Azərbaycan Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvü olan dövlətlərlə birlikdə 2015-ci ilin 25–27 sentyabr tarixlərində keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016–2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşuldu. Bu qoşulmanın icrasının institusional və siyasi baxımdan kompleks yanaşma tələb etdiyini nəzərə alaraq, Azərbaycanda daha dayanıqlı, əhatəli və şaxələndirilmiş iqtisadiyyatın, sosial sahənin inkişafı məqsədilə icra mexanizmini formalaşdırımaq üçün Prezident İlham Əliyevin sərəncamı ilə Dayanıqlı İnkişaf Məqsədləri Milli Əlaqələndirmə Şurası yaradılmışdır.
Qarşıya qoyulmuş 17 məqsəd və hədəflər sırasında ekoloji aspektlər, xüsusilə də, hər kəs üçün su və sanitariyanın davamlı idarə edilməsi və iqlim dəyişkənliyinə qarşı mübarizə xüsusi yer tutur. Bununla əlaqədar olaraq, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi üçün işçi qrupun yaradılması haqqında sərəncam imzalanmış və beləliklə də şəhər ərazisində baş verə biləcək subasma və digər fövqəladə halların nəticələrinin aradan qaldırılmasında çevik idarəetmənin həyata keçirilməsinə, bu sahədə təsərrüfat xidmətlərinin fəaliyyətinin əlaqələndirilməsinə, habelə təxirəsalınmaz tədbirlərin görülməsi üçün müvafiq maddi-texniki bazanın qurulmasına zəmin yaradılmışdır.
Qarşıdan gələn illər ərzində üzləşəcəyimiz ən ciddi qlobal məsələlərdən biri iqlim dəyişiklikləri olacaqdır. O, bütün dünya əhalisinə bu və ya digər formada təsir edəcəkdir. Şübhəsiz ki, təsirə ən çox məruz qalanlar bu iqlim dəyişikliklərinin gözlənilən fəsadları ilə mübarizə qabiliyyəti zəif olan yoxsullar və imkansızlar olacaqlar.
Biz hələ ki, iqlim dəyişkənliklərinin nə dəqiq maqnitudası, nə də coğrafi bölgüsündən tam əminik. Bununla yanaşı, bilirik ki, artıq təhlükəli zonalarda yaşayan əhali daşqın və quraqlıq halları ilə daha tez-tez və daha geniş mənada üzləşəcək. Bunlar iqlim dəyişikliklərinin ilkin əlamətidir və ikinci dərəcəli təsirlər zəncirinə yol açır ki, onların qarşısının alınması üçün tədbirlər görülmədiyi təqdirdə insanların həyatına ciddi təhlükə törədə bilər.
İnsanların həyatında yaranmış bu cür təhlükələrlə mübarizə böyük beynəlxalq donorların əsas davamlı mövzusu olmuş və 2012-ci ildə “Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” layihəsi BMT-nin İnkişaf Proqramı və Qlobal Ətraf Mühit Fondu tərəfindən birgə başlanılmışdır. Onun məqsədi təhlükəli zonalarda yaşayan icmaları milli, regional və yerli səviyyələrdə görülən tədbirlər vasitəsilə daşqınlar və su problemlərinə qarşı həssaslıqlarını azaltmaq üçün müvafiq vasitələrlə təmin etməkdən ibarət olmuşdur.
Layihə hüquqi və siyasi çərçivədə olan çatışmazlıqların araşdırılması ilə məşğul olmuş, ümumilikdə, suyun idarə edilməsi sahəsinin təkmilləşdirilməsi hesabına iqlim dəyişikliklərinin təsirlərinin azaldılmasına imkan verən, o cümlədən ictimaiyyətin proseslərdə iştirakı, daşqın zonalarının müəyyən edilməsi, eləcə də müvafiq təşkilatların öz fəaliyyətlərini iqlim dəyişikliklərinin aradan qaldırılmasına yönəltməsinə şərait yaratmışdır. Qanunlara əlavələr hazırlanmış, Su Məcəlləsində edilən müvafiq dəyişikliklər hökumətə təqdim edilmişdir.
Hüquqi və siyasi təşəbbüslərə paralel olaraq layihə ilə bağlı texniki səviyyədə müəyyən işlər görmüş, daşqınların və suyun idarə edilməsi sahəsində müasir üsullar əsasında hidroloji və hidravlik modellər icra edilmişdir. Milli məsləhətçilər tərəfindən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə çalışmaqla layihə çərçivəsində daşqınların proqnozlaşdırılması üzrə prototip sistem quraşdırılmışdır ki, bu da Türyançay və Kişçay hövzələrində təhlükəyə məruz qalan icmalarda erkən xəbərdarlıq imkanlarını təmin edir. Bu sistemlərə dəstək olaraq sahələrdə meteoroloji və hidroloji stansiyalar quraşdılırmış və təsirə məruz qalan icmalara bu risklərin azaldılması üçün müvafiq təlimatlar verilmişdir. Layihə, eyni zamanda, mütəmadi olaraq yerli icmaları əlavə avadanlıqlarla təmin etməkdədir.
Yüksəklik və düzənlik zonalarındakı su istifadəçiləri arasındakı qarşılıqlı əlaqələr suyun müasir səviyyədə idarə edilməsi üçün əsas amildir. Bu məqsədlə layihə nəticəsində hüquqi yanaşmaya və qabaqcıl təcrübələrə əsasən, su ehtiyatlarından vahid istifadənin icrasına tam dəstək verə bilən mərkəzi institusional struktur haqqında tövsiyələri özündə ehtiva edən sənədlər hazırlanmışdır.
İqlim dəyişikliklərinin mümkün təsirlərinə və suyun müasir şəkildə vahid idarə edilməsinə dair yerli səviyyədə məlumatlılıq kifayət qədər aşağı idi və layihə seminarları vasitəsilə bu göstəricilər xeyli artırılmışdır. İndi yerli mütəxəssislər iqlim dəyişikliklərinin təsirlərinin azaldılması sahəsində dayanıqlı və müasir tədbirlərin görülməsi, o cümlədən su ehtiyatlarının vahid idarəçiliyi mövzusunun qavranılması və mümkün alternativ həll yollarının tapılması baxımından daha çox məlumatlıdırlar.
Bu layihə ilə artıq davamlılıq və zəruri tələbatı ilə seçilən proses başlanmışdır. Bu, zaman keçdikcə, daim təkmilləşmə və tənzimlənmə tələb edən, həm də gələcək problemləri, yağış sularının maksimal artımlarını nəzərə alan bir prosesdir. Hər halda dövlət başçısının son sərəncamları bu prosesin təkmilləşdirilməsi üçün nəzərdə tutulmuşdur. Əhalinin rahatlığının təmin edilməsi və bütövlükdə, suların vahid mərkəzdən idarə edilməsi baxımından bu proses ən çox ehtiyac duyulan məsələlərdən biridir.
Məzahir Əfəndiyev,
BMT-nin Azərbaycandakı
strateji tərəfdaşlıq üzrə müşaviri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.