Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi qeyri-neft sektorunun yeni mərhələyə daxil olmasını sürətləndirəcək

Ölkə Prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi  təsdiq edilmişdir. Adıçəkilən xəritə maliyyə bazarlarında müşahidə edilən proseslərə çevik adaptasiya və postneft iqtisadi inkişaf modelinin dəstəklənməsi üçün maliyyə sektoru qarşısında duran yeni çağırışlar və imkanlar nəzərə alınmaqla hazırlanmışdır. Bu zaman maliyyə xidmətləri sektorunun çevikliyi, rəqabətqabiliyyətliliyi, innovativliyi və iqtisadi inkişafı dəstəkləməsi prinsipləri diqqət mərkəzində saxlanılmışdır.

Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək strateji baxış və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışdan ibarətdir. Burada müəyyən edilmiş məqsədlərə çatmaq üçün 2020-ci ilədək 5 strateji hədəf və 16 prioritet hazırlanmışdır.  

Əvvəlcə sözügedən yol xəritəsinin reallaşdırılması üçün nəzərdə tutulan   strateji hədəflərə diqqət yetirək. Həmin hədəflər sırasında dinamik və sağlam institutlardan ibarət maliyyə sisteminin formalaşdırılması mühüm vəzifə kimi qarşıya qoyulmuşdur. Bu, təsadüfi deyil. Çünki ötən ildən etibarən xarici iqtisadi gərginlik və milli valyutanın devalvasiyası şəraitində maliyyə sisteminin risk həssaslığı artmış və maliyyə göstəriciləri pisləşmişdir. Artan risklər fonunda bəzi maliyyə institutlarının dayanıqlı və uzunmüddətli hədəflərə yönələn biznes modeli və strategiyasının olmaması maliyyə sisteminin bazar şərtlərinə uyğunlaşmasını çətinləşdirmiş və maliyyə vasitəçiliyini məhdudlaşdırmışdır. Buna görə də yeni çağırışların həlli istiqamətində bankların restrukturizasiyası və kapitallaşması, aktivlərin sağlamlaşdırılması, sığorta bazarının inkişafı, maliyyə inklüzivliyinin gücləndirilməsi istiqamətində tədbirləri əks etdirən strateji hədəflər müəyyən edilmişdir.

Maliyyə bazarlarının inkişafı istiqamətində həyata keçirilən tədbirlər onunla bağlıdır ki, hazırda bu sahə ilə bağlı bazarlarda investor fəallığı məhduddur. Potensial investorların kapital bazarı haqqında məlumatları zəifdir. Belə şəraitdə isə ənənəvi təksahiblik düşüncə tərzi kimi amillər qiymətli kağızlar bazarının inkişafını ləngidir, iqtisadiyyatda maliyyə resurslarının qeyri-səmərəli bölüşdürülməsinə səbəb olur. Çətinliklərin   aradan qaldırılması məqsədilə kapital və pul bazarlarının inkişafı, bu sahədə fəaliyyət göstərən iştirakçılar üçün əlverişli mühitin yaradılması məsələləri yol xəritəsində öz aydın ifadəsini tapmışdır.   

Strateji Yol Xəritəsində maliyyə infrastrukturunun gücləndirilməsinə də mühüm önəm verilmişdir. Çünki indiyədək kreditorların hüquqlarının müdafiəsi, eləcə də öhdəliklərin yerinə yetirilməsi üzrə məhkəmə sistemi və icra mexanizmləri, habelə kredit məlumatlarının mübadiləsi forması maliyyə sisteminin yeni çağırışlara uyğun tələblərinə cavab verməmişdir. Ona görə də adıçəkilən yol xəritəsində kreditorların hüquqlarının müdafiəsi üzrə işlək mexanizmlərin yaradılması, məhkəmə qərarlarının standartlaşdırılması və icra intizamının yaxşılaşdırılmasına yönələn strateji hədəflər müəyyən edilmişdir.

Yuxarıda sadalananlarla yanaşı, maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsində müəyyənləşdirilən vəzifələr sırasında tənzimləmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, maliyyə savadlılığının yüksəldilməsi məsələləri də mühüm yer tutur.

Yeri gəlmişkən, hazırda dünya iqtisadiyyatının transformasiyası və informasiya texnologiyalarının sürətli inkişafı kimi amillər də qlobal maliyyə sistemində yeni meyillərin yaranmasını şərtləndirmişdir. Şübhəsiz ki, bu məqam sözügedən Strateji Yol Xəritəsinin hazırlanması zərurətinin yaranmasında da önəmli rol oynamışdır.          

Xatırladaq ki, yeni meyillər, əsasən müvafiq sahədə nəzarətin güclənməsi, maliyyə xidmətlərinin rəqəmsallaşması, alternativ bankçılığın genişlənməsi, yeni bilik və bacarıqlara tələblərin artması və maliyyə institutlarının əməliyyat modellərinin dəyişməsi istiqamətində müşahidə olunmuşdur. Başqa sözlə, dünya iqtisadiyyatında gedən son proseslər maliyyə sektorunun dinamik iqtisadi artım üçün vacibliyini bir daha təsdiq etmiş, tənzimləmə və nəzarət baxışını dəyişmişdir. Mütəxəssislərin fikrincə, burada tənzimləmə və nəzarət sözügedən sektorun bir tərəfdən sabitliyini və sistem risklərinin azaldılmasını, digər tərəfdən isə dinamik və səmərəli inkişafını dəstəkləməlidir. Bu məqsədlə 2008-ci ildən etibarən tənzimləmə və nəzarət mexanizminin təkmilləşdirilməsi üzrə qlobal təşəbbüslər intensivləşmiş, nəzarət alətlərinin çeşidi genişlənmişdir. 

Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsində bildirilir ki, maliyyə institutlarının sağlamlaşdırılması prosesində dövlət vəsaitlərindən istifadənin minimuma endirilməsi məqsədilə həmin qurumların sağlamlaşdırılması və restrukturizasiyası formalaşdırılmış, daha səmərəli alətlərin tətbiqinə başlanılmışdır. Bununla yanaşı, bankların ödəmə qabiliyyətini itirməsinə görə onların rəhbərlərinin və səhmdarlarının şəxsi məsuliyyəti üzrə hüquqi çərçivənin formalaşdırılmasına diqqət artırılmışdır.

Son illər həyata keçirilən tədbirlər nəticəsində maliyyə xidmətlərinin rəqəmsallaşması və informasiya tutumluluğunun artması sahəsində də ciddi islahatlar aparılmışdır. Belə ki, texnoloji imkanların genişlənməsi nəticəsində maliyyə institutlarının müştərilərlə münasibətləri yeni keyfiyyət müstəvisinə yüksəlmiş, ənənəvi biznes modellərinin modernləşdirilməsi üçün əlavə stimullar yaradılmış və yeni bazarların formalaşmasına təkan verilmişdir. İnternet, habelə mobil rabitədən istifadənin genişlənməsi ənənəvi maliyyə xidmətlərinin alternativ kanallarla və yeni bazar iştirakçıları tərəfindən daha aşağı xərc və yüksək sürətlə təklif edilməsi imkanlarını artırmışdır.

Hazırda geniş istifadəçi auditoriyasına malik sosial şəbəkələr maliyyə xidmətləri istehlakçılarına banka müraciət etmədən birbaşa maliyyələşmə imkanı yaradan platformalar təqdim edirlər. Proseslərin avtomatlaşdırılması, müştəriyönümlü olması və risklərin ölçülməsi üzrə tələblərin artması ilə əlaqədar müştəri haqqında getdikcə daha geniş məlumatlar toplayan kredit bürolarının yaranması və bu bürolara dövlət və maliyyə institutlarından əlavə, qeyri-ənənəvi – rabitə, kommunal, topdan və pərakəndə ticarətlə məşğul olan şirkətlərin inteqrasiyası müşahidə olunur.

Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsində maliyyə xidmətləri sektorunun mövcud vəziyyəti də öz ifadəsini tapmışdır. Sənəddə 2004–2014-cü illərdə neft gəlirlərinin artması fonunda qeyri-neft sektorunda həyata keçirilən uğurlu islahatlar nəticəsində Azərbaycan qlobal miqyasda sürətli iqtisadi artım tempinə malik ölkələr sırasına daxil olması diqqətə çatdırılır. Eyni zamanda, bildirilir ki, müşahidə olunan iqtisadi artım iqtisadiyyatın digər sektorları ilə bərabər maliyyə sisteminə də müsbət töhfə vermişdir. Son illər ərzində effektiv maliyyə sisteminin formalaşması və institusional inkişafı istiqamətində davamlı islahatlar aparılmış, bu sektorun əsaslı qurulması tədbirləri davam etdirilmişdir. Bundan başqa, maliyyə bazarlarının tənzimlənməsi üzrə normativ hüquqi baza hazırlanmış və onun beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində işlər görülmüş, eyni zamanda, sistemin   müxtəlif seqmentlərində müasir əməliyyat üsullarının tətbiqinə başlanılmışdır. Bütün bunların nəticəsində  bank kreditləşməsinin orta illik artım tempi təxminən 30 faizə çatmışdır. Sektorun rentabelliyinin artması və məcmu kapitala dair tələblərin sərtləşdirilməsi daxili və xarici kapital qoyuluşlarının artmasını, kapital buferinin əhəmiyyətli dərəcədə genişlənməsini şərtləndirmişdir. 

Dünya bazarında neft qiymətlərinin 2014-cü ilin ikinci yarısından başlayaraq ucuzlaşması Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməmişdir. Neft gəlirlərinin azalması nəticəsində ölkəyə daxil olan xarici valyuta axını azalmış və xarici valyutaya inersiyon tələbin valyuta təklifini üstələməsi manatın məzənnəsinə olan təzyiqi yüksəltmişdir. Valyuta bazarında vəziyyətin tarazlaşdırılması, tədiyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlılığının təmin edilməsi üçün 2015-ci ildə iki devalvasiya həyata keçirilmişdir. Birinci devalvasiyadan sonra depozit və kredit portfelinin dollarlaşması baş verdiyi halda, ikinci devalvasiyadan sonra maliyyə vəsaitlərinin bank sistemindən kənarlaşması müşahidə olunmuşdur. Beləliklə, ümumi iqtisadi artımın zəifləməsi fonunda bank sektorunda uzun müddət müşahidə olunan aktivlik azalmışdır. Borcalanların ödəmə qabiliyyətinin zəifləməsi isə  kredit risklərinin artmasını şərtləndirmişdir. Mövcud risklərin idarə edilməsi, o cümlədən borcalanların borc yükünün azaldılması məqsədilə banklar kreditlərin restrukturizasiyasına başlamışdır. Görülmüş tədbirlərin müəyyən müsbət nəticələri olsa da, hazırda makroiqtisadi qeyri-müəyyənliklərin davam etməsi bankların kredit riskləri üzrə ehtiyatlanma xərclərini yüksəltmişdir. Nəticədə, iqtisadi artım dövründə yaradılmış kapital yastığının bir hissəsi itirilmiş, məcmu kapitalın adekvatlıq əmsalı müəyyən olunmuş minimum normativlərə yaxınlaşmışdır.  

Maliyyə bazarları infrastrukturunun inkişaf etdirilməsi məqsədilə dövr ərzində əhəmiyyətli işlər görülmüş, eyni zamanda,  “2011–2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı qəbul edilmişdir. Bu proqram çərçivəsində maliyyə bazarlarının canlandırılması istiqamətində işlərə başlanılmışdır. Dövlət proqramının 2011–2014-cü illəri əhatə edən ilkin mərhələsində qiymətli kağızlar bazarının infrastrukturunun müasirləşdirilməsi, bu məqsədlə normativ hüquqi bazanın təkmilləşdirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, habelə qiymətli kağızlar bazarında insan kapitalının inkişafı üçün zəruri imkanlar yaradılmışdır. Bununla belə, ölkədə fəaliyyət göstərən açıq səhmdar cəmiyyətlərinin korporativ idarəetmə standartlarının zəif inkişaf etməsi, şəffaflığın aşağı olması kapitalın qiymətli kağızlar bazarı vasitəsilə cəlb edilməsini məhdudlaşdırmışdır. Bütün sadalanan problemlərin aradan qaldırılması üçün yol xəritəsində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında