Hazırda dünyada gedən siyasi və iqtisadi proseslər ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini artırmaq, idxaldan asılılığı azaltmaq, ixracyönümlü qeyri-neft iqtisadiyyatının əsaslı inkişafını reallaşdırmaq, insan kapitalından səmərəli istifadə etmək kimi prioritetlərin ön plana çəkilməsini zəruri edir.
Elə buna görə də Azərbaycan Prezidenti İlham Əliyev bu il mart ayının 16-da “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Həmin sərəncama əsasən, işçi qrupu yerli və xarici ekspertlərin, təcrübəli mütəxəssislərin, məsləhətçi şirkətlərin və elmi təşkilatların iştirakı ilə, ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq şəraitində milli iqtisadiyyat və iqtisadiyyatın on bir əsas sektoru üzrə strateji yol xəritələrinin layihələrini hazırlayıb. Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir. Layihələr açıq müzakirəyə verilib və yekun sənəd tərtib edilərkən maraqlı tərəflərin, o cümlədən vətəndaş cəmiyyəti təsisatlarının və vətəndaşların çoxsaylı rəy və təklifləri nəzərə alınıb.
Dövlət başçısı bu il dekabrın 6-da ölkənin perspektiv inkişaf hədəflərini və istiqamətlərini müəyyənləşdirmək, onların reallaşdırılmasını təmin etmək məqsədilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” 2016-cı il 16 mart tarixli sərəncama uyğun olaraq müvafiq strateji yol xəritələrini təsdiq edib. Bura Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi, o cümlədən, neft və qaz sənayesi (kimya məhsulları daxil olmaqla), ağır sənaye və maşınqayırma, ixtisaslaşmış turizm sənayesi, logistika və ticarət, uyğun qiymətə mənzil təminatı, peşə təhsili və təlimi, maliyyə xidmətləri, telekommunikasiya və informasiya texnologiyaları və kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair strateji yol xəritələri daxildir. Xəritələr sırasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının hazırlanması ilə bağlı bəndlər də diqqət çəkir.
Ölkə Prezidentinin sözügedən fərmanına əsasən, strateji yol xəritələrinin həyata keçirilməsinə ümumi rəhbərlik və nəzarəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, xəritələrdə qeyd edilən fəaliyyətlərlə bağlı monitorinq, qiymətləndirmə və kommunikasiya tədbirlərini isə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi reallaşdıracaq.
Ölkə rəhbəri tərəfindən strateji yol xəritələrinin hazırlanması və həyata keçirilməsinə mühüm önəm verilməsi təsadüfi deyil. Belə ki, bu gün respublikamızda qeyri-neft sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafı dövlətin iqtisadi siyasətinin prioritet istiqamətidir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, uzunmüddətli dövr üçün düşünülən iqtisadi siyasət ölkədə makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf üçün əsaslı zəmin yaradıb. Nəticədə geniş sahibkarlar təbəqəsi formalaşıb, sosial-iqtisadi sahələrdə özəl sektorun rolu daha da artıb, ümumdünya iqtisadi sisteminə inteqrasiya sürətlənib.
Xatırladaq ki, davamlı iqtisadi islahatlar çərçivəsində bu siyasət qlobal iqtisadi çağırışlara uyğun müasir konseptual yanaşmalarla daha da təkmilləşdirilib, strateji məqsədlərə uyğun sərbəst bazar münasibətlərinin və özünüinkişaf qabiliyyətinə malik sosialyönümlü, diversifikasiya olunan milli iqtisadiyyatın formalaşdırılması təmin edilib. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində makroiqtisadi sabitlik qorunub saxlanılıb, qeyri-neft sahələrinin və bütövlükdə regionların tarazlı inkişafı sürətlənib, strateji valyuta ehtiyatlarından səmərəli istifadə təmin olunub, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, əlverişli biznes və investisiya mühiti formalaşıb, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşıb. Lakin bununla belə son dövrlərdə istər regionda, istərsə də qlobal iqtisadiyyatda gedən proseslər, neft gəlirlərinin kəskin azalması, mürəkkəb xarici iqtisadi mühit ölkənin makroiqtisadi və maliyyə sabitliyinə öz təsirini göstərməkdədir. Dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədilə iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi, sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla, iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması qarşıda duran əsas prioritet vəzifələrdəndir. Bununla əlaqədar olaraq, respublikada həyata keçirilən iqtisadi siyasətin və islahatların davamlılığını təmin etmək üçün iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri hazırlanıb.
Strateji yol xəritəsinin əsas istiqamətlərində sənayenin inkişafına xüsusi diqqət yetirilir. Bu, onunla əlaqədardır ki, hazırda adı çəkilən sektorda iqtisadi diversifikasiya mühüm önəm daşıyır. Burada əsas məqsəd isə yeni növ məhsul və xidmətlərin istehsalı hesabına ümumi daxili məhsulun, yerli və dünya bazarında rəqabətqabiliyyətliliyin, istehsalın səmərəliliyinin artırılması üçün yeni texnologiyaların yaradılması, habelə qabaqcıl texnologiyaların cəlb edilməsidir. Onu da xatırladaq ki, hazırda elm tutumlu sahələrin gücləndirilməsi ilə milli iqtisadiyyat yeni mərhələyə keçib və innovativ inkişafa qədəm qoyub.
Yeri gəlmişkən, Azərbaycan ölkə iqtisadiyyatının 2025-ci ilə qədər və sonrakı illər üçün strateji yol xəritəsinin işlənməsi üçün “Mckinsey & Company” beynəlxalq konsaltinq şirkətini cəlb edib. Xatırladaq ki, bu barədə məlumat verən “Financial Times” nəşrində Azərbaycanın postneft dövrünü 10-15 ildən sonra gözlədiyini, lakin belə vəziyyətlə praktiki olaraq artıq qarşılaşıldığı bildirilib.
Strateji yol xəritəsi uzun müddətə ölkənin mühüm hədəflərini müəyyənləşdirəcək. Azərbaycan dövləti strateji yol xəritəsini ölkəmizin bütün ərazisində tam dolğunluğu ilə həyata keçirəcək.
Ekspertlərin fikrincə, strateji yol xəritəsi Azərbaycanı orta gəlirli ölkədən yüksək gəlirli ölkələr sırasına qaldırmaq niyyəti daşıyır. Bunun üçün qarşıda 3 əsas məqsədin- kapital, talant, bazar prinsiplərinin gerçəkləşdirilməsi kimi mühüm vəzifə durur. Hər üç istiqamət üzrə strateji yol xəritəsi Azərbaycan dövlətinin uzunmüddətli hədəflərini müəyyənləşdirir.
İqtisadiyyatın şaxələndirilməsinin və qeyri-neft sektorunun inkişafının sosial-iqtisadi siyasətin prioritet istiqaməti olduğunu nəzərə alsaq, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının qarşıya qoyulan hədəflərə nail olunmasında xüsusi əhəmiyyət kəsb etdiyini deyə bilərik. Belə ki, son illərdə Azərbaycanda neftdən əldə edilən gəlirlər hesabına iqtisadiyyat uğurla şaxələndirilib, əhalinin sosial müdafiəsi, həyat səviyyəsinin yüksəldilməsi, müasir infrastrukturun yaradılması üçün möhkəm zəmin formalaşdırılıb. Dünyada baş verən neqativ iqtisadi proseslər fonunda Azərbaycanda iqtisadi sabitlik qorunub saxlanılıb, qeyri-neft sektorunun və regionların inkişafı daha da sürətlənib, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradılıb.
Uğurla həyata keçirilən bu siyasətin nəticəsi olaraq son illər Azərbaycanda yüzlərlə sənaye müəssisəsi tikilərək istifadəyə verilib, minlərlə yeni iş yeri açılıb. Ölkədə rəqabətədavamlı məhsulların istehsalını artırmaq məqsədilə hazırda sənaye parklarının və məhəllələrinin təşkili işləri uğurla davam etdirilir.
Beləliklə, son illər Azərbaycan iqtisadiyyatının bir çox sahələrində, xüsusilə də qeyri-neft sektorunda nəzərə çarpan yüksəliş bir tərəfdən ölkəmizin geniş inkişaf potensialını əks etdirir, digər tərəfdən isə bu potensialdan tam istifadə olunması məqsədilə əlavə tədbirlərin həyata keçirilməsi zərurətini yaradır. “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə məhz bu mühüm vəzifə qarşıya qoyulub. Ona görə də yaxın illərdə iqtisadi artımın maşınqayırma, ixtisaslaşmış turizm, kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına nail olmaqla reallaşdırması heç bir şübhə döğurmur.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.