2014-cü ilin sonundan etibarən neftin qiymətində kəskin enmə, dünyada geosiyasi vəziyyətin kəskinləşməsi və bundan irəli gələn iqtisadi problemlərin indiyədək davam etməsi, təbii ki, dünyanın bir hissəsi olan Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmədi. Bu çətinliklərin aradan qaldırılması üçün yeni yaranan iqtisadi şəraitdə qeyri-neft sektorunda genişmiqyaslı islahatlara başlanıldı. Məsələn, iqtisadiyyatın şaxələndirilməsi həyata keçirildi, monetar siyasət aparıldı, bankların kapitallaşması sürətləndirildi. Nəticədə isə Azərbaycan öz iqtisadi artım tempini qoruyub saxlaya bildi. Beləliklə, iqtisadiyyatda qeydə alınan müsbət dinamika qeyri-neft sektorunun inkişafı hesabına təmin edildi. Bütün bunlarla yanaşı, struktur və institusional islahatların sürətləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Ölkə əhalisinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi, pul və fiskal siyasətlərin sərtləşdirilməsi, maliyyə-valyuta bazarlarında sağlam və dayanıqlı vasitəçiliyin bərpa olunması kimi vacib məsələlər də diqqət mərkəzində saxlanıldı. Yeni iqtisadi şəraitdə ölkəmizdə həyata keçirilən bu islahatlar beynəlxalq maliyyə institutları – Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən də yüksək qiymətləndirildi və Azərbaycanın mövcud iqtisadi şəraitdə atdığı addımlar dəstəkləndi.
Lakin bununla belə, istər regionda, istərsə də qlobal iqtisadiyyatda son dövrlərdə gedən proseslər, habelə neft gəlirlərinin kəskin azalması, mürəkkəb xarici iqtisadi mühit ölkənin makroiqtisadi və maliyyə sabitliyinə öz təsirini göstərmişdir. Ona görə də mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədilə sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla, iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması qarşıda prioritet vəzifədir. Həmin vəzifənin uğurla icrası məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin cari il mart ayının 16-da imzaladığı müvafiq sərəncamla “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” təsdiq edilmiş, eyni zamanda, nəzərdə tutulan istiqamətlərlə bağlı inkişaf planlarının işlənilməsi üçün müvafiq işçi qrupu yaradılmışdı.
Sözügedən sərəncama əsasən, işçi qrupu yerli və xarici ekspertlərin, təcrübəli mütəxəssislərin, məsləhətçi şirkətlərin və elmi təşkilatların iştirakı ilə, ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq şəraitində iqtisadiyyatın on bir əsas sektoru üzrə strateji yol xəritələri çox ciddi təhlillər əsasında hazırlanmışdır. Bu zaman Azərbaycanda mövcud sosial-iqtisadi vəziyyət, eyni zamanda, qlobal və regional trendlər nəzərə alınmışdır.
Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir. Başqa sözlə, ilk mərhələdə qısa müddətdə ölkə iqtisadiyyatına xarici mənfi təsirlərin qarşısını almaq, iqtisadiyyatı mənfi şoklardan qorumaq nəzərdə tutulur. Eyni zamanda, ortamüddətli dövrdə inkişaf xəttinin bərpa edilməsi, iqtisadiyyatın şaxələndirilməsi, ölkə iqtisadiyyatının daha çox dünya iqtisadiyyatına inteqrasiyası yolu ilə rəqabətqabiliyyətliliyin artırılması diqqət mərkəzində saxlanılır. İkinci mərhələdə ölkə iqtisadiyyatının əsasən yüksək gəlir yaradan, rəqabətqabiliyyətliliyin artırılması istiqamətində tədbirlər görülməsi planlaşdırılır. Üçüncü mərhələdə isə yüksək texnologiyaya əsaslanan inklüziv iqtisadiyyatın formalaşdırılması sahəsində tədbirlər həyata keçirilməsi gözlənilir ki, burada da əsas məqsəd əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması və bunun əsas göstəricisi olan insan inkişafı indeksinin daha da yüksəldilməsidir.
Göründüyü kimi, strateji yol xəritələrinin mahiyyəti və forması elədir ki, hər bir dövr əvvəlki dövrün davamına hesablanmışdır. Başqa sözlə, hər bir dövrdəki fəaliyyətlər sonrakı dövr üçün baza rolunu oynayacaq. Bu da ardıcıllığın qorunub saxlanılması və islahatların həyata keçirilməsinin fasiləsizliyini təmin etmək məqsədi daşıyır.
Strateji xəritələrin əvvəllər qəbul edilən dövlət proqramlarından əsas fərqi ondan ibarətdir ki, fəaliyyətlər illər üzrə qruplaşdırılmış və hər bir fəaliyyətin müddəti, o fəaliyyət üçün tələb olunan maliyyə və məsul olan dövlət qurumu müəyyənləşdirilmişdir. Eyni zamanda, hər bir fəaliyyətin nəticələrinin yoxlanması üçün konkret indikatorlar göstərilmişdir. Bunun əsasında isə nəzərdə tutulan fəaliyyətin necə icra olunduğunu müəyyənləşdirmək mümkün olacaq. Bu isə dövlət qurumlarının hesabatlılığını artırmağa, fəaliyyətə daha hesabatlı və məsuliyyətli yanaşmağa imkan verəcək.
Strateji yol xəritələri hazırlanarkən, bununla əlaqədar layihələr açıq müzakirəyə verilmiş və yekun sənəd tərtib edilərkən maraqlı tərəflərin, o cümlədən vətəndaş cəmiyyəti təsisatlarının və vətəndaşların çoxsaylı rəy və təklifləri nəzərə alınmışdır. Beləliklə, ölkənin perspektiv inkişaf hədəflərini və istiqamətlərini müəyyənləşdirmək, onların gerçəkləşdirilməsini təmin etmək məqsədilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli sərəncamına uyğun olaraq, dövlət başçısının 6 dekabr 2016-cı il tarixli fərmanı ilə müvafiq strateji yol xəritələri təsdiq edilmişdir.
Xatırladaq ki, strateji yol xəritələrinin bəziləri iqtisadiyyatın sektorları üzrə hazırlanmışdır. Turizm, maşınqayırma, kimya sənayesi üzrə strateji yol xəritələri buna misal ola bilər. Digər tərəfdən, strateji yol xəritələri konkret istiqamətlər üzrə hazırlanmışdır. Kiçik və orta sahibkarlığın inkişafı, uyğun mənzil təminatını nəzərdə tutan strateji yol xəritələri bu baxımdan diqqət çəkir. Müəyyən sektorlarda isə inkişaf istiqamətləri müəyyənləşdirilmiş və ona uyğun fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Məqsəd həmin sektorların ixrac qabiliyyətini artırmaq, bu sektorlara xarici investisiyaların cəlb edilməsinə nail olmaqdır. Həmin sektorlarda liberallaşdırmanın dəstəklənməsinə nail olmaq əsas məqsəddir. Kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı strateji yol xəritəsində kiçik və orta sahibkarlıq əsas hədəf olaraq götürülmüşdür.
Yeri gəlmişkən, burada bir məqama da diqqət yetirək. Strateji yol xəritələrində iki sahə bilavasitə sosial məsələlərlə əlaqədardır. Bu, həm də onu göstərir ki, Azərbaycan indiyədək yürütdüyü sosial bazar modeli fəlsəfəsini qoruyur və bundan sonrakı strategiyanın mərkəzində də insan amili dayanır. Azərbaycanda əhalinin sosial müdafiəsinin günün tələblərinə uyğun təşkili, bu sahədəki problemlərin aradan qaldırılması istiqamətində görülən işlərin, həyata keçirilən tədbirlərin nəticəsidir ki, Azərbaycanda yoxsulluq həddində yaşayanların sayı getdikcə azalır. Bu məsələnin ardıcıl şəkildə həll olunması üçün həyata keçirilən islahatlar kompleks xarakter daşıyır.
Strateji yol xəritəsində bir məqam da maraq doğurur. Bu isə güzəştli mənzil tikintisi ilə bağlı məsələdir. Belə ki, uyğun qiymətli mənzil təminatı ilə bağlı strateji yol xəritəsində mənzillərin inşa edilərək daha aşağı qiymətlə vətəndaşlara təklif edilməsi nəzərdə tutulur. Eyni zamanda, birinci il 2 min, sonrakı dövrdə isə hər il 3 min mənzilin aşağı qiymətlərlə vətəndaşlara təklif olunacağı planlaşdırılır. Bu, mənzil bazarının 10 faizini təşkil edir. Hesablamalara görə, mənzil bazarında illik tələbat 30 min mənzildir.
İnsan amilini əsas tutan sosialyönümlü iqtisadi siyasət sayəsində son illər Azərbaycanda işsizliyin səviyyəsində nəzərəçarpacaq dərəcədə azalma müşahidə olunur. Qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması istiqamətində həyata keçirilən sistemli tədbirlər əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eləcə də ölkənin məşğulluq strategiyasının səmərəliliyinə imkan verir. Qeyri-neft sektorunun davamlı və dinamik inkişafı ölkədə işsizlik probleminin həllinə gətirib çıxarır. Bütün mötəbər beynəlxalq maliyyə qurumları Azərbaycanda işsizliklə, yoxsulluqla bağlı mübarizəni çox yüksək qiymətləndirirlər.
Strateji xəritələrin reallaşdırılması ilə ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyur. Bundan sonra dövlət proqramları, inkişaf konsepsiyaları, strategiyalar, tədbirlər planları strateji yol xəritələrinə uyğun hazırlanacaq.
Yuxarıda qeyd edilənlər deməyə əsas verir ki, indiyədək yaradılan güclü potensial və strateji yol xəritələrinin gerçəkləşdirilməsi hesabına, perspektivdə iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsinə, qeyri-neft ixracının artımına müsbət təsir göstərəcək, qlobal çağırışlara cavab verərək investisiyaların cəlbini, azad rəqabət mühitini, bazarlara çıxış və insan kapitalının inkişafı nəticəsində dünya iqtisadiyyatında mövqelərimizi daha da gücləndirəcək, Azərbaycan yüksək gəlirli ölkələr qrupuna daxil olacaq.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.