Təbii qaz və elektrik enerjisi istehlakına tətbiq edilən limitin artırılması əhali tərəfindən razılıqla qarşılanıb. Bunun ayrı-ayrı adamlarla söhbət zamanı bir daha şahidi olduq. Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Simuzər Əliyeva bildirdi ki, möhtərəm dövlət başçımızın tapşırığına əsasən, təbii qaz və elektrik enerjisi tariflərinə yenidən baxılması və müvafiq qərar qəbul edilməsi ölkə rəhbərinin əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsini diqqət mərkəzində saxlamasından, insan amilinə mühüm önəm verməsindən irəli gəlir.
S. Əliyeva qeyd etdi ki, hazırda aylıq elektrik enerjisi üzrə 300 kilovat-saat həcmində limit müəyyənləşdirilib. Bununla da əhaliyə tətbiq olunan güzəştin əhatə dairəsi daha da genişləndirilib. Belə ki, əvvəl 250 kilovat-saat limit 17 manat 50 qəpik təşkil edirdisə, Tarif Şurasının yeni tənzimləməsi ilə əlaqədar olaraq hazırda yeni tarif qiyməti 21 manata qaldırılıb.
Müsahibim söhbət zamanı, həmçinin vurğuladı ki, Tarif Şurasının noyabr ayının 28-də keçirilən iclasında ölkədə aparılan sosialyönümlü siyasət nəzərə alınmaqla və əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə diferensial tariflərin tətbiqi barədə qərar verilmişdi. Tarif Şurasının həmin qərarına əsasən, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan abonentlər üçün dəyişdirilməyərək 1 kubmetr üçün 10 qəpik, aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan abonentlər üçün elektrik enerjisinin qiyməti 1 kilovat- saat üçün 7 qəpik səviyyəsində saxlanılmışdı. Həmin limitlərdən artıq təbii qaz və elektrik enerjisi istehlakı üçün isə qiymətlər müvafiq olaraq 20 və 11 qəpik həcmində müəyyənləşdirilmişdi.
Bu dəyişikliklər ilk vaxtlar əhali arasında müəyyən anlaşılmazlığa səbəb olsa da, sonralar hamı başa düşdü ki, qərar təbii qazdan və elektrik enerjisindən qənaətlə istifadə edən abonentlərin büdcəsinə elə bir ciddi təsir göstərməyəcək. Lakin buna baxmayaraq, cənab İlham Əliyevin tapşırığı ilə dekabrın 22-də Tarif Şurası müəyyənləşdirdiyi limitlərin artırılması barədə qərar qəbul etdi. Yeni qərara əsasən, bu limitlər təbii qazın illik istehlak həcmi üzrə 1500 kubmetrdən 1700 kubmetrə, aylıq elektrik enerjisinin istehlakı üzrə isə 250 kilovatsaatdan 300 kilovatsaata qaldırıldı. Möhtərəm dövlət başçımızın tapşırığı ilə verilən bu qərarı ölkə başçısının aztəminatlı ailələrə göstərdiyi diqqətin təzahürü kimi dəyərləndirirəm.
Binəqədi qəsəbə sakini Məsim Nəbiyev dedi ki, noyabr ayının 28-də Tarif Şurası təbii qaz və elektrik enerjisinin qiymətlərini tənzimləyərkən ailə üzvlərimlə belə qərara gəldik ki, artıq qənaətə keçməyin vaxtıdır. İndi eşidəndə ki, cənab Prezident qaza və elektrik enerjisinin istehlakına qoyulan limiti artırıb, hədsiz sevindik. Möhtərəm dövlət başçımızın bu addımını əhalinin aztəminatlı təbəqəsinə göstərdiyi diqqət və qayğının nümunəsi kimi dəyərləndirdik. Bizi daim düşünən, problemlərimizə həssaslıqla yanaşan, yaşayış şəraitimizin daha da yaxşılaşması üçün tədbirlər görən Azərbaycan Prezidenti İlham Əliyevə ailə üzvlərim adından təşəkkür edirəm.
Zəngilan rayonundan məcburi köçkün, məktəb direktoru Nazim Dünyamalıyev bildirdi ki, hazırda cənab İlham Əliyevin tapşırığı ilə Tarif Şurası tərəfindən təbii qazın istifadəsində tətbiq olunan güzəştli limitlərin həcminə yenidən baxılıb və təbii qaz üçün təsdiqlənmiş illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrə artırılıb. Bu da o deməkdir ki, təxminən 2 milyona yaxın olan abonentdən 1,5 milyonu həmin güzəştli limitdən istifadə edə biləcək. Təbii qazın istifadəsində tətbiq olunan güzəştli limitin artırılması ölkə başçısının Azərbaycan vətəndaşının rifahının yaxşılaşdırılmasını əsas tutduğunu bir daha sübut etdi. Güzəştli limitin artırılmasını xalqımız sevinclə qarşıladı.
Nazim Dünyamalıyev daha sonra dedi ki, daim ictimaiyyət arasındadır. İnsanlar Prezidentin bu humanist addımını yüksək qiymətləndirir, sözügedən qərarın xüsusilə aztəminatlı ailələrin maddi vəziyyətinə müsbət təsir göstərəcəyini qeyd edirlər. Onlar minnətdarlıqlarını ifadə edərək vurğulayırlar ki, Prezident İlham Əliyevin bu tapşırığı aztəminatlı ailələrə, onların sosial problemlərinin həllinə daim diqqət və qayğı ilə yanaşmasının daha bir təzahürüdür. Dövlətimizin başçısı güzəşt limitini artırmaqla bağlı tapşırıq verərkən ilk növbədə əhalinin aztəminatlı təbəqəsinin maddi vəziyyətini nəzərə alıb.
Ekspert Qasım Məmmədov belə hesab edir ki, son dəyişikliklər sosial xarakterli mühüm bir addımdır. Başqa sözlə, Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan bu addım sosial təşəbbüsdür və birbaşa sosial məqsədlərə xidmət edir. Digər tərəfdən, limitlərin artırılması kommunal xidmətlərdən istifadə edənlərin dairəsini genişləndirir və nəticə etibarı ilə daha çox ailələrin güzəştlı limitlərdən istifadə etməsinə imkan verir. Bu baxımdan, yeni qaydalar sözügedən kommunal xidmətlərə görə köhnə, yəni aşağı tariflər ilə istifadə edənlərin sayının çoxalmasına və eləcə də diferensial sistemdən faydalananların ümumi abonentlərin payında faizinin artmasına səbəb olacaq.
Q. Məmmədov diqqətə çatdırdı ki, son dəyişiklikləri tətbiq olunan diferensial sistemin təkmilləşdirilməsinin ilkin mərhələsi kimi xarakterizə etmək olar. Buna görə də limitlərin artırılması həmin diferensial sistemin təkmilləşdirilməsi baxımından ilkin addım kimi qiymətləndirilməlidir. Bu isə Azərbaycanda tətbiq edilən sosial diferensial sistemin mərhələli şəkildə gələcəkdə hədəflərə tam uyğunlaşdırılmasına gətirib çıxara bilər. Eyni zamanda, ölkənin iqtisadi inkişaf prioritetlərinə uyğun olaraq, xüsusən də sənaye sektorunda diferensial sistemin tətbiq edilməsini də gündəmə gətirir.
Bir sözlə, təbii qaz və elektrik enerjisi istehlakına tətbiq edilən limitin tənzimlənməsi insanların rifahı naminə atılmış bir addımdır. Eyni zamanda, Azərbaycan vətəndaşının iqtisadi durumu, neftin qiymətinin ucuzlaşması və devalvasiya nəzərə alınması ilə sıx bağlıdır, vaxtında verilmiş mühüm qərardır.
Q. Məmmədov söhbətinin sonunda Azərbaycan Prezidenti cənab İlham Əliyevin insan amilinə hər zaman diqqətlə yanaşdığını, bu mühüm məqamı daim önə çəkdiyini vurğuladı. Bildirdi ki, dövlətimizin başçısı bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirir. Cari il dekabr ayının 2-də dövlətimizin başçısı Zərdab Mərkəzi Rayon Xəstəxanasının açılışı mərasimində bu məsələnin dövlət üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib: “Ölkəmizin hərtərəfli inkişafı davam edir. Son illərlə müqayisədə 2016-cı il ölkə iqtisadiyyatı üçün obyektiv səbəblər üzündən ən ağır il olmuşdur.
Buna baxmayaraq, biz çox ciddi tədbirlər görərək dünya böhranının mənfi fəsadlarını azaltmağa çalışmışıq və buna nail ola bilmişik. Biz ili yaxşı göstəricilərlə başa vururuq. Qeyri-neft sənayesinin, kənd təsərrüfatının artımı, əlbəttə ki, görülmüş işlərin nəticəsidir. Biz valyuta ehtiyatlarımızı qoruya bilmişik. Bu da çox vacib məsələdir. Çünki neftlə zəngin olan ölkələrin əksəriyyətində valyuta ehtiyatları tükənir, ya da azalır. Biz isə qoruyuruq, çünki bu, dövlətimiz, xalqımız üçün lazımdır. Bu, bizə əminlik və imkan verir ki, gələcəyə nikbinliklə baxaq.
Sosial məsələlərin həlli bundan sonra da prioritet olacaq. Neftin qiymətinin 3-4 dəfə düşməsinə baxmayaraq, ehtiyac meyarı artırılacaq, digər sosial proqramlar gələn il də artıqlaması ilə icra ediləcək.
Bizim atdığımız bütün addımlar sosial xarakter daşıyır və sosial ədaləti tərənnüm edir. Çünki yaxşı yaşayan dövlətə daha çox töhfə verməlidir, daha çox vergi ödəməlidir, daha çox kommunal xərcləri olmalıdır. Ancaq aztəminatlı təbəqə, orta təbəqə dövlət tərəfindən qorunmalıdır və qorunur. Bu, sosial ədalət prinsipidir. Biz bu yolla gedirik. Biz bazar iqtisadiyyatı prinsipi əsasında yaşayırıq, eyni zamanda, vətəndaşların sosial təminatı da daim diqqət mərkəzindədir. Beləliklə, biz həm sosial məsələlərin həlli, həm də iqtisadi inkişaf ilə bağlı siyasətimizi gələn illərdə də davam etdirəcəyik”.
Bəli, cənab İlham Əliyevin insan amilinə, sosial ədalət prinsipinə ciddi əhəmiyyət verməsi göz önündədir. Möhtərəm dövlət başçımızın təbii qaz və elektrik enerjisi tariflərinə yenidən baxılması ilə bağlı müvafiq tapşırıq verməsi də sadə vətəndaşların durumuna həssaslıqla yanaşmasının, onların sosial şəraitinin yaxşılaşdırılmasını daxili siyasətində prioritet istiqamət kimi qəbul etməsinin bariz ifadəsidir.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.