Ölkəmizin neft strategiyası çərçivəsində həyata keçirilən tədbirlər, mühüm infrastruktur layihələrinin reallaşdırılması neft və qaz hasilatının getdikcə artırılmasına imkan yaradır. Hazırda özünün enerji təhlükəsizliyini tam təmin edən Azərbaycan Respublikası bir sıra ölkələrin də enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Bu da ondan irəli gəlir ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyası Azərbaycanın sürətli iqtisadi inkişafının təminatı olmaqla yanaşı, beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi üçün də möhkəm əsas, başlıca zəmanətdir.
Əvvəlki dövrlərdə olduğu kimi, 2010-cu ilin ötən dövrü də Azərbaycanın neft strategiyası üçün uğurlu olmuşdur. "Azəri-Çıraq-Günəşli" layihəsinin operatoru bp-Azərbaycan şirkətinin cari ilin yanvar-sentyabr ayları ilə bağlı hesabatı da bunu təsdiqləyir. Hesabatda qeyd olunur ki, 2010-cu ilin doqquz ayı ərzində konsorsium iştirakçıları tərəfindən "Azəri-Çıraq-Günəşli" layihəsinin əməliyyat tədbirlərinə 270 milyon dollar, əsaslı məsrəflərinə isə 1 milyard 149 milyon dollar xərclənmişdir. Bütövlükdə isə il ərzində layihənin əməliyyat və əsaslı məsrəflərinə müvafiq olaraq 587 milyon və 1 milyard 584 milyon dollar vəsaitin xərclənməsi nəzərdə tutulur.
Cari ilin doqquz ayı "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin istismarını həyata keçirən konsorsium iştirakçıları üçün uğurlu olmuşdur. Hesabat dövründə müqavilə sahəsindəki beş hasilat platformasından ümumilikdə 30,8 milyon ton neft çıxarılmışdır ki, bu da 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə bir qədər çoxdur. Xatırladaq ki, bu ilin ötən dövrü ərzində beş hasilat platforması üzrə ümumi orta gündəlik neft hasilatı 835,100 barrel təşkil etmişdir. Bütövlükdə isə il ərzində orta gündəlik hasilatın 854 min barrelə çatdırılması planlaşdırılmışdır. Bunun da 90,900 barreli "Çıraq", 184, 200 barreli "Mərkəzi Azəri", 285,700 barreli "Qərbi Azəri", 158,100 barreli "Şərqi Azəri" və 135,100 barreli "Dərinsulu Günəşli" platformalarının payına düşür. Hazırda "Azəri-Çıraq-Günəşli" layihəsi çərçivəsində 64 istismar quyusundan neft çıxarılır. Bundan əlavə, müqavilə sahəsində daha 33 quyudan isə texniki məqsədlər üçün istifadə olunur ki, bu da istismar quyularının sabit rejimdə işləməsini təmin edir.
"Azəri", "Çıraq" və "Günəşli (dərinsulu hissəsi) yataqlarında neftlə bərabər, səmt qazı da çıxarılır. "Əsrin müqaviləsi"nin şərtlərinə əsasən, həmin qaz təmənnasız olaraq Azərbaycan hökumətinə təhvil verilir. "Azəri-Çıraq-Günəşli" layihəsinin operatoru olan bp şirkəti 2010-cu ilin doqquz ayında "Azəri" yatağındakı üç hasilat platformasından səmt qazının 28 düyməlik sualtı kəmər vasitəsilə Səngəçal terminalına, oradan isə Azərbaycanın daxili istifadəsi üçün ölkənin qaz şəbəkəsinə göndərməkdə davam etmişdir. Bundan əlavə, "Çıraq" platformasında hasil edilmiş səmt qazının da bir hissəsi mövcud 16 düyməlik sualtı kəmər vasitəsilə ARDNŞ-in Neft Daşlarındakı kompressor stansiyasına nəql edilmişdir. Cari ilin yanvar-sentyabr aylarında konsorsium iştirakçıları tərəfindən Azərbaycanın qazpaylayıcı şəbəkəsinə gündə təxminən 9,3 milyon kubmetr olmaqla 2,5 milyard kubmetr səmt qazı təhvil verilmişdir. Xatırladaq ki, il ərzində "Azəri-Çıraq-Günəşli" layihəsi çərçivəsində neftlə bərabər çıxarılan səmt qazının 1,9 milyard kubmetrinin Dövlət Neft Şirkətinə təhvil verilməsi nəzərdə tutulurdu. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmaq üçün yataqdaxili sualtı qaz boru kəmərləri ilə "Mərkəzi Azəri" platformasına körpü vasitəsilə birləşdirilmiş kompressor və suvurma platformasına göndərilmişdir. Məlumat üçün bildiririk ki, hazırda adıçəkilən platforma vasitəsilə beş quyudan laya qazvurma əməliyyatları davam edir.
Müqavilə sahəsindəki platformalardan neft hasilatı ilə yanaşı, qazma işləri də davam etdirilir. 2010-cu ilin mart ayında "Çıraq" platformasından yeni hasilat quyusunda qazma işləri uğurla başa çatdırılmışdır. Bundan əlavə, platformadan qazılan daha bir hasilat quyusunda işlər müvəqqəti olaraq dayandırılmışdır. Oktyabr ayında isə "Çıraq" yatağında yeni bir maili quyu da istismara verilmişdir. Cari ilin ötən dövründə "Azəri" yatağında da qazma işləri xeyli intensivləşmişdir. Belə ki, "Mərkəzi Azəri" platformasında bərpa əməliyyatları başa çatdırıldıqdan sonra aprel ayının əvvəllərindən etibarən burada yeni qazma işlərinə start verilmişdir. İyul ayında qazıntısı bərpa olunmuş maili quyuda işlər də artıq sona çatdırılmışdır. Hazırda "Azəri" yatağının mərkəzi hissəsində qazma işləri davam etdirilir. Bundan əlavə, yatağın şərq və qərb hissələrində quraşdırılmış platformalarda da uğurlu qazma əməliyyatları həyata keçirilir. 2010-cu ilin yanvar-sentyabr ayları ərzində "Qərbi Azəri" platformasında yeni hasilat quyusu tamamlandıqdan sonra qazma qurğusunda müəyyən təmir işləri aparılmışdır. Avqust və oktyabr aylarında burada daha bir suvurma və hasilat quyusu istismara verilmişdir. Hazırda isə platformanın qazma qurğusunda lazımi profilaktika işləri ilə yanaşı, yeni istismar quyusunun da qazıntısı davam etdirilir. "Şərqi Azəri" platformasında ilin əvvəlindən qazıntısına başlanmış yeni suvurma quyusunda qazma və tamamlama işləri avqust ayında sona çatdırılmışdır. Bir qədər əvvəl qazıntısına start verilmiş yeni hasilat quyusu isə gələn ilin əvvəllərində istismara veriləcəkdir. "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsində də uğurlu qazma əməliyyatları aparılmış, iki hasilat quyusu qazılmışdır. Hazırda burada yeni hasilat quyusu qazılmaqla yanaşı, "Dədə Qorqud" qazma qurğusu vasitəsilə sualtı suvurma qazma proqramı da davam etdirilir. Artıq G-04 quyusu vasitəsilə suvurma əməliyyatlarına start verilmişdir.
"Azəri-Çıraq-Günəşli" layihəsi çərçivəsində ixrac əməliyyatlarının həcmi getdikcə artır. Cari ilin doqquz ayında müqavilə sahəsindən xam neftin sualtı boru kəməri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir. Məlumat üçün bildiririk ki, hazırda terminalın texniki emal sistemlərinin gücü gün ərzində 1,2 milyon barrel nefti qəbul edib ixraca yönəltməyə imkan verir. 2010-cu ilin doqquz ayı ərzində Səngəçal terminalından 244 milyon barrel neft ixrac olunmuşdur. Xam neftin 213,5 milyon barreli Bakı-Tbilisi-Ceyhan, 23 milyon barreli Bakı-Supsa kəmərləri, 7,5 milyon barreli isə dəmir yolu vasitəsilə daşınmışdır.
