Aqrar bölmənin inkişaf etdirilməsi ölkədə ərzaq bolluğunun yaradılmasına etibarlı təminatdır

Son illər Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər bütün digər sahələr kimi aqrar bölmənin də inkişafı üçün əlverişli imkanlar yaradıb. Hazırda əhalisinin təqribən yarısı bölgələrdə yaşayan Azərbaycanda aqrar sahənin böhrandan çıxarılması, daxili bazarın kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsi mühüm əhəmiyyət kəsb edir. Məhz bunun nəticəsidir ki, kənd təsərrüfatı getdikcə ölkə iqtisadiyyatının prioritet sahələrindən birinə  çevrilməkdədir.

Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev son illər ölkəmizdə aqrar bölmənin inkişaf etdirilməsinə göstərilən dövlət dəstəyi və onun müsbət nəticələri barədə söhbət açarkən demişdir: “Kənd təsərrüfatı 2,4 faiz artıbdır və əminəm ki, daha da artacaq. Çünki kənd təsərrüfatı sahəsində apardığımız işlər yaxın gələcəkdə daha da böyük həcmdə nəticə verəcəkdir... Kənd təsərrüfatı sahəsində artıq dönüş yaranıb. Müxtəlif sahələr üzrə konkret proqramlar, layihələr icra edilib, böyük vəsait, texnika ayrılıb. Subsidiyalarda düzəlişlər edilir. İndi subsidiyalar fermerləri stimullaşdıracaq. Bu il bu sahədə bir sınaq ili idi. Əminəm ki, yaxşı nəticələr olacaq”.

Məlum olduğu kimi, Prezident İlham Əliyev tərəfindən 2008-ci ilin avqust ayında qəbul olunmuş ərzaq təhlükəsizliyi ilə bağlı Dövlət Proqramı ölkəmizdə aqrar bölməsinin  dirçəldilməsində mühüm rol oynamışdır. Məhz ötən müddətdə proqramın icrası ilə bağlı həyata keçirilmiş mühüm tədbirlər nəticəsində kənd təsərrüfatında əhəmiyyətli artım baş verib,  yerli istehsal hesabına daxili bazarda məhsul  bolluğu yaradılıb. Bu da qeyd etdiyimiz kimi, ölkəmizin ərzaq təhlükəsizliyinin təminatına, daxili tələbatın yerli istehsal hesabına ödənilməsinə mühüm töhfələr verib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ilin on bir ayında ölkənin aqrar bölməsində faktiki qiymətlərlə 5 milyard 305,2 milyon manatlıq məhsul istehsal olunub ki, bu da əvvəlki ilin eyni dövründəkindən 2,3 faiz çoxdur. Ümumi istehsalın 2 milyard 793,1 milyon manatı heyvandarlıq, 2 milyard 512,1 milyon manatı isə bitkiçilik məhsullarının payına düşmüşdür. Hesabat dövründə ölkə üzrə bitkiçilik məhsulları 2,1 faiz, heyvandarlıq məhsulları isə 2,5 faiz artıb.

Ölkədə kənd təsərrüfatı bitkilərinin yığımı başa çatmaq üzrədir. Cari ilin on bir ayında Azərbaycanda qarğıdalı da nəzərə alınmaqla 3 milyon 60,1 min ton taxıl məhsulu toplanıb. Bu isə əvvəlki illə müqayisədə 63,4 min ton çoxdur. Aqrar sahədə istehsalçı marağının artırılması, fermerlərin zəruri maşın və mexanizmlərlə vaxtında təmin edilməsinin nəticəsidir ki, son illər bitkiçilik sahəsində orta məhsuldarlıq getdikcə artır. Bu  ilin ötən on bir ayında  taxılçılıq sahəsində hektarın orta məhsuldarlığı 30,7 faiz təşkil edib.

Mövsüm ərzində sahələrdən 880,2 min ton kartof, 1 milyon 235,4 min ton tərəvəz və 464,5 min ton bostan məhsulları toplanıb.  Əvvəlki ilin müvafiq dövrünə nisbətən ölkədə kartof istehsalı 48,7 min ton artıb, tərəvəz və bostan məhsullarının istehsalında isə bir qədər azalma qeydə alınıb. Bu ilin ötən dövründə ölkə üzrə 7,1 min hektar sahədə emal üçün şəkər çuğunduru əkilib və həmin sahələrdən indiyədək 283,5 min ton məhsul götürülüb. Yanvar-noyabr aylarında Azərbaycanda 876,2  min ton meyvə və giləmeyvə, 134,4 min ton üzüm istehsal olunub, sahələrdən 1002,1 ton çay yarpağı və 3594 ton tütün yarpağı yığılıb.

Yeri gəlmişkən, son illər bitkiçilikdə əldə olunmuş artım dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsidir. Xatırladaq ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda bitkiçilik sahəsində daha yüksək uğurlara nail olmaq məqsədilə konkret tövsiyə və tapşırıqlar vermişdi.  Bu baxımdan pambıqçılıqla daha ciddi məşğul olmağın vacibliyini vurğulayan dövlət başçısı qeyd etmişdi ki, bu yolla həm insanları işə cəlb etmək mümkün olacaq, həm də ölkəyə əlavə valyuta gətirmək imkanı yaranacaq. Dövlət başçısının müvafiq tapşırığının icrası olaraq cari ildə ölkə üzrə 52 min 57,7 hektar sahədə pambıq əkilib ki, bu da 2015-ci illə müqayisədə 2,8 dəfə çoxdur. Ölkəmizdə pambıqçılığın inkişafı kənd təsərrüfatının prioritet sahələrindən olduğundan pambığın becərilməsində texnoloji əməliyyatların yerinə yetirilməsinə diqqət artırılır. Cari ilin ötən dövründə bu məqsədilə  41 adda 1313 ədəd müxtəlif kənd təsərrüfatı texnikası alınıb. 40 ədəd traktor, 54 ədəd kotan, 48 ədəd riper, 162 ədəd pnevmatik və 74 mexaniki çiyidsəpən maşın, 119 ədəd mala, 184 ədəd kultivator, 94 ədəd gübrəsəpən maşın, 149 ədəd çiləyici, 183 ədəd traktor qoşqusu və başqa yeni texnika fermer təsərrüfatlarının istifadəsinə verilib. Bu il  pambıq əkini həyata keçirilən Sabirabad, Saatlı, İmişli, Bərdə, Ağcabədi, Biləsuvar, Beyləqan, Salyan, Ağdaş, Ağsu və Neftçala rayonlarında  bol məhsul yetişdirilib. Dövlət başçısının kənd təsərrüfatının bu strateji sahəsinə göstərdiyi diqqət və qayğıdan ruhlanan təsərrüfat sahibləri havaların əlverişsiz keçməsinə baxmayaraq, yetişdirdikləri məhsulu son qozasınadək yığmağa səy göstərirlər. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ilin dekabr ayının 19-dək ölkə üzrə 86 min 326,9 ton pambıq tədarük edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 51 min 134,9 ton və ya 2,5 dəfə çoxdur.

Yeri gəlmişkən, ölkəmizdə əkin sahələrinin məhsuldarlığını artırmaq məqsədilə mütəmadi olaraq bir sıra dövlət sənədləri qəbul olunur. Bu baxımdan Prezident İlham Əliyevin “Toxumçuluğun inkişaf etdirilməsi ilə bağlı tədbirlər haqqında” 4 iyul 2016-cı il tarixli sərəncamı xüsusi əhəmiyyət kəsb edir. Sərəncama əsasən, ölkədə yüksək keyfiyyətli məhsuldar bitki sortlarının toxumlarına olan ehtiyacı ödəmək, toxumluq məhsulların istehsalını artırmaq, bitki sortlarının toxumlarının təmizlənməsini, qablaşdırılmasını, etiketləşdirilməsini və saxlanılmasını təmin etmək məqsədilə müxtəlif bitki sortlarının toxumlarının istehsalı və saxlanılması üzrə ixtisaslaşmış müəssisələrin tikintisi, maşın və avadanlıqla təmin olunması üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 12 milyon manat vəsait ayrılıb.

Hazırda təsərrüfatlarda 2017-ci ilin məhsulu üçün işlər uğurla davam etdirilir. Əlverişsiz hava şəraitinə baxmayaraq, təmiz herik şumu daxil olmaqla cari ilin payızlıq əkinləri üçün 993,5 min hektar sahədə şum qaldırılıb. Ötən dövrdə növbəti ilin məhsulu üçün 801 min hektar sahədə dən üçün payızlıq toxumlar səpilib ki, bunun da 524,1 min hektarı buğda, 276,7 min hektarı isə arpa əkinləridir.

İlin əvvəlindən kənd təsərrüfatının ikinci mühüm sahəsi sayılan heyvandarlığın inkişaf etdirilməsi üçün də sıra vacib işlər görülüb. Ötən dövrdə sürünün cins tərkibinin yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlər  heyvanların məhsuldarlığının yüksəlməsinə və mal-qaranın baş sayının, xüsusən də bu sahədə məhsul istehsalının artmasına səbəb olub. Belə ki, 2016-cı ilin yanvar-noyabr aylarında ölkə üzrə diri çəkidə 435,6 min ton mal-qara və quş əti, 1 milyon 833 min ton süd, 1 milyard 470,6 milyon ədəd yumurta və 16,5 min ton yun istehsal edilib. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə  ölkə üzrə ət istehsalı 1,6 faiz, süd istehsalı 3,1 faiz, yumurta istehsalı 4,8 faiz artıb, yun istehsalı isə 1,6 faiz azalıb.

Bütün bunlarla yanaşı, Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi üçün böyük potensial vardır. Son zamanlar Prezident İlham Əliyev ölkənin bu sahədəki potensialından səmərəli istifadə olunması, daxili bazarın ərzaq məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsinin səviyyəsini yüksəltmək üçün ciddi tapşırıqlar verir, bununla bağlı müvafiq sənədlər imzalayır. Təsadüfi deyil ki, Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində dövlət başçısı qarşıdakı illərdə kənd təsərrüfatı ilə bağlı prioritetləri bir daha bəyan edib və bu barədə aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.

Məlum olduğu kimi, aqrar sahədə keyfiyyətli məhsulun yetişdirilməsi və onun itkisiz yığılmasını təmin etmək üçün əsas vəzifələrdən biri istehsalçının zəruri kənd təsərrüfatı texnikası ilə təchizatının yaxşılaşdırılmasıdır. Bu ilin yanvar-avqust ayları ərzində “Aqrolizinq” ASC tərəfindən 791 hüquqi və fiziki şəxsə güzəştli lizinq şərti ilə 1991 ədəd kənd təsərrüfatı texnikası verilib. Bundan əlavə, həmin dövrdə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaiti hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ölkənin 28 rayonunda fəaliyyət göstərən 97 kənd təsərrüfatı məhsulları istehsalçısına 6 milyon 851,4 min manat həcmində güzəştli kredit verilib. Həmin vəsaitin 68,3 faizi heyvandarlıq, 2,6 faizi tərəvəzçilik və 4,4 faizi isə balıqçılıq sahələrinə ayrılıb. Eyni zamanda, Dövlət Xidməti tərəfindən beynəlxalq təşkilatlarla birgə icra olunan layihələr çərçivəsində 29 sahibkara 8415 min manat kredit verilib. Yeri gəlmişkən, son illərdə dövlətin güzəştli kreditləri hesabına ölkədə 43 müasir quşçuluq və 25 heyvandarlıq kompleksi, 39 intensiv bağçılıq təsərrüfatı, 53 logistik mərkəz və 22 taxıl anbarı, 16 meyvə-tərəvəz, 9 süd və  8 ət emalı müəssisəsi, 28 çörək zavodu, 46 istixana kompleksi, 6 yem zavodu və digər müasir müəssisələr yaradılıb. Həmin müəssisələr aqrar sektorda dönüşün əldə olunmasına, ölkənin ixrac potensialının artmasına, idxaldan asılılığın azalmasına, bütövlükdə isə ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə səbəb olub. Elə ötən il əsas ərzaq məhsulları üzrə özünütəminat səviyyəsinin artması da bunu təsdiqləyir.

 Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi prioritet məsələ kimi getdikcə aktuallıq kəsb edir. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Bu baxımdan, dövlət başçısının respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı məqsədilə vaxtaşırı verdiyi tapşırıq və tövsiyələr, imzaladığı fərman və sərəncamlar, dövlət proqramları növbəti illərdə də Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsində müstəsna əhəmiyyət kəsb edəcək və qarşıya qoyulmuş vəzifələr uğurla icra olunacaqdır. Elə ötən il dövlət başçısı İlham Əliyev tərəfindən  bu məqsədlə imzalanmış fərmanların praktik nəticələri də artıq aydın hiss olunur.

Son zamanlar aqrar sahənin inkişaf perspektivlərinə toxunan Prezident İlham Əliyevin verdiyi tövsiyə və tapşırıqlardan biri də Azərbaycanda ixracyönümlü kənd təsərrüfatı məhsullarının istehsalına nail olmaqdan ibarətdir. Təsadüfi deyil ki, dövlət başçısı 2016-cı il oktyabrın 20-də Qazaxda “Birinci Şıxlı” kəndli fermer təsərrüfatının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdəki çıxışında demişdir: “Biz nəinki regionda, dünya miqyasında kənd təsərrüfatı məhsullarını ixrac edən çox önəmli ölkəyə çevriləcəyik. Bunun üçün bütün imkanlar var. Dövlət siyasəti aparılır. Fermerlərə dəstək göstərilir, subsidiyalar ödənilir, gübrələr, yanacaq güzəştlərlə verilir. Dövlət investisiyaları qoyulur, texnikanın alınmasına aqrolizinq xətti ilə vəsait ayrılır”. Yeri gəlmişkən, 2016-cı ilin yanvar-avqust aylarında Azərbaycan 218 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulları ixrac etmişdir. Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nisbətən dəyər ifadəsində 28,8 faiz artmışdır. 

Azərbaycanın kənd təsərrüfatı sahəsində mövcud potensialın tam hərəkətə gətirilməsi ilə bağlı tədbirlərin intensivləşdirilməsini dəfələrlə bəyan edən Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkəmizdə aqrar bölmənin prioritet sahələrinin və ənənəvi əkinçilik növlərinin inkişafı ilə bağlı konkret tapşırıq və tövsiyələrini vermişdir. Dövlət başçısı Azərbaycanda pambıqçılığın, taxılçılığın, baramaçılığın, üzümçülüyün, çayçılığın tütünçülüyün və şəkər çuğundurunun istehsalının genişləndirilməsinin  əhəmiyyətindən danışarkən bunun məşğulluğun təmin edilməsinə, daxili bazarda bolluğun yaradılmasına və ölkəmizin ixrac imkanlarının artırılmasına mühüm töhfələr verəcəyinə əminliyini ifadə etmişdir. Bununla yanaşı, heyvandarlığın inkişafı ilə bağlı qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi ölkənin ərzaq təhlükəsizliyinin təminatı, daxili bazarın idxaldan asılılığının azaldılması baxımından olduqca mühüm əhəmiyyət kəsb edir.

Göründüyü kimi,  Azərbaycan iqtisadiyyatının prioritet sahələrindən  olan kənd təsərrüfatının inkişaf etdirilməsinə dövlət tərəfindən göstərilən diqqət və qayğı ildən-ilə artır. Kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı görülən tədbirlər öz müsbət nəticəsini verir. Onu da qeyd etmək lazımdır ki, kənd təsərrüfatı ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün əsas sahələrdən biridir. Eyni zamanda, ölkə əhalisinin təqribən yarısının bölgələrdə yaşadığını nəzərə alsaq, deyə bilərik ki, bu sahə yeni təşəbbüslərin icra edilməsi, xüsusən də məşğulluğun təmin edilməsi üçün son dərəcə vacib və gərəkli bir sahədir. Təsadüfi deyil ki, Azərbaycanda  əhalinin sayının hər il təqribən 100 min nəfər artdığını vurğulayan Prezident İlham Əliyev ölkədə iş yerlərinin yaradılması ilə daim məşğul olmağın vacibliyini diqqətə çatdırmış, kənd təsərrüfatının bu məsələdə xüsusi yer tutduğunu bəyan etmişdir.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında