Azərbaycan Dünya Bankı ilə səmərəli əməkdaşlıq edir

Tarixi müstəqilliyinin 25-ci ildönümünü qeyd edən Azərbaycan Respublikası dünya birliyinin bərabərhüquqlu dövləti kimi öz mövqeyini getdikcə möhkəmləndirir. Ötən illərdə ölkəmiz bütün beynəlxalq təşkilatlarla və dünyanın aparıcı dövlətləri ilə səmərəli əməkdaşlıq əlaqələri qurmağa müvəffəq olub. Öz növbəsində mühüm əhəmiyyətə malik geosiyasi və geostrateji məkanda yerləşən Azərbaycan Respublikası da dünyanın aparıcı ölkələri və nüfuzlu beynəlxalq təşkilatları üçün etibarlı tərəfdaşa çevrilib.

Hazırda ölkəmiz qlobal əhəmiyyət kəsb edən təşəbbüslərlə çıxış edir və bu, beynəlxalq ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Heç şübhəsiz, Azərbaycanın qazandığı uğurların təməlində ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasət strategiyası dayanır. Bu gün  bölgədə əmin-amanlıq və sabitliyin bərqərar edilməsi, nəhəng enerji, nəqliyyat və digər əməkdaşlıq layihələrinin gerçəkləşdirilməsi kimi strateji məqsədlərə nail olmaq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən birini təşkil edir. Prezident İlham Əliyev bu barədə demişdir: “Azərbaycan dünyada çox böyük hörmətə malikdir, etibarlı tərəfdaş kimi tanınır və bizim beynəlxalq nüfuzumuz getdikcə artır. Regional məsələlərin həllində, regional əməkdaşlıq məsələlərində Azərbaycanın rolu əvəzolunmazdır. Biz bir çox təşəbbüslərin müəllifiyik. Bu təşəbbüslər sadəcə olaraq niyyət deyil. Bu təşəbbüslər real layihələrə çevrilir. Bu layihələrin icrası, əlbəttə ki, bizim imkanlarımızı artırır və ölkəmizə siyasi, iqtisadi dividendlər gətirir.”

Bu gün Azərbaycan müstəqil dövlət olaraq artıq  nüfuzlu beynəlxalq təşkilatlarda özünün maraq və mənafeyini maksimum dərəcədə təmin edib. Sivil dünyanın hüquqi-siyasi mənzərəsinin formalaşdırılmasında mühüm rol oynayan nüfuzlu beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq buna əyani misal ola bilər. Hazırda ölkəmizlə əməkdaşlıq edən beynəlxalq təşkilatların fəaliyyəti üçün şəffaf şərait yaradılıb. Məlum olduğu kimi, Azərbaycan Respublikası dövlət müstəqilliyini qazandıqdan sonra onun xarici iqtisadi siyasətinin mühüm istiqamətlərindən birini beynəlxalq maliyyə-kredit və iqtisadi qurumlarla əlaqələr təşkil etmişdir. Ötən dövr ərzində bu sahədə kifayət qədər iş görülüb. Azərbaycan, demək olar ki, bütün nüfuzlu beynəlxalq qurumlara, o cümlədən 1992-ci ildə Beynəlxalq Valyuta Fonduna, Dünya Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına, İslam İnkişaf Bankına, 1999-cu ildə isə Asiya İnkişaf Bankına üzv qəbul olunub. Bu baxımdan dünyanın ən nüfuzlu maliyyə institutlarından sayılan Dünya Bankı ilə əməkdaşlıq diqqəti daha çox cəlb edir. Təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycanın beynəlxalq təşkilatlardan aldığı maliyyə yardımlarının böyük bir hissəsi məhz Dünya Bankının payına düşür. Xatırladaq ki, Dünya Bankı ilə Azərbaycan Respublikası 1992-ci ildən əməkdaşlıq edir. Lakin bu münasibətlər 1995-ci  sentyabr ayının 14-də qurumun vitse-prezidenti Vilfrid Talvitsin Bakıya səfərindən sonra daha da genişlənib. Səfər zamanı Azərbaycan hökuməti ilə Dünya Bankı arasında ikitərəfli münasibətlərə dair danışıqlar aparılıb, bir sıra vacib sənədlər imzalanıb. Həmin vaxtdan Bakıda öz ofisini açan bankın nümayəndəliyi Azərbaycan hökuməti ilə birgə konkret layihələrin həyata keçirilməsinə başlayıb. Bütövlükdə isə Dünya Bankı ilə səmərəli əməkdaşlıq edən Azərbaycan Respublikasında infrastruktur, humanitar, kənd təsərrüfatı, ekologiya, mədəni irsin qorunması, məcburi köçkünlərin sosial problemlərinin həlli və bir sıra digər sahələrdə mühüm əhəmiyyət daşıyan 54  layihə həyata vəsiqə alıb. Bank tərəfindən həmin layihələrin maliyyələşdirilməsinə Azərbaycana hökumət zəmanəti ilə təqribən 4 milyard dollara yaxın vəsait ayrılıb. Artıq bu layihələrdən 43-nün icrası uğurla başa çatdırılıb. Yeri gəlmişkən, Dünya Bankının Azərbaycanda fəaliyyətə başladığı ilk illərdə həyata keçirilən layihələr keçid dövrü problemlərinin həlli baxımından müstəsna əhəmiyyət kəsb edib.

Dünya Bankının vəsaiti hesabına həyata keçirilən infrastruktur layihələrinin hər biri bu gün Azərbaycanın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə xidmət edir. Bu baxımdan ölkəmizdə magistral avtomobil yollarının yenidən qurulması, su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması ilə bağlı reallaşdırılan layihələr diqqəti daha çox cəlb edir. Ötən illərdə bank tərəfindən maliyyələşdirilən respublika əhəmiyyətli  42 kilometrlik Kürdəmir-Ucar, 94 kilometrlik Gəncə-Qazax magistral yollarının, eləcə də 10,5 kilometrlik Tovuz dairəvi avtomobil yolunun tikintisi uğurla başa çatdırılıb. Hazırda isə bankın güzəştli krediti hesabına Ələt-Masallı (142,9 kilometr), Bakı-Şamaxı-Muğanlı (122,7 kilometr), H.Z.Tağıyev-Sahil (42 kilometr) avtomobil yollarının, həmçinin Muğanlı-Yevlax yolunun əlavə iki zolağının inşası sürətlə davam etdirilir.

Dünyanın ən nüfuzlu maliyyə institutu Azərbaycanda su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılmasına da mühüm töhfələr verir. Belə ki, bankın vəsaiti hesabına maliyyələşdirilən “Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi” çərçivəsində ölkəmizin 4 şəhər və rayon mərkəzində, eləcə də ətraf kəndlərdə etibarlı və davamlı su təchizatı və kanalizasiya xidmətlərinin təmin edilməsi məqsədilə 2007-ci il avqust ayının 17-də Azərbaycan Respublikası hökuməti və Dünya Bankı arasında kredit sazişi imzalanıb. Sözügedən layihə Şamaxı, Qəbələ, Saatlı və Sabirabad şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını əhatə edir. Artıq layihə çərçivəsində işlərin xeyli hissəsi tamamlanıb.

Azərbaycan hökuməti və Dünya Bankının təşəbbüsü ilə yaradılıb maliyyələşdirilən Kənd İnvestisiya Layihəsi də ölkəmizin Dünya Bankı ilə uğurlu əməkdaşlığının bariz nümunəsidir. Xatırladaq ki, 2005-ci ildə həyata vəsiqə alan bu layihə çərçivəsində icma yönümlü kənd infrastrukturlarına çıxış və istifadəni yaxşılaşdırmaq, kənd yerlərində ailələrin iqtisadi fəaliyyətlərini genişləndirmək məqsədilə mühüm tədbirlər həyata keçirilib. İkinci mərhələ  çərçivəsində isə 53,6 milyon dollar vəsaitin ayrılması nəzərdə tutulub. Vəsaitin 20 milyon dolları Azərbaycan hökuməti, 30 milyon dollarını Dünya Bankının krediti, 3,6 milyon dollarını isə benefisar vəsaitlər təşkil edəcək. Layihə 56 rayon üzrə 600 icma layihəsini əhatə edəcək.

Ölkəmizlə əməkdaşlıqdan məmnun qalan Dünya Bankı ötən müddətdə Azərbaycan hökumətinin məcburi köçkünlərin problemlərinin həllinə də yaxından dəstək göstərib. Təkcə onu qeyd etmək kifayətdir ki, bankın xətti ilə məcburi köçkünlərlə bağlı imzalanmış kredit sazişlərinə uyğun olaraq müxtəlif növ infrastruktur layihələri, mikrokreditlərin verilməsi, gəlir imkanlarının dəstəklənməsi və digər komponentlər üzrə nəzərdə tutulmuş tədbirlər uğurla və şəffaf şəkildə həyata keçirilib. Prezident İlham Əliyevin tapşırığına əsasən, məcburi köçkünlərin sosial-məişət və məşğulluq problemlərinin həllinə istiqamətlənmiş səylərin gücləndirilməsi məqsədilə cari ilin iyun ayında Azərbaycan hökuməti ilə Dünya Bankı arasında yeni kredit sazişi imzalanıb. Layihə çərçivəsində respublikanın müxtəlif ərazilərində məskunlaşmış məcburi köçkünlər üçün uşaq bağçaları, məktəblər, icma mərkəzləri kimi sosial-infrastruktur obyektlərinin təmiri, içməli su, elektrik enerjisi təchizatı, kəndlərarası və daxili yolların təmiri, sanitariya və irriqasiya sistemlərinin bərpası, habelə yeni salınmış qəsəbələrdə müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsi nəzərdə tutulub. Yeri gəlmişkən, Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gördüyü işlər Dünya Bankı tərəfindən yüksək qiymətləndirilib, bu sahədə həyata keçirilən tədbirlər bütün dünya üçün örnək kimi qəbul olunub.

Bütün bunlarla yanaşı, səmərəli və şəffaf şəkildə davam edən 24 illik əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası ilə Dünya Bankı arasında imzalanmış kredit sazişləri əsasında ölkəmizdə  təhsil, daşınmaz əmlakın qeydiyyatı, ekologiya, sığorta-pensiya, məhkəmə-hüquq islahatları və bir sıra digər mühüm sahələrdə bir-birindən rəngarəng və çoxşaxəli layihələr həyata keçirilib.  

Azərbaycanla səmərəli əməkdaşlıq edən Dünya Bankı ölkəmizdə gedən inkişaf və tərəqqi proseslərini də diqqətlə izləyir.  Bankın “Doing Business” – Biznesin təşkili ilə bağlı növbəti hesabatında Azərbaycan 190 ölkə arasında 65-ci yerdə qərarlaşıb. Yeri gəlmişkən, "Doing Business 2017: hamı üçün bərabər imkanlar"  adlanan hesabat  ölkələrin 2015-ci ilin iyul ayından 2016-cı il iyunun 1-dək olan  mövcud vəziyyətə əsasən tərtib olunub. Hesabatda ölkələrdə müəssisələrin yaradılması, tikintiyə icazələrin alınması, enerji təchizatı sistemində əlaqə, əmlakın qeydiyyatı, kreditin əldə olunması, kiçik sahibkarların qorunması, vergi yığımı, beynəlxalq ticarət, müqavilələrin yerinə yetirilməsinə təminat, ödəmə qabiliyyətliliyinin qəbulu kimi 10 indikator əksini tapıb. Biznesin idarə olunması sahəsində 283 islahatı özündə ehtiva edən sənəddə Azərbaycanın sadalanan 10 indikator üzrə ən yaxşı göstəricisi yeni müəssisələrin açılması üzrə tutduğu 5-ci yerdir. Sevundirici haldır ki, 2015-2016-cı illəri əhatə edən bu hesabatda Azərbaycan üç və daha çox islahat aparan ən inkişaf etmiş 29 ölkələrdən biri kimi təsvir edilib. Eyni zamanda, Dünya Bankı biznesin qeydiyyatdan keçirilməsinin sadə olmasını, kreditlərin əlverişliliyini və digər bir sıra amilləri nəzərə alaraq sahibkarlıq üçün planetin ən yaxşı və pis ölkələrinin reytinq siyahısını tərtib edib və Azərbaycan biznes üçün ən yaxşı ölkələr siyahısına daxil edilib.

Hazırda Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsində  Azərbaycan hökuməti ilə Dünya Bankı arasındakı əlaqələr son illər yeni mərhələyə qədəm qoyub. Qlobal maliyyə böhranına baxmayaraq,  həyata keçirilən bütün layihələr qarşılıqlı əməkdaşlıq şəraitində uğurla və şəffaf şəkildə davam etdirilir. 2016-cı ildə Bakı-Şamaxı yolunun genişləndirilməsi layihəsinə 140 milyon dollar,  məcburi köçkünlərin problemlərinin həllinə  isə daha 66,7 milyon dollar ayrılıb. Eyni zamanda, bu il oktyabrın 22-də Dünya Bankı və Azərbaycan hökuməti arasında "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" adlı yeni layihə imzalanıb. Sözügedən layihədən məqsəd məhkəmə infrastrukturunun müasirləşdirilməsi, elektron məhkəmə sisteminin yaradılması, ədalət mühakiməsinin həyata keçirilməsinin sürətləndirilməsi, elektron hüquqi xidmətlərin genişləndirilməsi ilə ədliyyə sisteminə dair vətəndaşların məmnunluğunun artırılmasını təmin etməkdir. Bütövlükdə isə hazırda Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində ölkəmizdə 11 layihənin icrası uğurla davam etdirilir.

Yeri gəlmişkən, 2016-cı il oktyabr ayının Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonu və bankın Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri Navid Həsəni qəbul edib. Söhbət zamanı Azərbaycan ilə Dünya Bankının yaxın tərəfdaşlıq əlaqələrinə malik olduqları məmnunluq hissi ilə qeyd olunub. Eyni zamanda, bankın Azərbaycanı bundan sonra da dəstəkləməyə hazır olduğu vurğulanıb, müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı sahəsində imkanlarının nəzərdən keçirilməsinin zəruriliyi bildirilib.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında