Vergi ödəyiciləri üçün “Yaşıl dəhliz“ layihəsinə start verildi

Vergilər Nazirliyi ölkə Prezidentinin vergi orqanları qarşısında qoyduğu tələblərin vaxtında və keyfiyyətlə icrası, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, vergi inzibatçılığının sadələşdirilməsi, vergi ödəyiciləri və vergi orqanları arasında əlaqələrin daha da təkmilləşdirilməsi istiqamətində tədbirləri uğurla davam etdirir.

Vergi ödəyicilərinə göstərilən xidmətlərin genişləndirilməsi çərçivəsində aparılan işlər nəticəsində hazırda vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin sayı 65-ə çatdırılıb, vergi orqanlarına göndərilən bəyannamələrin 97 faizi isə elektron formada təqdim olunur. Bununla yanaşı, ölkənin müxtəlif regionlarında 57 müasir xidmət mərkəzi vergi ödəyicilərinin ixtiyarına verilib. Bu istiqamətdə aparılan genişmiqyaslı islahatlar respublika ərazisində könüllü əməletmənin səviyyəsinin artımına və vergi ödəyicilərinin vergi orqanları ilə münasibətlərinin partnyorluq müstəvisinə keçirilməsinə böyük töhfə verib.

Ölkə Prezidentinin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” sərəncamı vergi inzibatçılığının təkmilləşdirilməsi üzrə 11 və aparılacaq islahatlar üzrə 21 istiqaməti müəyyən edib. Bu islahatların mühüm istiqamətləri çərçivəsində vergi orqanları ilə vergi ödəyiciləri arasında partnyorluq münasibətlərinin daha da genişləndirilməsi və şəffaflığının artırılması, eləcə də intizamlı vergi ödəyiciləri ilə münasibətlərin daha yüksək səviyyəyə çatdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda, hazırda “Könüllü vergi açıqlaması” (Voluntary tax disclosnre), “Vergi öhdəliklərinin hüquqi nəticələr doğurmazdan əvvəl vergi orqanları ilə razılaşdırılması” (Advance tax ruling) və s. kimi müasir institutların vergi qanunvericiliyinə gətirilməsi üzrə işlər aparılır.

Sərəncamdan irəli gələn tapşırıqların icrası, intizamlı vergi ödəyiciləri ilə partnyorluq münasibətlərinin yeni səviyyəyə qaldırılması, eləcə də vergi orqanları tərəfindən onlara çevik və şəffaf xidmətlərin göstərilməsi, vergitutma sahəsində fəaliyyətin uçotda olduğu vahid struktur tərəfindən əlaqələndirilməsinin təmin edilməsi məqsədi ilə vergi xidmətində “Yaşıl dəhliz” prinsipi ilə çalışan yeni strukturlar yaradılıb.

Vergilər nazirinin müvafiq əmri ilə Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti və 1 saylı Vergilər Departamentində yaradılan Şəffaf vergi partnyorluğu idarələri artıq bu gündən vergi ödəyicilərinə xidmətə başlayıb.

Şəffaf vergi partnyorluğu idarələrinin xidmət göstərəcəkləri vergi ödəyicilərinə vergi uçotunu şəffaf qaydada aparan, vergi öhdəliklərini vaxtında və tam şəkildə icra edən, riskli əməliyyatlarla bağlı vergi orqanları ilə qarşılıqlı şəkildə məsələlərin həlli istiqamətində tədbirlər görən ödəyicilər aid ediləcəkdir. Bu günədək Bakı şəhəri üzrə belə intizamlı vergi ödəyicilərinin sayı 430-dan yuxarıdır.

Həmin strukturlar qeyd olunan ödəyicilərin vergitutma ilə bağlı müraciətlərinin qısa müddət ərzində cavablandırılması, onların təqdim etdikləri bəyannamələrlə bağlı hər hansı uyğunsuzluq və ya sual yaradan məqam olduğu halda, həmin vergi ödəyicilərinin və ya onların nümayəndələrinin iştirakı ilə belə halların qısa müddətdə aradan qaldırılması, onlara ünvanlı xidmətlərin göstərilməsi, vergi qanunvericiliyində baş verən dəyişikliklərlə bağlı məlumatlandırılması, vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə əlaqədar təkliflərin müzakirə edilməsi və digər istiqamətlərdə vəzifələri həyata keçirəcəkdir. Bundan başqa, şəffaf vergi partnyorluğu strukturları tərəfindən xidmət göstərilən vergi ödəyicilərinin fəaliyyəti üzrə vergi xidmətinin digər strukturlarının vergi nəzarəti tədbirlərinin həmin idarələrlə razılaşdırılması və əlaqələndirilməsi təmin ediləcəkdir.

İntizamlı vergi ödəyiciləri üçün yaradılan bu şərait onların vaxtlarına qənaət etmələrinə, vergi öhdəliklərini rahat və qısa zaman kəsiyində həyata keçirmələrinə, yarana biləcək çətinlikləri və problemləri vergi orqanları ilə birgə dərhal aradan qaldırmalarına imkan verəcək və digər vergi ödəyicilərini də vergi öhdəliklərini vaxtında həyata keçirməyə və intizamlı ödəyicilər sırasına qatılmalarını  stimullaşdıracaqdır.

Bütün bunlar vergi ödəyiciləri ilə vergi orqanları arasında münasibətlərin daha şəffaf qurulmasına, vergi ödəyicilərinin hüquqlarının genişlənməsinə, tərəfdaşlıq münasibətlərinin dərinləşməsinə əhəmiyyətli dərəcədə müsbət təsir edəcəkdir.

Vaqif BAYRAMOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında