Milli iqtisadiyyatın Strateji Yol Xəritəsi sənayenin inkişafında mühüm rol oynayacaq

Ölkə Prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə Azərbaycanda ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi təsdiq edilmişdir. Adıçəkilən xəritə ağır sənaye və maşınqayırmada müşahidə edilən proseslərə çevik adaptasiya və postneft iqtisadi inkişaf modelinin dəstəklənməsi üçün bu sahənin qarşısında duran yeni çağırışlar və imkanlar nəzərə alınmaqla hazırlanmışdır. Bu zaman ağır sənaye və maşınqayırmanın  rəqabətqabiliyyətliliyi, innovativliyi və iqtisadi inkişafı dəstəkləməsi prinsipləri diqqət mərkəzində saxlanılmışdır.

Ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək strateji baxış və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışdan ibarətdir.

Adıçəkilən Strateji Yol Xəritəsində bildirilir ki, əsas müddəaları   ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən sosial-iqtisadi siyasətin həyata keçirilməsi nəticəsində ölkə iqtisadiyyatı son on ildə sürətlə inkişaf etmiş, iqtisadiyyatın diversifikasiyası neft amilindən asılılığı azaltmış, iqtisadi artımda qeyri-neft sektorunun payı yüksəlmişdir. 2008-ci ildən başlayaraq dünyada gedən iqtisadi proseslər yerli müəssisələrin rəqabət qabiliyyətini artırmaq, idxaldan asılılığı azaltmaq, ixracyönümlü qeyri-neft iqtisadiyyatının dinamik inkişafını və insan kapitalından səmərəli istifadəni gerçəkləşdirmək istiqamətində islahatların daha da dərinləşdirilməsini zəruri etmişdir. Bununla əlaqədar, ölkə iqtisadiyyatının prioritet sektorlarının, beynəlxalq məsləhətçilər də cəlb olunmaqla, hərtərəfli təhlili nəticəsində sahəvi yanaşmanın tətbiqi və müvafiq sahələr üzrə spesifik təkliflərin hazırlanması üçün ardıcıl işlər görülmüşdür.

Bu dövrdə neft-qaz sektorundan əldə edilən gəlirlərin bir hissəsi sənayenin müxtəlif sahələrinin inkişafına yönəldilmiş, regionlarda sənaye strukturunun optimallaşdırılması üçün dövlət proqramları tərtib olunmuş, ümumi infrastrukturun yaxşılaşdırılması, yeni istehsal obyektlərinin açılması üçün çoxsaylı layihələr icra edilmişdir. Sənayenin inkişafında ölkədə yaradılan əlverişli biznes mühitinin, həmçinin sahibkarlığın tənzimlənməsi sahəsində mühüm qərarların böyük rolu olmuşdur.

Ötən illər ərzində sənaye strukturunda tədricən optimallaşdırma prosesləri getmiş, mədənçıxarma sektorunun payı azalmış, emal sektorunun payı isə artmışdır. 2015-ci ildə əsas kapitala yönəldilmiş vəsait 16 milyard manata çatmış, onun 53 faizi sənayeyə yatırılmışdır. 

Azərbaycan iqtisadiyyatı bu gün dünyadakı böhranlı vəziyyətə baxmayaraq, inkişaf edir, hətta şaxələnir. Xüsusilə, qeyd etmək lazımdır ki, qlobal maliyyə böhranından asılı olmayaraq, ölkəmizdə qeyri-neft sektoru 3,6 faiz artıb. Bu da o deməkdir ki, Azərbaycan neftdən asılılığını azaldır, eyni zamanda, ixrac potensiallı məhsulların istehsalını genişləndirir. Artıq Azərbaycanda dünya bazarlarında rəqabətə girəcək müxtəlif məhsullar ictimaiyyətə təqdim edilir. Həmin məhsulların istehsalçıları sırasında Sumqayıt Texnologiyalar Parkı (STP) mühüm yer tutur. 

Hazırda regionda nadir layihə olan STP respublikamızın həm daxili, həm də xarici bazarının tələbatını tam ödəmək qabiliyyətinə qadirdir. Texnoparkın məhz Sumqayıtda tikilməsi Azərbaycanın iqtisadi cəhətdən inkişafına əhəmiyyətli dərəcədə təkan verməklə yanaşı, vaxtilə Qafqazda sənaye mərkəzi kimi yaradılan bu şəhərin tarixi ənənələrinin bərpası deməkdir. STP nəinki istehsal sahələri və elektroenergetikanın digər sektorları üçün materiallar və mühüm avadanlıqlar buraxan sənaye mərkəzidir, eyni zamanda, yüksək texnologiyaların, innovasiyalı mühəndisliyin geniş profili və ekoloji mərkəzidir.

Xatırladaq ki, STP 2009-cu ilin dekabrın 22-də dövlət başçısı cənab İlham Əliyev tərəfindən istismara verilmişdir. Bu gün həmin tarixdən artıq 7 il keçir. Ötən dövr ərzində istehsal gücünü daha da artıran texnoparkın 250 hektar ərazisində hazırda 17 zavod, 25 artıq istehsal sahəsi fəaliyyət göstərir. Bu müəssisələrin işə salınması istehlakçıların tələbatına uyğun yüksək keyfiyyətli müxtəlif tikinti materialları istehsalına da imkan yaratmışdır. Müasir texnologiyaların tətbiqi tikinti sənayesində maya dəyərinin aşağı düşməsinə, yüksək keyfiyyətə və idxalın əvəz edilməsinə müsbət təsir göstərmişdir. Ancaq bu, hələ son deyil. Layihə üzrə sənaye tikililəri sahəsində yeni zavodların tikintisi davam edir, yeni istehsal sahələri istifadəyə verilir.

Texnoparkda tikintiyə 2006-cı ildən başlanılıb və hazırda işlər bir neçə istiqamətdə aparılır. Bunlar sırasında inşası davam edən cərəyan, gərginlik, ölçü, quru və yağ tipli transformatorların istehsal olunacağı Transformator zavodunu qeyd edə bilərik. Burada gərginliyi 500 kV, gücü isə 400 MV-yə qədər olan transformatorların istehsalı həyata keçiriləcəkdir. Həmçinin Sumqayıt Elektrik Stansiyasının yanında yerləşən STP 1-in ərazisində daha iki zavod qurulur. Gələcəkdə həmin müəssisələrdə aliminium və plastik pəncərə profillərindən qapı və pəncərələr  istehsal ediləcək. Bundan başqa, texnoparkda buraxılan məhsulların sərgisi və satışını reallaşdırmaq üçün təqdimat binası da inşa olunur.

STP-nin bütün zavodları Avropada istehsal olunan ən yeni texnoloji avadanlıqlarla təchiz edilib. İstehsal prosesində işlədilən xammallar da beynəlxalq standartlara tam cavab verir.

İstehsalatla yanaşı, sözügedən texnologiyalar parkı beynəlxalq əlaqələrə də mühüm önəm verir. Müəssisə fəaliyyətə başlayandan indiyədək 100 nəfərdən çox əməkdaşın İngiltərə, Almaniya, Finlandiya, Avstriya, Türkiyə, Yaponiya və digər ölkələrdə təcrübə qazanmasına, ixtisasını artırmasına imkan yaradılmışdır. Texnologiyalar parkı daxili bazarla yanaşı, xaricdə də  məhsullarını uğurla nümayiş etdirir. Bu cür iqtisadi əlaqələri qurmaq üçün Rusiya, Ukranya, Gürcüstan və  Türkiyədə rəsmi nümayəndəliklər fəaliyyət göstərir.

Onu da deyək ki, Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi  bu və ya digər  texnologiya parklarının inkişafını sürətləndirəcək.

Göründüyü kimi, adıçəkilən Strateji Yol Xəritəsinin başlıca məqsədi ağır sənaye və maşınqayırma sahəsində əlavə dəyərin və məşğulluğun artırılmasına, ətraf mühitin qorunmasına və nəticədə dayanıqlı iqtisadi inkişafa nail olmaqdan, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasını təmin etməkdən ibarətdir. Bu məqsədə çatmaq üçün milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri rəhbər tutulmaqla, 2016–2020-ci illər ərzində Azərbaycanda ağır sənaye və maşınqayırma sahəsində   mövcud müəssisələrin optimallaşdırılması, rəqabətədavamlı sektorun yaradılması, maliyyə dəstəyinin təmin edilməsi və beynəlxalq əməkdaşlığın həyata keçirilməsi kimi strateji hədəflər müəyyənləşdirilmişdir. 

Strateji Yol Xəritəsində mövcud müəssisələrin optimallaşdırılması hədəfi çərçivəsində ağır sənaye və maşınqayırma sahəsində məhsuldarlığın və səmərəliliyin artırılması, enerji istehlakında optimal səmərəliliyin təmin edilməsi, mövcud potensialın mərkəzləşdirilmiş reyestrinin yaradılması üzrə tədbirlər nəzərdə tutulur. Rəqabətədavamlı sektorun yaradılması hədəfi regional təlabat baxımından dəyər zəncirlərində iştirakın təmin olunması, idxalın əvəzlənməsi fəaliyyətinin dəstəklənməsi, dağ-mədən sənayesi və metallurgiya kompleksinin, habelə bu sahədə xidmət sektorunun inkişaf etdirilməsi fəaliyyətlərini əhatə edir.

Potensial rəqabət qabiliyyəti yüksək hesab edilən müəssisələr  üzrə texniki-iqtisadi və maliyyə əsaslandırmaları aparılaraq sektora və ümumi iqtisadiyyata təsirlər hesablanacaq, müəssisələrin yenidən işə salınması üçün özəlləşdirmə, borcların restrukturizasiyası, yenidən təşkilolunma, strateji investorun cəlb edilməsi, dövlət-özəl tərəfdaşlığı, xarici kapitalla birgə müəssisələrin yaradılması, təcrübəli beynəlxalq operatorun idarəetməsinə verilməsi və s. kimi müxtəlif vasitələrdən istifadə olunacaq.

Potensial rəqabət qabiliyyəti aşağı, tələb olunan investisiya həcmləri isə yüksək qiymətləndirilən müəssisələrin  təyinatının dəyişdirilməsi və sonrakı istifadəsinə, həmçinin aktivlərin təyinatının dəyişdirilməsi mexanizminin sadələşdirilməsi və daha çevik olması üçün mövcud qanunvericiliyin təkmilləşdirilməsinə dair müvafiq təkliflər hazırlanacaq.

Strateji yol xəritəsinin icrası nəticəsində sənayenin strukturu təkmilləşdiriləcək, qeyri-neft sənayesi iqtisadi artımın əsas hərəkətverici qüvvələrindən birinə çevriləcək, ağır sənaye və maşınqayırmanın sənayedə və məşğulluqda payı artacaq, ümumi iqtisadi potensial 2020-ci ildən sonrakı dövr üçün nəzərdə tutulmuş məqsədlərin reallaşdırılması üçün hazır vəziyyətə gətiriləcək, yəni mövcud resurslardan optimal istifadəyə, habelə müəssisələrdə səmərəli istehsal metodlarının tətbiqinə başlanacaq.

Müəssisələrin rəqabət qabiliyyətinə təsir edən amillər (məsələn, standartlar, texniki tənzimlənmə, kadr potensialı, innovasiyaların təşviqi, əqli mülkiyyət və s.) üzrə ciddi irəliləyiş əldə olunacaq, onlar ənənəvi məhsul bazarında yerli iri sifarişçilərin ehtiyaclarını qarşılayacaq. Yol xəritəsinin icrasının 2020-ci ildə real ÜDM-də 1 milyard 560 milyon manat artıma, sənayedə 7700 daimi yeni iş yerinin yaradılmasına səbəb olacağı proqnozlaşdırılır.

2025-ci ildən sonrakı dövr üçün hədəf baxış respublikamızın ağır sənaye və maşınqayırma müəssisələrinin qlobal dəyər zəncirinin tərkib hissəsinə çevrilərək yüksək dəyər məhsulları seqmentində məşhur brendlərin istehsalında iştirak etməsinə və Azərbaycandan qonşu ölkələrə texniki bilik, “nou-hau”, səmərəli istehsal və idarəetmə metodları ixracına nail olmaqdır.

Vaqif  BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında