Azərbaycanın yenidən əldə etdiyi müstəqilliyin ilk illərində, bir tərəfdən, Ermənistanın hərbi təcavüzü, digər tərəfdən isə respublikamızda hökm sürən anarxiya, özbaşınalıq, vətəndaş müharibəsi dərəcəsinə yüksələn qarşıdurma milli varlığımızı da hədəfə almışdı. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan xaosdan, hərc-mərclikdən, parçalanma təhlükəsindən qurtuldu. Ölkəmiz sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşdu. Xalqımızın bütün arzularının reallığa çevrilməsinə imkan yarandı. Ölkəmizdə iqtisadi tənəzzülün qarşısı alındı, bu sahədə geniş islahatlara başlanıldı.
Həmin siyasi kursun möhtərəm Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi isə aparılan genişmiqyaslı islahatların dərinləşdirilməsinə, Azərbaycanın daha yüksək sosial inkişaf pilləsinə qalxmasına şərait yaratmışdır. Bu gün respublikamızın siyasi, sosial və iqtisadi sahələrdə nə qədər böyük inkişaf yolu keçdiyi göz önündədir. Azərbaycan daxildə sabit siyasi vəziyyətə, genişmiqyaslı islahatlarla təkmilləşdirilən və cəmiyyətin maraqlarına cavab verən siyasi sistemə, dövlət-vətəndaş münasibətlərində harmoniyaya, davamlı iqtisadi inkişafa nail olan, dünya dövlətləri arasında özünə layiqli yer tutan, regionda lider olan bir ölkəyə çevrilmişdir. Əlbəttə, bütün bunlar məqsədyönlü gərgin fəaliyyətin məntiqi nəticəsidir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi, möhtərəm Prezident
İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz son 13 il ərzində sürətlə inkişaf etmiş, güclü iqtisadi və hərbi potensial formalaşmış, cəmiyyət həyatının bütün sahələri müasirləşmişdir. Dövlətimiz ümumdünya səciyyəli proseslərin fəal iştirakçısına çevrilmiş, mühüm siyasi, iqtisadi və humanitar təşəbbüslərin müəllifi, təkanverici qüvvəsi kimi beynəlxalq arenada böyük nüfuz qazanmışdır. Qarşıda duran bütün əsas vəzifələr düşünülmüş və məqsədyönlü, elmi əsaslara malik dövlət proqramlarının həyata keçirilməsi nəticəsində uğurla icra olunmuş, respublikamız “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulan strateji hədəflərə doğru inamla irəliləməkdə davam etmişdir.
Azərbaycanda müasir sosial-iqtisadi infrastruktur yaradılmış, respublikanın enerji təhlükəsizliyi tam, ərzaq təhlükəsizliyi isə əsasən təmin olunmuşdur. Minlərlə istehsal obyekti yaradılmış, müasir texnologiyalara əsaslanan zavod və fabriklər, texnoparklar fəaliyyətə başlamışdır. Nəhəng infrastruktur layihələrinin reallaşdırılması nəticəsində Azərbaycan Cənubi Qafqazın və Xəzər dənizi hövzəsinin nəqliyyat-logistika mərkəzinə çevrilmişdir. Regional inkişaf proqramlarının davamlı olaraq həyata keçirilməsi bölgələrin simasını əsaslı şəkildə dəyişdirmiş və müasirləşdirmişdir.
Prezident İlham Əliyev bəyan etmişdir ki, bizim bütün təşəbbüslərimiz Azərbaycan xalqının daha da yaxşı yaşaması məqsədi daşıyır və yerlərdə dəstəklənir. Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Məhz buna görə də enerji resurslarının ixracından əldə olunan milli gəlirin böyük qismi mühüm sosial proqramların həyata keçirilməsinə, ölkədə insan kapitalının formalaşdırılmasına, elmin inkişafına, təhsilin səviyyəsinin yüksəldilməsinə, cəmiyyət həyatının bütün sahələrində müasir standartların, innovasiyaların tətbiqinə yönəldilir.
Güclü iqtisadi potensial, həyata keçirilən siyasətə xalqın hərtərəfli dəstəyi imkan verir ki, Azərbaycan iqtidarı milli maraqlara hesablanmış tam müstəqil daxili və xarici siyasət yürütsün, ölkəmiz regionun siyasi, iqtisadi və humanitar mərkəzi olmaqla, həm də qlobal siyasətdə fəal iştirak etsin. Bunun bariz nümunəsi kimi 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini və dünyanın nəhəng dövlətləri ilə birlikdə beynəlxalq münasibətlər sistemində yaxından iştirak etmək hüququ qazanmasını göstərmək olar.
Son illər Azərbaycanda demokratik islahatların, vətəndaş cəmiyyəti quruculuğunun daha da dərinləşdirilməsi, dövlət orqanlarının fəaliyyətinin şəffaflaşdırılması, korrupsiya və digər mənfi hallara qarşı mübarizənin gücləndirilməsi sahəsində də mühüm nailiyyətlər əldə olunmuşdur. Ölkədə demokratik inkişafın vacib tərkib hissəsi kimi söz və məlumat azadlığının tam təmin edilməsi sahəsində məqsədyönlü addımlar atılmış, institusional və qanunvericilik islahatları həyata keçirilmişdir.
Azərbaycanın əldə etdiyi uğurların real mənzərəsini görmək üçün bir sıra iqtisadi və maliyyə göstəricilərinə nəzər yetirmək kifayətdir. Yalnız son 12 il ərzində ümumi daxili məhsul (ÜDM) 3 dəfədən çox, büdcə gəlirləri isə 20 dəfə artmışdır. Eyni zamanda, yoxsulluğun səviyyəsi 49 faizdən 5 faizə qədər azaldılmışdır. İşsizliyin səviyyəsi də bu qədərdir. Azərbaycanda son 12 il ərzində 1 milyon 500 mindən çox iş yeri açılmışdır. Hazırda Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 75 faizini təşkil edir.
Azərbaycanın bu uğurları beynəlxalq təşkilatlar tərəfindən də təsdiq edilir. Dünya İqtisadi Forumunun qlobal rəqabətqabiliyyətliliyi indeksində Azərbaycan 37-ci yerdədir və bu sahədə ölkəmiz MDB məkanında birincidir. “Fitch”, “Standard and Poor's”, “Moody's” kimi beynəlxalq reytinq agentlikləri Azərbaycanın reytinqini yüksək qiymətləndirirlər. Hazırda Azərbaycan Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə, “yuxarı orta gəlirli” ölkələr qrupunda, BMT-nin İnkişaf Proqramının İnsan İnkişafı İndeksində isə “yüksək insan inkişafı” ölkələri qrupunda qərarlaşmışdır.
Azərbaycanın bu gün apardığı fəal xarici siyasət rəqabətə deyil, dostluq, əməkdaşlıq və qarşılıqlı dəstəyə əsaslanır. Azərbaycan dünyada gedən proseslərdə, ümumi rifahı təmin edəcək dünya nizamının formalaşmasında tutduğu konstruktiv mövqe ilə də fərqlənir. Aparılan fəal xarici siyasət respublikamızın beynəlxalq təşkilatlarda mühüm rol oynamasına imkan yaradır. Azərbaycan dünyada nadir ölkələrdən biridir ki, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. Azərbaycanın dünyanın 155 ölkəsinin dəstəyi ilə 2012–2013-cü illərdə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi xarici siyasətimizin ən böyük uğurlarındandır. Bu, o deməkdir ki, rəsmi Bakının regionda və beynəlxalq aləmdə yürütdüyü siyasət dünya ölkələri tərəfindən rəğbətlə qarşılanır, BMT-yə üzv olan 193 dövlətin 155-i tərəfindən tam dəstəklənir. BMT Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycan quruma sədrliyi dövründə beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması ilə əlaqədar mühüm məsələləri müzakirəyə çıxarmış, beynəlxalq terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi təşəbbüsünü irəli sürmüşdür.
Son illər Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlər ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu xeyli artırmışdır. Respublikamız 2011-ci ildə üzvlərinin sayına görə BMT-dən sonra ikinci ən böyük təşkilat olan Qoşulmama Hərəkatına üzv olmuşdur. Azərbaycan 2014-cü ilin may-oktyabr aylarında Avropa Şurasının Nazirlər Komitəsinə uğurla sədrlik etmişdir.
Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında da etibarlı tərəfdaş və beynəlxalq antiterror koalisiyasının fəal iştirakçısıdır. Bütün dünyada beynəlxalq antiterror çağırışlarına qoşulan ilk ölkələrdən biri məhz Azərbaycan olmuşdur. Hərbçilərimiz Əfqanıstanda, İraqda NATO komandanlığında xidmət etmişlər. Hazırda NATO-nun Əfqanıstana yükdaşımalarında da Azərbaycan mühüm rol oynayır.
Ümummilli lider Heydər Əliyevin formalaşdırdığı və bu gün Prezident İlham Əliyev tərəfindən daha da təkmilləşdirilmiş enerji siyasəti ölkəmizin milli maraqlarının təmin olunmasında başlıca vasitədir. Bu siyasət Azərbaycanın regionun lider dövlətinə, eləcə də regional və qlobal iqtisadi layihələrin aparıcı iştirakçılarından birinə çevrilməsinə imkan yaratmışdır.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, enerji siyasəti ölkələri birləşdirməlidir, ayırmamalıdır. Enerji amilindən qarşıya hansısa siyasi məqsədlər qoymaq və onlara çatmaq üçün istifadə edilməməlidir. Məhz bu yanaşma sayəsində hazırda Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır və xüsusilə Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bütün bunların əsası hələ 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə qoyulmuşdur. Bu müqavilə ilə ilk dəfə olaraq Azərbaycan Xəzər dənizini birgə işləmək üçün xarici şirkətlərə açmış və neft ehtiyatlarının istismarına çoxmilyardlı xarici investisiyalar cəlb etmişdir. Bu istiqamətdə işlərin davamı olaraq Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən nəqliyyat infrastrukturu yaradılmışdır. Azərbaycanın qətiyyətli mövqeyi əsasında reallaşmış və 2006-cı ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ceyhan neft kəməri Azərbaycan neftinin dünya bazarlarına çıxarılması ilə yanaşı, yeni dəhlizin açılması üçün də tarixi bir layihə idi. Bu layihə mövcud reallıqlar və gələcək perspektivlər baxımından nəinki bölgənin, eyni zamanda qitənin də enerji xəritəsini əsaslı şəkildə dəyişdirmişdir.
Onu da xatırladım ki, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi region üçün mühüm hadisə oldu. Belə ki, bu kəmər vasitəsilə Azərbaycan iqtisadi çətinliklər yaşamış Gürcüstanın qaz təminatını öz üzərinə götürərək etibarlı tərəfdaş imicini bir daha təsdiqlədi. “Şahdəniz” yatağından hasil edilən qazın sözügedən kəmər vasitəsilə Türkiyəyə nəqli isə qazın Avropa bazarlarına çıxarılması üçün başlanğıc nöqtəsi oldu.
Azərbaycanın son illərdə enerji sahəsində əldə etdiyi uğurların real mənzərəsini görmək üçün “Şahdəniz” yatağının II fazasının işlənməsi ətrafında gedən prosesləri nəzərdən keçirmək kifayətdir. Azərbaycan Türkiyə ilə “Şahdəniz” yatağının qazını Avropaya çatdıracaq TANAP kəmərinin tikintisi üzrə müqaviləni imzaladı. Bu, “Cənub qaz dəhlizi”nin reallaşması yolunda ilk real addım idi.
Hazırda Azərbaycan multikulturalizm, sivilizasiyalararası dialoq istiqamətində gedən müsbət tendensiyalarda aparıcı rollardan birini oynayır. Son illərdə Azərbaycan artıq mədəniyyətlərarası inteqrasiya və dialoq problemlərinin müzakirə edildiyi, mühüm əhəmiyyətə malik beynəlxalq tədbirlərin keçirildiyi bir ölkə kimi dünyada tanınır. Bakıda müasir dövrün aktual problemlərinin, əməkdaşlıq məsələlərinin müzakirə edildiyi mötəbər beynəlxalq tədbirlər, sammitlər, beynəlxalq konfranslar keçirilir. Bunların da sırasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu, Dini Liderlərin Ümumdünya Sammitini, “Eurovision” mahnı müsabiqəsini və digərlərini qeyd etmək olar. Burada 2015-ci ilin yayında Azərbaycanda keçirilmiş I Avropa Oyunlarını xüsusilə vurğulamaq istərdim. Xatırladım ki, bu, sadəcə bir idman tədbiri deyildi, eyni zamanda, Azərbaycanın sivilizasiyalar və mədəniyyətlər arasındakı əməkdaşlıqda oynadığı rola verilmiş yüksək qiymət idi.
Bu gün ölkəmizdə sosial və infrastruktur layihələr uğurla icra olunur, məktəb və xəstəxanalar tikilir, yollar çəkilir, körpülər salınır, park və xiyabanlarda, memarlıq binalarında yenidənqurma işləri aparılır. Respublikamızdakı bu yüksəlişi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin timsalında da aydın görmək mümkündür. Əvvəla onu deyim ki, adıçəkilən Səhmdar Cəmiyyəti müxtəlif beynəlxalq layihələrin fəal iştirakçısı olmaqla, onların həyata keçirilməsinə ciddi yanaşır. Son illər dəmir yolunda bir canlanma hiss olunur. Peşəkar nəqliyyatçı Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları”na sədr təyin olunması ilə bu qurumun tarixində yeni era başlamışdır. Beynəlxalq maliyyə qurumları ilə daha da intensivləşən ikitərəfli və çoxtərəfli əlaqələr burada genişmiqyaslı islahatların aparılmasına öz müsbət təsirini göstərmişdir. Dəmir yolunun yenidən qurulmasını həyata keçirmək üçün beynəlxalq maliyyə qurumları ilə danışıqlar prosesi özünün yeni mərhələsinə qədəm qoymuşdur.
Yuxarıda qeyd etdiyim kimi, son 13 ildə ölkə başçısı cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan Respublikasında yüksək inkişaf əldə olunmuş, həyata keçirilən islahatlar və genişmiqyaslı infrastruktur layihələri sosial-iqtisadi həyatın davamlı inkişafı üçün əlverişli şərait yaratmışdır. Bu da Azərbaycana xarici ölkələrdən gələn vətəndaşların günbəgün artmasına səbəb olmuşdur. Paytaxtımızın giriş qapısı sayılan Bakı Dəmir Yolu Vağzalının müasir dövrün tələblərinə cavab verməsi üçün burada yüksək səviyyəli yenidənqurma işlərinin görülməsinə ehtiyac yaranmışdır. Artıq Bakı Dəmir Yolu Vağzalında yenidənqurma işləri başa çatmaq üzrədir. Vağzalın əsas binasının fasadı (memarlıq üslubunun saxlanması şərti ilə) yenidən qurulur, vağzal binasının daxilində tam yenidənqurma tədbirləri həyata keçirilir. Bilet kassaları, saxlama kameraları, sərnişin platformaları müasir üslubda əsaslı təmir olunur, eskalatorlar yenisi ilə əvəzlənir.
Bakı və Sumqayıt arasında mövcud olan sərnişin sıxlığını, eləcə də avtomobil yolunda olan tıxac problemini aradan qaldırmaq üçün bu iki şəhər arasında əvvəllər mövcud olan dəmir yolu əlaqəsini yaratmaq zamanın tələbi idi. Bunun üçün ilk növbədə dəmir yollarının əsaslı təmirinə ehtiyac var idi. Keçən il mart ayının 3-də Bakı–Xırdalan–Sumqayıt istiqamətində sərnişin daşınması sahəsində 63 kilometr uzunluğunda baş yolların əsaslı təmirinə start verildi, sentyabrın 2-də isə işlər başa çatdırıldı. Layihə çərçivəsində Bakı, Keşlə, Xırdalan və Sumqayıt sərnişin stansiyalarında stansiya yolları və yoldəyişənlər yeniləndi, Bakı və Sumqayıt sərnişin stansiyalarında turniketlər və post-terminallar quraşdırıldı.
Bütün bunlarla yanaşı, 2015-ci il may ayının 13-də Bakıda “Stadler Rail Group” şirkətindən 5 ədəd “KISS” markalı ikimərtəbəli elektrik qatarının alınması üzrə saziş imzalandı. Həmin il mayın 21-də “Azərbaycan Dəmir Yolları”nın sədri Cavid Qurbanov “Stadler Rail Group” şirkətinin “Stadler Minsk” zavodunda oldu, Azərbaycan Dəmir Yolu üçün istehsal olunan “KISS” markalı ikimərtəbəli elektrik qatarına baxış keçirdi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə sentyabr ayının 12-də isə Bakı sərnişin stansiyasında Bakı–Sumqayıt marşrutu ilə hərəkət edən ilk sərnişin qatarının yolasalma mərasimi gerçəkləşdi.
Bu gün Bakı kəndlərinə sürət qatarlarının işləməsi ilə bağlı məsələ də diqqətdə saxlanılır. Bununla bağlı araşdırmalar, təhlillər aparılır. Heydər Əliyev Beynəlxalq Hava Limanına yeni dəmiryolu xəttinin çəkilməsi planlaşdırılır.
Yaxın gələcəkdə Gəncə istiqamətində xəttə saatda 100 kilometr məsafə qət edən qatarların buraxılması nəzərdə tutulur. Bununla da Gəncəyə 3–3,5 saata çatmaq məsələsi həll ediləcək. Bu məqsədlə “Stadler Rail Group” şirkətindən yeni ikimərtəbəli qatarların alınması və istifadəyə verilməsi gündəlikdədir.
Hazırda sözügedən sistemdə biletlərin satışı elektron onlayn sistemi ilə həyata keçirilir. İstənilən şəxs internet vasitəsi ilə harada yaşamağından və olmasından asılı olmayaraq, istədiyi yerə bilet sifariş edib ala bilir.
“Azərbaycan Dəmir Yolları”nda idarəetmənin daha da səmərəli həyata keçrilməsi üçün tədbirlər planının icrası uğurla davam etdirilir. Tezliklə yük vaqonlarının idarə olunmasında CPRS sistemindən istifadə ediləcəyi gözlənilir. Bu qayda reallaşandan sonra yük vaqonlarının yeri müəyyən ediləcək, başqa sözlə, elektrovozların hansı stansiyada və yaxud, hansı yolda hərəkəti aydınlaşacaq. Gecikmənin səbəbləri bilinəcək. Yanacaq, elektrik enerjisi sərfi müəyyənləşəcək.
Dəmir yolu nəqliyyat sisteminin inkişafına dair Dövlət Proqramına əsasən, enerji təchizatının sabit cərəyandan dəyişən cərəyana keçilməsi, işarəvermə və rabitə sisteminin yeniləşdirilməsi üzrə avadanlıqların alınması, yol təsərrüfatının sağlamlaşdırılması, lokomotiv və vaqon parklarının yenilənməsi və s. sahələrin müasir tələblər səviyyəsinə çatdırılması üzrə bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Sözügedən direktiv sənədin icrası çərçivəsində proqram təminatı, kompüter avadanlıqlarının alınması, dispetçer mərkəzləşməsi sisteminə keçid tipli nəhəng işlərin reallaşdırılması kimi mühüm məsələlər də artıq öz həllini tapmaqdadır.
Sərnişin təsərrüfatının müasirləşdirilməsi üçün Gəncə şəhərində “Stadler” vaqon istehsalı zavodunun tikintisi də sözügedən Dövlət Proqramının uğurlu nəticələrindən biridir. Eyni zamanda, Bakı sərnişin stansiyasında yeni Bakı Vaqon Deposunun inşası və burada dispetçer mərkəzləşməsi üçün binanın tikintisi də nəzərdə tutulmuşdur. Müsbət haldır ki, enerji təchizatının sabit cərəyandan dəyişən cərəyana keçirilməsi yönündə tikintisi nəzərdə tutulan yarımstansiyalar (Böyük Kəsik-Gəncə mənzili) artıq hazırdır. Eyni zamanda, kontakt şəbəkəsinin və dayaqların dəyişdirilməsi üzrə də bir sıra tədbirlər həyata keçirilmişdir. Yüksək gərginlikli xətlərin çəkilməsi, dayaqların dəyişdirilməsi, yarımstansiyaların tikintisi istiqamətində də müsbət dəyişikliklər baş vermişdir.
Xüsusi vurğulamaq istərdim ki, “Azərbaycan Dəmir Yolları” QSC-də islahatlar dönməz xarakter almışdır. Bu isə kollektiv tərəfindən böyük razılıq hissi ilə qarşılanmış, dəmiryolçularda qarşıya çıxan hər hansı problemin həllinin tezliklə həll ediləcəyi qənaəti yəqinləşmişdir. Bu, həm də ölkə başçısının QSC-nin inkişafına, müasirləşməsinə və mövcud problemlərinin həllinə böyük həssaslıqla, diqqətlə yanaşmasını göstərir.
Dəmiryolçuların sosial şəraitinin yaxşılaşdırılmasına da mühüm önəm verilir. Son bir ildə bu istiqamətdə bir sıra tədbirlər görülmüşdür. Dəmir yolu işçilərinin sosial problemlərinin həlli, əmək kollektivlərində sosial gərginliyin azaldılması və əmək şəraitinin yaxşılaşdırılması üçün uğurlu addımlar atılmışdır. Məsələn, dəmiryolçuların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə uzun müddət növbədə olan işçilərin yeni mənzillərlə təmin edilməsi barədə QSC rəhbərliyinin qərarı hamını sevindirmiş, ötən ilin sonunda 78 dəmiryolçu ailəsi yeni mənzilə köçmüşdür.
Dəmiryolçuların sağlamlığının qorunması, təhlükəsizliyinin təmin edilməsi, istehsalatda zədəalma hallarının aradan qaldırılması, onlara sağlam iş və istirahət şəraitinin yaradılması, bununla da əməyin mühafizəsi sahəsində işçilərin hüquqlarının müdafiə olunması daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə ciddi tədbirlər reallaşdırılır.
Dəmir yolunda baş verən digər yeniliklərə də nəzər salmaq istərdim. Bununla bağlı əvvəlcə mühüm bir məsələyə toxunmağı vacib bilirəm. Azərbaycan Avropa ilə Asiyanın qovuşduğu məkanda yerləşdiyindən ölkəmizin nəqliyyat qurumları da “Şərq–Qərb” və “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyətində aktiv iştirak edir.
Hazırda respublikamızın dəmir yolu ilə bağlı tranzit potensialının artırılması istiqamətində bütün imkanlar səfərbər edilmişdir. Nəticə etibarilə əsas məsələlərdən biri odur ki, Azərbaycan üzərindən yük daşımağın daha sərfəli olduğunu bütün dünyaya bəyan etməliyik. İkinci məsələ isə budur ki, dövlətimizin başçısı bu işlərin görülməsi üçün dəmiryolçulara daim dəstək göstərir.
Şərqlə Qərbin, Şimalla Cənubun qovşağında yerləşən Azərbaycan dünyanın nəqliyyat sektorunda baş verən proseslərdən kənarda qala bilməz. Əksər hallarda bu proseslərin təşəbbüskarı elə Azərbaycandır. Qloballaşan dünyada ölkəmizin bu sahədə rolu artaraq strateji əhəmiyyət kəsb edir. Azərbaycan dünyanın ən mühüm və böyük yolayrıcı kimi qəbul olunur. Bu baxımdan da “yol ayrıcı”nın yaratdığı imkanlardan səmərəli istifadəni təmin etməklə tranzit xidmətlərini postneft dövründə büdcənin əsas gəlir mənbələrindən birinə çevirmək qarşıda duran başlıca vəzifələrdən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi dəstəyi ilə dövlət maraqlarını təmin edəcək irimiqyaslı işlər görülür.
“Azərbaycan Dəmir Yolları”nın beynəlxalq nəqliyyat dəhlizlərində fəal iştirakını, tranzit daşımaların artırılması və müvafiq infrastrukturun inkişaf etdirilməsini diqqət mərkəzində saxlaması və gündəliyə gətirməsi strateji baxımdan olduqca mühüm addımdır. Bu addım zaman etibarı ilə də aktualdır. Ona görə ki, bunun üçün hazırda çox əlverişli konyuktura və siyasi şərait mövcuddur.
Azərbaycan üçün hazırda prioritet olan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Beynəlxalq “Şimal–Cənub” nəqliyyat dəhlizi ilə yanaşı, Cənub–Qərb və Vikinq layihələrinin işləməsi üçün səylər göstərilir. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun məqsədi Çin, Mərkəzi Asiya, Xəzər və Qara dəniz hövzələri və Avropa ölkələrindən yük daşımaları dövriyyəsini Azərbaycan üzərindən keçməklə hər iki istiqamətdə artıraraq, dövriyyə dinamikasının rəqabətliyini gücləndirməkdir.
Şərq–Qərb nəqliyyat dəhlizində Azərbaycanın logistik imkanlarının artırılması istiqamətində vacib addımlar atılır. Hazırda məhz Azərbaycanın təşəbbüsü ilə Türkiyə və Gürcüstanın da iştirak etdiyi Bakı–Tbilisi–Qars dəmir yolunun tikintisi demək olar ki, tamamlanmışdır. Bu yolun istismara verilməsi ilə Azərbaycan ilk dəfə Avropanın dəmir yolu şəbəkəsinə çıxış əldə edəcək. Paralel olaraq Azərbaycanın özündə zəruri infrastruktur seqmentləri yaradılmaqdadır. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin bərə terminalının fəaliyyətə başlaması dəmir yolu vasitəsilə yükdaşımaların əhəmiyyətini artıracaq. Eyni zamanda, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində azad iqtisadi zona da yaradılacaq, bununla əlaqədar artıq bir çox xarici şirkətlərlə müqavilələr bağlanmışdır. Bu əməkdaşlıq nəticəsində regionda ilk dəfə sürücüsüz daşıma, yəni öz-özünü idarə edən və süni intellektə sahib nəqliyyat vasitələrinin istifadəsi tətbiq olunacaq.
Hazırda Bakının Ələt qəsəbəsi yaxınlığında özündə nəqliyyat və logistika sənayesi, əczaçılıq klasteri, ümumi istifadə üçün neft təchizatı bazası obyektləri, o cümlədən emaletmə, qablaşdırma və etiketləmə ərazilərini birləşdirən Azad Ticarət Zonası da daxil olmaqla müasir liman kompleksi inşa edilir. Bu yeni xidmətlərin tətbiqi, Azərbaycanda gələcəkdə gəlirlərin artmasını təmin edən amillərdəndir.
Görülən işlər, həyata keçirilən tədbirlər deməyə əsas verir ki, dəmiryolçular əldə olunan uğurları bundan sonra da artıracaq, dövlətin və hökumətin irəli sürdüyü vəzifələrin uğurla yerinə yetirilməsi üçün bütün imkanlardan səmərəli istifadə edəcək, göstərilən etimadı əməli işləri ilə doğruldacaqlar. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyası nəticəsində “Azərbaycan Dəmir Yolları” QSC dünyanın inkişaf etmiş ölkələrinin dəmir yolları sırasında öz layiqli yerini tutacaq.
Yuxarıda deyilənlərdən bir daha aydın olur ki, respublika iqtisadiyyatının inkişafında çox mühüm rol oynayan Azərbaycan dəmir yolu beynəlxalq və regional layihələrdə iştirak etməklə öz infrastrukturunu qoruyub saxlayır, əhalinin, dövlət strukturlarının daşımalara olan tələbatının ödənilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir. Ümumiyyətlə, regiona sabitlik, əmin-amanlıq və iqtisadi səmərə gətirə biləcək hər hansı layihənin reallaşmasında Azərbaycanın iştirak etməsi istənilən prizmadan yanaşanda çox gərəklidir.
Məhərrəm MƏMMƏDOV,
iqtisadçı-ekspert,
Fəxri dəmiryolçu
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.