Azərbaycan-İsrail münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır

Azərbaycan–İsrail əlaqələri ötən dövrdə səmimi, qarşılıqlı maraqlara söykənib və ikitərəfli xarakter daşıyıb. İki ölkə arasında münasibətlər, eyni zamanda, dünyada və regionda sülhün, əmin-amanlığın möhkəmlənməsinə xidmət edib. Bunun əsas səbəbi isə Azərbaycanla İsrail  arasında ümumi dəyərlərin və dini-tolerant ənənələrin mövcudluğu olub.

Azərbaycanla İsrail arasında münasibətlərin inkişafında ümummilli liderimiz Heydər Əliyevin mühüm rolu olub. Ulu öndərimiz 1995-ci il yanvarın 28-də İsveçrədə keçirilən Dünya İqtisadiyyat Forumunda İsrailin xarici işlər naziri Şimon Pereslə, elə həmin il oktyabrın 22-də BMT Baş Məclisinin iclasında İsrailin Baş naziri İshaq Rabinlə, 1996-cı il yanvarın 11-də  Fransanın keçmiş prezidenti Fransua Mitteranın dəfn mərasimində artıq baş nazir olan Şimon Pereslə, 1996-cı il dekabrın 2-də isə ATƏT-in dövlət başçılarının Lissabon toplantısı çərçivəsində İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşərək, qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib. Ümummilli liderimizin İsrailin rəsmi şəxsləri ilə sonrakı görüşləri də ikitərəfli münasibətlərin inkişafında önəmli rol oynayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də ölkəmizin İsraillə əməkdaşlığının güclənməsinə daim diqqətlə yanaşıb. Dövlət başçımızın İsrail dövlət başçıları, əsasən də Şimon Pereslə bir sıra görüşləri  kommunikasiya, təhsil, elm və texnologiya sahələrində iqtisadi əlaqələrin yeni mərhələdə inkişafını sürətləndirib.

Azərbaycan və İsrail arasında münasibətlərin strateji xarakter daşımasını təsdiqləyəcək bəzi faktlara nəzər salaq. 2007-ci ilin fevral ayında iki ölkə arasında ilk iqtisadi sənəd olan investisiyaların qorunması və təşviqi haqqında razılaşma imzalanıb. Həmin vaxtdan iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə birgə forumların keçirilməsi mütəmadi xarakter alıb. Bu isə qarşılıqlı investisiya yatırımına, eləcə də yol tikintisinin aparılmasına müsbət təsir göstərib. Xatırladaq ki, bu ölkənin nüfuzlu şirkətlərindən olan  “Bakcell” Azərbaycan bazarında ilk mobil telefon operatoru olub. “Binui” və “Shikun” şirkətləri isə Bakı-Şamaxı-Yevlax yolunun Muğanlı-Yevlax hissəsinin (156 kilometr) yenidən qurulması layihəsində iştirak edib.

Hazırda hər iki ölkə arasında keçirilən mütəmadi görüşlər iqtisadi əməkdaşlığın miqyasını genişləndirib. Bunun nəticəsində illik ticarət dövriyyəsinin həcmi, təxminən, 5 milyard dollara çatıb. Əvvəllər bu dövriyyə, əsasən, neft və qaz sənayesi ilə bağlı olsa da, hazırda qarşılıqlı münasibətlərin dinamik inkişafı iqtisadiyyatın digər sektorlarında da özünü göstərir. Bu gün Azərbaycanda fəaliyyət göstərən 40-a yaxın İsrail şirkəti qeyri-neft sektorunun prioritet istiqamətlərinə– səhiyyə, əczaçılıq, İKT, turizm, qeyri-neft məhsullarının ixracı sahələrinə böyük həcmdə investisiya yatırır, birgə müəssisələrin yaradılması istiqamətində fəal iş aparır. Bundan başqa, İsrailin iş adamları kənd təsərrüfatında intensiv metodların tətbiqi sahəsində təcrübənin yayılmasına, Azərbaycana müasir texnologiya və avadanlıqların gətirilməsinə ciddi maraq göstərir.

