Azərbaycanda investisiya siyasəti uğurla həyata keçirilir

Azərbaycan hökuməti iqtisadi siyasəti milli iqtisadiyyata təsir edən xarici və daxili iqtisadi amilləri, ortamüddətli proqnozları nəzərə almaqla həyata keçirir. Ona görə də hazırda respublikamızda qeyri-neft sektorunun inkişafı iqtisadi artımın başlıca mənbəyi kimi diqqət mərkəzində saxlanılır. Milli iqtisadiyyatın tərəqqisinə və ixracın şaxələndirilməsinə yönələn tədbirlər isə qeyri-neft sektorunda iqtisadi artıma müsbət təsir edir. Həmin tədbirlər sırasında  son illər investisiya siyasətinin diqqət mərkəzində saxlanılması mühüm önəm daşıyır.

Bu gün Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) xarici investorlara və tərəfdaşlara təqdim edilməsi məqsədilə xarici investisiyaların cəlbi üçün nəzərdə tutulan layihələrin sahibkarlıq subyektlərindən qəbuluna xüsusi əhəmiyyət verir. Bu zaman investisiya layihələrində əsas diqqət maliyyə baxımından əsaslandırılan və iqtisadi cəhətdən səmərəli olan, beynəlxalq standartlara uyğun gələn müəssisələrin yaradılmasına və həmin obyektlərdə ixracyönümlü və idxaləvəzləyici  məhsulların istehsal edilməsinə yetirilir.

Azərbaycanın xarici investisiya üçün cəlbedici olması təsadüfi deyil. Çünki respublikamızda əcnəbi investorların səmərəli fəaliyyəti məqsədi ilə hər cür şərait, xüsusilə mükəmməl qanunvericilik bazası yaradılıb, “açıq qapı” siyasəti prioritet istiqamət kimi qəbul edilib. Bundan başqa, son illərdə Azərbaycan hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması ilə bağlı 50-dən çox saziş imzalanıb. Avropa İttifaqının 23 üzv ölkəsi ilə respublikamız arasında ikiqat vergitutma aradan qaldırılıb.

Bu gün Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna investisiya qoyan xarici qurumlar arasında İslam İnkişaf Bankı və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası daha çox diqqət çəkir. Hər iki struktur ölkəmizdə bir sıra yeni layihələrdə fəal iştirak edir, qeyri-neft sahələrinin inkişafına maliyyə dəstəyi göstərir. İqtisadiyyat Nazirliyindən aldığımız məlumata görə, indiyədək İslam İnkişaf Bankı tərəfindən ölkəmizə iqtisadiyyatın müxtəlif sahələri üzrə 18 layihə çərçivəsində 1 milyard ABŞ dollarına yaxın vəsait ayrılıb. Bu layihələrin 14-ü başa çatıb, 4-ü isə davam edir. Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası tərəfindən isə indiyədək ölkəmizə kiçik və orta sahibkarlığın dəstəklənməsi ilə bağlı 14 layihə üzrə 130 milyon ABŞ dolları məbləğində investisiya yatırılıb.

Azərbaycana investisiya qoyuluşuna marağın getdikcə artması ölkəmizin siyasi cəhətdən sabit olması, milli, dini və irqi tolerantlığı baxımından seçilməsi ilə bağlıdır. Bununla yanaşı, respublika hökuməti tərəfindən həyata keçirilən iqtisadi siyasət, aparılan islahatlar nəticəsində ölkədə güclü iqtisadi potensial mövcuddur. Son 10 il ərzində iqtisadiyyatın 3 dəfə artması, müasir infrastruktur yaradılması, yüzlərlə müasir müəssisənin fəaliyyətə başlaması da bunun nəticəsidir. Yaradılan əlverişli biznes və investisiya mühiti, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, regionda əlverişli mövqeyə malik olan mühüm tranzit mərkəzi olması, insan kapitalının inkişafı da ölkəmizin investisiya qoyuluşu baxımından cəlbediciliyini artırır. Eyni zamanda, Azərbaycan beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirir. Ölkəmizin təşəbbüskarı olduğu transmilli layihələr bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. 

Yuxarıda sadalananlarla yanaşı, Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” Qanuna əsasən, investisiyanın təşviqi sənədini alan şəxslərdən, habelə fərdi sahibkarlardan ölkəyə idxal olunan texnika, texnoloji avadanlıq və qurğulara görə əlavə dəyər vergisi, habelə  gömrük rüsumu tutulmur. 2016-2020-cı illərdə Azərbaycanda istehsal olunan qeyri-neft məhsulları  ixracının təşviqi ilə əlaqədar malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 faizinin və mal mövqelərinə tətbiq olunacaq əmsallara uyğun dövlət büdcəsindən əlavə vəsaitin sahibkarlara ödənilməsi kimi tədbirlərin həyata keçirilməsi də investisiya strategiyasının nəinki  respublikamızın iqtisadi tərəqqisində xüsusi rola malik göstəricisidir, hətta bir model olaraq keçid iqtisadiyyatı ölkələrinin inkişafında nümunəyə çevrilir.

Yeri gəlmişkən, məhz bu cür əlverişli investisiya mühiti yaradılmasının nəticəsidir ki,  Dünya Bankı Azərbaycanla nəqliyyat, kənd təsərrüfatı, sosial, su təsərrüfatı və s. sahələrdə uğurlu əməkdaşlıq həyata keçirir. Adıçəkilən bank ilə birgə reallaşdırılan  bir sıra layihələr, o cümlədən “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi uğurla icra olunub, “Abşeron göllərinin bərpası” layihəsi üzrə isə Dünya Bankı və yerli mütəxəssislərlə birgə iş aparılır. Ümumilikdə, indiyədək Dünya Bankı ilə birgə 40 layihə icra olunub, 11 layihə üzrə işlər davam etdirilir.

Bu ilin əvvəlindən etibarən bir sıra Avropa və ABŞ-ın nüfuzlu şirkətlərinin ölkəmizdə nümayəndəliklərini açması da məhz Azərbaycanın xarici investisiya üçün cəlbedici olması ilə bağlıdır. Onların sırasında Almaniyanın “Sparkassen Advisory Services”, Böyük Britaniyanın “General Engineering ­Services and Supply Company LP”, ABŞ-ın “Tera International Group INC”, Estoniyanın “SKYBUS”, Birləşmiş Ərəb Əmirliklərinin “United Alliance Group LTD”, Fransanın “AIRBUS DsGeoSa”, Norveçin “EPİ limited” kimi şirkətlər var.

Xarici şirkətlərin daha çox maraq göstərdikləri sahələr qeyri-neft - sənaye, tikinti, nəqliyyat, ticarət, turizm və xidmət sektorlarıdır. Bunu ölkəmizin qeyri-neft sektorunun əsas sahələrindən olan qeyri-neft sənayesinin inkişafında önəmli rol oynayacaq texnoparkların tikintisində də görə bilərik. Belə ki, hazırda xarici investorlar Sumqayıt Kimya Sənaye, Balaxanı, Mingəçevir və Qaradağ sənaye parklarının yaradılmasında fəal iştirak edirlər. Məsələn, cari ilin aprel ayında İran nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində “Azərbaycan İnvestisiya Şirkəti” ASC, “Azərsun Holdinq” MMC və İranın “Darou Pakhsh” şirkəti arasında imzalanan Anlaşma Memorandumuna əsasən, Sumqayıt Kimya Sənaye Parkının ərazisində əczaçılıq məhsullarının istehsalı da həyata keçiriləcək. İlkin mərhələdə müəssisədə 50-dən çox adda dərman preparatının istehsalı nəzərdə tutulur. Növbəti mərhələdə istehsal genişləndirilməklə daha çox dərman vasitəsini əhatə edəcək. Bundan  başqa,  İsveçrənin beynəlxalq miqyaslı kimya şirkəti “SİKA” MMC  yaxın gələcəkdə sözügedən sənaye parkının ərazisində İsveçrə və Türkiyə texnologiyaları əsasında ildə 5 min ton tikinti kimyəvilərinin istehsalına başlayacaq. Dəyəri 5,3 milyon manat olan layihə çərçivəsində 60 nəfərin işlə təmin edilməsi nəzərdə tutulur. Layihənin özəlliyi ondan ibarətdir ki, tikinti materialları üçün qatqıların hazırlanması ilə bağlı istifadə olunan xammalı şirkət yeni tikiləcək zavodda istehsal edəcək. Xatırladaq ki, hazırda bu xammala olan tələbat bütünlükdə idxal hesabına ödənilir. İstehsal olunacaq məhsulların Azərbaycan bazarında satışı ilə yanaşı, xarici bazarlara, o cümlədən Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Gürcüstan və İran İslam Respublikasına ixrac edilməsi planlaşdırılır.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında