“Neft Daşları” NQÇİ müstəqillik dövründə ən yüksək hasilat göstəricisinə nail olub

Dünyada ilk dəfə açıq dənizdə neftçıxarmanın əsası qoyulduğu “Neft Daşları” yatağının istismara daxil edilməsindən 67 ildən artıq vaxt ötür. Yataq  uzun illər istismarda olmasına baxmayaraq, burada çıxarılması mümkün olan ehtiyatlar hələ çoxdur. Məhz buna görə də ölkə Prezidenti İlham Əliyev “Neft Daşları” yatağında illik hasilatın 1,2 milyon tona çatdırılmasını neftçilərin qarşısında mühüm bir vəzifə kimi qoymuşdur.

Son illər dövlət başçısının tapşırığının icrası istiqamətində bir sıra zəruri  tədbirlər həyata keçirilir,  yeni stasionar dəniz özülləri inşa olunur, çoxsaylı quyular qazılıb istifadəyə verilir. Bu da neft hasilatının artırılmasına imkan yaradır.

SOCAR-dan verilən məlumata görə, 2016-cı ilin son günlərində “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tarixi nailiyyətə imza atıb. Belə ki, ölkəmizin müstəqillik dövründə ilk dəfə olaraq adıçəkilən idarə üzrə illik hasilat 1 milyon tona çatdırılıb. Xatırladaq ki, 1949-cu ildən işlənmədə olan “Neft Daşları” yatağında indiyədək qazılmış 2211 quyudan 182 milyon 861 min ton neft, 14 milyard 92 milyon kubmetr qaz hasil olunub. “Neft Daşları” NQÇİ-də hasilat 1967-ci ilə kimi artım tempi ilə davam edib, quyu fondu 700-ə, hasilat isə 7 milyon 600 min tona çatdırılıb.  1968-1990-cı illərdə isə hasilat aşağı düşərək 1990-cı ildə 963,3 min ton təşkil edib.

 NQÇİ-də hasilatın sabit saxlanılması və artırılması istiqamətində görülən tədbirlər, xüsusilə 2014-cü ildə qəbul edilmiş geniş tədbirlər proqramının icrası nəticəsində həmin il neft hasilatı 940 min tona, 2015-ci ildə 941 min tona çatdırılıb. Son üç ildə qazmadan 54 quyu alınıb, cari və əsaslı təmir işləri görülüb, 309 geoloji, 1584 texniki tədbir həyata keçirilib. Bundan əlavə, quyu fondu üzərində səmərəli iş aparılıb, yeni texnika və texnologiyalar tətbiq edilib, boşdayanmaların qarşısı alınıb ki, bunun da nəticəsində neftin maya dəyəri aşağı düşüb. Hasil olunan neftin əsas hissəsinin kompressor üsulu ilə çıxarıldığı nəzərə alınaraq qazlift sisteminin etibarlılığını artırmaq məqsədilə xətlərdə donmaların və tutulmaların qarşısını almaq üçün 9 ədəd yüksək təzyiqli seperator, alçaqtəzyiqli qaz xətlərinin üzərinə damcıtutanlar quraşdırılıb, 20 kilometrdən artıq yüksəktəzyiqli qaz xətti təmir olunub və yenisi çəkilib. Eyni zamanda, yığım-nəql sistemi təkmilləşdirilib, lay sularının tam həcmdə yığılaraq utilizasiya edilməsi üçün etibarlı ekoloji sistem yaradılıb.

Ötən dövrdə mədənlərdə böyük miqyasda əsaslı təmir işləri aparılıb, qısa müddət ərzində iki ədəd yeni iriləşdirilmiş seperasiya qurğusu və 2a saylı iriləşdirilmiş neftyığma məntəqəsi tikilib. Bu sahədə işlər hazırda da davam etdirilir. Elektrik enerjisinə artan tələbatın ödənilməsi məqsədilə yeni qazturbinli elektrik stansiyası tikilərək istismara verilib. Əfsanəvi dəniz şəhərinin cəsur neftçiləri 2017-ci ilə yeni əmək nailiyyəti ilə qədəm qoyublar.

Mirbağır YAQUBZADƏ,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında