Avropanın enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verən Azərbaycan Respublikası ötən illərdə özünün zəngin karbohidrogen ehtiyatlarından düzgün, səmərəli şəkildə istifadə edərək regionun ən sabit və dinamik inkişaf edən ölkəsinə çevrilmişdir. “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi müstəqilliyini təmin etməklə yanaşı, ölkədə qeyri-neft sektorunun inkişafı üçün də əlverişli imkan yaratmışdır.
Azərbaycanın yeni neft strategiyasının təməl daşı sayılan “Əsrin müqaviləsi”nin əhəmiyyətindən danışan Prezident İlham Əliyev demişdir: “Bizim bugünkü inkişafımız, bugünkü nailiyyətlərimiz, Azərbaycanın, həqiqətən, müstəqil ölkə kimi dünya birliyinə qədəm qoyması böyük dərəcədə “Əsrin kontraktı”nın imzalanması ilə bağlıdır. Bu, çox cəsarətli və müdrik addım idi. Əgər 1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə “Əsrin kontraktı” imzalanmasaydı, bu gün təsəvvür etmək mümkün deyil ki, Azərbaycan hansı vəziyyətdə ola bilərdi. Ölkəmizdə görülən quruculuq-abadlıq işlərinin, dayanıqlı iqtisadiyyatmızın, böyük valyuta ehtiyatlarımızın əsas mənbəyi “Əsrin kontraktı”dır”.
“Əsrin müqaviləsi” çərçivəsində yaradılmış mühüm infrastruktur obyektləri, dünyanın neftçıxarma sənayesində tətbiq olunan ən son texnologiyalar, unikallığı ilə diqqəti cəlb edən çoxsaylı platformalar, Səngəçal sahil terminalı, sualtı boru xətləri, geniş imkanlara malik ixrac boru kəmərləri və s. Azərbaycanın yeni neft erasının misilsiz nailiyyətləri kimi diqqəti cəlb edir. “Əsrin müqaviləsi” nin imzalanmasından cəmi üç il sonra Xəzərin Azərbaycan sektorunda neft hasilatına başlanılmış və illər ötdükcə “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində həyata keçirilmiş misilsiz tikinti-quraşdırma işləri nəticəsində hasilat tədricən artmışdır. Bütövlükdə isə 19 ilə yaxındır ki, “Azəri-Çıraq-Günəşli” nefti dünya bazarlarına axaraq ölkəmizin iqtisadi inkişafına və beynəlxalq nüfuzunun artmasına mühüm töhfələr verir. Xatırladaq ki, “Azəri-Çıraq-Günəşli” layihəsinin səhmdarları bp (35,8 faiz), SOCAR (11,6 faiz), Şevron (11,3 faiz), İNPEKS (11 faiz), Statoyl (8,6 faiz), EksonMobil (8 faiz), TPAO (6,8 faiz), İTOÇU (4,3 faiz), ONGC Videş Limited (2,7 faiz) şirkətləridir.
2016-cı ilin doqquz ayı ərzində “Əsrin müqaviləsi” çərçivəsində neft və səmt qazının hasilatı uğurla davam etdirilmişdir. Layihənin operatoru olan bp şirkətinin cari ilin yanvar–sentyabr aylarının yekunları ilə bağlı yaydığı hesabata əsasən, ötən doqquz ayda “Azəri-Çıraq-Günəşli” layihəsinin əməliyyat məsrəflərinə, təqribən, 378 milyon dollar, əsaslı məsrəflərinə isə 1,2 milyard dollar vəsait xərclənmişdir.
Əvvəlki dövrlərdə olduğu kimi, bu ilin doqquz ayında da konsorsium iştirakçıları tərəfindən müqavilə sahəsində neft və səmt qazının hasilatı sabit şəkildə davam etdirilmişdir. Belə ki, hesabat dövründə “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda istismarda olan 6 hasilat platformasından 176 milyon barreldən artıq, yəni 24 milyon ton neft hasil olunmuşdur. İl ərzində “Əsrin müqaviləsi” çərçivəsində sutkalıq neft hasilatının həcmi 644 min barrel təşkil etmişdir. Ümumi neftin 53 min barreli “Çıraq”, 149 min barreli “Mərkəzi Azəri”, 116 min barreli “Qərbi Azəri”, 74 min barreli “Şərqi Azəri”, 127 min barreli “Dərinsulu Günəşli”, 125 min barreli isə “Qərbi Çıraq” platformalarının payına düşür. Bütövlükdə isə işlənmənin əvvəlindən müqavilə sahəsindən 410 milyon tona yaxın neft çıxarılmışdır.
2016-cı ilin əvvəlindən layihənin səhmdarları tərəfindən quyu fondu üzərində zəruri tədbirlər həyata keçirilmiş, bir sıra quyularda qazma və tamamlama fəaliyyəti uğurla davam etdirilmişdir. Belə ki, cari ilin doqquz ayında müqavilə sahəsində 13 hasilat, 4 suvurma və 1 qaz injektor quyusu qazılmışdır. Bununla da, istismarda olan quyuların sayı 147-yə çatdırılmışdır. Hazırda həmin quyuların 102-sindən neft çıxarılır. Texniki məqsədlər üçün istismar olunan digər 45 quyu isə qaz və su injektor quyularıdır. Yeri gəlmişkən, həmin quyulardan 5-i bp-nin dünyadakı 10 ən məhsuldar quyusunun sırasındadır.
“Azəri-Çıraq-Günəşli” layihəsinin illik iş proqramının bir hissəsi olaraq sentyabr ayında “Dərinsulu Günəşli” platformasının planlaşdırılmış dayandırılması proqramı həyata keçirilmişdir. Bundan da məqsəd adıçəkilən platformada planlaşdırılmış profilaktik işlərin, təftiş və layihə işlərinin səmərəli şəkildə aparılmasından ibarət olmuşdur. Hasilatın dayandırıldığı 11 gün ərzində platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan uzun müddət istismar qabiliyyətini davam etdirə bilməsi məqsədilə aparılan bütün işlər tam təhlükəsiz şəkildə və vaxtında başa çatdırılmışdır.
Bu ilin əvvəlindən “Dərinsulu Günəşli” platformasından hasil edilən səmt qazının 28 düyməlik sualtı qaz kəməri vasitəsilə birbaşa Səngəçal terminalına göndərilməsi davam etdirilmişdir. Ötən müddətdə “Azəri” yatağındakı üç platformadan səmt qazı yataqdaxili sualtı qaz boru kəmərləri vasitəsilə “Mərkəzi Azəri” kompressor və suvurma platformasına göndərilmiş, oradan qazın bir hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuş, qalan hissəsi isə Səngəçal terminalına nəql edilərək ölkənin daxili istifadəsi üçün “Azəriqaz” İstehsalat Birliyinə təhvil verilmişdir.
2014-cü ildə istismara verilmiş “Qərbi Çıraq” platformasından hasil edilən səmt qazının da bir hissəsi Səngəçal terminalına göndərilmişdir. “Çıraq” platformasında hasil edilən səmt qazının müəyyən hissəsi isə mövcud 16 düyməlik sualtı qaz boru kəməri vasitəsilə ARDNŞ-in “Neft Daşları”ndakı kompressor stansiyasına göndərilmişdir. Bütövlükdə isə ötən doqquz ayda “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində SOCAR-a Səngəçal terminalı, həmçinin “Neft Daşları” vasitəsilə gündə orta hesabla 7,2 milyon kubmetr, ümumilikdə isə 1 milyard 970 milyon kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.
“Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılan neftin sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi də uğurla davam etdirilmişdir. Məlumat üçün bildiririk ki, terminalın texniki emal sistemlərinin gücü gün ərzində 1,2 milyon barrel neft və Şahdəniz qazı üçün, təqribən, 29,5 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (“Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində çıxarılan səmt qazı da daxil olmaqla) gündəlik, təqribən, 49,3 milyon standart kubmetr təşkil edir.
2016-cı ilin doqquz ayında Səngəçal terminalından 219 milyon barreldən artıq neft və kondensat ixrac olunmuşdur. Xam neftin 194 milyon barreli Bakı-Tbilisi-Ceyhan və 23 milyon barreldən çoxu Qərb ixrac boru kəmərləri vasitəsilə nəql olunmuşdur. Bundan əlavə, ötən müddətdə buradan 2 milyon barrel kondensat ixrac kəməri vasitəsilə dünya bazarına göndərilmişdir. Qaz isə terminaldan, əsasən, Cənubi Qafqaz boru kəməri və terminalın qaz emalı obyektlərini “Azəriqaz” İstehsalat Birliyinin qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur. Ötən il terminaldan gündəlik orta hesabla 29,1 milyon standart kubmetr “Şahdəniz” qazı ixrac edilmişdir.
Məlum olduğu kimi, Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasında xüsusi yer tutan Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərinin istismara verilməsindən 10 ildən artıq vaxt ötür. Əvvəlki dövrlərdə olduğu kimi, 2016-cı ilin ötən dövründə də uğurlu fəaliyyətini davam etdirən kəmərlə bağlı əməliyyat xərclərinə 87 milyon dollar, əsaslı xərclərə isə 41 milyon dollar vəsait sərf olunmuşdur. Hazırda kəmərin gündəlik ötürmə gücü 1,2 milyon barrel təşkil edir. Cari ilin doqquz ayında adıçəkilən kəmərlə təqribən 25,7 milyon ton xam neft ixrac olunaraq Türkiyənin Ceyhan limanından 242 tanker vasitəsilə dünya bazarlarına çıxarılmışdır.
Ümumi uzunluğu 1768 kilometr təşkil edən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə istismara verildiyi 2006-cı ilin iyun ayından bəri ümumilikdə təxminən 2,55 milyard barrel (341 milyon ton) xam neft nəql edilmiş və Ceyhanda 3354 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir. Hazırda BTC boru kəməri Azərbaycandan, əsasən, “Azəri-Çıraq-Günəşli” neftini və “Şahdəniz” kondensatını daşıyır. Bundan əlavə, kəmər vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.
11 ildən artıqdır ki, “Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçıları mənfəət neftindən gəlir əldə edirlər. Azərbaycan isə 2001-ci ildən etibarən öz payına düşən mənfəət neftini dünya bazarlarına çıxarır. Həmin vaxtdan 2016-cı il oktyabr ayının 1-nə qədər “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində hasil edilən Azərbaycan neftinin satışından Dövlət Neft Fonduna 119 milyard dollardan artıq, 2007-ci ildən “Şahdəniz” yatağından çıxarılan qazın satışından isə təqribən 4 milyard dollar vəsait daxil olmuşdur. Ötən illər ərzində mənfəət neftindən əldə edilən gəlirlər hesabına ölkə iqtisadiyyatının şaxələndirilməsi və bir sıra infrastruktur layihələrinin reallaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilmişdir.
2016-cı ilin doqquz ayında Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcə gəlirləri 6 milyard 618,6 milyon manat, büdcə xərcləri isə 3 milyard 823,1 milyon manat təşkil etmişdir. Hesabat dövründə Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 5 milyard 883,8 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 5 milyard 867 milyon manat, akrhesabı ödənişlər 3,3 milyon manat, bonus ödənişləri 0,1 milyon manat və tranzit gəlirləri 13,4 milyon manat olmuşdur. Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər isə 734,8 milyon manat təşkil etmişdir. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı Dövlət Neft Fondunun büdcədənkənar gəliri isə 2 milyard 612,3 milyon manata bərabər olmuşdur.
Neft Fondunun 2016-cı il büdcəsinin icrası çərçivəsində ötən doqquz ayda dövlət büdcəsinə 3 milyard 260 milyon manat vəsait transfert edilmişdir. Hesabat dövründə qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 73,8 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına isə 39,1 milyon manat vəsait ayrılmışdır.
Bundan əlavə, ötən doqquz ayda Dövlət Neft Fondundan Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 48,6 milyon manat, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə 20,8 milyon manat və “Cənub” qaz dəhlizi layihəsinə 241,9 milyon manat vəsaitin ayrılması təmin olunmuşdur. 2016-cı ilin yanvar-sentyabr aylarında Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər isə 11,9 milyon manat təşkil etmişdir. Yeri gəlmişkən, 2016-cı il oktyabrın 1-nə Azərbaycan Dövlət Neft Fondunun aktivləri yanvarın 1-i ilə müqayisədə (33 milyard 574,1 milyon ABŞ dolları) 6,7 faiz artaraq 35 milyard 822,1 milyon dollara çatmışdır.
Qlobal maliyyə böhranı və neftin qiymətinin əvvəlki illərə nisbətən xeyli ucuzlaşmasına baxmayaraq, Azərbaycanda nəzərdə tutulmuş bütün sosial proqramlar, infrastruktur layihələri uğurla icra olunmuş, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində tədbirlər davam etdirilmişdir. Bütün bunlar isə ölkəmizin iqtisadi qüdrətinin daha da artmasına və xalqımızın həyat səviyyəsinin yaxşılaşmasına geniş imkanlar yaradır.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.