Regionların dinamik inkişafı Azərbaycanın nəinki bölgədə, hətta dünyada cəlbedici ölkəyə çevrilməsinə şərait yaradıb. Bu, Prezident İlham Əliyevin sözügedən məsələni daim diqqət mərkəzində saxlaması ilə birbaşa bağlıdır. Dövlət başçısı vaxtaşırı rayonlara səfər edərək yeni obyektlərin açılışında, təməlqoyma mərasimində iştirak edir, sakinlərlə görüşür, müvafiq strukturlara öz tapşırıqlarını verir. Regionlarda hərtərəfli iqtisadi və sosial inkişafa təkan verən bu tədbirlər ilk növbədə Azərbaycan iqtisadiyyatının şaxələnməsini göstərməklə yanaşı, həm də vətəndaşların həyatının yaxşılaşdırılmasına yönələn layihələrin davamlı olmasını nümayiş etdirir. Prezident İlham Əliyevin Zərdab, Tərtər və Ağdam rayonlarına səfəri də bunun bariz ifadəsidir.
Xatırladaq ki, dövlət başçısı xanımı Mehriban Əliyeva ilə dekabrın 2-də Zərdaba səfəri çərçivəsində əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə gül dəstələri qoyublar. Sonra rayon Mərkəzi Xəstəxanasının əsaslı təmirdən sonra istifadəyə verilən yeni binasında yaradılan şəraitlə tanış olublar.
Bildirilib ki, bu xəstəxana binası 1988-ci ildə inşa edilib. Uzun müddət baxımsız vəziyyətdə qalan binada 2013-cü ildə əsaslı təmir işlərinə başlanıb. Görülən işlər nəticəsində xəstəxananın binası müasir görkəm alıb, zəruri avadanlıqla təchiz olunub.
Xəstəxanada yaradılan şəraitlə tanışlıqdan sonra dövlət başçısı və xanımı tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər. Prezident İlham Əliyev mərasimdə çıxış edərək bildirib ki, bu gün rayon Mərkəzi Xəstəxanasının istifadəyə verilməsi onu göstərir ki, Azərbaycanda sosial siyasət uğurla həyata keçirilir. Bu siyasət prioritet xarakter daşıyır. Məhz elə buna görə də insanların tibbi müdafiəsi, sağlam həyat tərzi daim diqqət mərkəzində saxlanılır. Azərbaycan vətəndaşları ən müasir tibbi xidmətə layiqdirlər və bunu görürlər. Son illərdə Azərbaycanda 600-dən çox müasir tibb ocağının tikilməsi və və ya əsaslı təmir edilməsi də bu fikrin bariz ifadəsidir.
Prezident İlham Əliyev çıxışında son illər rayonun sosial-iqtisadi həyatında baş verən yeniliklərə də toxunub. Bildirib ki, uzun illər şəhərə su qrafiq üzrə verilib. Dörd il bundan əvvəl isə özünün iştirakı ilə Tərtərə içməli suyun verilməsi qeyd edilib. Rayonun qazlaşdırılması sahəsində də mühüm uğurlar əldə edilib. Əvvəlki illərdə burada heç şəhər mərkəzində qaz olmayıb. Ancaq hazırda Zərdabın qazlaşdırılması 81 faizdir və daha bir neçə kəndə qaz çəkilir, artıq 92 faizə çatacaq və yəqin ki, yaxın gələcəkdə 100 faiz olacaq.
Dövlət başçısı rayonda digər layihələrin də uğurla icra olunduğunu xatırladaraq vurğulayıb ki, kənd yollarının çəkilməsi, məktəblərin tikilməsi, iş yerlərinin açılması təqdirəlayiq haldır. Sahibkarlığın inkişafına xüsusi diqqət göstərilməsinin, kənd təsərrüfatına prioritet sahə kimi yanaşılmasının nəticəsidir ki, uzun fasilədən sonra bu il Zərdabda 6 tona yaxın barama tədarük edilib.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın hərtərəfli inkişaf etdiyini, yeni iş yerlərinin yaradılması istiqamətində ciddi tədbirlər görüldüyünü, kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirildiyini, aqrar sahədə çalışanlara subsidiyalar, güzəştli şərtlərlə gübrələr, yanacaq, texnika verildiyini bildirməklə yanaşı, son illərlə müqayisədə 2016-cı ilin ölkə iqtisadiyyatı üçün obyektiv səbəblər üzündən ağır keçdiyini qeyd edib. Dövlət başçısı bu çətinliklərə baxmayaraq, dünyada hökm sürən böhranın mənfi fəsadlarının azaldılması üçün çox ciddi tədbirlər görüldüyünü və müsbət nəticələr əldə olunduğunu göstərib.
Dövlət başçısı qeyd edib ki, il müsbət göstəricilərlə başa vurulur. Qeyri-neft sənayesinin, kənd təsərrüfatının artımı, əlbəttə, görülən işlərin məntiqi nəticəsidir. Azərbaycanda valyuta ehtiyatları qorunur. Bu, mühüm önəm daşıyan məsələdir. Çünki neftlə zəngin olan ölkələrin əksəriyyətində valyuta ehtiyatları ya tükənir, ya da azalır. Azərbaycanda isə bu məqam xüsusi diqqətdə saxlanılır. Belə olmazsa, dövlət, xalq bundan ziyan görə bilər. Bu, həm də gələcəyə nikbinliklə baxmağa imkan verir.
Prezident İlham Əliyev çıxışının sonunda deyib: “Bizim atdığımız bütün addımlar sosial xarakter daşıyır və sosial ədaləti tərənnüm edir. Çünki yaxşı yaşayan dövlətə daha çox töhfə verməlidir, daha çox vergi ödəməlidir, daha çox kommunal xərcləri olmalıdır. Ancaq aztəminatlı təbəqə, orta təbəqə dövlət tərəfindən qorunmalıdır və qorunur. Bu, sosial ədalət prinsipidir. Biz bu yolla gedirik. Biz bazar iqtisadiyyatı prinsipi əsasında yaşayırıq, eyni zamanda, vətəndaşların sosial təminatı da daim diqqət mərkəzindədir. Beləliklə, biz həm sosial məsələlərin həlli, həm də iqtisadi inkişaf ilə bağlı siyasətimizi gələn illərdə də davam etdirəcəyik”.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Tərtərə səfər çərçivəsində rayonun Sarıcalı kəndində Tərtər çayı üzərində inşa edilən yeni körpünün açılışında da iştirak ediblər. Mərasimdə dövlətimizin başçısına və xanımına “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən, Bərdə-İstisu avtomobil yolunun 10-cu kilometrliyində inşa edilmiş körpü barədə məlumat verilib. Bildirilib ki, körpünün inşası Tərtər rayonunun strateji əhəmiyyətli ərazidə yerləşməsi və bu ərazidə 1947-ci ildə tikilən mövcud körpünün istismar müddətini başa vurması nəzərə alınaraq həyata keçirilib.
Diqqətə çatdırılıb ki, Sarıcalı və Zolgəran kəndləri arasında inşa edilən körpü 11 yaşayış məntəqəsinin 25,6 min sakininin mənzilbaşına rahat çatması üçün məsafəni qısaltmaqla avtonəqliyyat vasitələrinin hərəkətini xeyli yaxşılaşdıracaq. Bundan əvvəl isə sakinlər rayon mərkəzinə və ətraf yaşayış məntəqələrinə getmək üçün təqribən 15 kilometrdən artıq əlavə yol qət etməli olurdular.
“Tərtər şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin başa çatması münasibətilə keçirilən tədbirdə isə dövlətimizin başçısına və xanımına layihə haqqında məlumat verilərək bildirilib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində icra edilən bu iş Azərbaycan hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilmə çərçivəsində görülüb. Layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Tərtər şəhərində 26 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Gələcəkdə rayonun 21 min sakininin yaşadığı 11 kəndinə də içməli suyun verilməsi nəzərdə tutulub. Ümumilikdə, bu layihədən 47 min sakin faydalanacaq.
Sonra dövlətimizin başçısı və xanımı Tərtər rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.
Prezident İlham Əliyev çıxışında Tərtər şəhərinin su və kanalizasiya probleminin artıq həll olunduğunu, bununla əlaqədar layihənin uğurla icra edildiyini diqqətə çatdırıb. Bildirib ki, əvvəlki illərdə burada su problemi insanları ciddi narahat edib. Artıq bundan sonra Tərtər şəhərinin sakinlərinə təmiz içməli su veriləcək və eyni zamanda, kanalizasiya xətləri də tam istismara hazırdır.
Dövlətimizin başçısı daha sonra deyib: “Bu, böyük infrastruktur və sosial layihədir. Bu layihənin icrası üçün biz xarici kreditlərdən istifadə etdik, eyni zamanda, Azərbaycan dövləti də büdcə vəsaiti ayırdı. Çünki su layihələrinin icrası böyük vəsait tələb edir. Ancaq bu vəsaitin büdcəyə qayıtması məsələsi uzun illər çəkir. Yəni, bu layihənin icrası sırf sosial məna daşıyır ki, Tərtərə keyfiyyətli su verilsin, insanlar təmiz içməli su ilə təmin olunsunlar. Su insanın sağlamlığı üçün başlıca amildir”.
Prezident İlham Əliyev çıxışında son illərdə Tərtər rayonunun sosial-iqtisadi baxımdan dinamik inkişaf etməsini, şəhərin abadlaşmasını, burada infrastruktur layihələrinə mühüm önəm verilməsini də məmnunla vurğulayıb. Dövlət başçısı rayonda aqrar sahəyə prioritet istiqamət kimi yanaşıldığını da diqqətə çatdırıb: “Növbəti mərhələdə iş yerlərinin yaradılması istiqamətində əlavə tədbirlər görüləcək. Xüsusilə kənd təsərrüfatının inkişafı ilə bağlı bizim böyük planlarımız var. Bizim kənd təsərrüfatı ilə bağlı son təşəbbüslərimiz üzrə Tərtərdə görülən işlər buradakı təqdimatda əksini tapıb. Baramaçılıq, pambıqçılıq inkişaf edir. Gələn il 3 min hektarda pambıq əkiləcək, minlərlə insan bu işlərə cəlb olunacaq. Baramaçılığın da həm dövlətə, həm də insanlara çox böyük xeyri var. Yəni, qısa müddətdə - 30-40 gün ərzində insanlar yaxşı pul qazanırlar. Xüsusilə nəzərə alınmalıdır ki, dövlət bu sahəyə öz dəstəyini əsirgəmir. İndi xaricdən tinglər gətirilir, təsərrüfatlara verilir”.
Prezident İlham Əliyev Tərtər rayon sakinləri ilə görüşündə bir məqama da toxunub: “ Keçən dəfə biz may ayında görüşmüşdük. O vaxt mən dağılmış evlərə baş çəkdim və bir daha əmin oldum ki, Tərtər sakinləri qəhrəmandırlar. Onlar burada - döyüş bölgəsində, düşmənlə üz-üzə möhkəm dayanıblar və atılan, evlərinə dəyən mərmilər onların iradəsinə zərrə qədər təsir etməmişdir.
Aprel döyüşləri ümumiyyətlə bizim şanlı tariximizdir. Azərbaycan Ordusu da, Azərbaycan vətəndaşı da qəhrəmanlıq göstərmişdir. Ordumuz düşmənin hücumuna cavab olaraq hərbi qələbə qazanmışdır. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı keçirərək həm bu istiqamətdə, həm keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində - indiki Ağdərə rayonunda, eyni zamanda, Cəbrayıl, Füzuli istiqamətlərində böyük ərazini işğalçılardan azad etmişdir. Ermənilərin uzun illər öz ordusu haqqında yaydıqları mif darmadağın edildi. Azərbaycan əsgəri, zabiti göstərdi ki, kim nəyə qadirdir. Ermənilər əlverişli mövqelərini tərk edərək, qorxudan qaçıb gizlənmişdilər. Onların kəndlərində yaşayan insanların sayı getdikcə azalır. Ancaq Tərtərdə, Ağdamda bir nəfər belə yerindən tərpənmədi. Bu, böyük qəhrəmanlıqdır. Bu, bir daha xalqımızın ucalığını göstərir”.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Tərtərdə inşa edilmiş Uşaq-Gənclər Şahmat Məktəbinin, YAP rayon təşkilatının yeni binalarının, 100 yerlik körpələr evi-uşaq bağçasının açılışında da iştirak ediblər. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Tərtərdə yeni inşa olunmuş “N” saylı hərbi hissədə də olub.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva aprel döyüşlərində ermənilərin atəşləri nəticəsində Tərtərdə ziyan dəymiş həyətləri gəziblər, tikilmiş və bərpa olunmuş evlərə baxıblar. Yeri gəlmişkən, Prezident İlham Əliyevin “Erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 2016-cı ilin mayında imzaladığı sərəncama əsasən 2016-cı il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin ehtiyat fondundan ayrılmış 3 milyon manat vəsait hesabına ümumilikdə, rayonda ciddi dağıntıya məruz qalmış 4 ev yenidən tikilib və 8 ev bərpa olunub. Həmçinin 19 evdə əsaslı, 231 evdə isə cari təmir işləri aparılıb. Bundan başqa, Tərtər şəhər 6 saylı tam orta və 120 şagird yerlik Qazyan kənd ümumi orta məktəblərində əsaslı təmir işləri görülüb.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ağdam rayonunda səfərdə olarkən, Quzanlı qəsəbəsində Heydər Əliyev Mərkəzinin, Bayraq Muzeyinin açılışında, həmçinin Ağdam Muğam Mərkəzinin təməlqoyma mərasimində iştirak ediblər.
Dövlət başçısı və xanımı rayonun Mahrızlı kəndinə gələrək evlərdə yaradılan şəraitlə tanış olublar. Cənab İlham Əliyev və xanımı burada Bakir Hüseynovun yeni tikilmiş evinə baş çəkiblər. Prezident İlham Əliyev deyib: “Biz elə bu həyətdə may ayının 1-də görüşmüşdük. O vaxt burada evlər dağılmışdı, mənzərə çox acınacaqlı idi. Bu gün isə 7 ay keçəndən sonra artıq yeni tikilmiş evə baxırıq. Azərbaycan dövləti qısa müddət ərzində lazım olan bütün tədbirləri görüb. Təkcə Ağdam rayonunda 700-dən çox ev yenidən tikilib, əsaslı bərpa edilib və cari təmir işləri aparılıb.
Mən mayın 1-də burada olarkən demişdim ki, vətəndaşlar narahat olmasınlar, Azərbaycan dövləti bütün lazımi işləri görəcək. Belə də oldu, yararsız vəziyyətdə olan bütün evlər, binalar 6-7 ay ərzində bərpa edildi. Ağdam rayonunda 700-dən çox, Tərtər rayonunda 250-yə yaxın ev təmir edildi və tikildi. Cəmi 6-7 ay ərzində. Bu, ilk növbədə, dövlətimizin gücünü göstərir ki, biz bunu etməyə qadirik. Digər tərəfdən, bu, apardığımız siyasətin nəticəsidir, onun təzahürüdür. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və dövlət həmişə öz vətəndaşını qoruyur, onun problemlərini həll etməyə çalışır. Bir neçə ay ərzində belə geniş quruculuq işlərinin aparılması bir daha bizim siyasətimizi göstərir”.
Azərbaycan Prezidenti söhbətində, həmçinin bildirib ki, aprel döyüşləri həm dövlətimiz, həm dövlətin bir qolu olan ordumuz, həm də vətəndaşlarımız üçün qəhrəmanlıq səhifəsidir. Bax, bu birlik Azərbaycanda var və əgər vətəndaşlar o vaxt bu qədər cəsarət göstərməsəydilər, əlbəttə ki, bu, bizim işimizə də mənfi təsir edə bilərdi. Vətəndaşlar öz cəsarəti ilə hərbçilərimizə əlavə güc, inam verdilər. Hərbçilərimiz də bilirdilər ki, onların arxasında Azərbaycan vətəndaşları yaşayır, onlar vətəndaşları qorumalıdırlar.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.