Cari ilin doqquz ayında "Azəri-Çıraq-Günəşli" layihəsi çərçivəsində tikinti işləri də nəzərdə tutulmuş plana və cədvələ uyğun davam etdirilmişdir. Hesabat dövründə "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsində suvurma əməliyyatlarının təşkili üçün bir sıra zəruri işlər görülmüş, bir suvurma quyusu istismara verilmişdir. Gələcəkdə "Dərinsulu Günəşli" platformasından 3,2 və 5,2 kilometr aralıda yerləşən üç sualtı qazma mərkəzindən qazılan 13 sualtı quyu vasitəsilə kollektora gündə təqribən 400 min barrel su vurmaq mümkün olacaq. Xatırladaq ki, bu, Xəzər dənizində ilk mühüm sualtı işlənmədir və gələcəkdə digər yataqlarda da analoji proqramın tətbiqinə geniş yol açır.
"Çıraq" neft layihəsinin tikinti işləri də qrafikə uyğun davam etdirilmişdir. Xatırladaq ki, dəyəri 6 milyard dollar olan "Çıraq" neft layihəsinin reallaşdırılması mövcud "Dərinsulu Günəşli" və "Çıraq-1" platformaları arasında tikiləcək yeni platforma vasitəsilə 360 milyon barrel əlavə ehtiyatların çıxarılmasına imkan verəcək. "Azəri-Çıraq-Günəşli" layihəsinin işlənməsi tarixində ilk dəfə olaraq "Çıraq" neft layihəsi üçün lazım olan bütün qurğuların hamısı yerli ehtiyatlardan maksimum istifadə olunmaqla ölkə daxilində inşa ediləcək.
Ötən müddətdə layihə üzrə çox yaxşı irəliləyiş əldə edilmiş və tikinti işləri ilə bağlı səkkiz əsas müqavilə imzalanmışdır. Bu müqavilələr geniş danışıqlar və tender prosesi nəticəsində seçilmişdir. Həmin müqavilələrə platformanın dayaq blokunun, sualtı dayaq tavasının və bununla bağlı olan bərkitmə payaları, həmçinin "Dərinsulu Günəşli"dəki mövcud texnoloji emal, qaz kompressoru, suvurma və texnoloji təchizat platformasının üstündəki boş saxlanmış yerdə dik borunun dayaq çərçivəsinin quraşdırılması; platformanın birləşmiş göyərtəsinin (üst modulların), o cümlədən qazma obyektlərinin quraşdırılması, yığılması, nizamlanması və istismar sınaqları; dayaq tavasının daşınması və dənizdə quraşdırılması; platformanın yaşayış blokunun mühəndis-layihə, tədarük və tikinti işləri; dəniz obyektlərinin mühəndis-layihə işləri, platformanın qazma modullarının mühəndis-layihə işləri, dayaq bloku və üst məhsulların dənizə daşınması və quraşdırılması daxildir.
Xatırladaq ki, yeni müqavilələrdə ABƏŞ Azərbaycanın yerli ehtiyatlarından optimal istifadə öhdəliyinə sadiq qalıb. "Çıraq" neft layihəsinin tikinti işlərinə 9 milyon adam - iş saatı sərf olunacaq ki, bu işlərin də 90 faizi Azərbaycanda yerinə yetiriləcək. Həmin işlərin 80 faizi Azərbaycanın yerli işçi qüvvəsi tərəfindən həyata keçiriləcək. Bundan əlavə, müqavilələri imzalamış şirkətlərə yerli subpodratçılardan maksimum istifadə etmək tövsiyə olunur və bunun nəticəsində də "Çıraq" neft layihəsi üzrə ümumi xərclərin 30 faizindən çox hissəsinin Azərbaycanda sərf ediləcəyi gözlənilir.
Qalan əsas podratçı müqavilələrin verilməsi hazırda yekunlaşmaq üzrədir. Həmin müqavilələr isə sualtı boru kəmərinin inşası və dalğıc işləri, habelə boru kəmərlərinin örtüklənməsi kimi mühüm işləri əhatə edir.
İyunun 21-də "Çıraq" layihəsi üzrə mühüm bir iş başa çatdırıldı. Belə ki, layihənin birinci əsas dəniz qurğusu olan öncəqazma tavası və 4 istiqamətləndirici paya təhlükəsiz şəkildə dənizin dibində quraşdırıldı. Bu işlər layihənin tələblərinə cavab vermək üçün modernləşdirilmiş "Azərbaycan" kran barjı vasitəsilə həyata keçirildi. Dayaq tavası dəqiq şəkildə əvvəlcədən qazılmış quyu ağzının üzərində quraşdırıldı və ağırlığı yayan iri dənizdibi plitələrin üzərinə oturduldu. Xatırladaq ki, bu dayaq tavası layihə infrastrukturunun əsas komponentlərindən biridir və 2012-ci ildə platformanın dayaq blokunun quraşdırılacağı vaxtadək geniş öncəqazma işləri üçün bünövrə rolunu oynayacaq. Çəkisi 218 ton olan həmin konstruksiya bu günədək inşa edilmiş "Azəri-Çıraq-Günəşli" öncəqazma tavalarından ən böyüyüdür və əvvəlki 12 şaxtalı bütün dayaq tavaları ilə müqayisədə onun daha çox - 20 qazma şaxtası vardır. İyul ayında platformanın üst modullarının və qazma qurğusunun tikintisinə başlanmışdır. Ötən ay isə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun tikinti meydançasında çəkisi 18 min ton olan dayaq blokunun inşasına start verilmişdir. Artıq ilk iri avadanlıqlar Azfen-Tekfen-Amek alyansının üst modullarının tikintisi sahəsinə gətirilmiş və hazırda işlər davam etdirilir.
"Çıraq" neft layihəsi çərçivəsində öncəqazma proqramına bu ilin ikinci rübündə "İstiqlal" qazma qurğusu ilə başlanmışdır. Dayaq tavası dənizdə quraşdırıldıqdan sonra isə "Dədə Qorqud" qazma qurğusu "Dərinsulu Günəşli"dən "Çıraq" sahəsinə keçirilmiş və bu ilin üçüncü rübündən etibarən qazma işləri davam etdirilmişdir. Artıq ilk quyunun qazıntısı uğurla tamamlanmışdır. Hazırda 16 quyudan ibarət qazma proqramı çərçivəsində ikinci quyuda qazma işləri aparılır.
Azərbaycan neftini dünya bazarına daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin fəaliyyəti də getdikcə genişlənir. Cari ilin doqquz ayı ərzində Bakı-Tbilisi-Ceyhan üzrə əsaslı xərclərə 20,1 milyon dollar sərf olunmuşdur. Artıq kəmərin gündəlik ötürmə gücü 1,2 milyon barrelə çatdırılmışdır. Yanvar-sentyabr aylarında adı çəkilən kəmərlə 28,6 milyon ton xam neft nəql olunmuşdur.Yeri gəlmişkən, 2006-cı il iyun ayının 4-də ilk tankerin Ceyhan limanından yola salınmasından 2010-cu il noyabrın sonunadək kəmər vasitəsilə nəql edilmiş 142,4 milyon ton xam neft 1354 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir. Daha bir maraqlı fakt ondan ibarətdir ki, cari il iyulun 21-də kəmərlə 1 milyon 57 min barrel neft nəql olunmuşdur ki, bu da indiyədək ən yüksək gündəlik ötürmə gücü deməkdir. Hazırda "Azəri-Çıraq-Günəşli" layihəsi üzrə neftin və "Şahdəniz" yatağından hasil edilən kondensatın nəqlini həyata keçirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə cari ilin iyul ayında yeni saziş imzalandıqdan sonra Türkmənistan nefti də nəql olunur. Bundan əlavə, Bakı-Tbilisi-Ceyhan kəməri ilə Qazaxıstandakı "Tengiz" yatağından neft həcmlərini daşımaq haqqında sazişlər də mövcuddur. Bu isə kəmərin rentabelliyinin tam təmin olunmasını və uzunmüddətli fəaliyyətini təsdiqləyir.
{nl}
Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.