Azərbaycanda hər sakinə düşən orta yaşayış sahəsi son 15 ildə tədricən 9,3 kvadratmetrdən 12 kvadratmetrə kimi artıb. Bu barədə “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”ndə bildirilib. Eyni zamanda, vurğulanıb ki, son 10 ildə bir-biri ilə əlaqəli üç göstərici – xüsusi mülkiyyətə sahiblik payı, urbanizasiya və hər sakinə düşən yaşayış sahəsi üzrə göstəricilər, demək olar ki, sabit qalıb. Bununla belə, adıçəkilən Strateji Yol Xəritəsində qeyd edilib ki, sözügedən dövrdə bəzi rayonlarda əhalinin artım sürəti digərləri ilə müqayisədə daha yüksək olub. Belə ki, 2009–2015-ci illərdə Azərbaycanın bir sıra rayonlarının, o cümlədən Bakı şəhərinin, Mərkəzi Aran, Dağlıq Şirvan, Şəki-Zaqatala, Quba-Xaçmaz və Yuxarı Qarabağ rayonlarının əhalisi artaraq yaşayış sahəsi üzrə artımı üstələyib.
Buna görə də ölkədə yeni yaradılan Mənzil İnşaatı Dövlət Agentliyinin ilkin məqsədi də daşınmaz əmlak bazarının hər il 10 faizini təşkil edən uyğun qiymətə (güzəştli) yeni mənzillərin (təxminən 3 min mənzil) satılmasından ibarət olacaq.
Adıçəkilən Strateji Yol Xəritəsində bildirilir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin mənzil təminatı ilə bağlı hədəfləri real mənzil bazarının göstəriciləri əsasında hər il yenilənəcək və belə hədəfləri müəyyən edərkən eyni təşəbbüsləri həyata keçirən digər ölkələrin təcrübəsi də nəzərə alınacaq.
Mənzilləri uyğun qiymətə təqdim etmək baxımından torpağın əldə edilməsi ilə əlaqədar xərclərin optimallaşdırılması, həmçinin yerləşdiyi məkanın əlverişliliyi – iş yeri mərkəzlərinin, nəqliyyat və sosial infrastrukturun mövcudluğu xüsusi əhəmiyyət daşıyır. Buna görə də Mənzil İnşaatı Dövlət Agentliyi dövlət mülkiyyətində olan boş torpaq sahələrini uyğun qiymətə mənzil tikintisi layihələrində istifadəyə cəlb etməklə, xərclərin azaldılmasına nail olacaq.
Uyğun qiymətə mənzil təminatı üçün nəzərdə tutulan torpaq sahələri bir neçə yolla təmin oluna bilər. Belə ki, öz rayonunda uyğun qiymətə mənzil təkliflərini artırmaq marağında olan icra orqanları Mənzil İnşaatı Dövlət Agentliyinin əlverişli torpaq sahəsi ilə təmin edilməsi, xüsusi və bələdiyyə mülkiyyətindəki torpaqların dövlət vəsaiti hesabına alınaraq həmin agentliyin sərəncamına verilməsi, habelə dövlət mülkiyyətində olan torpaq sahələrindən uyğun qiymətə mənzil təminatı üçün istifadə edilməsi mümkündür.
Onu da xatırladaq ki, 2017–2018-ci illərdə əsas diqqəti Bakı və rayon mərkəzlərinə yönəltməklə, urbanizasiyanın və mənzil təminatına tələbatın yüksək olduğu ərazilərdə mənzil tikintisinin həyata keçirilməsi, 2018–2025-ci illər üçün nəzərdə tutulan ölkədaxili mənzil təminatı planının və 2025-ci ildən sonra rayonlarda əsaslı şəkildə yenidənqurma işlərinin aparılması diqqət mərkəzində saxlanılacaq.
Prezident İlham Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində inşa ediləcək ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimində sosial binaların tikintisinin mənzilə ehtiyacı olan ailələr üçün böyük dəstək olacağını, bu layihənin icra edilməsi nəticəsində, eyni zamanda, inşaat sektorunun da canlanacağını diqqətə çatdırıb. Dövlətimizin başçısı daha sonra inşaat sektorunda hazırda yaşanan tənəzzüldən danışaraq deyib: “Əgər biz ümumi daxili məhsulumuzun inkişafının və tənəzzülünün dinamikasına nəzər salsaq görərik ki, bu gün ümumi daxili məhsulu aşağı aparan amil inşaat sektorundakı tənəzzüldür. Bunun da iki səbəbi var. Dövlət investisiyaları azalıb, bu da təbiidir. Çünki bizim gəlirlərimiz azalmışdır və biz, ilk növbədə, öz gəlirlərimizi sosial məsələlərin həllinə yönəltmişik. Onu da qeyd etməliyəm ki, 2016-cı ildə bir dənə də olsun, sosial proqram ixtisara düşmədi. Bu, birinci məsələdir. Digər səbəb isə əlbəttə ki, sahibkarlar da mənzil inşaatına az fikir verməyə başlamışlar. Ona görə Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti və icra ediləcək digər layihələr nəticəsində biz inşaat sektorunu canlandıracağıq”.
Prezident İlham Əliyev qeyd edib ki, son illərdə aparılan islahatlar və şaxələndirmə siyasəti nəticəsində ölkəmiz özünü əsas tikinti materialları ilə təmin etdiyindən, bu layihələrin icrasında idxal komponentindən asılılıq olmayacaq. Belə binaların tikintisində istifadə ediləcək materialların 80-90 faizi Azərbaycan istehsalı olacaq və ilk növbədə idxala tələbatı azaldacaq. Digər tərəfdən yerli şirkətlər də inşaat materiallarını istehsal edərək öz maddi imkanlarını yaxşılaşdıracaqlar.
Prezident İlham Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində inşa ediləcək doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimində, həmçinin ikinci layihənin icrası üçün hazırlıq işləri getdiyini də xatırladıb.
Bəs tikilməkdə olan sosial evlər hansı müddətə veriləcək, şərtləri nədən ibarət olacaq, kimlər bu fürsətdən yararlana biləcəklər? İqtisadçı alim Vüqar Bayramov bizimlə söhbətində bildirdi ki, sosial evlər əsasən 1, 2, 3 otaqlı olacaq. Mənzillərin sahəsi isə müvafiq olaraq 75, 45 və 35 kvadratmetr təşkil edəcək. Burada əsas məsələ mənzil sahələrinin çox da böyük olmamasıdır. Bu isə mövcud sahə ilə daha çox insanın sosial mənzillərdən yararlanması məqsədi daşıyır. Ona görə də həmin mənzillər qənaət olunan mənzillər adlandırılır.
Vüqar Bayramov onu da xatırlatdı ki, sosial mənzillərin istifadəyə verilməsi uzunmüddətli dövr üçün nəzərdə tutulub. Müvafiq olaraq 3 otaqlı mənzillər üçün 350 manat, 2 otaqlı mənzillər üçün 250 manat, 1otaqlı mənzillər üçün isə 180 manat ətrafında aylıq ödəniş həyata keçirilməsi planlaşdırılıb. Bununla yanaşı, müqavilə şərtlərində ödənişlərin manatla olacağı da göstərilib.
“Bəs kimlər sosial mənzillərdən faydalana biləcək?” – sualına cavabında iqtisadçı alim belə dedi: – Mənzil İnşaatı Dövlət Agentliyinin açıqlamalarına əsasən, sosial mənzillərdən faydalanacaq kateqoriya sosial ipoteka almaq imkanı olanlardır. Bu da onunla bağlıdır ki, sosial mənzillərin inşasında sosial ipoteka üçün ayrılmış vəsaitlərdən istifadə olunacaq. Bununla belə, biz əhalinin digər aztəminatlı təbəqəsinin, o cümlədən mənzilə ehtiyacı olub birdəfəlik ödəniş etməklə mənzil almaq imkanı olmayan, yeni ailə quran gənclərin də bu fürsətdən faydalana bilmələrini təklif edirik.
Ekspert daha sonra qeyd etdi ki, mənzillərə sosial ipotekanın müddətinə uyğun olaraq, təxminən 25-30 il müddətinə ödəniş təklif ediləcəyi gözlənilir. Amma vətəndaş ödəmə qabiliyyətinin yüksək olmasına əsasən, daha az müddətə də ev ala bilər. Güman edilir ki, gələcəkdə sosial evlərə sahib olmaq təkcə güzəştli təbəqəyə şamil edilməyəcək. Qonşu Türkiyənin təcrübəsinə nəzər yetirsək, ölkənin gənc ailələrinin də sosial evlərdən yararlandığını görərik. Yəni aztəminatlı ailələrin də sosial mənzillərə çıxışının təmin edilməsi məqsədəuyğundur.
Yeri gəlmişkən, xatırladaq ki, gənc ailə üzvləri, o cümlədən şəhid ailəsinin üzvü (əri, yaxud arvadı, övladları), Milli Qəhrəman (özü, əri, yaxud arvadı, övladları), məcburi köçkün və ya ona bərabər tutulan şəxs, üç ildən az olmayan müddətdə dövlət qulluqçusu işləyən şəxs, elmlər namizədi və ya doktoru elmi dərəcəsi olan şəxs, idman sahəsində xüsusi xidmətləri olan şəxslər (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçıları (I, II və III yerlər), üç ildən az olmayan müddətdə hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), eləcə də ehtiyata və istefaya buraxılmış hərbi qulluqçuları ipoteka kreditləri üzrə güzəştlərdən istifadə etmək hüququ var.
Onu da deyək ki, ipoteka kreditləri üzrə güzəştlərdən istifadə etmək hüququ olan hər bir ailə (şəxs) bu güzəştlərdən yalnız bir dəfə istifadə edə bilər.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.