“Ümid” qaz-kondensat yatağında daha bir quyunun tikintisi başa çatdırılıb

“Ümid” qaz-kondensat yatağının işlənməsi uğurla həyata keçirilir. Xatırladaq ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən yataqlar sırasında öz zənginliyi ilə seçilən  bu yataq "Şahdəniz"dən sonra Xəzərin milli sektorunda kəşf edilən ilk yeni qaz yatağıdır.

Mütəxəssislərin hesablamalarına görə, “Ümid” yatağının karbohidrogen ehtiyatları 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat həcmindədir. Artıq bir neçə ildir ki, burada quraşdırılmış “Ümid-1” platformasındakı iki istismar quyusundan qaz və kondensat hasil olunur. 

2016-cı ilin son günlərində isə “Ümid” yatağının 1 saylı stasionar dəniz özülündən daha bir quyuda tikinti işləri uğurla başa çatdırılıb. Yataqda qazma işlərini həyata keçirən SOCAR-AQŞ birgə müəssisəsi faktiki dərinliyi 6352 metr olan 14 saylı quyunun tikintisi işlərini təhlükəsiz və ətraf mühitə heç bir ziyan vurmadan yekunlaşdırıb.  Xatırladaq ki, yeni istismar quyusunun sifarişçisi SOCAR-ÜMİD MMC-dir.

SOCAR-AQŞ-dən verilən məlumata görə, 7-ci horizonta qazılan 14 saylı quyunun inhirafı 1000 metr təşkil edir. Müəssisənin dərin quyular üzrə əməliyyat meneceri Eldar Yaradanquliyev 1 saylı özüldə müəssisənin apardığı qazma işlərinə münasibət bildirərək qeyd edib ki, dünyanın ən mürəkkəb və yüksək təzyiqli yataqlarından biri hesab olunan “Ümid”də sifarişçi təşkilatın təyin etdiyi texnoloji parametrlər podratçı təşkilat  tərəfindən dəqiq yerinə yetirilib. Müəssisənin peşəkar qazma briqadasının qarşıya qoyulan vəzifə və öhdəlikləri məsuliyyətlə yerinə yetirərək sınaqdan uğurla çıxdığını vurğulayan  əməliyyat meneceri bildirib ki,  artıq 7-ci horizonta qazılan quyuya istismar kəmərı endirilmiş, sementlənmiş və uğurla kipliyə yoxlanılmışdır. O, həmçinin deyib ki, “Ümid” kimi yüksək təzyiqli yataqda quyu tikintisini uğurla yerinə yetirmək təcrübəsi SOCAR-AQŞ-nin beynəlxalq qazma layihələrində iştirak potensialını da xeyli artırır.

Baş direktorun müavini, baş geoloq İftixar Qasımov isə 14 saylı quyuda aparılan geofiziki ölçü işlərinə münasibət bildirərək deyib ki, müəssisə sifarişçi tərəfindən tapşırılan geofiziki ölçü işlərini tam yerinə yetirməklə yanaşı, müasir ultrasonic cihazından da uğurla istifadə edib. O deyib: “Bu cihaz vasitəsilə istismar kəmərinin arxasında müxtəlif intervallarda sementin zonal izolyasıyasını dəqiq müəyyən edə bilirik. Yeni nəsil geofiziki ölçü cihazlarının uğurlu tətbiqi quyu tikintisinin keyfiyyətlə başa çatdırılmasına təsir edən əsas amillərdən biridir’’.

Yeri gəlmişkən, “SOCAR-AQŞ” MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və “Abşeron” Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının maili və horizontal qazılması, quyuların mənimsənilməsi, əsaslı təmiri, yan lülələrin qazılması  ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir. Hazırda SOCAR-AQŞ “Günəşli” yatağının dayaz sulu hissəsində yerləşən  7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 20 saylı,  “Ümid’’ yatağının 1 saylı və “Bulla’’ yatağının 6 saylı stasionar dəniz özüllərində qazma işləri aparır.

M. YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında