlət başçısının tapşırığı ilə il ərzində Azərbaycanda sənaye istehsalı sahəsində çox ciddi iş aparılıb, texnoparkların, sənaye klasterlərinin yaradılması istiqamətində işlər davam etdirilib. Həyata keçirilmiş tədbirlər bütövlükdə ölkənin sənaye potensialının artmasına xidmət edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ilin on bir ayında ölkədə 28,8 milyard manatlıq sənaye məhsulu istehsal olunub ki, bunun da 80,1 faizi qeyri-dövlət sektorunun payına düşüb. Qeyri-neft sənayesinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində sənayenin emal, toxuculuq, əczaçılıq, metallurgiya, kompüter, elektron məhsullarının və elektrik mallarının, eləcə də avtomobil və qoşquların istehsalında əhəmiyyətli artım baş verib.
Yola saldığımız 2016-cı ildə Azərbaycanın neft strategiyası çərçivəsində də bir sıra əlamətdar hadisələr baş vermişdir. Sentyabr ayında Prezident İlham Əliyevin iştirakı ilə Bakı Dərin Özüllər Zavodunun tikinti meydançasından “Şahdəniz-2” layihəsi üçün nəzərdə tutulmuş platformanın dayaq bloku dənizə yola salınmışdır. Dekabr ayının 23-də isə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə BP arasında “Azəri-Çıraq-Günəşli” yatağının 2050-ci ilədək işlənməsinə dair razılıq protokolu imzalanmışdır. Bu isə o deməkdir, Azərbaycanın yeni neft strategiyasının əsasını qoymuş “Əsrin müqaviləsi” çərçivəsində indən belə 34 il də neft hasil olunacaq.
2016-cı il ölkə iqtisadiyyatının digər mühüm sahəsi olan kənd təsərrüfatı üçün uğurlu olub. Belə ki, ötən ilin on bir ayı ərzində ölkədə faktiki qiymətlərlə 5 milyard 305,2 milyon manatlıq məhsul istehsal olunub ki, bu da 2015-ci ilin eyni dövründəkindən 2,3 faiz çoxdur. Ümumi istehsalın 2 milyard 793,1 milyon manatı heyvandarlıq, 2 milyard 512,1 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb. Ötən ilin on bir ayında Azərbaycanda qarğıdalı da nəzərə alınmaqla 3 milyon 60,1 min ton taxıl məhsulu toplanıb. Yeri gəlmişkən, Prezident İlham Əliyev keçən ilin əvvəlindən etibarən ölkədə bir sıra bitkiçilik məhsulları əkininin genişləndirilməsi ilə bağlı müvafiq tapşırıqları da öz bəhrəsini verib. Bu baxımdan 2016-cı il Azərbaycanda pambıqçılığın dirçəldilməsi ili kimi diqqəti cəlb edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ilin dekabr ayının 26-dək ölkə üzrə 87 min 237,7 ton pambıq tədarük edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 52 min 45,7 ton və ya 2,5 dəfə çoxdur.
İlin əvvəlindən kənd təsərrüfatının ikinci mühüm sahəsi sayılan heyvandarlığın inkişaf etdirilməsi üçün bir sıra vacib işlər görülüb. Ötən dövrdə sürünün cins tərkibinin yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlər heyvanların məhsuldarlığının yüksəlməsinə və mal-qaranın baş sayının, xüsusən də bu sahədə məhsul istehsalının artmasına səbəb olub. Belə ki, 2016-cı ilin yanvar-noyabr aylarında ölkə üzrə diri çəkidə 435,6 min ton mal-qara və quş əti, 1 milyon 833 min ton süd, 1 milyard 470,6 milyon ədəd yumurta və 16,5 min ton yun istehsal edilib.
Yeri gəlmişkən, tarixi müstəqilliyinin təqribən 10 ili Azərbaycanda əsaslı iqtisadi yüksəliş ili kimi xarakterizə olunur. Məhz həmin müddətdə sosial-iqtisadi inkişafın bütün sahələrində yüksək nailiyyətlərə imza atan Azərbaycan Respublikası keçid dövrünü uğurla başa çatdırmağa nail olub. Hazırda isə ölkəmiz iqtisadiyyatın prioritet istiqaməti kimi qeyri-neft sektorunun inkişaf etdirilməsi xəttini götürüb. Bu isə o deməkdir ki, Azərbaycanda neft dövrü tədricən arxada qalır. Gələcək iqtisadi uğurlarımızın təməli isə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə qoyulur. Bu məqsədlə artıq Azərbaycanda yeni prioritetlər, inkişaf perspektivləri müəyyənləşdirilib.
Məlum olduğu kimi, Azərbaycanda qeyri-neft dövründə iqtisadi artımın təmin edilməsi məqsədilə Prezident İlham Əliyev 2016-cı il martın 16-da “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında sərəncam imzalamışdı. Sənədə əsasən, ölkəmizdə iqtisadi siyasətin və islahatların davamlılığını təmin etmək üçün iqtisadiyyatın mövcud vəziyyətinin dərin təhlili və yeni iqtisadi inkişaf strategiyasının hazırlanması məqsədilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” təsdiq edilmişdi. Ötən müddətdə Prezident sərəncamı ilə yaradılmış İşçi qrupu yerli və xarici ekspertlərin, təcrübəli mütəxəssislərin, məsləhətçi şirkətlərin və elmi təşkilatların iştirakı ilə, ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq şəraitində milli iqtisadiyyat və iqtisadiyyatın on bir əsas sektoru üzrə strateji yol xəritələrinin layihələrini hazırlayıb. Nəhayət, dövlət başçısı İlham Əliyev 2016-cı il dekabr ayının 6-da “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərman imzalayıb. Xatırladaq ki, strateji yol xəritələri özündə 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışını özündə əks etdirir. Azərbaycanda iqtisadiyyatın sürətli inkişafı, qeyri-neft sektorunun dirçəlməsi baxımından tarixi əhəmiyyətə malik olan bu sənədə əsasən, funksional olaraq 11 sektor müəyyənləşdirilib ki, bunlardan da 6-sı bilavasitə real sektorla, o cümlədən neft-qaz və kimya məhsullarının, kənd təsərrüfatı məhsullarının istehsalı, turizm sektorunun inkişafı ilə bağlıdır. Bundan əlavə, strateji yol xəritələrinin ikisinin sosial məsələlərə aid olması Azərbaycanda insan amilinə verilən dövlət siyasətinin parlaq təzahürüdür. Daha üç strateji yol xəritəsi isə telekommunikasiya və maliyyə-bank sektoruna aiddir. Prezident İlham Əliyevin imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərmanı iqtisadiyyatın inkişafı ilə bağlı yeni strateji yanaşmanı ortaya qoyur. Qarşıdakı illərdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatlar, eyni zamanda, yeni strateji hədəflərə uyğun olaraq strateji yol xəritəsi iqtisadiyyatın şaxələnməsinə və neftdən asılılığın aradan qaldırılmasına imkan yaradacaq.
Göründüyü kimi, qlobal maliyyə böhranının davam etdiyi 2016-cı il, həm də Azərbaycan üçün əsaslı islahatlar ili kimi yadda qalacaq. Dövlət başçısı İlham Əliyevin böyük uzaqgörənliklə qəbul etdiyi mühüm dövlət sənədləri, bir sıra dəqiq strateji hədəflər və məqsədyönlü islahatlar isə ölkəmizin növbəti inkişaf mərhələsi üçün zəmin yaradır.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.