Bu yaxınlarda xalqımız dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünü böyük təntənə ilə qeyd etdi. Yubiley şənliklərində XX əsrin fenomen şəxsiyyəti Heydər Əliyevin xalqı tarixən can atdığı müstəqillik idealına qovuşdurması, Azərbaycanın yeni dövlətçilik konsepsiyasını hazırlaması böyük qədirbilənliklə vurğulandı.
Adı tariximizə müstəqil dövlətimizin memarı və qurucusu kimi daxil olmuş Heydər Əliyevin layiqli davamçısı, onun yaratdığı milli inkişaf strategiyası əsasında ölkəmizi son 13 ildə dünyanın öndə gedən dövlətləri sırasına çıxarmağa nail olmuş Prezident İlham Əliyev keçilən çətin və şərəfli yola yığcam nəzər salaraq bildirdi ki, bu yolun ümumi məzmununu ulu öndərin Azərbaycanın demokratik inkişaf modelini müdrikliklə əsaslandırması, gələcək tərəqqinin mükəmməl strateji əsaslarını hazırlaması və bu nəzəri- siyasi konsepsiya əsasında müstəqil dövlət quruculuğunun həyata keçirilməsi müəyyən edir.
Müstəqilliyin bərpasından sonra sürətli inkişaf yolu keçən Azərbaycan iqtisadi sahədə keçid dövrünü başa vuraraq modernləşmə mərhələsinə çatmış, keyfiyyətcə yeni dövrdə cəmiyyətin normal inkişaf ahəngini təmin edən çoxşaxəli islahatları inamla gerçəkləşdirmişdir. Həyatın bütün sahələrində qazanılmış tarixi uğurlara əsrin dördəbirinin prizmasından nəzər salınması ümummilli liderin uzaqgörənliklə demiş olduğu “Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir” sözlərinin tarixi həqiqətə çevrilməsini qətiyyətlə təsdiq edir.
Ulu öndərin canından çox sevdiyi Azərbaycanı sabitlik və inkişaf yoluna çıxarıb, əmin əllərə etibar etməsindən ötən 13 ildə dövlət başçısı İlham Əliyevin öyünclə vurğuladığı kimi, ölkəmiz iqtisadi sahədə analoqu olmayan inkişaf dövrünü keçmişdir. İqtisadiyyat üç dəfə artmışdır. Sənaye istehsalı da üç dəfə çoxalmışdır. Yoxsulluğa son qoyulmuşdur. İşsizlik çox aşağı səviyyədədir. Azərbaycan regionlarının inkişafına start verilmişdir. Dövlət proqramlarının icra edilməsi nəticəsində bölgələrdə 1 milyon 300 mindən çox iş yeri yaradılmışdır. Rayonlarda həyat canlanmış, şəhərlərimiz abadlaşmış, müasir infrastruktur layihələri icra edilmişdir.
Azərbaycan elektrik enerjisini, qazı idxal edən ölkədən ixrac edən dövlətə çevrilmişdir. Sosial məsələlərinin həllinə çox böyük diqqət göstərilir. Maaşlar, pensiyalar son 13 il ərzində dəfələrlə artmışdır. Sosial infrastruktur layihələri icra edilir. Üç mindən çox məktəb, 600-dən çox tibb ocağı, bölgələrdə 40-dan çox İdman Olimpiya Mərkəzi tikilmişdir. Ölkə texnoloji inkişafa doğru gedir. Bu gün Azərbaycan kosmik klubun məhdud sayda üzvlərindən biridir. İki peykimiz var, üçüncü peyk də yaxın zamanlarda istifadəyə veriləcək.
Regional əməkdaşlıq məsələlərinin həllində Azərbaycan çox önəmli bir ölkəyə çevrilmişdir. Ölkəmizin təşəbbüsləri ilə icra edilən böyük enerji layihələri son illər daha geniş miqyas almış, qitələrarası layihələrə çevrilmişdir. Prezidentin dediyi kimi, “Cənub” qaz dəhlizi 2006-cı ildə və 2007-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin əsasında yaradılır. Əgər o kəmərlər yaradılmasaydı, “Cənub” qaz dəhlizi də yaradılmazdı. Bu gün dünyanın ən böyük enerji layihələrindən biri olan “Cənub” qaz dəhlizi uğurla icra edilir. Bu, bizə gələcəkdə çox böyük əlavə iqtisadi dividendlər gətirəcək. Biz zəngin qaz ehtiyatlarımızı etibarlı yollarla dünyanın ən böyük, bizim üçün ən yaxın bazarlarından biri olan Avropa bazarına çıxarırıq. “Cənub” qaz dəhlizi tarixi layihədir. Bu, bizim uğurlu gələcək inkişafımızı müəyyən edəcək.
Ölkə rəhbəri bildirmişdir ki, bütün bunlarla bərabər, iqtisadiyyatımızın digər sektorlarının inkişafı ilə bağlı çox ciddi addımlar atılır. Baxmayaraq ki, dünyada iqtisadi böhran davam edir, Azərbaycanda iqtisadi-sosial layihələr uğurla davam etdirilir: “Əminəm ki, yaxın illərdə qeyri-neft sektorunun inkişafı daha da sürətlə gedəcək. Bu gün iqtisadiyyatın, təxminən, 70 faizi qeyri-neft sektorunda formalaşır. İndi rəhbərlik ixracın şaxələndirilməsi ilə ciddi məşğuldur”.
Neftdən, qazdan asılılığı minimum səviyyəyə endirmək üçün zəruri işlər görülür. Azərbaycan bu gün dünyada həm də çox etibarlı tərəfdaş kimi tanınır: “ Biz bu gün “Şərq-Qərb” dəhlizinin yaradılmasında fəal rol oynayırıq. Bununla bərabər, biz “Şimal-Cənub” dəhlizini də yaradırıq. Bu da ölkəmizə əlavə on milyonlarla ton yük daşımaq imkanları verəcək.”
Dövlət başçısının dediklərindən göründüyü kimi, ölkədə sabitlik hökm sürür, inkişaf dinamikası güclənir. Azərbaycan son illər ərzində dünya miqyasında multikulturalizm mərkəzinə çevrilib. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, dünya forumları, sivilizasiyalararası, humanitar, mədəniyyətlərarası dialoq forumları bunu göstərir. Bu sürətli irəliləyişi tarixi uğur kimi dəyərləndirən Prezident İlham Əliyev ötən 25 illik yolu belə dəyərləndirdi: “Müstəqil, ləyaqətli siyasət aparırıq, öz gücümüzə, xalqın dəstəyinə güvənirik. Xalq da bizim siyasətimizə öz dəstəyini göstərir. Biz düzgün yoldayıq. Bu yol inkişaf yoludur, müstəqillik yoludur. Ötən 25 ilin 23 ili şanlı tarix illəridir. Bu gün Azərbaycan dünya miqyasında müasir, sürətlə inkişaf edən, gözəl, qonaqpərvər, ləyaqətli ölkə kimi tanınır”.
Ötən 25 ili böyük tarix kimi qiymətləndirən dövlət başçısı demişdir ki, biz artıq bütün dünyaya sübut etmişik ki, müstəqil həyat yaşaya bilərik, uğurla yaşaya bilərik. Gözəlləşən şəhərlərimiz, abadlaşan regionlarımız və dünyanın ən gözəl şəhərlərindən biri olan Bakı bunun əyani sübutudur: “Biz gələcəkdə bu yolla gedəcəyik, müstəqil siyasət aparacağıq. Xalqın iradəsi əsasında irəli gedəcəyik. Müstəqilliyimiz dönməzdir, əbədidir”.
Doğrudan da, ötən 13 ildə qeyri-neft sektorunun ümumi daxil məhsuldakı çəkisinin artırılması, regionların tarazlı və davamlı inkişafı, yerlərdə yeni istehsal müəssisələrinin açılması, işsizlik probleminin aradan qaldırılması, əhalinin sosial rifahının gücləndirilməsi naminə bir sıra mühüm addımlar atılmışdır. Respublikada inamla reallaşdırılan neft strategiyasının yeni dövrün tələbləri səviyyəsində davam etdirilməsi, Azərbaycanı regionda lokomotiv dövlətə çevirən beynəlxalq enerji layihələrinin ardıcıl surətdə həyata keçirilməsi, iqtisadiyyatın liberallaşdırılması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, ölkədə əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması kimi vacib məqamlar çağdaş iqtisadi siyasətin prioritet istiqamətləri sırasında xüsusi vurğulanmalıdır.
Azərbaycan Prezidenti
İlham Əliyevin fəaliyyətinin üstün cəhətlərindən biri də imzaladığı hər bir fərman və sərəncamın icrasını şəxsi nəzarətdə saxlaması, verdiyi tapşırıqlara xüsusi tələbkarlıqla yanaşmasıdır. Ölkə rəhbərinin regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramının icrasının gedişi, yeni iş yerlərinin açılması ilə əlaqədar qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi, ümumiyyətlə, regionlardakı vəziyyətlə tanışlıq məqsədilə 2004--2016-cı illərdə respublikanın bütün rayon və şəhərlərinə səfərlər etməsi bunu bir daha təsdiqləyir. Bu səfərlərin nəticəsi kimi bölgələrdə canlanma yaranmış, abadlıq, tikinti və quruculuq işləri geniş vüsət almış, infrastrukturun yeniləşməsi, rentabelli istehsal müəssələrinin, daimi iş yerlərinin açılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir.
Dövlət başçısı İlham Əliyevin son 13 ildə əldə etdiyi böyük siyasi nailiyyətlər onun siyasi liderlik üçün zəruri keyfiyyətlərə malik olduğunu bir daha təsdiqləyir. Reallığı düzgün qiymətləndirmək bacarığı, praqmatikliyi, işgüzarlığı, sadəliyi, səmimiliyi, təvazökarlığı, alicənablığı, insanlara təmənnasız münasibəti, xalqına, millətinə, Vətəninə sevgisi cənab İlham Əliyevə xalqın rəğbət hissini daha da artıran ən mühüm mənəvi keyfiyyətlərdir.
Müstəqil Azərbaycanın 2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında ciddi uğurlara imza atması, sürətli iqtisadi inkişaf tempi ilə dünyada lider mövqelərə çıxması da məhz dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış, təcrübədən uğurla çıxmış təkmil mexanizmlər əsasında həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Ümummilli liderin ciddi elmi təməllərə söykənən inkişaf strategiyasını inamla davam etdirən cənab İlham Əliyev qısa müddətdə Azərbaycanı Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, sabit və qüdrətli dövlətinə çevirmişdir.
İqtisadi inkişaf göstəricilərinə görə dünya miqyasında lider mövqelərə çıxan Azərbaycanda həyata keçirilən siyasət bütün çalarları ilə məhz insan amilinin yüksəlişinə xidmət etmiş, sosialyönümlü mahiyyət kəsb etmişdir. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi altında ölkədə işsizlik probleminin həlli, yeni sosial infrastruktur obyektlərinin – təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin qısa müddət ərzində tikilərək istifadəyə verilməsi, yeni yolların, su, qaz, elektrik, rabitə xətlərinin çəkilişi son nəticədə Azərbaycan insanının mədəni-intellektual səviyyəsinin yüksəlməsinə, mənəvi-əxlaqi dəyərlərin cəmiyyətdə əsas meyara çevrilməsi məqsədi daşıyır.
Azərbaycan rəhbəri sivil dünyanın qəbul etdiyi meyarlara cavab verən balanslı xarici siyasət yeritməklə respublikamızın Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən maksimum yararlanmağa, habelə beynəlxalq təşkilatlarda layiqli təmsilçiliyinə çalışmışdır. Bunun nəticəsidir ki, ərazisinə, iqtisadi və hərbi qüdrətinə rəğmən, bütün dövlətlərlə bərabərhüquqlu və faydalı əməkdaşlıq munasibətləri qurmuş ölkə rəhbərliyi Şərqlə Qərbin iqtisadi tərəfdaşlığını, mədəni dialoqunu möhkəmləndirən səmərəli təşəbbüslərlə çıxış etmiş, regionda sabitlik, sülhə və təhlükəsizliyə layiqli töhfəsini vermişdir.
Xarici siyasət məsələlərinə geniş yer ayıran, Azərbaycanın “hücum diplomatiyası”nı, qlobal təhdidlərə qarşı adekvat reaksiyasını təmin edən dövlət başçısı bu il respublikamızın diplomatik mövqeyini xeyli dərəcədə gücləndirmişdir. Milli mənafeləri önə çəkən bu qətiyyətli diplomatiya nəticəsində Azərbaycanın bölgədə, ümumən Avropa məkanında nüfuzunu artırmış, siyasi və iqtisadi mövqeyini möhkəmləndirmişdir. Xaricdə təhsil alan tələbə kimi onu da böyük qururla deyə bilərəm ki, dövlətimizin başçısı nəinki respublikamızda, ümumilikdə, Avropada qəbul olunan liderdir.
Beynəlxalq aləmdə yeni
tipli lider kimi qəbul edilən
İlham Əliyevin dünyanın bir sıra nüfuzlu universitetlərinin fəxri doktoru seçilməsi də məhz bu nüfuzun və fenomenal liderliyin əyani göstəricisidir. Bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, ötən il gərginləşən Rusiya–Türkiyə münasibətlərinin sivil məcrada tənzimlənməsində və yaxşılaşmasında Azərbaycan Prezidentinin siyasi təşəbbüsləri və rolu hər iki qonşu ölkədə yüksək dəyərləndirilir.
Dünyadakı qlobal böhran təbii olaraq Azərbaycan iqtisadiyyatına da müəyyən təsirlərini göstərsə də, ölkə əhalisi, xüsusilə də gənclər obyektiv reallıqları düzgün dəyərləndirir. Ən əsası, dövlətimizin başçısının qəbul etdiyi qərarlar hamıda bu vəziyyətin yaxın perspektivdə aradan qalxacağına böyük ümid yaradır.
Dövlət başçısı İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, ölkəmizin qazandığı möhtəşəm uğurlarda bütün ölkə vətəndaşları kimi, gənclərin də mühüm rolu, xidmətləri var. Hüquqi və demokratik dövlət quruculuğu prosesində yaxından iştirak etməyə çalışan müasir gənclik həm də respublikanın qazandığı uğurlarla fəxr edir, onları özünün gündəlik həyatında, məişətində hiss edir. Respublika gəncləri dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında ictimai həyatın bütün sahələri üzrə həyata keçirilən çoxşaxəli siyasəti ürəkdən dəstəkləyirlər.
Bu da təsadüfi deyildir ki, cənab İlham Əliyevin xalqın iradəsi ilə ölkə Prezidenti seçilməsindən sonra Azərbaycanda ulu öndərin möhkəm təməl üzərində əsasını qoyduğu gənclər siyasəti daha da mütəşəkkil və sistemli xarakter aldı.
Ölkə başçısı İlham Əliyev bu həssas məqamı diqqət mərkəzində saxlayaraq, dövlət idarəçiliyində həm müasir baxışlı, kreativ düşüncəli, enerjili və təşəbbüskar gəncliyə yer verilməsini, həm də orta və yaşlı nəslin zəngin təcrübəsindən səmərəli şəkildə bəhrələnməyi vacib saydı. Nəsillərin uğurlu dialoqunun və qarşılıqlı faydalı əməkdaşlığının təmin edilməsi dövlət idarəçiliyinə yeni ruh və müasirlik elementləri gətirdi. Ötən 13 ilin reallıqları təsdiqləyir ki, dövlət başçısı hər bir sözünün sahibidir və verdiyi hər bir vədi əməli işi ilə gerçəkləşdirir. Güclü dövləti müstəqil siyasətin əbədi təminatı hesab edən Prezident İlham Əliyev xalqımızın ən böyük milli sərvəti olan müstəqilliyin möhkəmləndirilməsi üçün əzmkarlıqla çalışır, ölkənin milli inkişaf strategiyasının gerçəkləşdirilməsini ardıcıl təmin edir.
Şahsultan HƏSƏNOV,
Rusiya Federasiyasının Prezidenti yanında |
İdarəçilik və Dövlət Qulluğu Akademiyasının magistri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.