Azərbaycanı sosial rifah cəmiyyətinə yaxınlaşdıran milli iqtisadi inkişaf strategiyası

Ümummilli lider Heydər Əliyevin ­radikal iqtisadi islahatlar strategiyası ­Prezident İlham Əliyevin iqtisadi ­inkişafın ­diversifikasiyası əsasında Azərbaycanda hərtərəfli inkişaf etmiş dövlət sistеmi quruculuğu xəttinin fundamental əsasıdır. Belə yüksələn xətlə inkişaf edən iqtisadi bazis cəmiyyətin transformasiyasının əsasını təşkil edir, ölkənin qlobal üfüqlərə çıxışı üçün zəmin yaradır.

Azərbaycan Prezidenti İlham Əliyev bu il dekabrın 6-da ölkənin perspektiv inkişaf hədəflərini və istiqamətlərini müəyyənləşdirmək, onların reallaşdırılmasını təmin etmək məqsədilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” 2016-cı il 16 mart tarixli sərəncama uyğun olaraq müvafiq strateji yol xəritələrini təsdiq edib.

XXI əsrin astanasında Azərbaycan Respublikasının müstəqil inkişaf yoluna qədəm qoyması ölkəmizin gələcək sosial-iqtisadi təkamülündə dönüş nöqtəsi oldu və bu təkamül prosesində taleyüklü dəyişikliklərin meydana gəlməsinə yol açdı. Dünyada gedən qloballaşma prosesləri eninə və dərininə inkişaf etdikcə din, mədəniyyət və tarixi ənənələrdə mövcud olan fərqlərə baxmarayaq, ölkələrin və xalqların bir-birindən qarşılıqlı asılılığını getdikcə artırır. Bu proseslər xalqların və bütövlükdə, sivilizasiyanın taleyini həlledici dərəcədə müəyyən edir.

 İqtisadi, siyasi və mədəni proseslərdə özünü göstərən bu irimiqyaslı təmayül iqtisadi qloballaşmada daha böyük sıçrayışla gedir və digər prosesləri də öz arxasınca aparır. Təsadüfi deyil ki, artıq dünyada siyasət getdikcə daha çox iqtisadiləşir. İqtisadi qloballaşma isə iqtisadiyyatın yalnız beynəlmiləlləşməsi demək deyil, həm də bu prosesin yeni və yüksək mərhələsidir.

Ona görə də ictimai inkişafın müasir qanunauyğunluqları getdikcə iqtisadi proseslərə daha çox qlobal yanaşma tələb edir. Çünki bu və ya digər ölkədə gedən daxili proseslər, özünün fərqləndirici cəhətlərinə baxmayaraq, özü-özlüyündə, təcrid olunmuş şəkildə inkişaf edə bilməz. Müstəqillik əldə etmiş ölkələrin dünya bazarına inteqrasiyası və onların iqtisadi inkişaf prosesləri arasındakı qarşılıqlı əlaqənin və asılılığın düzgün qurulması qloballaşma dövründə xüsusi aktuallıq kəsb edir.

Gənc ölkələrdə iqtisadiyyatın modernləşdirilməsi vəzifələrindən biri sovet dövründə uzun müddət qapalı şəraitdə mövcud olmuş təsərrüfatın struktur cəhətdən yenidən qurulmasıdır. Bu proses isə iqtisadiyyatın öz məhsullarını daxili və xarici bazarlarda müvəffəqiyyətlə sata bilən sahələrinin üstün inkişafını nəzərdə tutur. Dünya birliyi ilə inteqrasiya strategiyası mövcud resursların və qüvvələrin, hər şeydən əvvəl, istehsalının uduşlu sahələrinə yönəldilməsini tələb edir. Bu zaman investisiyanın strukturunu dəyişdirməklə zəif iqtisadi səmərə verən məhsul istehsalından imtina edərək səmərəli inkişaf modelinin seçilməsi ölkənin inkişaf perspektivi üçün müstəsna əhəmiyyət kəsb edir.

Dünya dövlətlərinin təcrübəsindən yaxşı məlumdur ki, ölkənin seçdiyi yol beynəlxalq əmək bölgüsünün üstünlükləri ilə uzlaşdırılmadıqda orada istehsal özünün aşağı səmərəliliyi və zəif inkişafı ilə xarakterizə edilir. Qloballaşma dövrünün çağırışlarına uyğun olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin inamla həyata keçirdiyi iqtisadi inkşafın diversifikasiyası əsasında qlobal proseslərə sürətli və səmərəli inteqrasiya strategiyası ölkəyə böyük uğurlar gətirir. Bu strategiya yüksələn xətlə inkişaf etdirilir. Dövlət başçısı bildirir ki, Azərbaycanda neft dövrü artıq bitib və ölkənin sabahı qeyri-neft iqtisadiyyatının inkişafı ilə bilavasitə bağlıdır.

Neft-qaz gəlirlərinin azalması başqa dövlətlər kimi, Azərbaycan iqtisadiyyatına da mənfi təsir edib. Təbii ki, hökumət qənaət rejiminə keçib, ikinci planda olan bir sıra layihələrin icrası dayandırılıb. Bununla yanaşı, ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən məsələlərin həlli davam etdirilir, əhalinin sosial təminatında hər hansı problem yaranmayıb.

Yeni şəraitdə Prezident İlham Əliyev dərin iqtisadi islahatların həyata keçirilməsini bəyan edib. Bu xəttə uyğun olaraq, gəlirlərin neft-qazdan asılılığının tədricən azaldılmasına əsaslanan yeni iqtisadi siyasət gerçəkləşdirilir. Yeni strategiyada Azərbaycan üçün 3 sektorun inkişaf etdirilməsi prioritet hesab edilir: beynəlxalq nəqliyyat-tranzit şəbəkəsinin formalaşdırılması; torpaqların səmərəli istifadəsi, kənd təsərrüfatının inkişaf etdirilməsi, bu sahədə ixrac potensialının yüksəldilməsi; turizm sektorunun inkişafı.

Son illərdə Azərbaycanın turizm sektoruna böyük investisiyalar yatırılıb. Yüzlərlə müxtəlif səviyyəli otel, onlarla istirahət mərkəzi tikilib. Üstün texnologiya və rabitə sahəsində də ciddi inkişaf var. Azərbaycan artıq fəzaya iki süni peyk çıxarıb. Ölkəmiz bu sahəni daha da inkişaf etdirməyə səy göstərir.

 “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətlərində” deyilir ki, bu tədbir Azərbaycanda davamlı inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin və sosial rifahın daha da artırılmasını təmin edəcək. Bu strateji xətt “qlobal çağırışlara cavab verərək investisiyaların cəlbi, azad rəqabət mühiti, bazarlara çıxış və insan kapitalının inkişafı nəticəsində Azərbaycanın dünya iqtisadiyyatında mövqeyini gücləndirəcək, respublikamız yüksək gəlirli ölkələr qrupuna daxil olacaq”. “Strateji yol xəritəsi”ndə dörd ciddi hədəf nəzərdə tutulur və həmin məqsədlərə çatmaq üçün yollar göstərilir.

Birinci strateji hədəf  “Fiskal dayanıqlılığın gücləndirilməsi və davamlı monetar siyasətin qəbul edilməsi” adlanır. Bu hədəfə çatmaq məqsədilə neft gəlirlərinin dövlət büdcəsinə köçürülməsini tənzimləyən “qızıl qayda”nın qəbul edilməsi, xərc-investisiya intizamının yaradılması üçün ­etibarlı mexanizm yaradılması və səmərəli pul siyasəti rejiminin tətbiqi nəzərdə tutulur. Bu strateji hədəfin reallaşdırılması üçün tam üzən məzənnə rejiminin tətbiqinin vacibliyi qeyd olunur. Sənədə görə, 2017-ci ildə bu rejim tam tətbiq edilməlidir. Manat həqiqi dəyərini tapana qədər bu tədbirin davam etdiriləcəyi nəzərdə tutulur.

İkinci strateji hədəf “özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların həyata keçirilməsi” hesab edilir. Bu hədəfə çatmaq üçün bir neçə istiqamətdə tədbirlər həyata keçirilməlidir. Məsələn, ­iqtisadiyyatda dövlət ­sektorunun rolunun səmərəliliyinin artırılmasına dair ümumi yanaşma koordinasiya edilməli, özəlləşdirmə gündəliyinin uğurlu icrası və prioritetliyi təmin olunmalıdır.

Bundan başqa, kommunal xidmətlər sahəsində səmərəliliyin və keyfiyyət səviyyəsinin təmin edilməsi məqsədilə özəl sektorun iştirakı nəzərdən keçirilə bilər. İkinci hədəfi reallaşdırmaq məqsədilə özəlləşdirmə və birbaşa xarici investisiyalar üçün uyğun iş adamlarının cəlb olunması da təmin edilməlidir.

Üçüncü strateji hədəf  “insan kapitalının inkişaf etdirilməsi”dir. Belə ki, sənəddə təhsilin ­bütün pillələrində keyfiyyətin yüksəldilməsi mühüm amil hesab edilir. Burada xüsusi vurğulanır ki, məktəbəqədər təhsillə əhatə olunma səviyyəsi yüksəldilməli, təlim-tərbiyə texnologiyaları təkmilləşdirilməli, təmayülləşmə inkişaf etdirilməlidir. Peşə və orta ixtisas təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılması qarşıya bir məqsəd kimi qoyulur. “İnsan kapitalının inkişaf etdirilməsi” sahəsində rəqabət qurumunun yaradılması planlaşdırılır.

Dördüncü strateji hədəf “əlverişli biznes mühitinin inkişaf etdirilməsi”dir. Bu hədəfə çatmaq üçün əlverişli biznes mühitinin yaradılmasında hökumətin aparıcı rolu artırılmalı, azad rəqabət mühiti inkişaf etdirilməlidir. Səmərəli vergi sisteminin tətbiqi, dövlət xidmətlərinin çevikliyinin və səmərəliliyinin artırılması, azad ticarət sazişlərinin bağlanması bu hədəfə çatmağın mühüm yollarıdır. Biznes mühitinin yaxşılaşdırılması məqsədilə ABŞ, Avstriya, Latviya, Litva, Macarıstan, Çexiya və başqa ölkələrin təcrübələrinə uyğun olaraq, Azərbaycanda müstəqil fəaliyyət göstərən rəqabət orqanının yaradılması nəzərdən keçiriləcək. Beynəlxalq təcrübəyə uyğun Rəqabət Məcəlləsinin qəbulu da nəzərdə tutulur.

Sərəncamda dünya birliyi ilə səmərəli inteqrasiyasını təmin etmək üçün prioritet olan 8 sektorun aşağıdakı məqsədlərlə strateji yol xəritəsinin hazırlanması nəzərdə tutulur: ixracda rəqabətliliyin və birbaşa xarici investisiyaların (BXİ) artırılması; daxili bazar üçün vacib olan sektorlarda səmərəliliyin yüksəldilməsi və idxalın yerli istehsalla əvəzlənməsi; iqtisadi artımın dayanıqlığının təmin olunması; sosial rifah və inklüzivliyin sosial sektorlara investisiyalar yolu ilə artırılması (məsələn, uyğun qiymətə mənzillər və peşə təlimləri); əsas sektorları ən yaxşı formada dəstəkləmək məqsədilə 3 iqtisadi infrastruktur sektorunun fiziki, maliyyə və texnoloji komponentlərinin optimallaşdırılması üçün yol xəritəsinin hazırlanması.

Bunlardan əlavə, sərəncamda milli iqtisadiyyatın ümumi hədəflərə nail olunması məqsədilə: bir il üçün təfsilatlı yol xəritəsini; 2016–2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını; 2025-ci il üçün uzunmüddətli baxışı; nəhayət, 2025-ci ildən sonrakı hədəf baxışını müəyyən etmək üçün sektorlara xas olan perspektivlərin birləşdirilməsi tapşırıqları verilib. Milli iqtisadiyyatın əsas məqsədləri isə aşağıdakılardan ibarətdir: gəlir səviyyəsini və məşğulluğu artırmaq; iqtisadiyyatın qeyri-neft sahələrinin diversifikasiyasını təmin etmək; bütün iqtisadiyyatda səmərəliyi və rəqabətliyi artırmaq; cari hesab balansını davamlı şəkildə yaxşılaşdırmaq.

Digər sektorların inkişafına dəstək məqsədilə iqtisadi infra­strukturun – telekommunikasiya, maliyyə xidmətləri və kommunal xidmətlərin (elektrik, su və s.) optimallaşdırılması nəzərdə tutulur. Daxili bazarlarda səmərəliliyin artırılması və idxalın yerli istehsalla əvəzlənməsi mühüm hesab edilir.

Bu strategiya ­aşağıdakı istiqa­mətlərdə həyata keçiriləcəkdir: neft və qaz (kimya məhsulları daxil olmaqla); kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalı; kiçik və orta sahibkarlıq səviyyəsində istehlak malları istehsalı və digər istehsalat; logistika və ticarət; ağır sənaye və maşınqayırma; ixtisaslaşmış turizm və əyləncə. Azərbaycanın milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsində müəyyən edilmiş strateji hədəflərə nail olmaqdan ötrü 27 milyard manat həcmində investisiya proqnozlaşdırılır.

Beləliklə, qloballaşma və beynəlmiləlləşmə şəraitində Azərbaycanın dünya birliyi ilə fəal və səmərəli şəkildə inteqrasiya strategiyası qəbul edilib və uğurla həyata keçirilir. Elmi əsaslarla göstərilir ki, xarici iqtisadi əlaqələr milli iqtisadiyyatın səmərəliliyinin artırılması üçün mühüm amildir. Bu sistemin idarə olunması və tənzimlənməsində dövlətin, habelə ixracatçı və idxalatçıların mənafelərinin qorunması prioritet məsələ kimi ön plana çəkilib.

İxracatda ölkədə təbii ehtiyatlar sferasında mövcud olan təbii rəqabət üstünlüyündən maksimum istifadə edilməsi və qeyri-neft sektorunun diversifikasiyasının qlobal mühitdə daha da dərinləşdirilməsi sənəddə mühüm strateji hədəf hesab edilir. Təbii xammalın daha geniş və dərin emalı strateji hədəflərin önündə gələn məsələdir. İdxalatda investisiya təyinatlı mallarının xüsusi çəkisinin artırılması və istehlak mallarının payının azaldılması yol xəritəsində strateji hədəflərdən biridir. Yerli mallarla, xüsusən istehlak bazarında bilavasitə rəqabət vəziyyətində olan idxalın azaldılması və mütərəqqi texnologiyanın idxalının artırılması da mühüm strateji məqsəd sayılır.

Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi, yuxarıda qeyd olunanlardan da göründüyü kimi, postneft dövrünün yeni çağırışlarına uyğun olaraq hazırlanıb. Başqa sözlə, indiyədək iqtisadiyyatın diversifikasiyası istiqamətində reallaşdırılan islahatlar yeni bir sistemli baxış tələb edirdi ki, strateji yol xəritəsi də məhz bu məqsədlə hazırlanıb.

 İrimiqyaslı hədəflərə yönələn bu dövlət layihəsi milli iqtisadi perspektivi və müxtəlif sahələrə dair inkişaf istiqamətlərini özündə birləşdirən sənəd olmaqla hər bir aparıcı sektor üzrə strategiyanın müəyyənləşdirilməsinə şərait yaradır. Sənəd növbəti iqtisadi islahatların konkret və ardıcıl şəkildə gerçəkləşdirilməsini təmin edəcək.

Dünyamalı VƏLİYEV,
iqtisad üzrə elmlər doktoru,
AMEA Şərqşünaslıq İnstitutunun
Mərkəzi Asiya şöbəsinin müdiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında