Bu il noyabrın 28-də Tarif (qiymət) Şurasının elektrik enerjisi və təbii qazın qiymətləri ilə bağlı yeni tariflərin tənzimlənməsi ilə bağlı qəbul etdiyi qərar cəmiyyətdə birmənalı qarşılanmayıb. Bəzi müxalif qüvvələr bundan istifadə edərək, əhali arasında fikir ayrılığı yaratmaq istəyir və bununla da ölkədə ictimai-siyasi sabitliyi pozmağa çalışırlar. Əminəm ki, belə xəyanətkarlar xəbis niyyətlərinə nail ola bilməyəcəklər. Çünki hamıya bəllidir ki, Azərbaycanda təbii qaz və elektrik enerjisi tarifləri MDB ölkələrindəki analoji tariflərdən çox aşağıdır, həm də sosial xidmətlərə görə tariflər vətəndaşların sosial durumu ilə uzlaşdırılır.
Təbii qaz və elektrik enerjisinin qiymətlərinin diferensiasiyası dünyada geniş tətbiq olunur. Son illər ölkəmizin dünya birliyinə inteqrasiyası daha da süətlənib. Bu baxımdan beynəlxalq aləmdə baş verən yeniliklərin və hadisələrin respublikamızdan da yan keçməməsi təbii sayılmalıdır. Bir çox ölkələr xeyli vaxtdır ki, diferensiallaşmadan istifadə edir, lakin müxtəlif dövlətlərdə bu proses fərqli meyarlarla həyata keçirilir. Məsələn, Gürcüstanda, Ukraynada, Qazaxıstanda bu üsuldan istifadə olunur. Həmin ölkələrlə müqayisədə diferensiallaşma Azərbaycanda daha sərfəli güzəştlərlə tətbiq olunacaq. Əhali abonentlərinin 70 faizindən çoxunun aylıq istehlak həcmi 250 kilovatsaatdan az olduğu üçün diferensial tariflərin tətbiqi həmin abonentlərə, o cümlədən bu kateqoriyadan olan aztəminatlı ailələrə bir o qədər də təsir göstərməyəcək.
Təbii qaz və elektrik enerjisinin qiymətlərinin diferensiallaşmasından öz məqsədləri üçün istifadə edən bəzi ünsürlər, yəqin ki, Azərbaycanın adambaşına düşən məcburi köçkün sayına görə dünyada ən böyük yükə sahib olmasını unudurlar. Ermənistanın hərbi təcavüzü nəticəsində ata-baba yurdlarından didərgin salınanların sayı bir milyondan çoxdur. Mən də onlardan biriyəm. Dövlətimizin ötən illər ərzində əhalinin bu hissəsinin ümumi həyat şəraitinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli resurslar ayırması, kommunal xidmətlərin ödənişində güzəştlər etməsi hamıya məlumdur.
Məcburi köçkünlər məskunlaşdıqları ərazilərdə istifadə etdikləri təbii qazın, elektrik enerjisinin və suyun dəyərinin yarısını ödəyirlər. Yarısı isə dövlət tərəfindən ödənilir. Hətta cəbhəyanı rayonlarında məskunlaşmış məcburi köçkünlərdən kommunal xidmətlərə görə pul tələb olunmur. Onlara həyətyanı sahəni suvarmaq üçün fasilələrlə su verilsə də, içməli sudan istifadəyə görə heç bir problem yaranmır. Təbii qaz və elektrik enerjisi isə fasiləsiz verilir. Hələlik buna görə onlardan pul tələb edən yoxdur.
20 ildən artıqdır ki, bir milyona yaxın soydaşımız təbii qazdan, elektrik enerjisindən və sudan böyük güzəştlərlə, bir çox hallarda isə pulsuz istifadə edir. Görəsən, bu gün xəbis niyyətlərini ortaya qoyanlar 20 ildən artıqdır ki, bir milyona yaxın soydaşımıza edilən bu güzəşti görmürmü? Həmin güzəştlər bu gün də tətbiq olunur.
Dövlət bizə bu qədər güzəşt edirsə, o zaman niyə təbii qazdan, elektrik enerjisindən və sudan israfçılıqla istifadə etməliyik? Axı bütün bunlar ağır zəhmət, külli miqdarda vəsait hesabına başa gəlir. Ona görə də kommunal xidmət tariflərinin diferensiallaşmasından sui-istifadə edənlərə layiqli cavab verilməli, bir milyondan artıq qaçqın və məcburi köçkünə, həmçinin bu vaxta qədər əhaliyə bu istiqamətdə edilən böyük güzəştlər göz önünə gətirilməlidir.
Tarif Şurasının bu qərarında açıq şəkildə bildirilir ki, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün qiymət dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb. Aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib. Eləcə də təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyib və bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb. İllik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib. Həm təbii qazdan, həm də elektirik enerjisindən daha çox istifadə edənlər və israfçılığa yol verənlər daha artıq pul ödəyəcəklər.
Göründüyü kimi, Tarif Şurasının son qərarları əhalinin mütləq əksəriyyətinə təsir göstərməyəcək.
Vüqar QƏDİROV,
Azərbaycan Aydınlar
Ocağı Humanitar
İctimai Birliyinin sədri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.