Qaz və elektrik enerjisinə görə güzəştli limitlərin artırılması Prezidentin aztəminatlı əhaliyə qayğısını göstərir

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Tarif Şurasının tarifi dəyişməyən təbii qaz üçün illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrə, aylıq elektrik enerjisinin istehlak həcminin isə 250 kilovat-saatdan 300 kilovat-saata qaldırması vətəndaşlar tərəfindən rəğbətlə qarşılanıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Vəkil Hüseynov söhbət zamanı qeyd etdi ki, ölkə Prezidenti cənab İlham Əliyev əhalinin aşağı təbəqəsinin sosial müdafiəsini gücləndirmək üçün daim lazımi tövsiyələr verir. Dövlət başçısının tapşırığı ilə təbii qaz və elektrik enerjisindən istifadəyə görə güzəştli limitlərin artırılması da vətəndaşlara bir dəstəkdir. Bununla dövlət başçısı hər zaman xalqın yanında olduğunu, xalqın maraqlarını hər şeydən üstün tutduğunu bir daha nümayiş etdirdi.

Vəkil Hüseynov  daha sonra dedi ki, möhtərəm İlham Əliyevin bu addımı  əhalinin xərclərinin qorunması məqsədi daşıyır. Bu, eyni zamanda, bir daha onu göstərir ki, ölkə rəhbəri cəmiyyətdə baş verən proseslərə və Azərbaycan vətəndaşlarının rəyinə daim həssaslıqla yanaşır. Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət vətəndaşların maraqlarına, rahatlığına, sosial rifahının və həyat şəraitinin yaxşılaşdırılmasına hesablanıb. Bu, həmçinin dövlət başçısı ilə vətəndaşlar arasında sıx birliyin, qarşılıqlı hörmət və etimadın bariz ifadəsidir.  

Müsahibimin bildirdiyinə görə, əvvəlki qərar əsasında elektrik üzrə 72 faiz abonentə tarif dəyişikliyi təsir etməyəcəkdisə, artıq bu yeni qərardan sonra həmin abonentlərin sayı 80 faizə, təbii qaz üzrə isə həmin göstərici 62 faizdən 75 faizə yüksəlib. Başqa sözlə, tarif dəyişikliyi elektrik enerjisi üzrə hər 5 abonentdən 4-nə, təbii qaz üzrə isə hər 4 abonentdən 3-nə təsir göstərməyəcək.

Müharibə və əmək veteranı Qabil İsgəndərov da ölkə Prezidentinin bu humanist addımını yüksək qiymətləndirdi, sözügedən qərarın xüsusilə aztəminatlı ailələrin maddi vəziyyətinə müsbət təsir göstərəcəyini qeyd etdi.   Q. İsgəndərov minnətdarlığını diqqətə çatdıraraq vurğuladı ki, Prezident İlham Əliyevin bu tapşırığı ölkə veteranlarına, eləcə də aztəminatlı ailələrə, onların sosial problemlərinin həllinə daim diqqət və qayğı ilə yanaşmasının daha bir təzahürüdür. Dövlətimizin başçısı güzəşt limitini artırmaqla bağlı tapşırıq verərkən ilk növbədə əhalinin aztəminatlı təbəqəsinin, İkinci Dünya müharibəsi iştirakçılarının maddi vəziyyətini nəzərə alıb.

Qəbul olunan qərarı şərh edən iqtisadçı Vüqar Bayramov isə bildirdi ki, ümumiyyətlə, limitlərin artırılması bütün hallarda müsbətdir, cəmiyyətdə razılıqla qarşılanır, dövlət başçısı cənab İlham Əliyevə olan rəğbəti daha da artırır.

Ekspert onu da xatırlatdı ki, nəticə etibarı ilə limitlərin artırılması bir tərəfdən əvvəlki qiymətlərlə istifadə edilən  elektrik enerjisi və təbii qazın həcminin artmasına xidmət göstərir. Sözsüz ki, vətəndaşlar köhnə qiymətlərlə əvvəlki tariflərə nisbətən müqayisəli olaraq daha çox elektrik enerjisi və qazdan istifadə edə bilirlər. Eyni zamanda, limitin artırılması ondan istifadə edənlərin dairəsini də genişləndirir. Çünki  limitlərin artırılması kvotanın artırılması deməkdir. Başqa sözlə, limit nə qədər artırsa, bu da nəticə etibarı ilə imkan verir ki, daha çox ailəli insanlar bu limitlərdən istifadə edə bilsinlər.

V. Bayramov, eyni zamanda, onu da diqqətə çatdırdı ki,   tətbiq olunan diferensial sistemin təkmilləşdirilməsinə ehtiyac var: “Güman edirəm ki, limitlərin artırılması həmin diferensial sistemin təkmilləşdirilməsi baxımından ilkin addım kimi qiymətləndirilməlidir. Xüsusən, inkişaf etmiş ölkələrdə olduğu kimi, həm gecə-gündüz, həm şəhər-kənd, həm də pik saatlarda fərqli tariflərin tətbiq edilməsi məqsədəuyğundur. Eyni zamanda, ölkənin iqtisadi inkişaf prioritetlərinə uyğun olaraq, xüsusən də sənaye sektorunda diferensial sistemin tətbiq edilməsinə və təkmilləşdirilməsinə ehtiyac var ki, bununla da  prioritet sektorların dəstəklənməsini həyata keçirmək mümkündür”.    

Təbii qaz və elektrik enerjisindən istifadəyə görə güzəştli limitlərin artırılması əhalinin sosial baxımdan həssas və aztəminatlı təbəqəsinə kömək edəcək. Bu qərar, eyni zamanda, bir daha ölkə rəhbərinin aztəminatlı əhaliyə qayğısını nümayiş etdirir.

Ekspert  söhbətinin sonunda qeyd etdi ki, əsasən soyuq aylarda ölkə əhalisinin müəyyən hissəsinin qızdırıcı vasitə kimi məhz təbii qazdan, eləcə də elektrik enerjisindən istifadə etməsi bu kateqoriyadan olan insanların sosial vəziyyətinə təsirsiz ötüşmür. Ona görə də, fikrimcə, limitlərinin artırılmasında bu amil mühüm rol oynadı. Təbii ki, bu məsələdə insanların real gəlirləri, qənaət rejiminin diqqətdə saxlanılması və hökumətin 2017-ci il və sonrakı dövr üçün  həyata keçirəcəyi iqtisadi islahatlar da əsas götürüldü.

Yeri gəlmişkən, burada diqqəti bir məqama da yönəltmək istərdik. Dekabrda yeni tariflə edilmiş ödənişlər Tarif (qiymət) Şurasının qəbul etdiyi limitə uyğun tənzimlənəcək. Bununla bağlı  “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Tarif (qiymət) Şurasının son qərarını şərh edərək bildirdi ki, dekabr ayında 250 kilovat-saatı keçdiklərinə görə istifadə etdikləri hər kilovat-saata 11 qəpik ödəyənlərin hesabını qurumda istifadə olunan sistem avtomatik tənzimləyəcək və 300 kilovat-saata qədər olan hissəni 7 qəpikdən hesablayacaq. Yalnız 300 kilovat-saatı keçəndən sonra 11 qəpik tarifi tətbiq ediləcək. Abonentin ödəmiş olduğu qalan vəsait növbəti günlərdə istifadə etdiyi elektrik enerjisinə uyğun hesablanacaq.

Sonda xatırladaq ki, təbii qazın qiymətində sonuncu dəfə 3 il bundan əvvəl – 2013-cü ildə dəyişiklik edilmişdi. Həmin vaxtdan indiyədək qazın pərakəndə satışı 1000 kubmetr üçün 100 manat müəyyən olunmuşdu ki, bu da 1 kubmetrə 10 qəpik demək idi. Elektrik enerjisinin qiymətinə isə sonuncu dəfə bu ilin yayında baxılmışdı. Belə ki, 2016-cı il iyulun 14-də Tarif Şurasının iclasında “Azərişıq” ilə “Azərenerji” ASC-lərin müraciətləri əsasında elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edilmişdi ki, həmin qərara əsasən, 1 kilovat/saat elektrik enerjisinin topdansatış qiyməti 4,3 qəpik, pərakəndə satışı isə 7 qəpik müəyyənləşdirilmişdi. Buna qədər isə elektrik enerjisinin pərakəndə satış qiyməti düz 10 il qabaq - 2007-ci ilin yanvarından 6 qəpik təyin edilmişdi.

Etiraf edək ki, aradan keçən bu müddət ərzində ölkədə elə bir sahə olmayıb ki, qiymət artımı baş verməsin.  Biz manatın dollar qarşısında 2 dəfə devalvasiyaya uğradığını, ölkənin istehlak bazarında son qiymət artımlarını nəzərə alsaq, görərik ki, belə vəziyyət əhalinin real gəlirlərinə  mənfi təsir göstərib. Şübhəsiz ki, bu cür şəraitdə qazın tarifinin təqribən  2 dəfə, işığın isə 1,6 dəfə artırılması əhalinin aztəminatlı təbəqəsi üçün arzuolunan hal deyil. Odur ki, Tarif Şurası qiymət artımlarına diferensiallaşdırılmış şəkildə yanaşmağa məcbur olmuşdu. Bu isə ölkəmizdə neçə illər ərzində həyata keçirilən ümumi qiymət siyasətində ilk belə haldır. Yəni, indiyədək heç bir sahədə və istiqamətdə qiymətlərdə diferensiallaşdırma tətbiq olunmamışdı. Ancaq etiraf edək ki, limit aşağı idi. Ona görə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi və güzəştin şamil edildiyi əhali istehlakçılarının əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə Tarif (qiymət) Şurasının iclasında əhali üçün tarifi dəyişməyən təbii qaz üçün təsdiqlənmiş illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrə, aylıq elektrik enerjisinin istehlakının həcmi isə 250 kilovat-saatdan 300 kilovat-saata qaldırılıb. Bununla da son tarif tənzimlənməsindən sonra ödənişlərində artım olmayan əhali abonentlərinin sayı təbii qaz üzrə 62 faizdən 75 faizədək, elektrik enerjisi üzrə isə 72 faizdən 80 faizədək yüksəlmiş olur.

Söhbəti qələmə aldı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında