Heydər Əliyev müstəqilliyimizin və dinamik iqtisadi inkişaf strategiyasının memarıdır

(Əvvəli qəzetin 12 dekabr 2010-cu il tarixli sayında)
Ölkə iqtisadiyyatında son on ildə 900 faiz artım olduğunu qeyd edən qəzet, bu inkişafda özəl sektorun böyük rol oynadığını xüsusi vurğulayıb. Məqalədə o da qeyd edilir ki, Mərkəzi Asiya regionunun digər ölkələri böhrandan çıxmaq üçün səylər göstərdiyi halda, Azərbaycanda sürətli dinamik iqtisadi artım müşahidə olunur. Eyni zamanda, nüfuzlu "The Ekonomist" yazır ki, beynəlxalq maliyyə böhranı 2010-cu ildə də davam edəcəkdir, bununla belə Azərbaycan sürətlə inkişaf edərək liderlər sırasında yer alacaqdır.
Məlum olduğu kimi, 2009-cu il həm də ölkəmizdə yeni, daha böyük müəssisələrin açılması və ya təməlinin qoyulması ilə yadda qalmışdır. Belə ki, il ərzində yeni böyük sement zavodunun və yeni məişət tullantıları emalı zavodunun təməli qoyuldu, eyni zamanda, "Sumqayıt texnopark"ın bir hissəsi istifadəyə verildi. Sumqayıt şəhərinin əvvəlki mövqeyinin bərpa edilməsi, şəhərin həqiqətən müasir sənaye mərkəzinə çevrilməsi üçün bu texnoparkın çox böyük əhəmiyyəti olacaqdır. Belə ki, texnoparkda ən azı 10 nəhəng zavod qurulacaqdır ki, bu da yüzlərlə yeni iş yeri və 100 milyon dollarlarla investisiya qoyuluşu deməkdir. Bütün bunlar isə o deməkdir ki, ölkədə makroiqtisadi sabitliyi qoruyaq, ölkədə gedən bütün sosial proqramları, infrastruktur layihələrini vaxtında icra edək.
Son 6 il ərzində ölkədə 840 min, o cümlədən yalnız 2009-cu il ərzində 74 min yeni iş yeri yaradılmışdır. Məhz bunun nəticəsidir ki, altı il əvvəl Azərbaycan vətəndaşlarının təxminən 50 faizə yaxını yoxsulluq səviyyəsində yaşayırdısa, bu gün bu göstərici 11 faizdir. Eyni zamanda, 2008-ci ilin yekunları ilə müqayisə etsək, görərik ki, keçən il ərzində yoxsulluq 13,2 faizdən 11 faizə düşmüşdür. Yalnız 2009-cu ildə Azərbaycanda 64 məktəb, 59 səhiyyə müəssisəsi tikilmiş və ya qurulmuş, o cümlədən beş böyük olimpiya kompleksi istifadəyə verilmişdir.
Yuxarıda qeyd edildiyi kimi, bütün dünyanı sarsıdan böhrana baxmayaraq, 2009-cu ildə adambaşına düşən ümumi daxili məhsulun həcmi 7,9 faiz artaraq 3917 manata və yaxud 4874 ABŞ dollarına, ölkədə orta aylıq əmək haqqı 6,8 faiz artaraq 298 manata çatmışdır. Eyni zamanda, ötən ilin başlıca müsbət nəticələrindən biri də manatın dəyərinin sabit saxlanılması olmuşdur. Məhz bunun nəticəsində inflyasiya həddi cilovlanmış və 1,5 faiz təşkil etmişdir.
Əvvəlki illərdə olduğu kimi, 2009-cu ildə də sosialyönümlü tədbirlərin və xərclərin büdcə icrasına üstünlük verilmiş, müvafiq dövlət proqramlarının maliyyələşdirilməsi tam təmin edilmişdir. Belə ki, 2009-cu ildə sosial məqsədlər üçün dövlət büdcəsindən 2 milyard 903 milyon manat, o cümlədən onun cari xərclərindən 2 milyard 763 milyon manat vəsait sərf edilmişdir ki, bu da 2008-ci illə müqayisədə 450 milyon manat və ya 19,5 faiz çoxdur. 2008-ci illə müqayisədə 2009-cu ildə dövlət büdcəsinin cari xərclərində sosialyönümlü tədbirlər üzrə xərclərin tərkib hissəsi olan sosial-müdafiə və sosial-təminat xərcləri 24,6 faiz, təhsil xərcləri 17,2 faiz, səhiyyə xərcləri 16,2 faiz, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi xərcləri 12,9 faiz artmışdır. 2009-cu ilin ən mühüm sosial tədbirlərindən biri də əhalinin təbii qazın istifadəsindən yaranan 330 milyon manat məbləğində borcunun ölkə başçısının sərəncamı ilə silinməsi olmuşdur ki, bu da əhali tərəfindən, xüsusilə aztəminatlı vətəndaşlar tərəfindən rəğbətlə qarşılanmışdır.
2009-cu ildə aztəminatlı ailələrin sosial müdafiəsini təmin edən ünvanlı sosial yardımın hesablanmasında tətbiq edilən ehtiyac meyarının məbləği artırılaraq 60 manata çatdırılmış, ünvanlı sosial yardımların göstərilməsi məqsədi ilə dövlət büdcəsindən 180 milyon manat vəsait istifadə olunmuşdur ki, bu da 700 min nəfər aztəminatlı şəxsi və ya 175 min ailəni əhatə etmişdir. Bu müddətdə əlillərin və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması və əlillər üçün bərpa mərkəzlərinin yaradılması ilə bağlı zəruri tədbirlər də həyata keçirilmiş, o cümlədən ölkənin 22 rayonunda və Bakı şəhərinin bir neçə rayonunda əlillər üçün çoxmənzilli və fərdi yaşayış evlərinin tikintisinə 46,2 milyon manat vəsait yönəldilmişdir. Hesabat ilində əhalinin daha çox qayğıya ehtiyacı olan məcburi köçkünlərin və qaçqınların problemləri də diqqət mərkəzində olmuşdur. Belə ki, 2009-cu il bu insanların sosial-məişət və məskunlaşma şəraitinin yaxşılaşdırılması və yaşayış qəsəbələrinin tikintisi istiqamətində də vacib mərhələ olmuşdur. İl ərzində Neft Fondundan həmin məqsədlərə 90 milyon manat vəsait sərf olunmuşdur.
Ötən il həm də sahibkarlığın inkişafı, o cümlədən müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, bu sahəyə dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi ilə də yadda qalmışdır. Bu müddətdə ölkə Prezidentinin təşəbbüsü ilə yerli sahibkarlığın inkişaf etdirilməsi, onların birbaşa vergi yükünün azaldılması məqsədi ilə 2010-cu ildən mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə, fiziki şəxslərdən gəlir vergisinin maksimal həddi 35 faizdən 30 faizə, fərdi sahibkarlar üçün isə 35 faizdən 20 faizə endirilmiş, bir sıra fəaliyyət növləri üçün xüsusi razılıq (lisenziya) alınmasına görə dövlət rüsumlarının məbləğinin azaldılmasına dair müvafiq qərarlar qəbul edilmişdir. Belə ki, hesabat ilində Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 2100 sahibkarlıq subyektinə 130 milyon manat güzəştli kreditlər verilmişdir ki, bu da 2008-ci illə müqayisədə 1,5 dəfə çoxdur. Kreditlərin 70 milyon manatı dövlət büdcəsindən Sahibkarlığa Kömək Milli Fonduna ayrılmış vəsait hesabına təmin edilmişdir. Güzəştli kreditlər hesabına qeyri-neft sektorunda 94 iri, o cümlədən 52 istehsal, emal və infrastruktur layihələri maliyyələşdirilmişdir ki, bunun da 99,2 faizi regionların payına düşür. Eyni zamanda, 2009-cu ildə qəbul edilmiş "Xüsusi iqtisadi zonalar haqqında" Azərbaycan Respublikasının Qanunu ölkədə yeni rəqabət qabiliyyətli istehsal sahələrinin yaranmasına, qeyri-neft məhsullarının ixracının artmasına müsbət təsir edərək, ümumilikdə sahibkarlığın inkişafında mühüm rol oynayacaqdır.
Keçən il ölkədə qanunvericilikdə edilən bir sıra mühüm dəyişikliklər nəticəsində sığortalanan əmanətlərin məbləği 5 dəfə artırıldı - 6 min manatdan 30 min manata çatdırıldı, bankların xarici borclarının qaytarılmasını təmin etmək üçün onlara zəruri yardım göstərildi. Eyni zamanda, qanunvericiliklə banklara və sığorta təşkilatlarına kapitallaşdırma məqsədi ilə vergi güzəştləri tətbiq olundu, mümkün itkilər üzrə banklardan maliyyə ehtiyatlanması daha da artırıldı. Bütün bunlar nəticədə il ərzində bankların aktivlərinin 14 faiz, kreditlərin 17 faiz, əmanətlərin 23 faiz, bank kapitallarının isə 18 faiz artmasına imkan verdi.
2009-cu ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 1 milyard 600 milyon manat olmuşdur ki, bu da 2008-ci ilə nisbətən 205 milyon manat və ya 14,7 faiz çoxdur. Sosial sığorta haqları üzrə daxilolmalar 8,3 faiz artaraq 1 milyard 37 milyon manata çatmışdır ki, bunun da 56 faizi qeyri-büdcə təşkilatlarının payına düşür. 2009-cu ilin əvvəlinə fondun hesabında olan 91 milyon manat sərbəst qalıq, həmçinin büdcə təşkilatlarından ilin son günlərində daxil olacaq sosial sığorta haqlarının qarşılıqlı əvəzləşdirilməsi hesabına dövlət büdcəsindən əlavə ayrılan 40 milyon manat vəsait pensiyaların ödənişinə yönəldilmişdir. O cümlədən, 2009-cu ildə fondun xərcləri 1 milyard 675 milyon manat təşkil etmişdir. Bu vəsaitin də 96,6 faizi və ya 1 milyard 618 milyon manatı əhaliyə ödənişlərə yönəldilmişdir ki, bu da 2008-ci ilə nisbətən 20,8 faiz və ya 278 milyon manat çoxdur. Bütün xərclərin 94 faizini pensiya ödəmələri təşkil etmişdir. Bundan əlavə, 2009-cu ildə əhaliyə 46,4 milyon manat və ya əvvəlki ilə nisbətən 24,6 faiz çox müavinət verilmişdir. Əgər 2008-ci ildə əhalinin pul gəlirlərində fondun ödəmələri 6,7 faiz olmuşdursa, 2009-cu ildə bu göstərici, inflyasiyanın cilovlanması nəticəsində 7,2 faizədək yüksəlmişdir.
Aydındır ki, istənilən sahənin inkişaf etdirilməsi müəyyən maliyyə təminatı tələb edir. Başqa sözlə desək, həyata keçirilən layihələrin və tədbirlərin maliyyə təminatı nə qədər güclü olarsa, əldə edilən nəticə də bir o qədər uğurlu olar. 2009-cu ildə iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9 milyard manatdan çox investisiya yönəldilmişdir ki, bu da əvvəlki illə müqayisədə 12,5 faiz çoxdur. Eləcə də, investisiyaların 79,4 faizini və ya 7,3 milyard manatını daxili investisiyalar təşkil etmişdir, bu da ötən ilin müvafiq göstəricisini 23,7 faiz üstələmişdir.
Əvvəlki illərdə olduğu kimi, 2009-cu ildə genişmiqyaslı tikinti quruculuq işləri ilə yadda qalmış, milli iqtisadiyyatın müxtəlif sahələrində infrastruktur sahələrin yenidən qurulması istiqamətində geniş əhatəli tədbirlər həyata keçirilmişdir. Eyni zamanda, istifadəyə verilmiş Ağdam, Salyan, Kürdəmir, Oğuz, Sabirabad, Biləsuvar və Qusar rayonlarında Olimpiya idman kompleksləri, Bakı şəhərində məişət soyuducuları zavodu, pambıq emalı fabriki, Şamaxı şəhərində məişət soyuducuları zavodu, Bərdə rayonunda asfalt-beton, Qazax rayonunda bentonit gili, Sabirabad rayonunda sement, Kürdəmir rayonunda konserv, Qəbələ, Lənkəran və Biləsuvar rayonlarında süd emalı, Saatlı rayonunda biyan emalı, Balakən rayonunda yem istehsalı zavodları, Ağstafa rayonunda tikiş fabriki, Şəki rayonunda kolbasa məmulatı və pendir istehsalı sexləri, Lənkəran rayonunda uşaq sağlamlıq və "Qafqaz" turist istirahət mərkəzləri daha da təkmilləşdirilmiş, onların fəaliyyətinin səmərəli təşkili istıqamətində müvafiq addımlar atılmışdır.
Ölkəmizin əldə etdiyi uğurlarda və davamlı iqtisadi inkişafa nail olunmasında qəbul edilmiş dövlət proqramlarının rolu xüsusi qeyd edilməlidir. Onu da deyək ki, bu proqramlar məhz bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu neft siyasəti nəticəsində əldə edilmiş valyuta ehtiyatları əsasında reallaşdırılır. Belə ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" və digər proqramlara əsasən ölkə iqtisadiyyatının gücləndirilməsi, tarazlı inkişaf etdirilməsi və dünya iqtisadiyyatına səmərəli inteqrasiyası, sürətli regional inkişafın təmin olunması, regionlarda infrastruktur təminatının və kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılması, xalqın rifah halının daha da yüksəldilməsi, əhalinin etibarlı ərzaq təminatının ödənilməsi üçün makroiqtisadi sabitliyin qorunması, investisiya mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, sahibkarlığa, xüsusilə regional sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, ixracyönümlü məhsul istehsalının artırılması və s. istiqamətlərdə ciddi uğurlar əldə edilmişdir.
Bütün bunlar dövlət proqramlarının real nəticələrinin çox az bir hissəsidir. Uğurlarımızın miqyasının daha da artırılması məqsədilə sahibkarlığın inkişafı və biznes mühitinin daha da yaxşılaşdırılması, dövlət-sahibkar münasibətlərinin tənzimlənməsi, ölkədə sağlam rəqabətin təmin edilməsi, biznesə başlama proseduralarının sadələşdırilməsi, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, vergi yükünün davamlı azaldılması, maarifləndirmə və digər istiqamətlərdə tədbirlər davam etdirilməkdədir. Məhz bu tədbirlərin nəticəsidir ki, regionlarda sənaye, kənd təsərrüfatı və xidmət sahələrinə aid 70-dən çox yeni müəssisənin tikintisi başa çatdırılmış və 173 müəssisənin tikintisi isə davam etdirilməkdədir. Təbii ki, bütün bunlar Azərbaycan xalqının xilaskar oğlu, dünya şöhrətli siyasətçi Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan iqtisadi strategiyanın real nəticələridir. Bir məsələni də qeyd etmək lazımdır ki, dahi liderin ölkəmizin və xalqımızın inkişafına xidmət edən fəaliyyətini nəinki bir məqalədə, hətta cild-cild kıtablarda belə tam əhatə etmək qeyri-mümkündür. Yuxarıda qeyd edilənlər isə ümummilli liderin xidmətləri qarşısında "dəryadan bir damla" kimi qiymətləndirilə bilər.

{nl}

İsa ALIYEV, AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor, Aqil ƏSƏDOV, İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri namizədi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında