Hazırda “Made in Azerbaijan” brendi altında qeyri-neft məhsulları istehsalının və xarici ölkələrə satılmasının təşviqi diqqət mərkəzində saxlanılır, bu istiqamətdə aidiyyəti dövlət qurumları tərəfindən kompleks tədbirlər həyata keçirilir.
Xatırladaq ki, Prezident İlham Əliyev cari il oktyabr ayının 5-də “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb. Fərmanla yerli məhsulların xarici bazarlara çıxarılması işinin təşkili, bazarların araşdırılması, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə çəkilən xərclərin dövlət hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi qaydası, həmçinin Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı görülmüş işlər barədə hesabat forması təsdiq edilib.
Hazırda “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi və marketinq fəaliyyətinin dəstəklənməsi məqsədilə sahibkarların beynəlxalq sərgilərdə vahid ölkə stendi ilə iştirak etmələrinə, xarici ölkələrdə fəaliyyət göstərən ticarət mərkəzlərində, o cümlədən rüsumsuz ticarət (“duty free”) mağazalarında rəflərinin təşkilinə və respublikamızda istehsal olunan məhsulların xarici ölkələrin ictimai yerlərində, kütləvi informasiya vasitələrində təbliğinə mühüm önəm verilir.
Son vaxtlar xarici ölkələrə ixrac missiyalarının təşkili, xarici bazarların araşdırılması və marketinq fəaliyyəti, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent alması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib. İstanbul, Moskva, Frankfurt, Dubay və digər iri hava limanlarındakı “Duty Free” mağazalarında, Rusiyanın tanınmış mağazalar şəbəkələrində “Made in Azerbaijan” rəflərinin yaradılması, Azərbaycan şərablarının, mürəbbə, bal, xalça, kəlağayı və s. kimi məhsulların təqdim olunması təklif edilib.
Artıq şərab istehsalı və ixracı ilə məşğul olan şirkətlərin nümayəndələrindən ibarət Azərbaycanın ilk ixrac missiyasının Çinə səfəri uğurla yekunlaşıb. Səfər çərçivəsində respublikamızın iş adamları çinli həmkarları ilə əməkdaşlıq imkanlarına dair müzakirələr aparıb, şərab istehsalında tətbiq olunan yeni texnologiyalarla tanış olub, yerli distribüterlər və potensial müştərilərlə görüşlər keçiriblər. İxrac missiyası çərçivəsində 500 min şüşə Azərbaycan şərabının Çinə ixracına dair müqavilə imzalanıb. Bundan başqa, Azərbaycan şərablarının dequstasiyası keçirilib, şərablarımızın istehsal texnologiyasına dair master-klaslar təşkil olunub.
Xatırladaq ki, Azərbaycanın ilk ixrac missiyasının Çinə səfəri Azərbaycan Prezidentinin 5 oktyabr 2016-cı il tarixli fərmanına uyğun olaraq təşkil edilib və ixrac missiyasının xərcləri dövlət tərəfindən qarşılanıb.
Növbəti ixrac missiyası bu il noyabrın 27-30-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil edilib. İxrac missiyasında meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, ət və ət məhsulları, bal, süd və süd məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 20 şirkətin nümayən heyəti iştirak edib.
Səfər zamanı Azərbaycan iş adamları “Carrefour”, “Spinneys”, “Union Co-op” kimi iri marketlər şəbəkələrində və “Al Aweer” meyvə-tərəvəz mərkəzində olub, BƏƏ şirkətləri ilə ikitərəfli görüşlər keçiriblər. Görüşlərdə Azərbaycan məhsullarının Dubayın iri marketlər şəbəkələrində satışı, distribütorluq, yerli məhsulların BƏƏ-yə ixracı və s. məsələlər barədə müzakirələr aparılıb. Dubay tərəfi Azərbaycanın kənd təsərrüfatı məhsullarına maraq göstərib, nümunələrin göndərilməsi barədə sifariş verib.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, gələn il fevralın 26-dan martın 2-dək Dubay şəhərində keçirilən “GULFOOD” ərzaq, martın 19-dan 21-dək Almaniyanın Düsseldorf şəhərində keçirilən “PROWEIN” şərab, sentyabrın 11-dən 14-dək Moskva şəhərində keçiriləcək “WORLDFOOD” ərzaq, oktyabrın 7-dən 11-dək Almaniyanın Köln şəhərində keçiriləcək “ANUGA” ərzaq, noyabrın 10-dan 12-dək Honkonqda “HKTDC Hong Kong International Wine & Spirits Fair” şərab sərgilərində Azərbaycan şirkətləri iştirak edəcəklər.
“Made in Azerbaijan” brendinin xarici bazarlarda geniş yayılması üçün həyata keçirilən tədbirlər sırasında yeni fəaliyyətə başlayan azexport.az platformasının (saytının) adı xüsusi qeyd edilməlidir. Bu platforma ölkənin ixrac potensialının artırılmasına dəstək verməkdə xüsusi əhəmiyyət kəsb edir. Artıq sahibkarlar öz məhsullarını xarici ölkələrdə seçdiyi bazarlara daha rahat şəkildə çıxara biləcəklər. Adıçəkilən portal, həmçinin “Made in Azerbaijan” brendinin xarici bazarlarda daha da məşhurlaşması üçün əvəzsiz rol oynayacaq. Sahibkarlar isə əvvəlki dövrlərdən fərqli olaraq öz məhsullarını tanıtmaq üçün bir çox əlavə xərclərdən də azad olacaq ki, bu da onlar üçün böyük stimul rolunu oynayacaq. Azərbaycanın onun əsas tərəfdaşları ilə ixrac sahəsində əlaqələr qurmasına yönələn layihə kimi sözügedən portal ölkəmizin ixrac mövqelərini də möhkəmləndirəcək.
Qeyd edək ki, azexport.az saytı Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” 2016-cı il 21 sentyabr tarixli sərəncamı əsasında yaradılıb.
Yeri gəlmişkən, “Asan İmza” innovativ mobil elektron imza xidməti Azərbaycanda istehsal olunan məhsulların xaricə ixracının dəstəklənməsi məqsədilə yaradılmış www.azexport.az portalı ilə inteqrasiya edilib.
“Asan İmza” mobil elektron imza xidmətinin operatoru olan “B.EST Solutions” şirkətindən bildirilib ki, “Asan İmza” mobil elektron imza xidmətinin portal ilə inteqrasiyası öz mal və xidmətlərini www.azexport.az internet resursunda qeydiyyatdan keçirmək istəyən sahibkarlara geniş imkanlar yaradır. “Asan İmza” mobil elektron imza xidmətinin portala daxil olmaq üçün avtorizasiya vasitəsi qismində istifadə edilməsi sahibkarları əlavə qeydiyyatdan azad edir. Belə ki, əgər sahibkar şirkətin sahibidirsə və gücləndirilmiş mobil elektron imzaya malikdirsə, bu zaman o, əlavə qeydiyyat olmadan asanlıqla sayta daxil ola və öz məhsulu haqqında bütün lazımi məlumatları portala əlavə edə bilər. Bununla yanaşı, “Asan İmza” xidməti tamamilə təhlükəsiz xidmətdir və istifadəçilərin şəxsi məlumatlarına hər hansı icazəsiz müdaxilənin qarşısını bütünlüklə alır. Belə ki, xidmətdən istifadə üçün tələb olunan məlumat yalnız istifadəçinin özünə bəlli olur.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.