Türkiyə və Azərbaycanın bu günə qədər uğurla həyata keçirdiyi əməkdaşlığa yeni bir layihə – Trans Anadolu Qaz Boru Kəmərinin (TANAP) çəkilişi də əlavə edilmişdir. İki qardaş ölkənin strateji münasibətləri zəminində yaranan bu nəhəng layihənin məqsədi Avropa və Türkiyənin təbii qaza ehtiyacının ödənilməsi və regionda qaz çoxçeşidliliyinin təmin edilməsidir.
Layihə qaz təminatı ilə yanaşı, regionda insan amili, ətraf mühitin təmizliyi, işçilərin sağlamlığı və təhlükəsizliyi məsələlərini də kifayət qədər nəzərə alır. TANAP-ın hədəfi regionda gələcək nəsillərə təmiz və yüksək yaşayış səviyyəsi olan bir dünya bəxş etməkdir. Layihə dünya enerji bazarlarında artıq böyük rəğbətlə qarşılanmaqdadır. TANAP-ın Xəzər dənizi regionunda roluna, habelə müxtəlif geosiyasi və geoiqtisadi amillərə təsirinə nəzər salanda aşağıdakıları söyləmək olar.
Əvvəla, qeyd etməliyik ki, son dövrlərdə Avropa İttifaqının enerji təchizatının diversifikasiya yolu ilə genişləndirilməsi hesabına gələcəkdə enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu durmadan artmaqdadır. Trans Anadolu Qaz Boru Kəməri təbii qazı Türkiyənin şərqindən qərbinə daşıyacaq, bütün ölkədə sabit tranziti təmin edəcəkdir. Layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz Boru Kəmərini Avropa İttifaqında bir neçə kəmərlə əlaqələndirəcəkdir. Layihə çərçivəsində 26 sualtı quyunun qazılması, həmçinin körpü ilə birləşdiriləcək iki platformanın tikintisi, Səngəçalda yeni texniki emal və kompressor qurğularının inşası nəzərdə tutulur.
5 il ərzində reallaşması nəzərdə tutulan layihənin dəyəri 7 milyard ABŞ dolları həcmindədir. Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq. 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 milyard, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaqdır. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək.
TANAP layihəsində ARDNŞ-in 80 faiz, Türkiyənin BOTAŞ və TPAO şirkətlərinin isə birlikdə 20 faiz payı var. TANAP layihəsi üzrə saziş 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb. Boru kəmərinin diametri 1,4 metr nəzərdə tutulub. Qitələrarası bu kəmərin işə düşməsi 2017-ci ildə “Şahdəniz-2” layihəsi üzrə qaz hasilatına başlanması ilə uzlaşdırılıb.
İkincisi, bu layihə Xəzər hövzəsi regionunun enerji geosiyasəti baxımından önəmlidir. Müasir dövrdə beynəlxalq münasibətlər və dünya siyasətinin ən aktual məsələləri sırasında ayrı-ayrı dövlətlərin istehsal tələbatlarına görə (enerji daşıyıcıları, xammal, kapital, texnologiya, satış bazarları və s.) bir-birilə rəqabət aparması da yer alır. Dünyanın aparıcı dövlətləri arasında neft-qaz hasilatı ilə məşğul olan ölkələrlə prioritet münasibətlərin inkişafı son dövrdə artan rəqabət prinsipinə əsaslanır. Bu da öz növbəsində qlobal dünyada əsas geosiyasi problemə çevrilmişdir.
Xəzər regionu Şərqlə Qərbi birləşdirən, xüsusi iqtisadi və siyasi əhəmiyyətli kəsişmədə yerləşir. Yanacaq-enerji resurslarının həcmi baxımından Xəzər dənizi hövzəsinə daxil olan ölkələr (Azərbaycan, Rusiya, Qazaxıstan, İran və Türkmənistan) dünyanın ikinci vacib geoiqtisadi və geosiyasi əhəmiyyət kəsb edən bölgəsi sayılır. ABŞ ekspertlərinin hesablamalarına görə, bu regiona daxil olan 4 ölkənin (İran olmadan) yanacaq-enerji ehtiyatı 51,2 – 57,1 milyard ton şərti yanacaq təşkil edir. Xəzər hövzəsi sübut edilmiş karbohidrogen ehtiyatlarına görə planetin ən tutumlu ərazilərindəndir.
2005-ci ildə “Britiş petroleum”un apardığı hesablamalara əsasən, bölgədə (Rusiya olmadan) 47,8 milyard barrel neft və 9,12 trilyon kubmetr qaz cəmlənmişdir. Bu keçmiş SSRİ ölkələrinin ümumi ehtiyatlarının müvafiq olaraq 40 faizi və 15 faizi, Şimali Amerika yataqlarındakı bütün neft-qaz qədərdir. Xəzər hövzəsində Azərbaycanın payı 5 milyard ton neft və 5-6 trilyon kubmetr qaz təşkil edir ki, bu da ümumi ehtiyatların təxminən 4 faizi qədərdir.
Üçüncüsü, müasir dünyanın geosiyasi parametrlərinə təsir edən daha bir amil enerji məhsullarının istehlakçıya təhlükəsiz çatdırılmasıdır. Bu baxımdan Xəzər hövzəsi karbohidrogen ehtiyatlarının ixrac marşrutu geosiyasi və geoiqtisadi baxımdan problemli elementlərlə əngəllənirdi. Buna baxmayaraq, region ölkələrinin (xüsusilə, regionun neft və qaz layihələrinin iştirakçıları) səyi nəticəsində maneə aradan qaldırılmışdır.
Əsas amillərdən biri də odur ki, bütün dünya Azərbaycan və Türkiyənin TANAP-ın aparıcı qüvvəsi olması gerçəyini qəbul edir. Azərbaycanın strateji müttəfiqi olan Türkiyə regionda baş verən beynəlxalq hadisələrə çəkili mövqeyi və fəal təsiri ilə seçilir. Bu iki dövlət müttəfiq olmaqla yanaşı, həm də regionun iqtisadi cəhətdən inkişaf etmiş ölkələridir. Onların birgə səyi nəticəsində reallaşdırılan və planlaşdırılan layihələr, ümumən, regionun iqtisadi potensialının yüksəldilməsinə xidmət edir. Bu layihələr arasında söhbət açdığımız Trans Anadolu boru xəttininin önəmini vurğulamaq lazımdır. Bu beynəlxalq qaz kəməri artıq öz iqtisadi qüdrətinə görə “Enerji sektorunun ipək yolu” adını almışdır.
TANAP-da ARDNŞ-in 80 faizlik payı olması layihənin ölkəmiz üçün strateji əhəmiyyətini bir daha sübut edir. Layihə Trans Xəzər qaz kəmərinin gerçəkləşməsi üçün də yeni imkanlar açır. Belə ki, Qazaxıstan və Türkmənistanın gələcəkdə bu layihəyə qoşulması ilə Azərbaycan beynəlxaq qaz nəqlində mühüm tranzit ölkəyə çevriləcək. Ümumiyyətlə, TANAP layihəsinin gerçəkləşməsi Azərbaycanın Şərq-Qərb enerji dəhlizinin formalaşmasında rolunu daha da artıracaq. Gələcəkdə TANAP-ın Türkiyə ərazisindən keçən digər qaz boru kəmərlərinə birləşdirilməsi məsələsi də gündəmdədir.
Xatırladaq ki, 2011-ci ildə Azərbaycanla Türkiyə arasında “Şahdəniz” yatağından çıxarılan qazın Anadolu vasitəsilə Avropaya çatdırılmasını həyata keçirəcək qaz xəttinin tikintisi üzrə konsorsiumun yaradılmasını nəzərdə tutan memorandum imzalanmışdır. Layihənin ilkin dəyəri 7 milyard ABŞ dolları həcmində nəzərdə tutulsa da, sonradan əlavə əməliyyat xərcləri ilə bu rəqəm daha 3 milyard ABŞ dolları artmışdır. Xərclərin artmasına səbəb boru xəttinin keçəcəyi marşrutun sonradan dəyişdirilməsi oldu. Kəmərin ilkin illik ötürmə qabiliyyəti 16 milyard kubmetr qaz həcmində nəzərdə tutulub. Bu qədər qazın 6 milyard kubmetrindən Türkiyənin daxili ehtiyaclarını ödəmək, yerdə qalan hissəsini isə Avropaya ötürmək planlaşdırılır. Borunun diametrinin 56 düym olması gələcəkdə ötürüləcək qazın həcminin artırılmasına imkan verəcək.
Layihəni dövlət idarəetmə formalı yerli şirkətlər reallaşdıracaq. TANAP-da xarici investorlar da iştirak edir. Bunlar arasında hərəsi 12 faizlik payla “Statoil” və “Britiş petroleum”, 5 faizlik payla “Total” da yer alıb. Razılaşmaya əsasən, bu paylar hazırda ARDNŞ-də cəmləşmişdir və layihənin işə düşməsindən sonra həmin şirkətlərə veriləcəkdir. 20 faizlik pay isə Türkiyənin BOTAŞ və TPAO şirkətlərinindir.
2014-cü il iyunun 28-də “Şahdəniz” konsorsiumu Azərbaycan qazını Avropaya nəql edəcək layihə kimi Trans Adriatik Qaz Kəmərini (Trans Adriatik Pipeline-TAP) seçdiyini bəyan etmişdir. TAP layihəsi Cənubi Qafqaz Qaz Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) və Trans Anadolu Qaz Kəmərinin (TANAP) davamı olaraq “Şahdəniz-2” yatağındakı qazın Yunanıstan və Albaniydan keçməklə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur.
Bu kəmərlə ilkin mərhələdə ildə 10 milyard, daha sonra 20 milyard kubmetrə yaxın qazın nəqli proqnozlaşdırılır. Ümumiyyətlə, TAP-ın reallaşması Azərbaycanın “Şahdəniz”, “Ümid”, “Abşeron”, “Alov”, “İnam” və digər zəngin yataqlarından hasil olunan təbii qazın Avropaya nəqlinə imkan verəcək nəhəng kommunikasiya infrastrukturunun yaradılması deməkdir. Layihə Xəzər regionu ölkələrinin də enerji əməkdaşlığı üçün geniş imkanlar açır.
Azərbaycan 2013-cü il sentyabrın 18-də “Şahdəniz-2” layihəsi çərçivəsində hasil ediləcək təbii qazın Avropaya satışını nəzərdə tutan tarixi sazişdən əlavə, dekabrın 17-də “Şahdəniz” layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişini də imzalamışdır. Bu saziş müasir dünyanın enerji xəritəsində strateji rolu və yerinə görə seçilməsi ilə bərabər, digər mühüm transenerji şəbəkələrinin gerçəkləşməsinə də ciddi zəmin yaratmışdır.
“Şahdəniz” yatağının işlənməsi layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya qərarı geoiqtisadi əhəmiyyətinə, dünya enerji mühiti üçün ağırlıq mərkəzinə görə “Əsrin müqaviləsi”nin ən mühüm komponenti kimi qiymətləndirilir. Əvvəla, bu layihə Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət edir. İkincisi, bu qaz xətti Trans Anadolu və Trans Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına da təkan verəcək. Nəhayət, Asiyadan Avropaya yeni qaz dəhlizi açacaqdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimində bu tarixi hadisə ilə bağlı demişdir: “2011-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji əməkdaşlığına dair memorandum imzalanmışdır. Bu da öz növbəsində ölkəmizin enerji strategiyasının həyata keçirilməsinə və Avropa istiqamətində enerji təchizatının şaxələndirilməsinə yardım etmişdir. Ötən il biz Türkiyə ilə Trans Anadolu boru kəməri – TANAP-a dair tarixi saziş imzalamışıq. Bu il isə TAP layihəsi əsas ixrac marşrutu seçilmişdi. Nəhayət, bu gün biz “Şahdəniz-2” yekun investisiya qərarını imzalayırıq.
Bu layihə regionun və Avropanın enerji xəritəsini dəyişdirəcəkdir. Azərbaycanın qaz ehtiyatları bu sərvəti gözləməkdə olan bazarlara nəql ediləcəkdir. Bizim hesablamalarımıza görə, Azərbaycanın qaz ehtiyatı 3 trilyon kubmetrə bərabərdir”.
Beləliklə, TANAP layihəsi regionda qarşılıqlı əməkdaşlığın növbəti təzahürüdür. Bu, iki qardaş, dost ölkə olan Azərbaycan və Türkiyənin birgə səyi və gücü ilə reallaşdırılacaq daha bir enerji layihəsidir. Gələcəkdə Azərbaycan qazını Türkiyə vasitəsilə dünya bazarına çıxaracaq Trans Anadolu Boru Kəməri hər iki ölkənin iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılmasına, bu sahədə tərəfdaşlıq münasibətlərinin bir qədər də möhkəmləndirilməsinə səbəb olacaq. Bununla da, Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının tarixində yeni mərhələ başlanacaq.
Eyni zamanda, TANAP layihəsi dünyada enerji təhlükəsizliyinin təmin olunmasında, Cənubi Qafqazın, o cümlədən Xəzər hövzəsində Azərbaycanın Türkiyə, Gürcüstan, Türkmənistan və digər ölkələrlə əməkdaşlıq dairəsinin genişləndirilməsinə, dünyada qaz ixracı marşrutlarının şaxələndirilməsinə, bazarlara daha çox qaz çıxarılmasına və üçüncü minillikdə dünyada enerji təhlükəsizliyinə mühüm töhfələr verəcəkdir. TANAP layihəsi Trans Xəzər qaz kəmərinin gerçəkləşməsi üçün də yeni imkanlar yaradacaq.
Layihənin böyük geosiyasi əhəmiyyəti şəksizdir. TANAP-ın gələcək perspektivləri xüsusilə ümidvericidir. Bu boru xətti vasitəsilə daha çox qaz nəqli həyata keçirmək mümkündür. Kəmərin köməyilə böyük ərəb qazının Türkiyə vasitəsilə Avropaya çatdırılması da perspektivlərdəndir. TANAP-ın ötürücülük qabiliyyətinin ildə 32 milyard kubmetrə çatdırılması mümkündür.
Bu layihə ilə bağlı daha bir maraqlı məqam ondan ibarətdir ki, idxalçı ölkələrin irəli sürdüyü digər “Nabucco” layihəsi həm siyasi, həm də iqtisadi təzyiqlərə görə iflasa uğradı. TANAP “Nabucco” üçün nəzərdə tutulmuş xərclərdən təqribən 7,9 milyard avro, başqa sözlə desək, 5 dəfə ucuz başa gəlir. Eyni zamanda, istehsalçı və idxalçı dövlətlərin də tam maraqlarına xidmət edəcəkdir. Azərbaycan öz qazını münasib qiymətə satmaqla yanaşı, nəzərdə tutulan ölkələrə baha satılan qazın daha ucuz qiymətə nəqlini həyata keçirmiş olacaq.
TANAP layihəsi Avropa İttifaqı ölkələrinin də maraqlarını əks etdirir. Burada əsas məqsəd Avropa Birliyinin böhrana həssas ölkələrinin iqtisadiyyatlarını bərpa etməyə şərait yaratmaqdır. Bu da prinsip etibarı ilə Avropa İttifaqı dövlətlərindən ayrılan pul hesabına deyil, xarici investiyalar, xüsusilə də, iqtisadi inkişafın əsas dayaqlarından sayılan enerji layihələri hesabına təmin ediləcək.
Layihə bir çox iqtisadi problemlərin həllini də əhatə edəcək. İlk növbədə, İtaliya, Yunanıstan və iqtisadi cəhətdən az inkişaf etmiş Albaniyada dərinləşən iqtisadi və siyasi böhranın qarşısını almaqla yanaşı, enerji resursları ilə çalışan şirkətlərin genişlənməsinə, daxili bazarda baha başa gələn qazın qiymətinin aşağı salınmasına gətirib çıxaracaqdır. Digər tərəfdən, layihənin icraçı enerji şirkətlərinin Norveç, Almaniya, İsveçrə, Birləşmiş Krallıq, Fransa və Belçikadan olması məsələnin əhəmiyyətini daha da artırır.
Azərbaycan qazının idxalçılarının təkcə İtaliya və Yunanıstanı yox, Cənubi, Qərbi və Şimali Avropanı da əhatə edəcəyi aşkardır. Yunanıstan, Albaniya və İtaliyanın bu böyük layihədə əsas rolu tranzit ölkə olmalarıdır. İtaliya, İsveçrə, Fransa və Almaniyanı birləşdirən “Tranzitqaz” və TENP qaz kəmərlərinin mövcudluğu baxımından Azərbaycan və gələcəkdə Türkmənistan qazının əsas idxalçılarının hansı ölkələr olacağını müəyyən etmək o qədər çətin deyildir.
Bu kəmər Avropa bazarlarına daha təhlükəsiz və ən qısa yol hesab olunur. TANAP layihəsinin həyata keçməsi ilə Rusiyadan və Əlcəzairdan qaz təchizatındakı asılılıq əhəmiyyətli dərəcədə azalacaq. Bundan Sloveniya, Çexiya və digər mərkəzi Avropa dövlətləri də yararlanacaq. Trans Adriatik layihəsi bir sıra problemlərin və böhranların qarşısını da alacaq. Səmərəliliklə yanaşı, geosiyasi aspektləri nəzərə almamaq qeyri-mümkündür.
TANAP layihəsini beynəlxalq ictimaiyyət hərtərəfli dəstəkləyir. Başqa sözlə, “Şahdəniz” Konsorsiumunun bu layihəni seçməsi beynəlxalq ictimaiyyətin böyük marağı və dəstəyi ilə qarşılanıb. Belə ki, Avropa İttifaqının (Aİ) Komissiyası Azərbaycan qazının Avropaya ötürülməsi üçün boru kəmərinin yekun seçiminə dair qərarı alqışlayıb. Aİ Komissiyasının keçmiş prezidenti Xose Manuel Barrozu bu qərarı Avropanın birgə uğuru və İttifaqın enerji təhlükəsizliyinin gücləndirilməsində bir dönüş nöqtəsi kimi qiymətləndirib: “Bu kəmər Xəzər dənizindən Aİ-yə birbaşa xüsusi keçid olacaq və getdikcə genişlənəcək “Cənub” qaz dəhlizinin tam və çevik şəkildə reallaşmasına daha çox təkan verəcəkdir”.
Böyük Britaniyanın Azərbaycandakı keçmiş müvəqqəti işlər vəkili Adrian Li də ölkəsinin “Şahdəniz” Konsorsiumunun seçimini alqışladığını bildirib, bu variantı qaz təminatı və marşrut müxtəlifliyi baxımından Avropanın enerji təhlükəsizliyinin təminatında vacib mərhələ adlandırıb.
Layihəyə digər nüfuzlu siyasi dairələrdən də müsbət münasibət göstərilir. Aİ-nin enerji məsələləri üzrə komissarı Günter H.Oettinger bildirib ki, “mavi yanacağın” yeni xüsusi qaz boru kəməri sistemi ilə birbaşa Avropaya çatdırılması sahəsində Azərbaycan öz üzərinə aydın öhdəlik götürüb: “Sistemin TANAP və TAP iki qaz boru kəmərindən və ya əvvəlki layihələrdə nəzərdə tutulduğu kimi, bir boru kəmərindən ibarət olmasının enerji təhlükəsizliyi baxımından heç bir fərqi yoxdur. Bizim artıq qazla bağlı yeni tərəfdaşımız var və gələcəkdə daha çox qaz qəbul edəcəyimizə əminəm”. Öz növbəsində Rusiya tərəfi də bu layihənin seçilməsinə görə razılıq edib. ABŞ Dövlət Departamentindən isə bildirilib ki, TANAP qaz kəmərinin yaradılması Avropaya qaz nəqlini diversifikasiya etməyə kömək edəcək və ümumilikdə, qlobal qaz təhlükəsizliyini möhkəmləndirəcəkdir.
Türkmən qazının Trans Xəzər boru kəməri vasitəsilə Avropaya ötürülməsini nəzərdə tutan layihənin strateji əhəmiyyətini ABŞ və Avropa İttifaqı rəsmiləri də dəfələrlə qeyd etmiş və bu layihənin həyata keçirilməsinə dəstəklərini bildirmişlər. ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya regionu üzrə köməkçisi L.Treysi Aşqabadda keçirilən “Türkmənistanın neft və qazı – 2012” adlı beynəlxalq forumda çıxış edərək, TANAP-ın Cənub Qaz Dəhlizinin vacib elementi olduğunu, ABŞ-ın bu layihəni dəstəklədiyini qeyd edib.
TANAP layihəsi ABŞ ekspertləri arasında da xüsusi rəğbətlə qarşılanıb. Belə ki, Vaşinqtonun “Ceymstaun” fondunun baş mütəxəssisi V.Sokor qeyd edib ki, TANAP Cənub Qaz Dəhlizinin yaradılmasına yönəlik böyük addımdır və bu layihə gələcəkdə Avropanın enerji təhlükəsizliyinin həyata keçirilməsində mühüm rollardan birini oynayacaqdır. Onun sözlərinə görə, layihənin memarı qismində çıxış edən Azərbaycan Qərbin strateji partnyorudur və gələcəkdə Xəzər qazının Aİ-yə çatdırılması ilə regionun iqtisadi inkişafında katalizator rolunu oynayacaqdır.
Son dövrlərdə TANAP layihəsinin reallaşmasına dəstək durmadan artır. Əgər layihənin ilkin mərhələsində yalnız Azərbaycan qazının nəqli nəzərdə tutulurdursa, artıq TANAP-ın genişləndirilməsi barədə danışıqlar aparılır. Buna təsir edən səbəblərdən biri də Kipr şelfində aparılan qazıntılar nəticəsində tapılan qaz yatağı olmuşdur və gələcəkdə bu qazın ixrac edilməsi üzrə ən real boru kəməri qismində TANAP çıxış edir. Bu halda, TANAP bölgənin və eyni zamanda, dünyanın ən miqyaslı qaz kəmərindən biri rolunu alacaqdır.
Fikrimizcə, Azərbaycan qazının diversifikasiyasının və nəqlinin TANAP layihəsi vasitəsilə genişləndirilməsi gələcəkdə Azərbaycan, Türkiyə və Aİ arasında münasibətlərin daha da dərinləşməsinə, ayrılıqda isə Azərbaycanın regionda və bütünlükdə, dünyada nüfuzunun artmasına səbəb olacaqdır. TANAP layihəsinin Türkiyə üçün xüsusi siyasi və iqtisadi əhəmiyyəti var. Bu ölkənin qaza olan tələbatını ödəməklə yanaşı, Aİ və Türkiyə arasında son dövrlərdə baş verən siyasi və iqtisadi problemlərin həllinə də müsbət təsir edəcəkdir.
Beləliklə, Azərbaycanın mühüm regional və qlobal əhəmiyyətli faktora çevrilməsində ölkənin müstəqil enerji siyasətinin rolu böyükdür. Artıq Azərbaycanın iştirakı və razılığı olmadan regionda qlobal əhəmiyyətli heç bir layihə gerçəkləşə bilməz. Milli maraqlar əsasında qurulan enerji strategiyamızın bərabərhüquqlu və qarşılıqlı-faydalı əməkdaşlıq prinsipləri üzərində həyata keçirilməsi ölkənin iqtisadi imkanlarını və beynəlxalq nüfuzunu yüksəldib. Dünyada gündən-günə artan tələbat fonunda xammal ehtiyatlarının azaldığı, enerji təhlükəsizliyinin qorunmasının hər bir dövlət üçün prioritet məsələyə çevrildiyi bir dövrdə Azərbaycan uzaqgörən enerji siyasəti ilə beynəlxalq münasibətlərdəki mövqeyini möhkəmləndirir.
Dünyamalı VƏLİYEV,
iqtisad üzrə elmlər doktoru,
AMEA Şərqşünaslıq
İnstitutunun şöbə müdiri,
Azər SALAYEV,
Qərb Universitetinin doktorantı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.