Azərbaycan Respublikası Tarif (qiymət) Şurası Katibliyinin yaydığı məlumatda bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, dekabrın 22-də Tarif (qiymət) Şurasının növbədənkənar iclası keçirilib. İclasda əhali üzrə tarifi dəyişməyən təbii qaz üçün təsdiqlənən illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrə, aylıq elektrik enerjisinin istehlakının həcmi isə 250 kilovat-saatdan 300 kilovat-saata qaldırılıb.
Bu, bir daha göstərir ki, dövlətimizin başçısı əhalinin sosial müdafiəsini daim diqqətdə saxlayır, bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirir. Cari il dekabr ayının 2-də Azərbaycan Prezidenti İlham Əliyev Zərdab Mərkəzi Rayon Xəstəxanasının açılışı mərasimində bu məsələnin dövlət üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib: “Ölkəmizin hərtərəfli inkişafı davam edir. Son illərlə müqayisədə 2016-cı il ölkə iqtisadiyyatı üçün obyektiv səbəblər üzündən ən ağır il olmuşdur. Buna baxmayaraq, biz çox ciddi tədbirlər görərək dünya böhranının mənfi fəsadlarını azaltmağa çalışmışıq və buna nail ola bilmişik. Biz ili yaxşı göstəricilərlə başa vururuq. Qeyri-neft sənayesinin, kənd təsərrüfatının artımı, əlbəttə ki, görülmüş işlərin nəticəsidir. Biz valyuta ehtiyatlarımızı qoruya bilmişik. Bu da çox vacib məsələdir. Çünki neftlə zəngin olan ölkələrin əksəriyyətində valyuta ehtiyatları tükənir, ya da azalır. Biz isə qoruyuruq, çünki bu, dövlətimiz, xalqımız üçün lazımdır. Bu, bizə əminlik və imkan verir ki, gələcəyə nikbinliklə baxaq.
Sosial məsələlərin həlli bundan sonra da prioritet olacaq. Neftin qiymətinin 3-4 dəfə düşməsinə baxmayaraq, ehtiyac meyarı artırılacaq, digər sosial proqramlar gələn il də artıqlaması ilə icra ediləcək.
Bizim atdığımız bütün addımlar sosial xarakter daşıyır və sosial ədaləti tərənnüm edir. Çünki yaxşı yaşayan dövlətə daha çox töhfə verməlidir, daha çox vergi ödəməlidir, daha çox kommunal xərcləri olmalıdır. Ancaq aztəminatlı təbəqə, orta təbəqə dövlət tərəfindən qorunmalıdır və qorunur. Bu, sosial ədalət prinsipidir. Biz bu yolla gedirik. Biz bazar iqtisadiyyatı prinsipi əsasında yaşayırıq, eyni zamanda, vətəndaşların sosial təminatı da daim diqqət mərkəzindədir. Beləliklə, biz həm sosial məsələlərin həlli, həm də iqtisadi inkişaf ilə bağlı siyasətimizi gələn illərdə də davam etdirəcəyik”.
Xatırladaq ki, Tarif (qiymət) Şurasının 2016-cı il noyabr ayının 28-də keçirilən iclasında təbii qaz və elektrik enerjisi tariflərinə baxılaraq, eyni zamanda, ölkədə aparılan sosialyönümlü siyasət nəzərə alınaraq əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə diferensial tariflərin tətbiqi barədə qərar verilmişdi. Tarif Şurasının qərarına əsasən, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün 10 qəpik, aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün elektrik enerjisinin qiyməti isə bir kilovat-saat üçün 7 qəpik səviyyəsində saxlanılmışdı.
O vaxt Tarif Şurasının diferensial tariflərin tətbiqi barədə qərarı təsadüfi deyildi. Belə ki, Neft Şirkətinin adı çəkilən şuraya müraciətində bildirilirdi ki, son illərdə şirkət tərəfindən paylayıcı şəbəkələrin genişləndirilməsi, təbii qaz təchizatının davamlılığının təmin olunması üçün böyük həcmdə investisiya qoyulub və xidmətin keyfiyyəti artırılıb.
Müraciətdə, həmçinin qeyd edilirdi ki, ölkəmizdə satılan təbii qazın müəyyən hissəsinin hasilatın pay bölgüsü sazişlərinə əsasən, əməliyyat şirkətlərindən ABŞ dolları ilə alınması, habelə təbii qazın maya dəyərinin ölkədaxili tənzimlənən qiymətlərindən yüksək olması zərərin yaranmasına təsir göstərir. Buna görə də təbii qaz təchizatında dayanıqlığın və keyfiyyətli xidmətin davamlılığının, istehsal və paylayıcı şəbəkə üzrə mövcud maliyyə çatışmazlığının azaldılması, eyni zamanda, perspektiv inkişafın təmin olunması məqsədilə Neft Şirkəti Tarif Şurasına müraciətində bütün istehlakçılar üçün təbii qaz tarifinin min kubmetr üçün 180 manata qaldırılması zərurətini vurğulamışdı.
“Azərenerji” və “Azərişıq” açıq səhmdar cəmiyyətlərinin müraciətlərində isə istehsal güclərinin artırılması, elektrik stansiyalarının normal istismar vəziyyətində saxlanılması, elektrik enerjisinə tələbatın ödənilməsi, paylayıcı şəbəkələrin genişləndirilməsi, itkilərin azaldılması və enerji təchizatının davamlılığının təmin edilməsi üçün elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifinin təbii qaz üzrə tarif artımı nəzərə alınmadan 1,6 qəpik, pərakəndə satış üzrə marjanın 2,8 qəpik artırılması zəruriliyi göstərilirdi.
Yeri gəlmişkən, Azərbaycanda aparılan sosialyönümlü siyasət nəzərə alınmaqla və əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə yeni tarif tənzimlənməsində də sosial siyasət əsas götürülmüşdü, diferensial tarif yanaşması və optimal qiymətlərin tətbiqi məqsədəuyğun hesab olunmuşdu. Belə ki, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılmış, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilmişdi.
Dövlət Neft Şirkətinin məlumatında əhali abonentlərinin 62 faizinin illik istehlak həcminin 1500 kubmetrdən aşağı olması və diferensial tariflərin tətbiqi nəticəsində həmin abonentlərin, o cümlədən bu kateqoriyaya aid olan aztəminatlı ailələrin təbii qaz üzrə ödənişlərində artım olmayacağı vurğulanmışdı. “Azərişıq” ASC-nin məlumatında isə əhali abonentlərinin 72 faizinin aylıq istehlak həcminin 250 kilovat-saatdan az olması göstərilirdi və bildirilirdi ki, belə halda bunun aztəminatlı ailələrə təsiri olmayacaq. Eyni zamanda, istehlak həcminə görə diferensiallaşdırma və optimallaşdırma prinsiplərinin tətbiqi istehlak səbəti üzrə bir ailənin təbii qaz və elektrik enerjisi üzrə xərclərinin sabit qalması ilə yanaşı, israfçılıq hallarının aradan qaldırılmasına stimul verəcək.
Yeri gəlmişkən, ekspertlərin sözlərinə görə, Azərbaycandakı yeni tariflər əksər region ölkələrindəki tariflərdən əhəmiyyətli dərəcədə aşağıdır. Belə ki, Türkiyədə 1 kilovat elektrik enerjisinin qiyməti 10-32 qəpik arasında, Gürcüstanda təxminin 9-14 qəpik, Qazaxıstanda yuxarı həddə tarif 9 qəpik, ortalama tarif isə 7,2 qəpik səviyyəsindədir. İşğalçı Ermənistanda isə elektrik enerjisinin qiyməti son 3 ildə 100-150 faiz artıb. 2015-ci ilin statistikasına görə, elektrik enerjisinin tarifləri Ukraynada 48 faiz, Moldovada 34 faiz, Latviyada 20 faiz, Belarusda 16 faiz, Bolqarıstanda 13 faiz, Böyük Britaniyada 11 faiz, Rusiya və Qazaxıstanda 8 faiz yüksəlib. Sosial ölkə sayılan Danimarkada istehlakçılar 1 kilovat elektrik enerjisinə görə 52 qəpik, İsveçdə isə 32 qəpik ödəyirlər. Böyük neft istehsalçısı olan Norveçdə 1 kilovat elektrik enerjisinin qiyməti 2015-ci ildə 27 qəpik təşkil edib.
Ekspertlərin fikrincə, “Tarif (qiymət) Şurasının elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi ilə bağlı qərarını sosial ədalət prinsipi baxımından yüksək dəyərləndirmək lazımdır. Çünki burada Tarif (qiymət) Şurası sözügedən qərarı qəbul edərkən ölkədə insan amilinə verilən dəyəri nəzərə alaraq, daha böyük qiymət artımına getməyib. Qaz və elektrik enerjisi tarifləri müəyyənləşdirilərkən aztəminatlı ailələrin sosial müdafiəsi prinsipi qorunub.
Beləliklə, Azərbaycan Prezidentinin tapşırığına əsasən, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi və güzəştin şamil edildiyi əhali istehlakçılarının əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə Tarif (qiymət) Şurasının iclasında yazının əvvəlində xatırlatdığımız kimi, əhali üzrə təbii qaz üçün təsdiqlənmiş illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrə, aylıq elektrik enerjisinin istehlakının həcmi isə 250 kilovat-saatdan 300 kilovat-saata qaldırılıb. Bununla da, son tarif tənzimlənməsindən sonra ödənişlərində artım olmayan əhali abonentlərinin sayı təbii qaz üzrə 62 faizdən 75 faizədək, elektrik enerjisi üzrə isə 72 faizdən 80 faizədək yüksəlmiş olur.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.