Beynəlxalq aləmdə gedən iqtisadi və maliyyə prosesləri, xüsusən son illər bu sahədə yaranan problemlər irili-xırdalı bütün ölkələrin iqtisadiyyatına təsir edir.
İqtisadiyyatı daha böyük olan ölkələr daha çox zərərdidə olur, kiçik olan ölkələr isə nisbətən az fəsadlarla üzləşirlər. Azərbaycan kimi öz iqtisadiyyatını elmi şəkildə əsaslandırılmış prinsiplər üzərində quran dövlətlər isə öz qonşularına və beynəlxalq aləmdəki tərəfdaşlarına nisbətən vəziyyətdən daha tez və daha az itkilərlə çıxmaq şansını saxlayırlar. Ölkəmizin belə bir şansının olması ilə yanaşı, başqa bir faktı da qeyd etmək lazımdır. Bu isə Azərbaycan dövlətinin beynəlxalq aləmdə baş verən proseslər fonunda vəziyyətdən çıxmaq üçün atdığı növbəti addımlardır.
Azərbaycan Dövlət İqisad Universitetinin dosenti Bəşir Osmanovdan bu barədə fikirlərini bildirməsini xahiş etdik. O dedi:
– Bizim istənilən beynəlxalq böhran zamanı öz iqtisadiyyatımızı qorumaq və insanlarımızın sosial-rifah halının daim yaxşılaşdırılmasını təmin etmək imkanımız var. Nə üçün? Çünki hələ xeyli əvvəl Azərbaycan Prezidenti İlham Əliyev ölkədə qazanılan neft kapitalının mühüm hissəsinin qeyri-neft sektorunun inkişafına istiqamətləndirilməsini qarşıya qoymuş və bu yöndə kifayət qədər uğurlu addımlar atılmışdır. Belə ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, uzunmüddətli dövr üçün düşünülmüş iqtisadi siyasət ölkədə makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf üçün mühüm zəmin yaradıb. Ancaq buna baxmayaraq, dövlət başçımız bu gün də ölkə iqtisadiyyatının daha da sağlamlaşdırılması, əhalinin gəlirlərinin çoxalması üçün müvafiq addımlar atmaqda davam edir. Mən dövlət başçımızın dekabrın 6-da imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərmanı nəzərdə tuturam.
Həmin sənəddə deyilir ki, Azərbaycan Respublikasında qeyri-neft sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətidir. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində makroiqtisadi sabitlik qorunub saxlanılıb, qeyri-neft sahələrinin və bütövlükdə regionların tarazlı inkişafı sürətlənib, strateji valyuta ehtiyatlarından səmərəli istifadə təmin olunub, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, əlverişli biznes və investisiya mühiti formalaşıb, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşıb. Bu il mart ayının 16-da isə ölkədə həyata keçirilən iqtisadi siyasətin və islahatların davamlılığını təmin etmək üçün iqtisadiyyatın mövcud vəziyyətinin dərindən təhlili və yeni iqtisadi inkişaf strategiyasının hazırlanması məqsədilə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” təsdiq edilmişdi. Sonrakı müddətdə yerli və xarici ekspertlərin, təcrübəli mütəxəssislərin, məsləhətçi şirkətlərin və elmi təşkilatların iştirakı ilə ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq şəraitində milli iqtisadiyyat və iqtisadiyyatın on bir əsas sektoru üzrə strateji yol xəritələrinin layihələri hazırlanıb. Dekabrın 6-da dövlət başçısının fərmanı ilə təsdiq olunan həmin sənədlər 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün isə uzunmüddətli baxışı və ondan sonrakı dövrə hədəf baxışını əks etdirir.
Kütləvi informasiya vasitələrindən məlum olduğu kimi, adıçəkilən 11 yol xəritəsi Azərbaycan iqtisadiyyatının bütün spektrlərini əhatə edir. Ancaq bir vətəndaş kimi, məni daha çox sevindirən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”, “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”, “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” və “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”nin ərsəyə gəlməsi oldu. Diqqət yetirdinizsə, bu sahələr müasir dünyanın bütün ölkələrində ən həssas məsələ kimi daim diqqət mərkəzindədir. Ancaq bu, o demək deyil ki, mən qalan yeddi xəritənin əhəmiyyətini azaltmaq istəyirəm. Əsla belə deyil. Sadəcə, bu dörd xəritənin əsas insan hüquqlarının daha yüksək səviyyədə qorunmasına xidmət etdiyi qənaətindəyəm.
Qətiyyətlə deyə bilərəm ki, cənab Prezidentin imzaladığı digər sənədlərin hamısı kimi, bu fərman da Azərbaycan vətəndaşının sosial-rifah halının yaxşılaşdırılmasına, insan hüquq və azadlıqlarının dünya təcrübəsi səviyyəsində qorunmasına zəmin yaradılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Qələmə aldı:
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.