Şriftin ölçüsü:
16.12.2010 04:08 | Oxunma sayı: 668
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu il iyulun 27-də "Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları"nın təsdiq edilməsi barədə" fərman imzalanmışdır. Fərmanın icrası ilə əlaqədar daşınmaz əmlakın vahid kadastrının aparılması üçün Azərbaycan Respublikasında Avtomatlaşdırılmış Daşınmaz Əmlakın qeydiyyatı, kadastrı və idarə edilməsi sisteminin qurulması işinə başlanmışdır.
Sistemin vahid məlumat bazası - ölkənin bütün ərazisini əhatə edən daşınmaz əmlak obyektləri, o cümlədən torpaq sahələri, bina, tikili, qurğu, yaşayış binaları, mənzillər, kommunikasiya obyektləri, meşə sahələri, sututarlar, əmlak kompleksləri haqqında zəruri mətn və qrafik məlumatları əks etdirəcəkdir. Azərbaycanda Elektron-hökumətin vacib tərkib hissəsi olacaq bu sistem daşınmaz əmlak idarəçiliyinin və əlverişli biznes mühitinin dayanıqlığı inkişafı sahəsində əsaslı töhfələr verəcəkdir.
Əmlak Məsələləri Dövlət Komitəsinin layihə rəhbəri Şahin Pənahovun bildirdiyinə görə, daşınmaz əmlakın vahid dövlət kadastrının aparılması üçün Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi tərəfindən 23 mindən artıq dövlət mülkiyyətindəki daşınmaz əmlak obyekti, o cümlədən torpaq sahələri barədə elektron kadastr məlumat bazasının yaradılması istiqamətində işlərin görülməsinə başlanılmışdır. Həmin məlumatlar ölkə Prezidentinin müvafiq fərmanı əsasında bələdiyyələrin xəritələrinin hazırlanması məqsədi ilə yerlərdə aparılan işlərdə istifadə olunacaqdır.
Ayrı-ayrı daşınmaz əmlak obyektləri üzrə kadastr aparan icra hakimiyyəti orqanlarından, habelə daşınmaz əmlaka dair hüquqların qeydiyyatı ilə bağlı ərazi idarələrindən kadastr işlərinə dair sənəd və məlumatların müəyyənləşdirilmiş qaydada alınması, təhlil edilməsi və daşınmaz əmlakın vahid kadastr bazasına daxil olunması istiqamətində tədbirlər reallaşdırılmışdır.
Ölkə ərazisində yeni formalaşdırılan kommunikasiya xətlərinin və yolların, mühüm əhəmiyyətli dövlət obyektlərinin və s. inşası üçün nəzərdə tutulmuş ərazilərin kadastr planlarının tərtib olunması, onlardan çıxarışların verilməsi, bu məlumatların vahid dövlət kadastrı bazasına daxil edilməsi istiqamətində işlər görülmüşdür.
Daşınmaz əmlakın vahid dövlət kadastrı işlərinin aparılmasının təkmilləşdirilməsi istiqamətində qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi məqsədi ilə beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi həyata keçirilmişdir. Dünya Bankının Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi çərçivəsində daşınmaz əmlakın rəqəmsal kadastr xəritələrinin hazırlanması ilə bağlı nəzərdə tutulmuş tədbirlərin icrası davam etdirilmişdir.
Daşınmaz əmlakın vahid dövlət kadastrının aparılmasının dəstəklənməsi üçün Gəncə və Şəki şəhərlərində kadastr və daşınmaz əmlakın qeydiyyatı sahəsində Almaniya təcrübəsindən istifadə olunacaqdır. Hazırda Nazirlər Kabinetinin 2010-cu il 15 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə KFW, Frankfurt am Main (KFW) arasında "Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı" layihəsinin həyata keçirilməsi üzrə Maliyyələşdirmə Müqaviləsi"nin - Konsepsiya Fazasının icrasına başlanılmışdır. Almaniya hökumətinin dəstəyi ilə iki mərhələdə aparılacaq işin nəticəsində Gəncə və Şəkinin daha mükəmməl kadastr və qeydiyyat sistemi qurulacaqdır.
"Daşınmaz əmlak kadastrına dair işlərin aparılmasına özəl qurumların, fiziki və hüquqi şəxslərin cəlb olunması Qaydaları"nın layihəsi hazırlanmışdır. Layihədə daşınmaz əmlak kadastrına dair işlərin aparılmasına cəlb olunacaq özəl qurumlara, fiziki və hüquqi şəxslərə dair tələblər, onların müvafiq işlərin icrasına cəlbolunma prosedurları barədə məlumatlar, onlar tərəfindən yerinə yetiriləcək işlərin siyahısı, sözügedən işlərin qəbulu, keyfiyyətə nəzarət və məlumat bazasına daxil edilməsi qaydaları müəyyən edilir.
Daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibinə və aparılmasına dair işlərin səmərəliliyini və şəffaflığını təmin etmək məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi tərəfindən yerinə yetirilən işlərin və xidmətlərin tarifləri hazırlanaraq Tarif (qiymət) Şurasında təsdiq olunmuşdur
Kadastr və Texniki İnventarlaşdırma Mərkəzinin potensialının artırılması və maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər görülmüşdür. Bu baxımdan müasir geodezik cihazların, informasiya texnologiyalarının tətbiqi və proqram təminatının işlənilməsi, qurumun ixtisaslı kadrlarla komplektləşdirilməsi istiqamətlərində müvafiq addımlar atılmışdır. Almaniya, Böyük Britaniya, İsveçrə, Türkiyə və digər qabaqcıl dünya ölkələrinin daşınmaz əmlakın kadastrına dair təcrübələri öyrənilmişdir.
Daşınmaz əmlakın vahid kadastrının aparılması qaydalarının tətbiqi nəticəsində mülkiyyət mənsubiyyətindən asılı olmayaraq ölkədəki bütün növ daşınmaz əmlak obyektləri barədə müfəssəl vahid kadastr məlumat bazası yaradılacaq. Bu isə Azərbaycan ictimaiyyəti, eləcə də dövlət orqanları üçün ölkədə mövcud bütün növ daşınmaz əmlak obyektləri barədə vahid informasiya mənbəyi olacaqdır.{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.