Mən bu məsələ ilə bağlı əvvəlcə təbii qazın qiymət dəyişməsinə toxunmaq istərdim. Xatırladım ki, əhali istehlakçı qrupu üzrə sonuncu dəfə 2009-cu ildə, qeyri-əhali kateqoriyası üzrə 2007-ci ildə tarif dəyişikliyi həyata keçirilib. Ötən müddət ərzində şəbəkənin genişləndirilməsi, xidmətin keyfiyyətinin artırılması, itkilərin azaldılması istiqamətində xeyli iş görülüb və böyük investisiya qoyuluşları reallaşdırılıb.
Bununla yanaşı, ölkədə satılan təbii qazın müəyyən hissəsi Hasilatın Pay Bölgüsü Sazişinə uyğun olaraq əməliyyat şirkətlərindən ABŞ dolları ilə alındığı və təbii qazın maya dəyərinin “mavi yanacağın” tənzimlənən qiymətlərindən yüksək olması səbəbindən müəyyən zərər meydana çıxıb. Buna görə də Neft Şirkəti tərəfindən Tarif Şurasına müraciət edilmişdi və şuranın 2016-cı il noyabr ayının 28-də keçirilən iclasında təbii qazın tariflərinə baxılmışdı. Bu zaman isə Tarif Şurası tərəfindən ölkədə aparılan sosial siyasət əsas götürülərək, əhalinin aztəminatlı təbəqələrinə tarif dəyişikliklərinin minimuma endirilməsi məqsədilə diferensial tariflərin tətbiqi, eyni zamanda, optimal tariflərin müəyyənləşdirilməsi məqsədəuyğun hesab olunmuşdu.
Belə ki, əhali istehlak qrupu üçün təbii qaz üzrə illik 1500 kubmetrə qədər istehlak edən abonentlər üçün tarif mövcud səviyyədə saxlanılmışdı. Yəni, bir kubmetr üçün 10 qəpik həddi qorunmuş, illik 1500 kubmetrdən artıq istehlak edən abonentlər üçün isə bir kubmetrə görə 20 qəpik səviyyəsində tarif müəyyənləşdirilmişdi.
O vaxt ARDNŞ-in belə bir məlumatına əsaslanılmışdı ki, əhali abonentlərinin 62 faizinin illik istehlak həcmi 1500 kubmetrdən aşağıdır və diferensial tariflərin tətbiqi nəticəsində həmin abonentlərin, o cümlədən bu kateqoriyaya aid olan aztəminatlı ailələrin təbii qaz üzrə ödənişlərində artım olmayacaq.
“Azərenerji” və “Azərişıq” səhmdar cəmiyyətlərinin müraciətlərində isə istehsal güclərinin artırılması, elektrik stansiyalarının normal istismar vəziyyətində saxlanılması, elektrik enerjisinə tələbatın ödənilməsi, paylayıcı şəbəkələrin genişləndirilməsi, itkilərin azaldılması və enerji təchizatının davamlılığının təmin edilməsi üçün elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifinin təbii qaz üzrə tarif artımı nəzərə alınmadan 1,6 qəpik, pərakəndə satış üzrə marjanın 2,8 qəpik artırılmalı olduğu göstərilmişdi. Elektrik enerjisinin istehsalında təbii qazın xüsusi çəkisi olduğu üçün elektrik enerjisi tariflərinin o səviyyəyə qaldırılması pərakəndə satış qiymətlərinin çox yüksəlməsinə səbəb ola bilərdi. Elektrik enerjisi istehsalında təbii qazın əhəmiyyətli rolu olmasına görə isə elektrik enerjisinin qiymətinin kəskin artımının qarşısını almaq məqsədilə Tarif Şurasının qərarı ilə təbii qazın tarifi elektrik enerjisi istehsalı müəssisələri üzrə min kubmetr üçün 120 manat, qeyri-əhali istehlakçı qrupu üzrə isə 200 manat səviyyəsində təsdiq edildi.
Burada bir məqam da unudulmamalıdır. Belə ki, təbii qaz tariflərinin dəyişdirilməsi elektrik enerjisi üzrə tariflərə də yenidən baxılmasını zəruri etmişdi. Elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilmiş, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılmış, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilmişdi.
Bu zaman “Azərişıq”ın əhali abonentlərinin 72 faizinin aylıq istehlak həcminin 250 kilovat-saatdan az olması faktını da diqqətdə saxlamışdı. Bu baxımdan, diferensial tariflərin tətbiqinin həmin abonentlərə, o cümlədən bu kateqoriyaya aid olan aztəminatlı ailələrə təsiri olmayacağı nəzərə alınmışdı.
Yuxarıda qeyd edilənlərə əlavə kimi onu deyə bilərəm ki, Azərbaycanda əhalinin sosial müdafiəsinin prioritet vəzifə olduğuna önəm verən möhtərəm dövlət başçımızın tapşırığına uyğun olaraq, dekabrın 22-də Tarif Şurasının növbədənkənar iclasında əhali üzrə tarifi dəyişməyən təbii qaz üçün təsdiqlənən illik istehlak həcminin 1500 kubmetrdən 1700 kubmetrə, aylıq elektrik enerjisinin istehlak həcminin isə 250 kilovat-saatdan 300 kilovat-saata qaldırıldı. Bu, cənab İlham Əliyevin xalqın yanında olduğunu, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsini daim diqqət mərkəzində saxladığını bir daha göstərdi.
Bir daha əmin olduq ki, Azərbaycan əhalisinin rifahının yüksəlməsinə xidmət edən sosial siyasət ölkə Prezidenti tərəfindən dövrün tələblərinə adekvat şəkildə, həm forma, həm də məzmun etibarilə zənginləşdirilərək yeni keyfiyyət mərhələsinə daxil olub.
Sabir RÜSTƏMOV,
texnika üzrə
fəlsəfə doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.