Azərbaycanda investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin həyat şəraitinin yaxşılaşdırılması məsələləri Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətləri kimi diqqət çəkir. Dövlət başçımız hökumətin həyata keçirdiyi tədbirlərin icra prosesini daim şəxsi nəzarətdə saxlayır, habelə ölkənin strateji resurslarını qlobal layihələrin reallaşdırılması istiqamətində səfərbər edir. Bu baxımdan son illərdə regional inkişaf və qeyri-neft sektorunun tərəqqisi ilə bağlı həyata keçirilən tədbirləri xüsusi vurğulamaq olar.
Xatırladaq ki, bölgələrdəki mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını və aqrar sektorda islahatları sürətləndirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin reallaşdırılması siyasəti ümummilli lider Heydər Əliyevin neft strategiyasının hədəflərini –neft gəlirlərindən səmərəli şəkildə istifadə olunmaqla Azərbaycanın uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasını reallaşdırıb.
Azərbaycanın dövlət siyasətinin sosial yönümlülüyü görülən hər bir işdə, icra olunan hər bir layihədə özünü büruzə verir. Uzun illər boyu təmir olunmadığına görə yararsız vəziyyətə düşən kənd yollarının abadlaşdırılması bunun əyani sübutudur. Hər bir yaşayış məntəqəsinin abadlığının əsas şərti onun yolunun rahat olmasıdır. İndi ölkənin demək olar ki, əksər regionlarında kənd yollarının təmiri və yenidən qurulması prosesi davam edir. Prezident İlham Əliyevin bu il noyabrın 12-də Füzuli rayonundakı 1-ci və 11-ci Qayıdış qəsəbələrini birləşdirən avtomobil yolunun yenidənqurma və bərpadan sonrakı vəziyyəti ilə tanış olması, Beyləqan rayonunda istifadəyə verilən Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun açılış mərasimində iştirak etməsi də bunun bariz ifadəsidir.
Xatırladaq ki, hazırda ölkəmizdə yol-nəqliyyat infrastrukturunun tamamilə yeniləşdirilməsi və müasirləşdirilməsi, bu sahədə əsaslı dəyişikliklərin yer aldığı proses uğurla davam etməkdədir. Regionlarda kənd və qəsəbələri birləşdirən avtomobil yollarının, yolayrıcıların, körpülərin inşasına və yenidən qurulmasına xüsusi diqqət yetirilir. Müasir səviyyədə inşa olunan bu yollar regionların inkişafına müsbət təsir göstərir, rayonların simasını əsaslı şəkildə dəyişdirir, nəqliyyatın və əhalinin rahat, təhlükəsiz və maneəsiz hərəkətini təmin edir. Bu işlərin icrası həm də onu nümayiş etdirir ki, dünyanı bürümüş iqtisadi böhrana baxmayaraq, Azərbaycanda bütün sosial layihələr uğurla icra olunur. Bu isə dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir.
Füzuli rayonunun 12 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini, o cümlədən 1-ci və 11-ci Qayıdış qəsəbələrini birləşdirən 23 kilometrlik avtomobil yolunun, habelə Birinci Şahsevən-Əhmədli-Dünyamalılar avtomobil yolunun tikintisi Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən həyata keçirilib. Hər iki avtomobil yolunun tikintisinin başa çatdırılması “Azəravtoyol” ASC-yə həvalə edilib.
Dövlət başçısı Füzuli və Beyləqan rayonlarına səfəri çərçivəsində etdiyi çıxışlarda bu bölgədə aqrar sahənin daha da inkişaf etdirilməsi üçün əlavə tədbirlər görüləcəyini diqqətə çatdırıb. Bildirib ki, hazırda suvarılan torpaqların əraziləri genişlənir, böyük su anbarları, kanallar tikilir...
Biz niyə xaricdən ərzaq məhsulları almalıyıq?! Biz özümüz istehsal etməliyik, özümüz xaricə satmalıyıq. İndi bəzi məhsullar üzrə buna nail olunub, amma hələ ki, idxaldan asılılıq var. Fermerlər, kəndlilər üçün şərait yaradılır ki, onlar həm dolansınlar, pul qazansınlar, həm də əhalini keyfiyyətli yerli məhsullarla təmin etsinlər. Əgər infrastruktur layihələri olmasa, bunu etmək mümkün deyil. Yol olmasa, indi biznes necə inkişaf edə bilər?! Qaz, elektrik, su, suvarma olmasa, kənd təsərrüfatı necə inkişaf edə bilər?! Ona görə bu məsələlərə kompleks şəkildə yanaşanda müsbət nəticə əldə olunur.
Dövlət başçısı Beyləqan rayonunda “Qarabağ Taxıl” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) özəl pilot taxılçılıq təsərrüfatının fəaliyyəti ilə tanışlıq zamanı bu barədə ətraflı danışılıb. Bildirilib ki, son illərdə ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, icra olunan dövlət proqramları ölkəmizin sosial-iqtisadi inkişafının dinamikliyini göstərən amillərdəndir. Bu gün Azərbaycanda sahibkarlar dövlət tərəfindən həm mənəvi, həm siyasi, həm də iqtisadi dəstək alır. Bölgələrdə yeni zavod, fabrik və digər istehsal müəssisələrinin fəaliyyətə başlaması işsizlik problemini aradan qaldırmaqla yanaşı, regionların potensialından düzgün istifadə mexanizmlərini də üzə çıxarır.
Dövlətimizin başçısının tapşırığına uyğun olaraq, həmçinin güzəştli kreditlər hesabına maliyyələşdirilən, müasir texnologiyaların tətbiqinə əsaslanan layihələrdən olan və ölkə əhalisinin keyfiyyətli ərzaq məhsullarına tələbatının ödənilməsinə xidmət edən iri və müasir müəssisələrin yaradılması xüsusi əhəmiyyəti ilə seçilir.
Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq, respublikamızda müasir tipli müəssisələrin yaradılmasının miqyası genişlənib. Bu da aqrar sahədə sahibkarlığın inkişafını daha geniş şəkildə təşviq etməyə, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalına, ixrac potensialının və məşğulluğun artırılmasına güclü təsir edib. Digər tərəfdən, belə müəssisələrin yaradılması ölkənin ixrac coğrafiyasının genişləndirilməsinə, milli brendlərin yaradılmasına, kənd təsərrüfatı sahəsində əlaqələndirilən vahid sistemin, eləcə də istehsalçı-emalçı-istehlakçı münasibətlərinin formalaşmasına, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasına və yeni iş yerlərinin açılmasına geniş imkanlar yaradıb. Belə müəssisələrdən biri də “Qarabağ Taxıl” MMC-nin özəl pilot taxılçılıq təsərrüfatıdır. Bu layihənin həyata keçirilməsinə 10 milyon manat dövlət güzəştli krediti verilib. Təsərrüfatda tutumu 20 min ton olan taxıl anbarı kompleksi, gücü saatda 100 ton olan qurutma sistemi və tutumu 6 min ton olan logistik mərkəz yaradılıb. Dövlət investisiyaları hesabına “Yuxarı Mil kanalının tikintisi” layihəsi çərçivəsində ümumi uzunluğu 10,7 kilometr, suötürücülük qabiliyyəti saniyədə 16-18 kubmetr olan beton örtüklü kanal, yığılmış suların ərazidən kənarlaşdırılması üçün iki yeraltı suötürücü hidrotexniki qurğu və 7 kilometr uzunluğunda əsas suaxıdıcı kollektor tikilib. Bundan əlavə, Beyləqan rayonu ərazisində 1500 hektar sahədə qrunt sularının təmizlənməsi üçün kompleks meliorativ tədbirlər aparılıb, 35/10 kilovoltluq “Dostluq” yarımstansiyasından Beyləqan-Xaçınabad yolunun kənarı ilə 7 kilometr uzunluğunda köhnə elektrik xətti tamamilə yenilənib, 35/10 kilovoltluq “Xocavənd” yarımstansiyasından yüksəkgərginlikli ikidövrəli elektrik xətti çəkilib. Həmçinin, ərazidən keçən, uzunluğu 23 kilometr olan Daşburun-Beyləqan-Xaçınabad avtomobil yoluna asfalt örtük döşənib.
Dövlətimizin başçısının tapşırığına uyğun olaraq respublikada ilk özəl pilot taxılçılıq təsərrüfatı olan “Qarabağ Taxıl” MMC Ağcabədi və Beyləqan rayonlarının ərazisində müasir suvarma sistemlərinin tətbiqi ilə 4800 hektar sahədə yaradılıb. “Qarabağ Taxıl” MMC “Səba” şirkətinin müəssisəsi və istehsal sahələrindən biridir. Şirkətin səhmlərinin 25 faizi Azərbaycan İnvestisiya Şirkətinə məxsusdur. Bu təsərrüfat dövlət və özəl sektor əməkdaşlığının gözəl nümunəsidir. “Səba” MMC-yə, həmçinin “Səba” quş əti istehsalı müəssisəsi, “Biləsuvar Aqro” MMC-nin süd məhsulları zavodu, “Dəvəçi Broyler Dərin Emal” MMC aiddir.
Dövlət başçısı “Qarabağ Taxıl” MMC özəl pilot taxılçılıq təsərrüfatının fəaliyyəti ilə tanışlıq zamanı, həmçinin diqqətə çatdırılıb ki, əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədilə artıq respublikanın 20 rayonunda 44 min hektardan çox sahədə 22 sahibkarlıq subyekti tərəfindən 32 iri fermer təsərrüfatı yaradılıb. Ümumi dəyəri 181 milyon manat olan bu təsərrüfatların yaradılmasına 72,4 milyon manat dövlət güzəştli kreditləri verilib. Hazırda Şəmkir rayonunda ərazisi 543 hektar olan aqroparkda logistik mərkəz, çeşidləmə və qablaşdırma, istixana, bağçılıq, tingçilik və digər istehsal, həmçinin infrastruktur müəssisələri yaradılır. Bundan başqa, Şabran rayonunda 1740 hektar ərazidə “Şabran Aqropark”ın təşkili işləri davam etdirilir. Ümumilikdə, respublikanın regionlarında 114,7 min hektar ərazidə 20-dən çox aqroparkın yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatların tərkib hissəsi kimi torpaq münasibətlərində bu gün yeni çağırışlar gündəmə gəlib, torpaq idarəçiliyinin təkmilləşdirilməsi, uçotun düzgün aparılması, torpaqlardan qeyri-qanuni istifadə hallarının qarşısının alınması kimi məsələlər daha da aktuallaşıb. Hazırda müvafiq qurumlar tərəfindən torpaqların səmərəli istifadə olunması və mühafizəsinə nəzarət məqsədilə regionlarda monitorinqlər keçirilir. Bu zaman qarşıya çıxan pozuntu hallarının qarşısının alınması məqsədilə ciddi tədbirlər görülür.
Prezident İlham Əliyev Beyləqan rayon ictimaiyyətinin nümayəndələri və “Qarabağ Taxıl” MMC-nin işçiləri ilə görüşündə də torpaqdan səmərəli istifadə edilməsinin zəruriliyinə toxunub: “Bu gün deyə bilərəm ki, bütün ölkələr ərzaq təhlükəsizliyi ilə bağlı müəyyən narahatlıqlar yaşayırlar. Çünki dünyada əhali artdıqca tələbat da artır, torpaq sahəsi isə artmır. Əlbəttə ki, bu artan tələbatı ödəmək üçün çox ciddi addımlar atılmalıdır. Bizim o qədər də böyük torpaq sahəmiz yoxdur. Ona görə biz hər qarış torpaqdan səmərəli istifadə etməliyik. Bir qarış torpaq da boş qalmamalıdır”.
Dövlət başçısı çıxışında məhsuldarlığın artırılmasının vacib olduğunu da vurğulayıb: “Bəs məhsuldarlıq nədən asılıdır? Düzgün aqrotexniki tədbirlər görülməlidir. Texnika, - sizdə ən müasir, qabaqcıl firmaların texnikası vardır, - gübrələr verilir və iş düzgün təşkil edilməlidir. Dövlət öz tərəfindən nə lazımdırsa onu edir. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar. Dövlət tərəfindən fermerlərə subsidiyalar, güzəştli şərtlərlə gübrələr, yanacaq verilir, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli şərtlərlə kreditlər ayrılır, infrastruktur yaradılır”.
Prezident İlham Əliyev Füzuli və Beyləqan rayonlarına səfəri çərçivəsində qaçqın və məcburi köçkün soydaşlarımızın sosial şəraiti ilə də maraqlanıb.
Azərbaycan Prezidenti İlham Əliyev Füzuli rayonunun Horadiz şəhərində məcburi köçkünlər üçün salınan yeni qəsəbədə yaradılan şəraitlə tanış olarkən, bu barədə ətraflı danışılıb. Yeri gəlmişkən, 417 hektar sahəni əhatə edən yeni qəsəbədə isə 400 ev, məktəb, uşaq bağçası, inzibati bina, tibb məntəqəsi, klub-icma mərkəzi, poçt binası tikilib. Qəsəbəyə ölkə üzrə mövcud olan 16 fin tipli qəsəbədən və Füzuli rayonunda olan sonuncu fin tipli qəsəbədə müvəqqəti məskunlaşan məcburi köçkünlər köçürüləcəklər.
Qəsəbədə yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev Füzuli rayon ictimaiyyətinin nümayəndələri və məcburi köçkünlərlə görüşüb. Burada məcburi köçkünlər üçün yaradılan şəraitdən məmnunluğunu ifadə edən dövlətimizin başçısı deyib: “Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti öz vətəndaşlarına, xüsusilə işğaldan əziyyət çəkən vətəndaşlarına böyük diqqətlə yanaşır, qayğı göstərir. Bu, bir daha Azərbaycan dövlətinin siyasətini əks etdirir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır…”.
Ölkə Prezidenti cənab İlham Əliyevin işləyib hazırladığı uzaqgörən inkişaf strategiyası nəticəsində son illərdə Azərbaycan dayanıqlı və davamlı iqtisadi inkişafını daha da sürətləndirib, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilib. Azərbaycan iqtisadiyyatının bir çox sahələrində, xüsusilə də qeyri-neft sektorunda nəzərə çarpan yüksəliş bir tərəfdən ölkəmizin geniş inkişaf potensialını əks etdirir, digər tərəfdən isə bu potensialdan tam istifadə olunması məqsədilə əlavə tədbirlərin həyata keçirilməsi zərurətini ortaya qoyur.
Yaxın illərdə qarşıda duran əsas məsələlərdən biri iqtisadiyyatda karbohidrogen ehtiyatlarından asılılığı aradan qaldırmaq və iqtisadi artımı qeyri-neft sektorunun, o cümlədən onun aparıcı tərkib hissəsi olan sənayenin hesabına təmin etməkdir. Bu sahənin inkişafının innovasiyalar əsasında təmin olunması, texnoparkların sənayeləşmədə strateji layihələr kimi yer alması Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da başlıca hədəflər sırasındadır.
Bütün bu deyilənlər isə transmilli enerji və kommunikasiya layihələrinin lokomotivinə çevrilən, demokratikləşmə yolunda atdığı ardıcıl addımlarla Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan respublikamızın bütün sahələrdə dinamik inkişaf etdiyini bir daha təsdiqləyir. Bu dövrdə makroiqtisadi sabitliyin qorunub saxlanılması, qeyri-neft sektorunun, eləcə də regionların nəzərəçarpacaq dərəcədə artması, inflyasiyanın optimal həddə saxlanılması hökumətin həyata keçirdiyi inkişaf kursunun səmərəliliyinin əyani göstəricisidir.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.