Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin xarici şirkətlərlə birgə işlənməsinə dair saziş – “Əsrin müqaviləsi” yeni mərhələyə qədəm qoyur.
Buna SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və BP-nin əməliyyatçısı olduğu ABƏŞ (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq-Günəşli (AÇG) yatağının gələcək işlənməsi üçün imzalanmış niyyət məktubu imkan yaradacaq. Xatırladaq ki, yatağın gələcək işlənməyə dair nəzərdə tutulmuş razılaşmanın prinsiplərinə əsasən, “Azəri-Çıraq-Günəşli” layihəsinə irihəcmli sərmayələrə yol açılacaq, gələcək illərdə çoxsaylı iş yerləri yaradılacaq. “Azəri-Çıraq-Günəşli” layihəsinin tərəfdaşlığı üzrə işləri BP şirkəti idarə edəcək. SOCAR və bp-nin mətbuata yaydıqları birgə məlumata əsasən, bu razılaşma “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun 2050-ci ilədək işlənməsini və əsrin ortalarınadək əhəmiyyətli həcmdə ehtiyatların işlənməsi potensialını əhatə edəcək. Xatırladaq ki, hazırda “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində gündəlik hasilatın həcmi təxminən 620 min barrel neft ekvivalenti səviyyəsindədir.
Niyyət məktubu 2016-cı il dekabr ayının 23-də Bakıda Azərbaycan Respublikası adından SOCAR-ın prezidenti Rövnəq Abdullayev və ABƏŞ tərəfdaşlığı adından BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell tərəfindən imzalanıb. Niyyət məktubu AÇG yatağının gələcək işlənməsi üçün əsas kommersiya şərtlərini razılaşdırır və tərəflərə növbəti bir neçə ay ərzində danışıqları başa çatdırmaq və tam razılaşdırılmış sazişləri yekunlaşdırmaq imkanı yaradır.
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yatağının 2050-ci ilədək gələcək işlənməsinə dair razılaşma prinsiplərinin imzalanması mərasimini giriş sözü ilə açan SOCAR-ın prezidenti Rövnəq Abdullayev tərəfdaşları salamlayaraq AÇG-nin gələcək işlənməsinə dair ABƏŞ səhmdarları ilə aparılan danışıqların müsbət nəticə verdiyini bildirib. AÇG layihəsinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin gərgin siyasi səyləri nəticəsində ərsəyə gəldiyini və ötən 22 il ərzində “Əsrin müqaviləsi” çərçivəsində böyük uğurlar qazanıldığını söyləyən SOCAR prezidenti Azərbaycanın enerji strategiyasının həyata keçirilməsində bu layihənin müstəsna əhəmiyyətini qeyd edib. Layihənin uğurlarında əməliyyatçı şirkət BP başda olmaqla xarici tərəfdaşların rolunu yüksək qiymətləndirən R. Abdullayev Azərbaycan hökumətinin bu layihəyə böyük önəm verdiyini və xarici sərmayədarlarla imzalanmış sazişlərin bütün müddəalarına indiyə qədər tam əməl olunduğunu vurğulayıb.
BP-nin baş icraçı direktoru Bob Dadli deyib: “Bu gün Azərbaycan, SOCAR və ABƏŞ üçün əlamətdar bir gündür. Bununla da uğurlu tərəfdaşlığın əsrin ortasınadək davamı üçün möhtəşəm imkanlar açılır. Biz 1994-cü ildə bu ölkənin enerji tarixinin yeni mərhələsində “Azəri-Çıraq-Günəşli” nin işlənməsinə başlamışıq. BP bu uzunmüddətli tərəfdaşlığın bir hissəsi olmaqdan qürur duyur və qarşıdan gələn çox-çox onilliklər ərzində onu davam etdirəcəyinə böyük ümidlərlə baxır.”
“Azəri-Çıraq-Günəşli” yatağının operatoru olaraq bu dünya səviyyəli yatağın təhlükəsiz və səmərəli işlənməsini bundan sonra da davam etdirmək imkanından məmnun olduqlarını vurğulayan BP-nin regional prezidenti Qordon Birrell isə öz növbəsində qeyd edib ki, bugünkü imzalanma həm konsorsium iştirakçılarına AÇG-nin gələcək uğurlu işlənməsinin və həm də Azərbaycanın enerji tarixinin yeni bir səhifəsinə yol açmağa imkan verir.
Yeri gəlmişkən, “Azəri-Çıraq-Günəşli” Bakıdan şərqdə təxminən 100 kilometrt məsafədə yerləşən nəhəng yataqdır. Xəzər dənizində istismarda olan ən böyük neft yatağı olan “Azəri-Çıraq-Günəşli” 432 kvadratkilometrdən çox ərazini əhatə edir. Bu yataq suyun 120-170 metr dərinliyində yerləşir. Burada məhsuldar layın dərinliyi 2000-3500 metr təşkil edir. “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi üçün mövcud hasilatın pay bölgüsü haqqında saziş 1994-cü ilin sentyabr ayında 30 illik müddətə imzalanıb. Yataqdan neft hasilatı 1997-ci ilin noyabr ayında başlanıb. Bu vaxtadək yataqdan 3 milyard bareldən çox neft hasil edilib və təxminən 33 milyard dollar sərmayə qoyulub.
Müqavilə sahəsində altı hasilat platforması mövcuddur və onlar boru kəmərləri vasitəsilə Bakı yaxınlığında yerləşən dünya səviyyəli Səngəçal terminal ilə birləşdirilib. “Azəri-Çıraq-Günəşli” yatağından hasil edilən neft həmin terminaldan əsasən Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəməri və Supsayadək uzanan Qərb ixrac boru kəməri vasitəsilə dünya bazarlarına ixrac edilir. Məlumat üçün bildiririk ki, ABƏŞ səhmdarları “BP”, “Chevron”, “İNPEX”, “Statoil”, “ExxonMobil”, “TPAO”, “İTOCHU” və “ONGC Videsh” şirkətləridir.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.