Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədər hissəsinə aid olmayacaq

İqtisadi böhranın mövcud olduğu indiki vaxtda enerjidaşıyıcıların qiymətlərində artımın baş verəcəyi gözlənilən idi. Əslində belə qiymət artımı böhranın mahiyyətindən irəli gəlir və qaçılmaz olur. Kimsə böhran dövrünü başqa cür yaşamağı düşünürsə, o, yanılır.

Buna görə də böhranın yaratdığı problemlərdən  faciə düzəltmək lazım deyil. Bu müvəqqəti çətinlikləri tək Azərbaycan iqtisadiyyatı və əhalisi yaşamır. Hazırda dünyanın bütün ölkələri və xüsusilə də iqtisadiyyatı neftlə bağlı olan ölkələr oxşar durumdadırlar. Qiymətlərin səviyyəsinə gəldikdə isə bizdə olan tariflər bir çox ölkələrlə müqayisədə çox aşağıdır.

Bazar iqtisadiyyatı şəraitində heç bir təşkilat ziyanla fəaliyyət göstərə bilməz. Elə bu səbəbdən də Azərbaycan Respublikası Tarif (qiymət) Şurası Dövlət Neft Şirkətinin təklifini qəbul edərək, qazın və müvafiq olaraq elektrik enerjisinin tariflərini yeni bir yanaşma ilə artırdı. Bu cür yanaşmanın mahiyyəti isə ondan ibarətdir ki, Tarif  Şurası enerjidaşıyıcıların qiymətlərinin indiki artımı zamanı əhalinin aztəminatlı təbəqələrinin maraqlarını maksimum qorumağa çalışıb. Başqa sözlə, tariflərin artımı diferensial  qaydada reallaşıb. Bu isə Azərbaycan hökumətinin qətiyyətlə həyata keçirdiyi sosial siyasətin mahiyyətinə tam uyğun bir addımdır. Belə ki, qaz istehlakçısı olan əhali il ərzində istifadə etdiyi 1500 kubmetr qaza görə ödənişi indiyə qədər mövcud olan tariflərlə – yəni, 1 kubmetr üçün 10 qəpik hesabı ilə həyata keçirəcəkdir. İl ərzində 1500 kubmetrdən artıq işlədilən qaza görə ödəniləcək haqq isə iki dəfə artıq, yəni 1 kubmetr üçün 20 qəpik olacaqdır. Eyni qayda ilə ay ərzində 250 kilovat elektrik enerjisi istifadə edən vətəndaş hər kilovat üçün köhnə tariflərlə,  yəni 1 kilovat üçün 7 qəpik ödəyəcəkdir. O, ay ərzində bu limiti aşarsa, onda hər kilovat üçün 11 qəpik ödəməli olacaq. Qaz və elektrik enerjisi sərfiyyatı üzrə yeni müəyyən olunan hədlərin  texniki cəhətdən necə gözləniləcəyinə gəldikdə isə burada məsələ çox sadədir. Dövlət Neft Şirkətinin “Azəriqaz” və “Azərişıq” səhmdar cəmiyyətlərində əhali tərəfindən qaz və elektrik enerjisi üçün edilən hər ödənişin mərkəzləşdirilən informasiya bazası mövcuddur. Müəyyən edilən müddətdə limitdən artıq istifadə olunacaq qaz və elektrik enerjisinə görə haqq avtomatik olaraq yeni tariflərlə tutulacaqdır. 

Dövlət Neft Şirkətinin rəsmi məlumatlarına görə, hazırda ölkə əhalisinin 62 faizinin qaz istehlakı illik 1500 kubmetr həddini keçmir. Eyni qayda ilə “Azərişıq” ASC-dən əldə etdiyimiz məlumata əsasən,  əhalinin 75 faizinin aylıq elektrik enerji sərfiyyatı 250 kilovat-saatdan çox deyil. Deməli, orta hesabla qaz və işığın qiymətindəki dəyişikliklər əhalinin təxminən 70 faizinə aid olmayacaqdır. Tariflərdə edilən dəyişikliklərdən sonra insanların qənaət rejiminə keçməsi nəticəsində  bir il ərzində bu rəqəmin daha 10 faiz artaraq, 80 faizə çatacağı gözlənilir.  Əhalinin yerdə qalan 20 faiz imkanlı təbəqəsi tərəfindən qaz və elektrik enerjisinin limitdən artıq sərfinə görə artan tariflərlə ödəniş etməsi isə tam normal bir haldır. 

Bəs enerjidaşıyıcıların tarif artımının hansı pozitiv tərəfləri var? Əvvəlcə onu deyək ki, insanlar real olaraq qənaət etməyi öyrənəcəklər. Razılaşaq ki, biz çox az hallarda qənaət haqqında düşünə bilirik. Digər tərəfdən, yeni tariflər insanları alternativ enerji mənbələrindən istifadə etməyə stimullaşdıracaq. Bu gün artıq dünyanın bir çox ölkələrində bu sahədə böyük nailiyyətlər əldə olunub. Ölkəmizdə isə günəş və külək enerjisindən istifadə etmək imkanları kifayət qədər böyükdür.

Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru,
professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında