Strateji Yol Xəritəsində informasiya texnologiyalarının inkişafı mühüm yer tutur

“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsi”nin  respubilka Prezidenti  tərəfindən təsdiq  edilməsi  inkişafımızın əsas hədəflərini müəyyənləşdirmişdir. Dünya bazarında  neftin qiymətinin aşağı düşdüyü bir vaxtda ölkəmizdə bu  islahatların aparılmasına  böyük ehtiyac yaranmışdır. Həmin  islahatların  informasiya  cəmiyyəti  quruculuğu  yolunda da əsas addımlardan  biri olacağı şübhəsizdir.  Bu mənada  adıçəkilən  yol xəritəsində telekommunikasiya və  informasiya texnologiyalarının  iqtisadiyyatın əsas  sektorlarından  biri kimi  nəzərdə tutulması təsadüfi deyil.

Ölkəmizdə  informasiya cəmiyyətinin bərqərar olması üçün zəruri struktur islahatları aparılmış, müvafiq qanunvericilik bazası və texniki infrastruktur formalaşdırılmış, əlverişli investisiya mühiti yaradılmışdır. “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”nın da hədəfi məhz informasiyalaşdırma, informasiya iqtisadiyyatının formalaşdırılması, yeni e-xidmətlər, dünya bazarına inteqrasiya, rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsidir.

Yeni  sənəddə elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənməsi, davamlı iqtisadi inkişafın təmin edilməsi, biliklər iqtisadiyyatının formalaşdırılması məqsədi ilə innovasiya fəaliyyətinin genişləndirilməsi əsas istiqamətlərdəndir. Ölkə Prezidentinin  diqqət və  qayğısı nəticəsində bu sahədə həyata keçirilən davamlı tədbirlər nəticəsində İKT sektorunda sürətli və dayanıqlı inkişafa nail olunmuşdur. 

Hazırda  inkişafımızın  əsas dayaqlarından biri olan informasiya və kommunikasiya texnologiyaları yüksək artım tempinə malik yeni iqtisadi sektor kimi müasir və çoxtəyinatlı infrastruktur, habelə hərtərəfli sosial-iqtisadi tərəqqinin aparıcı qüvvəsinə çevrilməkdədir.

İndi ölkəmizdə yüksək keyfiyyətli internet və mobil rabitə infrastrukturu formalaşdırılmış, vətəndaşların informasiya hüquqları təmin edilmiş, paytaxtla bölgələr arasında rəqəmsal fərqlər aradan qaldırılmışbır. “2014-2016-cı illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və “elektron hökumət”in inkişafına dair Dövlət Proqramı” uğurla  həyata  keçirilmişdir.  Elektron hökumət və onun e-elm, e-təhsil, e-vergi, e-gömrük və s. seqmentləri, eləcə də e-biznes, e-vətəndaş sektorları formalaşdırılmışdır.  Bütün bunlar  gələcəkdə bu sahənin inkişafı  üçün etibarlı və əhəmiyyətli bazadır.

Bu gün  beynəlxalq təşkilatlar Azərbaycanda İKT-nin  inkişaf sürətini yüksək qiymətləndirirlər. Onların illik qiymətləndirmələrinə əsasən, Azərbaycan şəbəkə, e-hökumət , insan inkişafı, internet azadlığı, telekommunikasiya infrastrukturunun inkişaf indeksləri kimi göstəricilərə görə dünyada qabaqcıl yerlərdən birini tutur. Bu da İKT sahəsində  həyata keçirilən uğurlu siyasətin nəticəsi, sözügedən sektorun milli iqtisadiyyatın aparıcı  və dinamik inkişaf edən  sektoruna çevrilməsinin bariz ifadəsidir.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın akademik-katibi  Rasim Əliquliyev İKT-nin inkişafı ilə bağlı bildirmişdir ki, informasiyanın qeyd olunması, saxlanması, emalı, nəqli və paylanması imkanları artdıqca informasiya cəmiyyəti və onun iqtisadi sferası daha sürətlə inkişaf edir. O cümlədən Big Data, Cloud Computing, Internet of Things (IoT), robototexnika kimi sahələr böyük iqtisadi perspektivlər vəd edir. Bu sahənin inkişafı üçün, ilk növbədə, müvafiq elmi-tədqiqatların gücləndirilməsinə, yeni iqtisadiyyatın xüsusiyyətlərinin, qanunauyğunluqlarının və beynəlxalq təcrübənin öyrənilməsinə ehtiyac var.  Ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunması vəzifələrinə virtual məkanda Azərbaycanın iqtisadi maraqlarının qorunması da daxil edilməli, bu məqsədlə adekvat tədbirlər görülməlidir.

Son illər ölkəmizdə innovasiyalı iqtisadiyyatın yaradılması, iqtisadiyyatda İKT-nin rolunun artırılması üçün çoxşaxəli tədbirlər həyata keçirilmişdir. Dövlət başçısının  sərəncamı ilə  Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nəzdində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaradılmışdır. Fond ölkədə İKT məhsullarının istehsalının stimullaşdırılmasını, orta və kiçik sahibkarlara uzunmüddətli və az faizli kreditlər verilməsini həyata keçirir.

Strateji  Yol  Xəritəsində telekommunikasiya və informasiya  texnologiyalarının  strategiyanın  əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi  inkişafda olan  bu sahənin daha da  təkmilləşməsinə imkan  yaradacaqdır.

M. MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında