Nəzərdə tutulan qlobal tədbirlər Azərbaycanın sürətli inkişafına yol açacaq

Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu il dekabrın 6-da imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərmanda həm qısa, həm orta, həm də uzunmüddətli perspektivdə ölkə iqtisadiyyatı qarşısında qoyulan vəzifələr və mühüm istiqamətlər öz ifadəsini tapıb.

Xatırladım ki, həmin sənəd toplusunda 11 əsas sektor üzrə hazırlanan, eyni zamanda, 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək dövr üçün uzunmüddətli, 2025-ci ildən sonrakı dövr üçün isə hədəf baxışlarını əhatə edən  yol xəritələri yer alıb. 

Strateji yol xəritələri hazırlanarkən onların layihələri açıq müzakirəyə verilib və yekun sənəd tərtib olunarkən maraqlı tərəflərin, o cümlədən vətəndaş cəmiyyəti təsisatlarının və vətəndaşların çoxsaylı rəy və təklifləri  diqqətlə nəzərə alınıb. Bütün bunlar isə mükəmməl bir sənədin ictimaiyyətə təqdim edilməsi ilə nəticələnib.

Sənədə Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi, o cümlədən, neft və qaz sənayesi (kimya məhsulları daxil olmaqla), ağır sənaye və maşınqayırma, ixtisaslaşmış turizm sənayesi, logistika və ticarət, uyğun qiymətə mənzil təminatı, peşə təhsili və təlimi, maliyyə xidmətləri, telekommunikasiya və informasiya texnologiyaları və kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına  dair strateji yol xəritələri daxildir. Topluda, həmçinin  kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə  kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının hazırlanması ilə bağlı xəritələr də diqqət çəkir.

Xəritələr sırasında mühüm yer alan ixtisaslaşmış turizm sənayesinin gələcək perspektivi ilə bağlı bir qədər ətraflı söhbət açmaq istərdim. Ölkəmizdə bu sahə son illər dinamik tərəqqi yoluna düşüb. Turizmin inkişafı, onun iqtisadiyyatın rəqabətədavamlı sahəsinə çevrilməsi istiqamətində görülən işlər, turistlərin tələbatının ödənməsi üçün zəruri xidmətlərin təşkili, elektron vizaların verilməsi, xarici vətəndaşların ölkəyə daxil olduqda ödədikləri ƏDV-lərin qaytarılması mexanizminin tətbiqi, Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi respublikamıza turist cəlbinə şərait yaradıb.

Sektorun güclü potensialı  bu gün inamla deməyə imkan verir ki, turizm sənayesi bundan sonra da diqqət mərkəzində saxlanılacaq. Məhz bu qayğının nəticəsidir ki, ekspertlər tərəfindən 2017-2020-ci illərdə turizm sektorunun orta hesabla 7,4 faiz artacağı proqnozlaşdırılır.

Logistika və ticarətin inkişafına dair strateji yol xəritəsi barədə isə bəhs edərkən, bir mühüm cəhəti vurğulamaq istərdim. Bu, respublikamızda son illər nəqliyyat sektoruna göstərilən diqqətlə bağlı məsələdir. Məhz bunun nəticəsidir ki, 2017-ci ildə nəqliyyat sektorunda 2,9 faiz, növbəti illərdə isə 4 faiz artım gözlənilir.  Bu, təsadüfi deyil. Çünki böyük potensiala malik nəqliyyat sektorunda orta və irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, o cümlədən, Bakı-Tbilisi-Qars, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Mülki Hava və Dəniz Nəqliyyatı Donanmasının yenilənməsi sözügedən sahədə artıma, yüksək göstəricilərin əldə olunmasına imkan yaradacaq. Bununla yanaşı, “Şimal-Cənub” və “Şərq-Qərb” Beynəlxalq nəqliyyat dəhlizləri üzrə işlər davam etdiriləcək. Artıq İran sərhədində dəmir yolunun inşası başa çatdırılıb, hazırda sınaqlar keçirilir.

Ölkəmizin tranzit cəlbediciliyinin artırılması və tranzit yükdaşımaları üzrə daha əlverişli şərait yaradılması ilə bağlı xeyli iş görülüb, sərhəd-keçid prosedurları və qaydaları sadələşdirilib, tranzitlə əlaqədar xərclər azaldılıb, tarif siyasətində şəffaflıq təmin edilib.

Yuxarıda qeyd edilənlərdən belə qənaətə gəlmək olar ki, Azərbaycan iqtisadiyyatının postneft dövrünə qədəm qoyması ilə bağlı Prezident İlham Əliyevin rəhbərliyi ilə  reallaşan qlobal tədbirlər təkcə bu gün üçün yox, həm də yaxın gələcək üçün hesablanıb. Dövlət başçısının yuxarıda adıçəkilən fərmanı ilə həyata vəsiqə alan strateji yol xəritələrində sadalanan həmin tədbirlərin uğurla icrası ilə Azərbaycan daha sürətlə inkişaf edəcək, qüdrətlənəcək.

Günel SƏFƏROVA,
“Gənc Vətəndaş” Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında