Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il noyabrın 28-də keçirilən iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb. Xatırladaq ki, bu məsələ təsadüfi olmayıb. Belə ki, Dövlət Neft Şirkəti Tarif (qiymət) Şurasına müraciət edib və həmin müraciətdə son illər ərzində adıçəkilən şirkət tərəfindən paylayıcı şəbəkələrin genişləndirilməsi, təbii qaz təchizatının davamlılığının təmin olunması üçün böyük həcmdə investisiya qoyulması və xidmətin keyfiyyətinin artırılması diqqətə çatdırılıb. Eyni zamanda, bildirilib ki, Azərbaycanda satılan təbii qazın müəyyən hissəsinin hasilatın pay bölgüsü sazişlərinə uyğun olaraq əməliyyat şirkətlərindən ABŞ dolları ilə alınması və təbii qazın maya dəyərinin ölkədaxili tənzimlənən qiymətlərdən yüksək olması zərərin yaranması ilə nəticələnir.
Məhz buna görə də təbii qaz təchizatında keyfiyyətli xidmətin reallaşdırılması, istehsal və paylayıcı şəbəkələrdə mövcud maliyyə çatışmazlığının azaldılması, sözügedən sistemin inkişafının təmin olunması məqsədilə Dövlət Neft Şirkətinin bütün istehlakçılar üçün təbii qaz tarifinin min kubmetr üçün 180 manata qaldırılması zərurəti yarandığı vurğulanıb.
“Azərenerji” və “Azərişıq” səhmdar cəmiyyətlərinin Tarif (qiymət) Şurasına müraciətlərində istehsal güclərinin artırılması, elektrik stansiyalarının normal istismar vəziyyətində saxlanılması, elektrik enerjisinə tələbatın ödənilməsi, paylayıcı şəbəkələrin genişləndirilməsi, itkilərin azaldılması və enerji təchizatının davamlılığının təmin edilməsi üçün elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifinin təbii qaz üzrə tarif artımı nəzərə alınmadan 1,6 qəpik, pərakəndə satış üzrə marjanın 2,8 qəpik artırılmalı olduğu bildirilib.
Xatırladaq ki, Tarif (qiymət) Şurası tarif tənzimlənməsi ilə bağlı qərar verərkən, ilk növbədə ölkədə aparılan sosialyönümlü siyasətin diqqət mərkəzində saxlanıldığını nəzərə alıb. Başqa sözlə, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədi ilə yeni tarif tənzimlənməsində sosial siyasətin əsas götürülməsi, diferensial tarif yanaşması və optimal qiymətlərin tətbiqi məqsədəuyğun sayılıb. Belə ki, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.
“Azəriqaz”ın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Kərbalayev bu məsələ ilə bağlı mətbuata açıqlamasında xatırladıb ki, son illərdə aparılan qazlaşdırma işləri nəticəsində Azərbaycanda təbii qaz abonentlərinin sayı üç dəfəyə yaxın artsa da, qüvvədə olan tariflərə əsasən, təbii qazdan əldə edilən mənfəət ən aşağı səviyyədə müəyyən edilib.
İ.Kərbalayev vurğulayıb ki, Tarif (qiymət) Şurasının qərarı ilə bu dəfə diferensial (şaxələndirilmiş) tarif mexanizminin tətbiq edilməsi və bunun nəticəsində məhz əhali üçün daha münasib tarifin tətbiq edilməsi heç bir narahatlıq doğura bilməz. Çünki indiki tarif mexanizmi aztəminatlı ailələr və əhalinin əksəriyyəti üçün əvvəlki tarifin dəyişməzliyini təmin edir. Belə ki, diferensial mexanizm bununla yanaşı, daha qənaətli istehlak rejiminə sövq etməklə, istehlak mədəniyyətində səmərəlilik və təhlükəsizliyin artmasına, habelə ətraf mühitin qorunmasına töhfə verəcək.
“Azəriqaz”ın nümayəndəsi söhbətində, həmçinin qeyd edib ki, gələn il yanvar ayının 1-dən etibarən il ərzində təbii qaza görə, illik istehlak həcmi 1500 kubmetrdən çox olan abonentlər üçün müəyyənləşdirilən limitdən sonrakı sərfiyyat 20 qəpikdən hesablanacaq. Ümumiyyətlə, burada hər hansı bir problem yoxdur. Yəni, gələn ildən 1500 kubmetrdən artıq istifadə edən abonent üçün bu həcmdə qaz əvvəlki tariflə, bundan çox olduğu təqdirdə isə hər bir kubmetr 20 qəpikdən hesablanacaq. Smart- kart tipli sayğaclarda hesablanma da eyni qaydada olacaq. Yəni 1500 kubmetrədək qazın dəyəri 10 qəpikdən, bundan artıq hissə isə 20 qəpikdən hesablanacaq. Başqa sözlə, əhali üzrə hər bir abonent üçün illik 1500 kubmetr sərfiyyat müəyyənləşdirilib. Əgər abonent 1 il ərzində 1500 kubmetr qaz istehlak edəcəksə, o bu halda qazın hər kubmetrini əvvəlki qaydada 10 qəpiklə ödəyəcək. Yəni il ərzində 1500 kubmetr qaz istehlakına görə abonent 150 manat ödəniş edəcək. Amma illik qaz sərfiyyatı 1500 kubmetrdən çox olan abonent bu göstəricidən artıq istehlak etdiyi hər kubmetr qaza görə 20 qəpik ödəməli olacaq. Məsələn, illik qaz istehlakı 2000 kubmetr olan abonent 1500 kubmetri 10 qəpiklə ödəyəcək. Yerdə qalan 500 kubmetrə görə ödəniş hər kubmetrə görə 20 qəpikdən hesablanacaq. Ümumilikdə, limitdən əlavə istifadə edilən 500 kubmetr qaz üçün 100 manat ödəməli olacaq. Beləliklə, il ərzində 2000 kubmetr qaz istehlak edən abonent 250 manat ödəyəcək.
İ.Kərbalayev yuxarıdakı fikrinə onu da əlavə edib ki, qaz sistemi yeni tariflərə uyğunlaşdırılacaq: “Bizdə hər bir abonentin bazası var. Onların istehlak etdiyi və ödənişləri ilə bağlı məlumat mövcuddur. Abonentlər istər “Azəriqaz” İB-dən, istərsə də yaşadıqları ərazi üzrə xidmət sahəsindən, yaxud satış şöbəsindən bu məlumatları əldə edə bilərlər.
“Azəriqaz”ın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri daha sonra qeyd edib ki, mexaniki sayğacların üzərində göstəricilər var. Abonent mexaniki göstərici vasitəsi ilə ödəyəcəyi məbləği hesablaya biləcək. Smart- kart tipli sayğaclarda isə elektron tablo vasitəsi ilə qaz sərfiyyatı barədə göstəriciləri öyrənmək mümkün olacaq.
İ. Kərbalayev söhbətinin sonunda diqqətə çatdırıb ki, təbii qaz tariflərinin dəyişdirilməsi elektrik enerjisi üzrə tariflərə də yenidən baxılmasını zəruri edib və elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq olunub, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb. Aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib. Başqa sözlə, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün heç nə dəyişməyib. Amma aylıq enerji istehlak 250 kilovat-saatdan çox olan abonentlərin xərcləri artıb. Məsələn, ayda 400 kilovat-saat enerji istehlak edən abonent buna görə 34 manat ödəniş etməli olacaq. Halbuki o, bu göstəriciyə görə əvvəllər indikindən 6 manat az, yəni 28 manat ödəyirdi. Ayda 1000 kilovat-saat enerji istehlak edən abonent buna görə 100 manat ödəniş etməli olacaq. Göründüyü kimi, istehlak artdıqca və xüsusilə də limitdən artıq sərfiyyat abonentə baha başa gələcək.
Mütəxəssislər hesab edir ki, kommunal xidmətlərin qiymətlərinin diferensiallaşdırılması daha çox fərdi yaşayış evləri böyük olan abonentlərin və istehsalla məşğul olan müəssisələrin xərclərini artıracaq.
Dövlət Neft Şirkətinin məlumatına əsasən, əhali abonentlərinin 62 faizinin illik istehlak həcmi 1500 kubmetrdən aşağıdır və diferensial tariflərin tətbiqi nəticəsində həmin abonentlərin, o cümlədən bu kateqoriyaya aid olan aztəminatlı ailələrin təbii qaz üzrə ödənişlərində artım olmayacaq.
Təbii qazın əhali istehlakçı qrupu üzrə tarifləri 2017-ci ilin yanvarın 1-dən, qeyri-əhali qrupu üçün isə 2016-cı ilin dekabrın 1-dən tətbiq olunacaq.
İstehlak həcminə görə diferensiallaşdırma və optimallaşdırma prinsiplərinin tətbiqi istehlak səbəti üzrə bir ailənin təbii qaz və elektrik enerjisi üzrə xərclərinin sabit qalması ilə yanaşı, israfçılıq hallarının aradan qaldırılmasına stimul verəcək. Eyni zamanda, tarif dəyişikliyinin əhalinin sosial müdafiəyə ehtiyacı olan həssas təbəqələrinin istehlak xərclərinə dolayı təsirlərinin kompensasiyası məqsədilə dövlət büdcəsi hesabına tədbirlərin görülməsi nəzərdə tutulur.
Yeri gəlmişkən, Tarif (qiymət) Şurasının qərarı ilə qeyri-əhali qrupu üzrə elektrik enerjisinin pərakəndə satış tarifi 9 qəpik səviyyəsində təsdiq edilib. Enerji təchizatı birbaşa 35 və 110 kilovoltluq xətlərlə həyata keçirilən, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kilovat-saatdan az olmayan kimya və alüminium sənayesi, dağ-mədən filizi əsasında poladəritmə istehsalı müəssisələri üçün elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi gecə və gündüz vaxtı üzrə müvafiq olaraq 2,8 qəpik və 5,8 qəpik müəyyənləşdirilib.
Bununla yanaşı, ekoloji cəhətdən daha təmiz alternativ və bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalının stimullaşdırılması və təbii qaza qənaət olunması məqsədilə özəl kiçik su elektrik stansiyaları üzrə elektrik enerjisinin istehsalçıdan satınalma tarifi bir kilovat-saat üçün 5 qəpik, külək elektrik stansiyaları üzrə 5,5 qəpik, digər alternativ və bərpa olunan mənbələr üzrə isə 5,7 qəpik təsdiq edilib.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.