Azərbaycan Prezidenti İlham Əliyev bu il dekabrın 6-da ölkənin perspektiv inkişaf hədəflərini və istiqamətlərini müəyyənləşdirmək, onların reallaşdırılmasını təmin etmək məqsədilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” 2016-cı il 16 mart tarixli sərəncama uyğun olaraq müvafiq strateji yol xəritələrini təsdiq edib.
Bura Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi, o cümlədən, neft və qaz sənayesi (kimya məhsulları daxil olmaqla), ağır sənaye və maşınqayırma, ixtisaslaşmış turizm sənayesi, logistika və ticarət, uyğun qiymətə mənzil təminatı, peşə təhsili və təlimi, maliyyə xidmətləri, telekommunikasiya və informasiya texnologiyaları və kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair strateji yol xəritələri daxildir. Xəritələr sırasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının hazırlanması ilə bağlı bəndlər də diqqət çəkir.
Strateji yol xəritəsi Azərbaycanın sosial-iqtisadi həyatında hansı dəyişikliklərə gətirib çıxaracaq? Əvvəla onu deyim ki, bu mühüm sənədin əsas istiqamətlərində sənayenin inkişafına xüsusi diqqət yetirilir. Bu, təsadüfi deyil. Çünki hazırda bu sektorda iqtisadi diversifikasiya mühüm önəm daşıyır. Burada əsas məqsəd isə yeni növ məhsul və xidmətlərin istehsalı hesabına ümumi daxili məhsulun, yerli və dünya bazarında rəqabətqabiliyyətliliyin, istehsalın səmərəliliyinin artırılması üçün yeni texnologiyaların yaradılması və qabaqcıl texnologiyaların cəlb edilməsidir. Onu da xatırladım ki, bu gün elm tutumlu sahələrin gücləndirilməsi ilə milli iqtisadiyyat yeni mərhələyə keçib və innovativ inkişafa qədəm qoyub.
Strateji yol xəritəsi uzun müddətə ölkənin mühüm hədəflərini müəyyənləşdirəcək. Azərbaycan dövləti strateji yol xəritəsini ölkəmizin bütün ərazisində tam təfsilatı ilə həyata keçirəcək.
Sənəddə 11 istiqamət əhatə olunub. Bunlardan 4-ü istehsal, o cümlədən neft-qaz, kənd təsərrüfatı, 2-si xidmət, 2-si sosial, 3-ü isə telekommunikasiya və maliyyə xidmətləri daxil olmaq şərtilə infrastruktur adı altında birləşdirilərək strateji yol xəritəsində ehtiva edilib.
Strateji yol xəritəsi Azərbaycanı orta gəlirli ölkədən yüksək gəlirli ölkələr sırasına qaldırmaq niyyəti daşıyır. Bunun üçün qarşıda 3 əsas məqsədin- kapital, talant, bazar prinsiplərinin gerçəkləşdirilməsi kimi mühüm vəzifə durur. Hər üç istiqamət üzrə strateji yol xəritəsi Azərbaycan dövlətinin uzunmüddətli hədəflərini müəyyənləşdirir.
İqtisadiyyatın şaxələndirilməsinin və qeyri-neft sektorunun inkişafının sosial-iqtisadi siyasətin prioritet istiqaməti olduğunu nəzərə alsaq, strateji yol xəritəsinin qarşıya qoyulan hədəflərə nail olunmasında xüsusi əhəmiyyət kəsb etdiyini deyə bilərik. Belə ki, son illərdə Azərbaycanda neftdən əldə edilən gəlirlər hesabına iqtisadiyyat uğurla şaxələndirilib, əhalinin sosial müdafiəsi, həyat səviyyəsinin yüksəldilməsi, müasir infrastrukturun yaradılması üçün möhkəm zəmin formalaşdırılıb. Dünyada baş verən neqativ iqtisadi proseslər fonunda Azərbaycanda iqtisadi sabitlik qorunub saxlanılıb, qeyri-neft sektorunun və regionların inkişafı daha da sürətlənib. Sahibkarlığa dövlət dəstəyi gücləndirilib, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradılıb.
Uğurla həyata keçirilən bu siyasətin nəticəsi olaraq son illər Azərbaycanda yüzlərlə sənaye müəssisəsi tikilərək istifadəyə verilib, yüz minlərlə yeni iş yeri açılıb. Ölkədə rəqabətədavamlı məhsulların istehsalını artırmaq məqsədilə hazırda sənaye parklarının və məhəllələrinin təşkili işləri uğurla davam etdirilir.
Azər VERDİYEV,
Azərbaycan Slavyan Gəncləri Assosiasiyası
analitik təhlil mərkəzinin rəhbəri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.