Həftənin ilk günlərində ölkə mətbuatı iqtisadiyyatla bağlı iki mühüm xəbər yaydı. Birini “Trend”dən oxuduq, digərini də AZƏRTACdan. Əvvəlki xəbərdə deyilirdi ki, gələn il Azərbaycanda minimum əmək haqqının, pensiyaların minimum məbləğinin və yaşayış minimumu həddinin tədricən artırılması nəzərdə tutulur. İnformasiya vasitələri “Trend”ə istinadən bildirirdilər ki, bu barədə Milli Məclisə təqdim olunmuş "Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası"nın layihəsində deyilir. Layihədə qeyd olunub ki, gələn il həmçinin əlilliyə, ailə başçısının itirilməsinə görə, sağlamlıq imkanları məhdud uşaqlara, əmək xəsarəti nəticəsində sağlamlığını itirmiş şəxslərə aylıq (və birdəfəlik borc) ödənclərinin, şəhid, müharibə əlilləri, Çernobıl əlilləri, müddətli hərbi qulluqçu və bir yaşına qədər uşağı olan ailələrin aylıq müavinətlərinin, Xalq, Əməkdar fəxri adlarına görə verilən vəsaitlərin, fərdi təqaüdlərin, Milli Qəhrəmanların, 20 Yanvar və digər kateqoriyalardan olan şəhid ailələrinin və müharibə əlillərinin, Prezident təqaüdünün, şəhid ailə üzvlərinə, müharibə veteranlarının aylıq müavinətlərin və radiasiya qəzası nəticəsində zərər çəkərək əlil olan şəxslərə ödənilən birdəfəlik müavinətlərin artırılması istiqamətində tədbirlər həyata keçiriləcək.
Bu xəbər yayıldı və həmkarlarımızla söhbət zamanı belə bir sual ortaya çıxdı: – Dünyanın bütün ölkələrində davam edən iqtisadi böhranın və neftin qiymətinin sürətlə düşməsinin dünya, o cümlədən, Azərbaycan iqtisadiyyatına vurduğu ziyan hamının gözü qabağındadır. Belə bir zamanda dövlət həmin sosialyönümlü layihələri maliyyələşdirmək üçün vəsaiti haradan alacaq?
Həmin sualı səsləndirən dostumuza verilməli cavabımız çox asan idi: – Əvvəla, Azərbaycan dövləti yeni əsrin ilk illərindən bəri elə bir iqtisadi imkan formalaşdırıb ki, istənilən dövrdə sosialyönümlü tədbirlər bir nömrəli məsələ kimi dövlətin gündəliyində olacaq. İkinci, dünyanın istənilən ölkəsinin iqtisadi idarəetmə təcrübəsinə nəzər salanda görürük ki, orada “iqtisadi tənzimləmə” adlı bir paraqraf vardır. Məhz həmin paraqrafın tətbiq edilməsi nəzərdə tutulan bütün sosial tədbirlərin yüksək səviyyədə reallaşdırılmasına zəmin yaradır. Ancaq bu tənzimləmə o mənanı vermir ki, maaş, pensiya və müavinətlərin yüksəldilməsi birbaşa hansısa xidmət sahəsində qiymətlərin artırılmasından sonra mümkün olur. Əsla belə deyil. Hansısa xidmət sahəsində qiymətlərin artırılması həmin sahənin fəaliyyəti üçün nəzərdə tutulan cari xərclərin qarşılanmasına istiqamətləndirilir. Nəticədə həmin sahə üçün büdcədən ayrılacaq vəsait bilavasitə sosialyönümlü layihələrin reallaşdırılmasına istiqamətləndirilmiş olur.
Bəxtimizdəndir ki, mətbuatın yaydığı birinci xəbərdən və həmin xəbər əsasında apardığımız müzakirələrdən sonra iqtisadi tənzimləmə istiqamətində olan bir məlumat da gəldi. AZƏRTAC xəbər verdi ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il noyabrın 28-də keçirilmiş növbəti iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb. Tarif (qiymət) Şurasının Katibliyindən verilən məlumata görə, şuranın iclasında, həmçinin yeni dərman vasitələrinin satış qiymətləri təsdiq edilib, indiyədək təsdiq olunmuş dərman vasitələrinin qiymətləri manatın hazırkı məzənnəsinə uyğunlaşdırılıb.
Bəs bu tənzimləmələri zəruri edən səbəblər nədən ibarət idi? Dövlət Neft Şirkətinin Tarif (qiymət) Şurasına müraciətində bildirilir ki, son illərdə şirkət tərəfindən paylayıcı şəbəkələrin genişləndirilməsi, təbii qaz təchizatının davamlılığının təmin olunması üçün böyük həcmdə investisiya qoyulub və xidmətin keyfiyyəti artırılıb. Müraciətdə, həmçinin qeyd edilir ki, ölkəmizdə satılan təbii qazın müəyyən hissəsinin hasilatın pay bölgüsü sazişlərinə uyğun olaraq, əməliyyat şirkətlərindən ABŞ dolları ilə alınması və təbii qazın maya dəyərinin ölkədaxili tənzimlənən qiymətlərindən yüksək olması zərərin yaranmasına səbəb olur. Bu baxımdan, təbii qaz təchizatında dayanıqlığın və keyfiyyətli xidmətin davamlılığının, istehsal və paylayıcı şəbəkə üzrə mövcud maliyyə çatışmazlığının azaldılması və perspektiv inkişafın təmin olunması məqsədilə Dövlət Neft Şirkəti müraciətində bütün istehlakçılar üçün təbii qaz tarifinin min kubmetr üçün 180 manata qaldırılması zərurətini bildirib.
Fikrimizcə, burada xüsusilə diqqət yönəldilməli iki məqam vardır. Birinci, əsaslandırmada göstərilir ki, bu addımın atılmasında qeyd edilən məqamlarla yanaşı, perspektiv inkişafa zəmin yaradılması məqsədi də var. Başqa sözlə, ölkədə qaz təchizatı strukturunun inkişaf etdirilməsinin bizim hər birimiz üçün nə qədər önəmli olduğunu söyləməyə ehtiyac yoxdur. Tarif Şurasının verdiyi məlumatdan xatırlatmaq istədiyimiz ikinci məqam isə bilavasitə bizim yuxarıda qeyd etdiyimiz məsələ ilə bağlıdır: “Ölkədə aparılan sosialyönümlü siyasət nəzərə alınmaqla və əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə, yeni tarif tənzimlənməsində də sosial siyasət əsas götürülüb, diferensial tarif yanaşması və optimal qiymətlərin tətbiqi məqsədəuyğun hesab olunub”.
Diqqət yetirin: təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib. Yəni, aztəminatlı ailələr üçün təbii qazın qiyməti artırılmayıb. Hansı aztəminatlı ailə bir ildə 1500 kubmetrdən çox qaz yandırır? Elə elektrik enerjisinin qiymətinin tənzimlənməsi zamanı da bu prinsiplər əsas götürülüb.
Bundan başqa, məlum olduğu kimi, uzun illər idi ki, ölkədə dərman vasitələrinin satışı prosesində hər aptek öz istədiyi kimi qiymət müəyyən edirdi. Artıq xeyli müddətdir ki, bu istiqamətdə dövlət nəzarəti gücləndirilib. Elə Tarif Şurasının adıçəkilən iclasında da həmin məsələ növbəti dəfə gündəliyə gətirilib. İclasda 300-dən çox yeni dərman vasitəsinin satış qiymətləri təsdiqlənib, eləcə də indiyədək təsdiq olunmuş dərman vasitələrinin qiymətləri manatın hazırkı məzənnəsinə uyğunlaşdırılıb.
Bir sözlə, Azərbaycan dövlətinin atdığı istənilən addım məhz ölkə əhalisinin maraqlarının qorunmasına, insanların sosial-rifah halının daha da yaxşılaşdırılmasına xidmət edir.
Sabir ŞÜKÜROV,
Böyük Britaniyanın
Hult Universitetinin magistr məzunu
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.