Gələcəkdə isə standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi və metrologiya, aqrar sahələrində tərəfdaşlığın daha da genişləndirilməsi, ikiqat vergitutmanın aradan qaldırılması, vergidən yayınmanın qarşısının alınması ilə bağlı əməkdaşlığın möhkəmləndirilməsi nəzərdə tutulur.

İki ölkə arasında iqtisadi əməkdaşlığın gələcək perspektivi də ümidvericidir. İsrailin Baş naziri Benyamin Netanyahunun dekabrın 13-də Azərbaycana işgüzar səfəri zamanı Prezident İlham Əliyev mətbuata bəyanatında bildirib ki, ölkəmiz İsraillə bir çox sahələrdə əməkdaşlıq edir. Bu gün imzalanan sənədlər də əməkdaşlıq üçün çox böyük potensialın olduğunu açıq-aydın göstərir. Sənədlərin hamısı çox vacibdir. Onların arasında ikitərəfli əməkdaşlığın çox səmərəli mexanizmi olan birgə iqtisadi komissiyanı yaratmağa imkan verəcək sənədin əhəmiyyəti vurğulanmalıdır. Bu, ticarət dövriyyəsini artırmağa və onu şaxələndirməyə kömək edəcək. Ticarət dövriyyəsi yaxşı səviyyədə olsa da, bu, əsasən, Azərbaycandan İsrailə neft ixracına görədir. Bunu şaxələndirmək və artırmaq üçün hələ çox iş görülməlidir.

Azərbaycan Prezidenti daha sonra vurğulayıb ki, ölkəmizin kənd təsərrüfatı sahəsində əməkdaşlıqda çox yaxşı perspektivləri var. İsrail çox müasir texnologiyalara malikdir, Azərbaycan onların bəzilərindən istifadə edir, bir qismi də ola bilsin ki, respublikamıza bir müddət sonra gətiriləcək. Turizm potensial əməkdaşlıq üçün əsas sahələrdən biridir. İsrail ilə Azərbaycan arasında birbaşa uçuşlar hər iki istiqamətdə turistlərin sayının artmasına kömək edəcək. Təhsil sahəsində əməkdaşlığın çox böyük potensialı var.

Dövlətimizin başçısı bəyanatında iki ölkə arasında müdafiə sənayesi sahəsində fəal əməkdaşlığın mövcudluğuna da toxunub: “Bu əməkdaşlıq artıq bir neçə ildir davam edir. Bu əməkdaşlığın nə dərəcədə geniş olduğunu göstərmək üçün bir rəqəmi diqqətinizə çatdıracağam. İndiyədək Azərbaycan və İsrail şirkətləri tərəfindən müdafiə avadanlığının alınması ilə bağlı imzalanmış müqavilələrin dəyəri 5 milyard dollara yaxındır, daha dəqiq desək, 4 milyard 850 milyon dollardır. Bu müqavilələrin çox böyük hissəsi artıq həyata keçirilib. Biz hələ də bunun üzərində işləyirik və bu əməkdaşlığın səviyyəsindən çox razıyıq”.

İki ölkə arasında iqtisadi münasibətlərlə yanaşı, mənəvi dəyərlərə əsaslanan əlaqələr də gündən-günə möhkəmlənir. Bu əlaqələrin genişlənməsində Azərbaycanda çoxsaylı yəhudi icmasının bütün hüquqlarının, onun mədəni və dini həyatının tam təmin olunması, İsraildə də ölkəmizdən getmiş 70 min insanı birləşdirən Azərbaycan diasporunun mövcudluğu önəmli rol oynayır.

Azərbaycan Prezidenti bəyanatında bu məsələyə də toxunaraq, Azərbaycan–İsrail əməkdaşlığının yüksələn xətt üzrə inkişafında azərbaycanlılarla yəhudilər arasında, tarixən, mövcud münasibətlərin böyük rol oynadığını diqqətə çatdırıb. Bildirib ki, Azərbaycandakı yəhudilər və İsraildə, əsasən, Azərbaycandan olan yəhudilərdən ibarət Azərbaycan diasporu ikitərəfli əlaqələrimizin mühüm amilidir. Əsrlər boyu Azərbaycanda yəhudilər ilə azərbaycanlılar sülh və dostluq şəraitində yaşayıblar və yaşamaqda davam edirlər. Azərbaycandakı yəhudi icması cəmiyyətimizin çox fəal hissəsidir. Onlar müasir Azərbaycanın inkişafına mühüm töhfələr verirlər.

Yeri gəlmişkən, Azərbaycan–İsrail münasibətlərindən danışarkən, bir məqamı da xatırladaq.  Azərbaycanda yaşayan başqa xalqların və etnik azlıqların nümayəndələri kimi, yəhudilər də həmişə bu cəmiyyətin tamhüquqlu üzvləri olublar. Azərbaycanın Quba rayonunda yerləşən Qırmızı Qəsəbə İsrail dövləti istisna olmaqla, dünyada yəhudilərin yığcam şəkildə yaşadıqları yeganə yerdir. Ermənistanda yaşayan yəhudilərdən fərqli olaraq, Azərbaycan yəhudiləri heç vaxt hər hansı antisemitizm təzahürləri ilə üzləşməyiblər. Hətta dünyanın müxtəlif ölkələrində antisemitizm qığılcımları və antiisrail əhval-ruhiyyəsinin kəskinləşdiyi dövrlərdə də Azərbaycanda yəhudilərə dostcasına münasibət qorunub saxlanıb.

Azərbaycanda hazırda yəhudilərin iyirmiyə yaxın ictimai-mədəni və xeyriyyə təşkilatı, memarlıq xüsusiyyətləri ilə seçilən sinaqoqları fəaliyyət göstərir. Respublika səviyyəsində “Yəhudi evi”, “Azərbaycan–İsrail” Cəmiyyəti, Azərbaycanın Yəhudi Qadınlar Assosiasiyası, Yəhudi Mədəniyyəti Mərkəzi kimi təşkilatların, habelə “Soxnut” Beynəlxalq Yəhudi Təşkilatının Azərbaycan bölməsi çoxsaylı mədəni tədbirlər keçirir, yəhudi ədəbiyyatı nəşr edir. Respublikada fəaliyyət göstərən yəhudi dini icmasına hər il Azərbaycanın dövlət büdcəsindən maliyyə yardımı ayrılır.

Baş nazir Benyamin Netanyahu da mətbuata bəyanatında Azərbaycan–İsrail əməkdaşlığının yüksələn xətt üzrə inkişaf etməsini, azərbaycanlıların ölkəmizdə yaşayan yəhudilərə heç zaman özgə kimi baxmamalarını, yəhudilərin də Azərbaycanın ictimai-siyasi həyatında fəal rol oynamalarını xatırladıb. Bütün bunlarla yanaşı,  Azərbaycanın, paytaxt Bakının son illər sürətli inkişaf yolu keçdiyini də diqqətə çatdırıb: “Bu gün gündüz vaxtı buraya gələrkən, təyyarədən də Azərbaycandakı ötən iki onillikdə baş verən inanılmaz dəyişikliyi, inanılmaz inkişafı görə bildim. Əlbəttə, hava limanında yerə endikdə, maşına mindikdə şəhərdə, Bakı ətrafında bunu daha aydın görə bildik. Burada çox böyük irəliləyiş əldə edilib. Mən Azərbaycan Prezidentinin  rəhbərliyini alqışlayıram. İsrail ilə Azərbaycan arasındakı tərəfdaşlığı və bunu gələcəyə doğru irəliləyişin bir parçası olaraq görməyinizə görə alqışlayıram”.

İsrailin Baş naziri iki ölkə arasında iqtisadi məsələlərə də toxunub. Gələcəkdə təbii qazın ixracı üçün birgə müəssisələrin yaradılmasının, kənd təsərrüfatı, təhsil, informasiya texnologiyaları və digər sahələrdə əlaqələrin daha da genişləndirilməsinin zəruriliyini bildirib.

Göründüyü kimi, Azərbaycan ilə İsrail arasında həm ikitərəfli, regional, həm də beynəlxalq məsələlərdə qarşılıqlı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Təəssüf ki, vaxtaşırı bəzi beynəlxalq qüvvələrin bu münasibətləri pozmağa yönələn cəhdləri də müşahidə olunur. Lakin iki ölkə arasında siyasi, sosial-iqtisadi əməkdaşlığın getdikcə güclənməsi nəticəsində bu cür cəhdlərin heç bir nəticəsi olmayacaq.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında