“ASAN xidmət” mərkəzlərinin yaradılması üçün dövlət büdcəsindən böyük vəsait ayrılıb. Artıq 11 mərkəz yaradılıbdır. Bu mərkəzlər memarlıq əsərləridir. Biz bunu nə üçün edirik? Ona görə ki, insanlar rahat yaşasınlar, heç kim onların haqqını əllərindən almasın, heç kim onlara qarşı əsassız tələblər irəli sürməsin və onlar rahat yaşasınlar, daha da çox fəxr etsinlər ki, Azərbaycan vətəndaşlarıdır.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərində vətəndaşlara göstərdiyi xidmətləri ölkə əhalisi böyük məmnunluqla və dövlət rəhbərinə minnətdarlıq duyğuları ilə dəyərləndirir. Azərbaycanda dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində son illərdə əhəmiyyətli işlər görülmüş, müvafiq hüquqi baza formalaşdırılmışdır. Bir sıra dövlət orqanlarında korrupsiya hallarını aradan qaldıran və dövlət xidmətlərini vətəndaşlara yaxınlaşdıran elektron şəbəkə fəaliyyət göstərir. 2012-ci il iyulun 13-də Azərbaycan Prezidenti İlham Əliyevin Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tabeliyində olan “ASAN xidmət” mərkəzinin yaradılması ilə bağlı fərman imzalaması bu sahədə çox mühüm addım oldu. Agentliyin yaradılmasında məqsəd vətəndaşlara birbaşa xidmət göstərəcək “ASAN xidmət” mərkəzlərinin vahid şəkildə idarə edilməsi idi.
Həmin il dekabrın 29-da pilot layihə kimi Bakıda 1 saylı “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayanda, 9 dövlət orqanı tərəfindən 23 adda hüquqi xidmət həyata keçirilirdi. Az sonra ölkə başçısının imzaladığı digər fərmanla əcnəbi və vətəndaşlığı olmayan şəxslərə əmək fəaliyyətini həyata keçirmələri üçün fərdi icazələrin, daşınmaz əmlakla bağlı dövlət reyestrindən arayışların verilməsi də “ASAN xidmət”ə həvalə edildiyindən mərkəzdə dövlət orqanları tərəfindən göstərilən hüquqi xidmətlərin sayı 23-dən 25-ə qaldırıldı. Hazırda fəaliyyət göstərən 11 mərkəzdə xidmətlərin sayı 200-dən çoxdur.
Prezident İlham Əliyev demişdir: “Bu xidmət ölkəmizin ümumi inkişafı ilə də tam uzlaşır. Çünki bu gün, doğrudan da, Azərbaycanda müasir dövlət qurulur, yeni texnologiyalar tətbiq edilir. Dünyanın ən qabaqcıl, mütərəqqi təcrübəsi Azərbaycanda tətbiq olunur. Bu, ümumiyyətlə, bizim siyasi xəttimizdir. Ancaq “ASAN xidmət”in üstünlüyü ondan ibarətdir ki, artıq Azərbaycan da müasir texnologiyaları tətbiq edir. Başqa ölkələr bizdə olan təcrübəni öyrənəcək və faydalanacaqdır”.
Böyük Britaniyanın nüfuzlu “The Guardian” qəzetində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərinin səmərəliliyindən bəhs edən geniş məqalənin dərc olunması ölkə vətəndaşlarının bu xidmət növündən yetərincə istifadəsinin beynəlxalq aləmdə əks-sədasıdır. Bu, həm də Britaniya kimi bir dövlətin Azərbaycanda aparılan çox gərəkli və ciddi islahatların nəticəsinə marağının göstəricisidir. Qəzet yazır: “Bir pəncərə” mərkəzi modeli – vətəndaşların bir sıra dövlət xidmətlərini əldə edə bildikləri belə mərkəzlər – İngiltərə, Kanada və Gürcüstan kimi ölkələrdə xidmətlərin göstərilməsində səmərəliliyi artırmaq üçün tətbiq edilmişdir. Azərbaycan bir müddət əvvəl həmin modeli tətbiq etmişdir ki, bu da vətəndaşların dövlət xidmətlərini əldə etməsinə güclü təsir göstərmişdir”.
2 saylı mərkəzdə yaradılan Biometrik Məlumatların Toplanması Sisteminin proqram təminatı alman kompüter mütəxəssisləri tərəfindən xüsusi olaraq “ASAN xidmət” üçün yazılmışdır. Sistem biometrik şəkillərin çəkilməsi, barmaq izlərinin alınması, elektron imza və bunların mərkəzləşdirilmiş halda hüquq-mühafizə orqanları sisteminə ötürülməsi kimi mühüm xüsusiyyətlərə malikdir. Biometrik texnologiyalar insanların avtomatik tanınmasına, onların davranış və ya fizioloji xüsusiyyətlərindən istifadə etməklə şəxsiyyətlərinin müəyyənləşdirilməsinə imkan verir. Bu, milli təhlükəsizlik sisteminin təkmilləşdirilməsi, qanunsuz miqrasiya və cinayətkarlıqla mübarizənin gücləndirilməsi baxımından da əhəmiyyətlidir.
Bu xidmətin bir növü olan “ASAN kart” vasitəsilə dövlət xidmətləri üzrə sifarişin alınması və ödənilməsini həyata keçirmək mümkündür. Ən əsası isə kart beynəlxalq funksiyalı olduğu üçün istənilən yerdə bütün növ ödənişləri həyata keçirmək mümkündür. Kartdan, həmçinin sərnişin nəqliyyatında və kommunal ödənişlərdə istifadə etmək olar. “ASAN kart”ın daha bir xüsusiyyəti isə elektron imza daşıyıcısı olmasıdır. Belə ki, müqavilələrin və digər rəsmi sənədlərin imzalanmasında bu kartdan istifadə etmək mümkündür. İnsanların faydalandığı, ən xırda problemlərini belə qısa vaxtda operativ və şəffaf şəkildə həll etdikləri, az müddət ərzində onların rəğbətini qazanmış “ASAN xidmət”ə ən böyük qiyməti də dövlət başçısı vermiş, onu ciddi islahatların təzahürü olaraq yaranmış yeni sistem və Azərbaycan brendi kimi dəyərləndirmişdir.
Ötən müddət ərzində 11 “ASAN Xidmət” mərkəzi istifadəyə verilib. Onlardan 5-i Bakıda, 6-sı isə Gəncə, Sumqayıt, Bərdə, Sabirabad, Qəbələ və Masallıda fəaliyyət göstərir. Bu illərdə xidmət bir sıra yeniliklərə imza atıb. Onlardan biri vizaların verilməsinin tam elektronlaşdırılması və sadələşdirilməsini həyata keçirən “ASAN Viza” portalının fəaliyyətə başlamasıdır. Əcnəbilər, sadəcə, üç addımda onlayn vizanı elektron formada üç iş günü ərzində alacaqlar. Digər yenilik “ASAN i-LAB” innovativ texnologiyalar və proqram təminatı yaradılması ilə bağlı layihələri cəlb edərək onların reallaşdırılması, hazır məhsul istehsalına dəstəyin göstərilməsi və məhsulun yerli və xarici bazarlara çıxarılmasına xidmət edən innovasiya laboratoriyasının yaradılmasıdır.
Bundan başqa, istənilən sahəyə aid olan kiçik biznes ideyalarının cəlb edilməsi, maliyyələşdirilməsi və reallaşdırılmasına dəstək göstərən “BAŞLA”, məqsədi köhnə soyuducuların yenidən istehsala cəlb olunması və onlardan ev quşları təsərrüfatlarının yaradılması üçün inkubatorlar istehsal edilməsini təmin edən “Cücələrim inkibatoru”, “i-LAB” çərçivəsində istehsal edilmiş innovativ texnologiyalar və proqram təminatları haqqında məlumatların yerləşdiyi, həmçinin informasiya texnologiyaları məhsullarının onlayn satışını həyata keçirəcək maraqlı “i-LAB store”, suda batma zamanı istifadə edilən, GPS ilə təmin olunan, avtomatik işə düşmə xüsusiyyətinə malik “Xilasetmə qolbağı” və vətəndaşlara qısa vaxtda 42 parametr üzrə müayinə olunmağa imkan verən bir sıra avadanlıqdan ibarət səyyar “Sağlam yaşam platforması-çanta və portal” layihələri fəaliyyətə başlayıb.
Bu Sosial Layihələr Portalı dövlət və özəl təşkilatlar tərəfindən həyata keçirilən bütün layihələrin vahid elektron mühitdə elan olunmasına xidmət edəcək. Bununla da, daha çox insan bir ünvana daxil olmaqla, bütün layihələr haqqında məlumat əldə edəcək. Yardıma ehtiyacı olan və yardım etmək istəyən şirkətlər, təşkilatlar və fərdlər vahid portalda qeydiyyatdan keçəcəklər.
Bu gün Azərbaycana dünyanın müxtəlif ölkələrindən çox böyük turist axını var. Ölkəmizin təbii imkanları, şəhərlərimizin gözəlliyi, Azərbaycanda hökm sürən sabitlik, təhlükəsizlik, əlbəttə ki, turistləri bu diyara daha çox cəlb edir. Eyni zamanda, Bakıda və ölkəmizin digər yerlərində keçirilən mötəbər beynəlxalq tədbirlər də burada öz rolunu oynayır. Avropa Oyunları, “Formula-1” yarışı və digər tədbirlər böyük turist axınına səbəb olur. “ASAN Viza” xidməti fəaliyyətə başladığından, növbəti illərdə Azərbaycana gələnlərin sayının daha da artacağı gözlənilir.
Ölkə başçısı Qəbələdə, “ASAN xidmət” mərkəzinin açılışındakı çıxışında demişdir: “ASAN xidmət” 3 il yarım ərzində cəmiyyətdə çox böyük rəğbət qazanıb, ictimai xidmətlər sektorunda inqilab yaradıbdır. Beləliklə, 3 il yarım bundan əvvəl qəbul edilmiş qərarın görün nə qədər ciddi, böyük və xoş, çoxşaxəli təsiri var, ilk növbədə, ictimai xidmətlər sahəsində. Digər tərəfdən, “ASAN xidmət” mərkəzlərində bürokratiya, xoşagəlməz hallar yoxdur. Birincisi, bu, bir nümunədir, hər bir dövlət orqanı üçün nümunədir. İkincisi, bu, onu göstərir ki, biz cəmiyyətimizin yaralarını aradan qaldıra, sağalda bilərik. Çünki cəmiyyətimizi korrupsiya, rüşvətxorluq qədər sarsıdan ikinci bəla yoxdur. “ASAN xidmət” bu istiqamətdə liderdir. Mən bu barədə rəsmi çıxışlarımda dəfələrlə demişəm. Demişəm ki, hər bir dövlət orqanı belə şəffaf işləməlidir və cəmiyyət də bunu görür, insanlar da bunu görürlər. Ona görə də bu xidmətin fəaliyyətini bəyənirlər”.
Masallı regional “ASAN həyat” kompleksinin 4480 kvadratmetr ərazisində fəaliyyətə başlayan “ASAN xidmət” mərkəzində 10 dövlət orqanı tərəfindən 32 növ xidmət göstərilir. Eyni zamanda, mərkəzdə 112 növ funksional yardımçı xidmətlər – bank, sığorta, hüquqi yardım, tərcümə xidmətləri təşkil edilib. Bu mərkəz ətraf rayonların əhalisinə – 839450-dən çox vətəndaşa xidmət göstərir. Burada 170 nəfər işlə təmin olunub, 80 nəfər könüllü işə cəlb edilib. Kompleksin ərazisində 2 kinoklub, Heydər Əliyev İncəsənət Məktəbi, kafe, bank, “ABAD mərkəzi”, xüsusi dizaynda geyimlər, aksessuarlar, suvenirlər və digər məhsulların satışının təşkili həyata keçirilir. “ASAN Brend” dükanı və həmçinin gənclərin asudə vaxtlarını səmərəli keçirmələrində, intellektual inkişaf, savad və dünyagörüşlərini artırmaqda onlara kömək etmək məqsədi daşıyan “ASAN İntellektual” inkişaf mərkəzi də fəaliyyət göstərir.
“İntellektual Monitorinq Sistemi” vətəndaş müraciətləri barədə məlumatların mərkəzləşdirilmiş formada toplanması və analizinə xidmət edir. “Made in Azerbaijan” portalı müxtəlif dillərdə olmaqla, ölkənin ixrac potensialı haqqında istənilən informasiyanı özündə əks etdirəcək. “Kredit Reytinq Sistemi” əhalinin iş yeri, gəliri, öhdəlik və borcları əsasında onların məsuliyyət və ödəmə qabiliyyətini ölçən alətdir. Bu sistemin əsasən bank, bank olmayan kredit təşkilatları, daxili kredit və ya ipoteka verən təşkilatlar tərəfindən istifadəsi nəzərdə tutulub. “We Care” – “Sağlamlığa nəzarət monitorinq sistemi” mobil cihazlar vasitəsilə insanlara öz sağlamlıqlarına mütəmadi nəzarət etmək imkanı verir. Toplanılan məlumatlar aidiyyəti üzrə Fövqəladə Hallar Nazirliyinə, fərdlərin yaxınlarına, təcili tibbi yardıma və digər arzuolunan yerlərə və şəxslərə göndəriləcək. Bu məlumatlar GSM və Azərbaycanın orbitdəki peyki vasitəsilə toplanılır.
Yeni layihə olan “ABAD”– Ailə Biznesinə ASAN Dəstək layihəsi ailə bizneslərinin formalaşdırılması, bu təsərrüfatlar vasitəsilə məhsulların istehsalı, xidmətlərin göstərilməsi və brendləşdirilməsi, istehsalçıya və tələbata uyğun keyfiyyətli məhsulların istehsal və istehlakının təşviq edilməsi, innovativ üsullar tətbiq olunmaqla, müxtəlif təsərrüfat sahələri üzrə fəaliyyətin istiqamətləndirilməsini həyata keçirən mərkəzdir. Bu layihənin icrası ilə Azərbaycanda təşəkkül tapmış və dünya səviyyəsində rəqabət apara biləcək ailə bizneslərinin əsası qoyulacaq. Təsadüfi deyil ki, bu prosesdə ilkin olaraq müxtəlif istehsal sahələrinə uyğun seçilmiş ailələrə avadanlıqlardan istifadə və istehsal gigiyenası, sənədlərin hazırlanması, qablaşdırma və dizayn, məhsulların bazara çatdırılması üzrə təlimlər keçirilir. Bu ailələr müasir istehsal avadanlıqları olan konteynerlərlə təmin olunur.
Fikirlərimizi Prezident
İlham Əliyevin sözləri ilə bitirmək istərdik: “ASAN xidmət” Azərbaycan məhsuludur. Azərbaycan ixtirasıdır. Biz fəxr edirik ki, dünya miqyasında analoqu olmayan intellektual məhsul artıq Azərbaycanın müəllifliyi ilə dünyaya təqdim olunur. Artıq bəzi ölkələr bizim təcrübəmizi öyrənməyə çalışırlar, müxtəlif formatda əməkdaşlıq aparılır. Bu, onu göstərir ki, doğrudan da, bizim təşəbbüsümüz çox böyük və geniş nəticə hasil edib və bunun çox gözəl ictimai rezonansı da var. İnsanlar da bu xidməti çox bəyənirlər. Bəyənmə əmsalı 98 faizdir. Bu illər ərzində 3 milyon 500 min insan mərkəzlərə müraciət etmişdir. Müraciətlərin ümumi sayı isə 11 milyon 300 mindir”.
Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.