Təbii qaz və elektrik enerjisi tarifləri dəyişdirilərkən həm əhalinin, həm də istehsalçıların maraqları nəzərə alınıb

Son illər Azərbaycanda sosial siyasətin prioritet xarakter daşımasına mühüm önəm verilir. Bu, xidmət sahələrində özünü daha qabarıq göstərir. Tarif (qiymət) Şurasının son qərarında optimal qiymətlərin tətbiq olunması da bunun bariz ifadəsidir.İqtisadçı-ekspert Vüqar Bayramov bizimlə söhbətində bu barədə dedi:

– Tarif  Şurası Dövlət Neft Şirkətinin təkliflini qəbul edərək, qazın və müvafiq olaraq elektrik enerjisinin tariflərini yeni bir yanaşma ilə dəyişib. Başqa sözlə, adıçəkilən qurum tərəfindən həyata keçirilən  enerjidaşıyıcıların yeni qiymətlərinin müəyyənləşdirilməsi zamanı dövlətin və əhalinin aztəminatlı təbəqələrinin maraqları maksimum qorunub, yeni tariflər diferensial qaydada reallaşdırılıb. Bu isə Azərbaycan hökumətinin qətiyyətlə həyata keçirdiyi sosial siyasətin mahiyyətinə  uyğun bir addımdır. Məsələ ilə bağlı bir qədər ətraflı danışmaq istərdim. Belə ki, Tarif Şurasının, məsələn, elə qaz tariflərinə yenidən baxması təsadüfi hal sayıla bilməz.

Xatırladım ki, əhali qrupundan olan istehlakçılar üçün təbii qaz tarifləri sonuncu dəfə  2009-cu ildə, digər qrup istehlakçılar üçün isə 2007-ci ildə nəzərdən keçirilib. O zaman tarif 1000 kubmetr qaz üçün 100 manat həcmində müəyyən olunmuşdu. Mətbuatda verilən məlumata görə, ötən dövr ərzində istehsalçılar tərəfindən xərclərdəki dəyişikliklər səbəbi ilə tariflərə yenidən baxılması üçün Tarif Şurasına dəfələrlə müraciət edilib. Məsələnin məğzinə gəldikdə isə deyə bilərəm ki, bu gün SOCAR təbii qazı bir neçə mənbədən əldə edir və “Azəriqaz”ın yardımı ilə ölkə üzrə paylayır. Bura  SOCAR-ın neft və qazçıxarma müəssisələri tərəfindən istehsal edilən, habelə  “Azəri-Çıraq-Günəşli” və  “Şahdəniz”  yataqlarından  hasil   olunan təbii qaz daxildir. “Şahdəniz” yatağından çıxarılan qazın qiyməti müvafiq müqaviləyə əsasən, dollarla təyin olunur. Bundan başqa, maya dəyərinin formalaşmasına nəqliyyat xərcləri də təsir göstərir.

Aparılan təhlil nəticəsində müəyyən olunub ki, Azərbaycanda istehlak olunan təbii qazın 50 faizə yaxın istehsal dəyəri “Azərenerji”nin payına düşür. Bu isə elektrik enerjisi qiymətlərinin artmasını, təbii ki, qaçılmaz edə bilərdi. Ona görə də Tarif Şurası, ilk növbədə, “Azərenerji”yə satılan qazın tariflərini maksimal aşağı səviyyədə saxlamaq qərarını qəbul edib. Təkrar nəzərdən keçirilənədək bu tarif 1000 kubmetr üçün 80 manat səviyyəsində idi, bundan sonra isə 1000 kubmetr üçün 120 manat təyin edilib.

Tarif tənzimlənməsində əhalinin xərclərini də nəzərə almaq mühüm vəzifə kimi qarşıda durub. Bu, əsas prioritetlərdən biridir. Araşdırmalara  əsasən, əhalinin 62 faizi ildə 1500 kubmetrdən az qaz işlədir. Eyni zamanda, əhalinin 72 faizi ayda 250 kilovatsaatdan çox elektrik enerjisi istehlak etmir. Ona görə, Tarif Şurası həm əhalinin böyük hissəsinin, həm də istehsalçıların maraqlarını qorumaq üçün tarifləri istehlak həcminə uyğun olaraq diferensiallaşdırmağı qərara alıb. Digər üsullarla diferensiallaşdırma qaçılmaz xərclərə səbəb ola bilərdi.

Yeri gəlmişkən, istehlak səbətinə əsasən, Azərbaycanda adambaşına düşən qaz istehlakının orta aylıq həcmi 21 kubmetr təşkil edir. Nəzərə alsaq ki, ortalama azərbaycanlı ailəsi 4,7 nəfərdən ibarətdir,  o zaman illik hesablamada bir ailə üçün orta illik qaz istehlakının həcmi 1200 kubmetrə bərabər olur. Elektrik enerjisinin adambaşına düşən orta aylıq həcmi isə 50 kilovatsaat, ailə üçün isə 235 kilovatsaat təşkil edir. Eyni zamanda,  qaz və elektrik enerjisinin qənaətlə istehlakı tarif artımının şamil olunmayacağı əhali kateqoriyasını genişləndirə bilər. Hesab edirəm ki, tariflərin diferensiallaşdırılması qaz və elektrik enerjisinin istehlakında israfçılığı azaldacaq.

Qeyd edim ki, Tarif (qiymət) Şurasının qərarı ilə elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilib, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib. Eləcə də təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

Müsahibimiz daha sonra dedi:

– Tarif Şurasının son  qərarında ölkədə aparılan sosialyönümlü siyasət nəzərə alınıb, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə bir çox ölkələrin təcrübəsində mövcud olan diferensial tarif yanaşması və optimal qiymətlərin tətbiqi məqsədəuyğun hesab olunub. Ümumiyyətlə, ötən illər ərzində Azərbaycanda sosial xidmətlərə görə tariflərdə radikal artıma yol verilməyib, bu sahədə həyata keçirilən siyasət maksimal şəkildə vətəndaşların sosial durumu ilə uzlaşdırılıb. Azərbaycan hökumətinin sosial xidmətlərə görə tarif siyasəti əhalinin potensial imkanlarını nəzərə alınmaqla, vətəndaşların və dövlətin maraqlarının müdafiəsi prinsipi üzərində qurulub.

Diferensiallaşdırma və optimallaşdırma müxtəlif ölkələrdə fərqli prinsiplər əsasında tətbiq olunur. Məsələn, bəzi ölkələrdə qiymətlər həftənin gününə görə, yaxud günün ayrı-ayrı saatlarına görə, bölgələr üzrə və ya istifadə həcminə görə müəyyənləşdirilir. Azərbaycanda tariflərin diferensiallaşdırılması elektrik enerjisi və təbii qazın istifadə həcmi əsasında həyata keçiriləcək ki, bu da sosial ədalət prinsipinin təmin edilməsi deməkdir.

Onu da qeyd edim ki, Azərbaycanda ilk dəfə diferensial tarıflərin tətbiqinə başlanılması dünya təcrübəsində istifadə edilən metodlardan hesab olunur. Bütövlükdə, dünya praktikasında qiymətlərin tənzimlənməsi zamanı müxtəlif növ diferensial metodlar önə çəkilir. Azərbaycanda tətbiq edilən indiki yanaşma isə daha çox sosial təbəqələrin qiymət artımlarından müdafiəsi məqsədi daşıdığı üçün sosial diferensiallaşma kimi qiymətləndirilir. Belə ki, burada əsas məqsəd məhz yeni tariflərin sosial qruplara mənfi təsirləini azalmaqdan ibarətdir. Bu mənada noyabrın Tarif Şurası elektrik enerjisi və təbii qazla bağlı yeni tarif tənzimlənməsi barədə qərar verərkən  sosial qrupların mənafeyi nəzərə alınıb. Başqa sözlə, istehlakda qiymət artımlarının və nəticədə əlavə xərclərin yaranmasının qarşısının alınması diqqət mərkəzində saxlanılıb. Nəticədə bu cür yanaşma sosial qrupların birbaşa qiymət artımlarından sığortalanmasına imkan verir. 

Bir sözlə, istehlak həcminə görə diferensiallaşdırma və optimallaşdırma prinsiplərinin tətbiqi istehlak səbəti üzrə bir ailənin təbii qaz və elektrik enerjisi üzrə xərclərinin sabit qalması ilə yanaşı, israfçılıq hallarının aradan qaldırılmasını  stimullaşdıracaq.

Deməli, diferensiallaşma, eyni zamanda, məhz limitdən az istifadə edən qrupların sosial müdafiəsi və onların əvvəlki qiymətlər ilə kommunal xidmətlərdən yararlanması baxımından mühüm önəm daşıyır. Təbii ki, diferensial tarif sistemi dövlət büdcəsinə daxil olmalara da təsir göstərir. Belə ki, daha çox istehlak edənlər daha çox ödəniş aparırlar ki, bu da büdcə üçün əlavə gəlir mənbəyi rolunu oynayır. Nəticədə, bu büdcə üçüb əlavə maliyyə rıçaqları verir. Bu baxımdan, son diferensial tariflərin tətbiq edilməsi, həmçinin fiskal əhəmiyyət daşıyır.

Vüqar Bayramlı sonda bildirdi:
– Göründüyü kimi, Azərbaycanda tarif tənzimlənməsi həyata keçirilərkən istehlakçıların və istehsalçıların maraqlarının uzlaşdırılması, iqtisadiyyatın dinamik, intensiv inkişafına əlverişli şəraitin yaradılması, resurslardan məqsədyönlü və səmərəli istifadə edilməsi və bir sıra digər amillərə daha çox diqqət yetirilir.

Söhbəti qələmə aldı:
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında