Azərbaycanda qeyri-neft sektorunun dinamik inkişafı bu sahəyə göstərilən diqqətin nəticəsidir

Son illər iqtisadi sahədə həyata keçirilən tədbirlər bazar iqtisadiyyatı mexanizmləri əsasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yerli və xarici investisiyaları, müasir texnologiyaları cəlb etmək və qabaqcıl idarəetmə təcrübəsindən faydalanmaqla rəqabətədavamlı məhsul istehsal edən müəssisələrin, yeni iş yerlərinin yaradılmasına və nəticə etibarı ilə ölkənin iqtisadi qüdrətinin artırılmasına yönəlmişdir.
Azərbaycanın əldə etdiyi uğurları bəziləri neft amili ilə əlaqələndirməyə cəhd göstərirlər. Amma dövlət başçımız İlham Əliyev də dəfələrlə bəyan etmişdir ki, ölkəmizin iqtisadiyyatı neftdən tam asılı deyil və bizdə artıq iqtisadiyyatın şaxələndirilməsi istiqamətində çox ciddi işlər görülür, qeyri-neft sektoru sürətlə inkişaf edir. Bununla bağlı Prezident İlham Əliyev demişdir: "Azərbaycan qarşıda duran əsas vəzifələrdən biri olan iqtisadiyyatın şaxələndirilməsi məsələlərini uğurla icra edir. Əgər iqtisadiyyatımız artıq şaxələndirilmiş iqtisadiyyat olmasaydı, Azərbaycan rəqabət qabiliyyətinə görə mötəbər beynəlxalq maliyyə qurumları tərəfindən MDB məkanında birinci yeri tutmazdı...".
Ümumiyyətlə, ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi nəticəsində iqtisadiyyatın qeyri-neft sektorunda dayanıqlı mövqeyi möhkəmlənmiş, istehsal və emal müəssisələri, xidmət və digər infrastruktur müasirləşdirilmiş, prioritet sahələrə iri investisiyaların yönəldilməsi reallaşmışdır. Bunu statistik göstəricilər də təsdiqləyir.
Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, iqtisadi və sosial tərəqqinin əsas keyfiyyət göstəricisi olan Ümumi Daxili Məhsul istehsalı 2010-cu ilin on bir ayı ərzində 4,5 faiz və ya müqayisəli qiymətlərlə 1,4 milyard manat artaraq 36,6 milyard manata çatmışdır. Əlavə dəyər məhsul istehsalı sahələrində 3,4 faiz, xidmət sahələrində 6,2 faiz çoxalmış, 53,9 faizi sənaye sahələrində, 7,3 faizi tikinti kompleksində, 4,9 faizi kənd, ovçuluq və meşə təsərrüfatında, 6 faizi nəqliyyatda, 8,1 faizi ticarət və pullu xidmət sahələrində, 1,9 faizi rabitədə, 11 faizi digər sahələrdə istehsal olunmuşdur.
Adambaşına 4096,4 manatlıq (5101,4 ABŞ dolları), yaxud keçən ildəkindən 3,2 faiz çox əlavə dəyər istehsal olunmuşdur. Ümumi daxili məhsul istehsalı qeyri-neft sektorunda 5,9 faiz, neft sektorunda isə 2,6 faiz artmışdır.
Sənaye sahəsində məhsul istehsalı keçən ilin yanvar-noyabr ayları ilə müqayisədə 3,1 faiz artmış, sənaye məhsulunun 76,1 faizi və ya 19,2 milyard manatı mədənçıxarma bölməsində, 18,8 faizi, yaxud 4,8 milyard manatı emal bölməsində, 4,5 faizi və ya 1,1 milyard manatı elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində, 0,6 faizi və ya 145,7 milyon manatı su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsal olunmuşdur. Yanvar-noyabr ayları ərzində mədənçıxarma bölməsində 47,1 milyon ton neft, 15,5 milyard kubmetr əmtəəlik qaz hasil olunmuşdur.
Emal bölməsinin məhsullarından qida məhsulları istehsalı 2,2 faiz, içki istehsalı 12,7 faiz, mebeldən başqa ağacın emalı və ağacdan məmulatlar istehsalı 14,6 faiz, kağız və karton istehsalı 22,9 faiz, poliqrafiya fəaliyyəti və yazılmış məlumatların daşıyıcılara köçürülməsi 10,5 faiz, neft məhsulları istehsalı 8,9 faiz, kimya sənayesi məhsulları istehsalı 11,2 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 22,3 faiz, elektrik avadanlıqları istehsalı 83,2 faiz, maşın və avadanlıqlar istehsalı 2,6 dəfə, avtomobil, qoşqu və yarımqoşqular istehsalı 74,4 dəfə artmışdır. İlin əvvəlindən ölkənin elektrik stansiyalarında 16 milyard kv.saat elektrik enerjisi istehsal olunmuşdur. Sənaye məhsulu istehsalı neft sektorunda 2,5 faiz, qeyri-neft sektorunda isə 5,9 faiz artmışdır.
Aqrar bölmədə bitkiçilik məhsullarının yığımı başa çatmaq üzrədir. Dekabrın 1-nə kimi qarğıdalı da daxil olmaqla 2000,3 min ton taxıl, 953,7 min ton kartof, 1178,9 min ton tərəvəz, 35,3 min ton pambıq, 711 min ton meyvə və giləmeyvə, 433,2 min ton bostan məhsulları, 123,4 min ton üzüm, 218 min ton şəkər çuğunduru, 3,2 min ton tütün, 530,5 ton yaşıl çay yarpağı toplanmış, diri çəkidə 303,2 min ton ət, 1400,9 min ton süd, 1081,8 milyon ədəd yumurta və 15,4 min ton yun istehsal olunmuşdur. Taxıl və kartof istisna olmaqla qalan bitkiçilik məhsullarının və heyvandarlıq məhsullarının istehsalı keçən illə müqayisədə artmışdır.
2011-ci ilin məhsulu üçün 973,1 min hektar sahədə şum qaldırılmış, 836,3 min hektar sahədə dən üçün taxıl, o cümlədən 602 min hektar sahədə buğda, 234,2 min hektar sahədə arpa səpilmişdir.
İqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7,7 milyard manat həcmində vəsait yönəldilmiş, 5,1 milyard manatlıq tikinti-quraşdırma işləri görülmüşdür. Əsaslı vəsaitin 76,2 faizini və ya 5,9 milyard manatını daxili investisiyalar təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin məbləği 15,2 faiz, o cümlədən tikinti-quraşdırma işlərinin aparılmasına sərf edilmiş vəsait 9,6 faiz artmışdır. Məhsul istehsalı obyektlərinin inşasının aparılmasına investisiyanın 50,8 faizi, yaxud 3,9 milyard manat sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş sərmayənin çox hissəsini (53,1 faizini) müəssisə və təşkilatların vəsaitləri, 31,7 faizini büdcə vəsaitləri təşkil etmişdir.
İlin əvvəlindən ümumi sahəsi 1490,1 min kvadratmetrə bərabər yaşayış evləri, 14322 şagird yerlik ümumtəhsil məktəbləri, 581 çarpayılıq xəstəxana, növbədə 530 nəfərə xidmət etməyə imkan verən ambulator-poliklinika müəssisəsi və s. istifadəyə verilmişdir. İnşasına əvvəlki illərdə və cari ildə başlanmış obyektlərin tikintisinin davam etdirilməsi üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin on bir ay ərzində 2285,4 milyon manatından istifadə olunmuşdur.
Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 179,9 milyon ton yük və 1,3 milyard nəfər sərnişin daşınmış və keçən illə müqayisədə yük daşınması 3,1 faiz, sərnişin daşınması isə 4,4 faiz artmışdır. Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə yanvar-oktyabr aylarında 42,5 milyon ton yük daşınaraq bu fəaliyyətdən, habelə sərnişin daşınmasından əldə olunmuş 263 milyon manat gəlirin 41,8 faizi dəmir yolu, 23,4 faizi dəniz, 34,8 faizi avtomobil nəqliyyatının işi hesabına yaranmışdır.
Ölkənin iqtisadi və həm də sosial həyatında sürətlə inkişaf edən sahələrdən biri də rabitədir. Sahənin əməkçiləri ilin əvvəlindən əhaliyə, müəssisə və təşkilatlara 1033,3 milyon manatlıq, yaxud keçən ilin müvafiq dövründə olduğundan 30,8 faiz çox rabitə xidməti göstərmişlər. Xidmətlərin 74,2 faizi və ya 766,7 milyon manatı əhaliyə göstərilmiş və 31,2 faiz artmışdır.
Yanvar-noyabr ayları ərzində 16,2 milyard manat məbləğində istehlak malları satılmış və pullu xidmət göstərilmişdir. İstehlakçılara ticarət şəbəkəsindən keçən ilin müvafiq dövründə olduğundan 8,5 faiz çox və ya 12 milyard manat həcmində əmtəə satılmış, 10,4 faiz çox, yaxud 4,2 milyard manatlıq pullu xidmət göstərilmişdir. İstehlak bazarında satılmış malların 7,8 milyard manatını və ya 64,5 faizini ərzaq məhsulları, 4,2 milyard manatını qeyri-ərzaq malları təşkil etmişdir.
Əmtəə dövriyyəsinin 14,9 faizi hüquqi şəxs kimi fəaliyyət göstərən ticarət təşkilatları, 40,4 faizi bazarlar və yarmarkalar, 44,7 faizi isə hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fiziki şəxslər tərəfindən həyata keçirilmişdir.
Ölkənin dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri yanvar-oktyabr aylarında 143 dövlətlə 22,5 milyard ABŞ dolları məbləğində xarici ticarət əməliyyatları aparmışlar.
Xarici ticarət dövriyyəsinin 17,4 milyard dollarını və ya 77,2 faizini ölkədən ixrac olunmuş mallar, 5,1 milyard dollarını (22,8 faizini) ölkəmizə idxal edilmiş məhsullar təşkil etmişdir. Ticarət əlaqələrinin 85,7 faizi və ya 19,3 milyard dolları uzaq xarici ölkələrlə, 14,3 faizi (3,2 milyard dolları) MDB üzvü dövlətləri ilə aparılmışdır.
Ölkəmizdən göndərilmiş malların 90,7 faizi uzaq xarici dövlətlərə, 9,3 faizi isə MDB üzvü ölkələrinə ixrac olunmuş və onun əsas hissəsini mineral məhsullar, ərzaq məhsulları, azqiymətli metallar və onlardan hazırlanmış məmulatlar, quru, hava və su nəqliyyatı vasitələri, kimya və neft-kimya sənayesi məhsulları təşkil etmişdir.
Ölkəmizə idxal olunmuş məhsulların çox hissəsi (68,9 faizi) uzaq xarici ölkələrdən daxil olmuşdur. Maşın və mexanizmlər, elektrotexniki avadanlıqlar, ərzaq məhsulları, quru, hava və su nəqliyyatı vasitələri, azqiymətli metallar və onlardan hazırlanmış məmulatlar, kimya sənayesi məhsulları, mineral məhsullar idxal olunmuş mallar içərisində üstünlük təşkil etmişdir.
Beləliklə, on ay ərzində aparılmış idxal-ixrac əməliyyatları nəticəsində 12,2 milyard dollarlıq, o cümlədən uzaq xarici ölkələrlə 12,2 milyard dollar, MDB üzvü dövlətləri ilə isə 10,2 milyon dollar məbləğində müsbət ticarət saldosu yaranmışdır.
Yanvar-noyabr aylarında əhalinin gəlirləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 12 faiz artaraq 22,7 milyard manata, onun adambaşına düşən məbləği isə 10,7 faiz çoxalaraq 2539,9 manata çatmışdır. Gəlirlərin 69,4 faizi son istehlaka, 8,9 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 20 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf olunmuşdur. Əhalinin sərəncamında 20,7 milyard manat məbləğində gəlirləri qalmış və keçən ilin müvafiq dövrünə nisbətən 12,8 faiz artmışdır.
Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar-oktyabr ayları ərzində dövlət büdcəsinə 8,4 milyard manat daxil olmuş, büdcədən 7,6 milyard manat vəsait xərclənmişdir. Büdcə xərclərinin 37,7 faizi və ya 2,9 milyard manatı iqtisadiyyatın inkişafına, 11,3 faizi (861,9 milyon manatı) təhsilə, 13,2 faizi (1006,6 milyon manatı) sosial müdafiə və sosial təminata yönəldilmişdir. Büdcənin gəlirləri ilə xərcləri arasında ümumi daxili məhsulun 2,4 faizinə bərabər və ya 774,5 milyon manatlıq profisit yaranmışdur.
Noyabr ayının 1-nə əhalinin banklardakı əmanətləri keçən ilin müvafiq dövrünə nisbətən 35,8 faiz artaraq 2,9 milyard manat olmuş, onların 1,6 milyard manatı xarici valyuta ilə, 1,3 milyard manatı isə milli valyuta ilə qoyulmuşdur.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında