Azərbaycan beynəlxalq şəffaflıq standartlarına əməl edən ölkələrdəndir

Azərbaycan Respublikası Prezidentinin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixli sərəncamı bu il vergi sahəsində əsaslı islahatlara yol açıb. Bu sərəncam vergi sisteminin inkişafında, xüsusilə də vergi inzibatçılığının həyata keçirilməsində yeni bir mərhələ hesab edilə bilər.

Sənəddə göstərilən tədbirlər sırasında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Qlobal Forumu çərçivəsində vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə yüksək beynəlxalq reytinq əldə etmək və bu reytinqi daim saxlamaq müddəası mühüm yer tutur.

Son dövrlərdə beynəlxalq vergitutma sahəsində cərəyan edən əsas tendensiyalardan biri vergi orqanları arasında məlumat mübadiləsinin genişləndirilməsi və bu sahədə formalaşmış beynəlxalq standartların tətbiqinin təmin edilməsidir.

Vergilər Nazirliyi Qlobal Forum çərçivəsində məlumat mübadiləsinin beynəlxalq standartlarına uyğunluq sahəsində yüksək reytinqin əldə edilməsi istiqamətində uzun müddət idi ki, işlər aparırdı. Sözügedən sərəncam bu istiqamətdə aparılan işlərin daha da intensivləşdirilməsinə təkan verdi və nəhayət, cari ilin sentyabr ayında ölkəmizin bu standartlara uyğunluğu ilə bağlı son müzakirələr aparılaraq Azərbaycan Respublikası qiymətləndirmə mərhələlərinin nəticəsinə görə, “əsasən uyğun” reytinq balına layiq görüldü. Bununla da, ölkəmiz vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə “Əsasən uyğundur” (largely compliant) reytinqini əldə etmiş oldu.

Qlobal Forum çərçivəsində Azərbaycan Respublikasının qazandığı yüksək reytinq balı ölkəmizdə şəffaf, beynəlxalq standartlara uyğun və bütün tərəfdaş ölkələrlə səmərəli məlumat mübadiləsinin aparılması imkanını təmin edən müasir vergi sisteminin mövcudluğunun obyektiv əyani sübutudur. Vergi sahəsində şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum hazırda vergitutma ilə bağlı məsələlərdə ixtisaslaşmış ən böyük təşkilat olmaqla yanaşı, onun hazırladığı standartlar ölkələrin vergi məsələlərində şəffaflığın ən mötəbər göstəricilərindən hesab edilir. Qeyd etmək lazımdır ki, Azərbaycan Qlobal Forumun üzvü olan 137 dövlət arasında yüksək reytinq almış ABŞ, Avstriya, Almaniya, İtaliya, İsrail, Niderland, Macarıstan, Polşa, Braziliya, Rusiya, Malayziya kimi 77 ölkədən biridir. Qlobal Forumun üzvləri olan bir sıra ölkələr isə hələlik yüksək reytinq qazana bilməyiblər.

Azərbaycanın yüksək reytinqə layiq görülməsi ölkəmizə bir sıra üstünlüklər qazandırır. Bunların sırasında, ilk növbədə, əlverişli investisiya mühitinin və şəffaflığın təminatı fonunda beynəlxalq arenada ölkənin nüfuzunun yüksəlməsi imkanları qeyd olunmalıdır. Azərbaycanın investisiya potensialının dünyada tanıdılması ilə xarici investisiya axınının stimullaşdırılması, eləcə də iri maliyyə mərkəzlərinin təmsil olunduğu unikal bir forumda ölkəmizin etibarlı tərəfdaş kimi qəbul edilməsi xüsusi əhəmiyyət daşıyır. Bütün bunlar Azərbaycanın beynəlxalq səviyyədə məlumat mübadiləsi üzrə etibarlı tərəfdaş profilini daha da yüksəldir və mötəbər beynəlxalq təşkilatların ölkəmizdə həyata keçirilən layihələrə dəstəyini təmin edir. Bununla belə, indi qarşıda duran mühüm məsələlərdən biri əldə olunmuş reytinqin daim yüksək səviyyədə saxlanmasıdır. Vergilər Nazirliyi öz növbəsində bu sahədə bir sıra yeni işlər aparır.

Vergilər nazirinin müşaviri Riyad Hüseynov bildirib ki, son dövrlərdə vergi məsələlərində şəffaflıq, məlumat mübadiləsi və beynəlxalq əməkdaşlıq sahəsində səmərəliliyin artırılması istiqamətində gedən qlobal proses və tendensiyalar nəzərə alınmaqla Vergilər Nazirliyi tərəfindən avtomatik məlumat mübadiləsi və vergilərin yığılmasında yardım haqqında Anlaşma Memorandumunun model layihəsi hazırlanıb və 40-a yaxın ölkə ilə bu cür memorandumun bağlanması məsələsi müzakirə edilməkdədir.

Bununla yanaşı, OECD tərəfindən hazırlanan və vergitutma məqsədləri üçün müxtəlif dövlətlər tərəfindən xarici şəxslərin oradakı hesabları haqqında məlumatların toplanmasını, həmin şəxslərin rezidenti olduqları dövlətlərlə avtomatik mübadilənin vahid prinsiplərini tənzimləyən Ümumi Hesabatlılıq Standartına (Common Reporting Standard - CRS) əsasən, Azərbaycan Respublikasının “Səlahiyyətli orqanlar arasında maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsinə dair Razılaşma”ya qoşulması istiqamətində işlər görülməkdədir.

Ümumiyyətlə, Vergilər Nazirliyi son illərdə beynəlxalq əlaqələrini əsaslı şəkildə genişləndirib. Hazırda nazirliyin Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA), OECD, Beynəlxalq Anti-Korrupsiya Akademiyası (IACA), Avropa İttifaqı, MDB vergi orqanları rəhbərlərinin Koordinasiya Şurası, Amerikadaxili Vergi Administrasiyaları Mərkəzi (CIAT), BMT, İslam Ölkələrinin Vergi Administrasiyaları Assosiasiyası (ATAIC), Dünya Bankı, Asiya İnkişaf Bankı digər təşkilatlarla səmərəli əməkdaşlıq münasibətləri var. Beynəlxalq əməkdaşlığın genişləndirilməsi çərçivəsində Azərbaycanın ikiqat vergitutmanın aradan qaldırılmasını nəzərdə tutan sazişlərinin sayı da əhəmiyyətli dərəcədə artıb. Belə ki, Azərbaycanın imzaladığı 51 sazişdən 47-si artıq qüvvəyə minib, qalanları isə müvafiq prosedurlar tamamlandıqdan sonra qüvvəyə minəcək. Təbiidir ki, bu müqavilələr hazırlanarkən, ilk növbədə, ölkəmizin iqtisadi əlaqələrinin güclü olduğu dövlətlərə xüsusi diqqət yetirilir. Müqavilələrdən 23-ü Avropa İttifaqına üzv ölkələrlə bağlanıb, digər müqavilələr isə respublikamızın əsas xarici ticarət tərəfdaşlarını, iqtisadi əlaqələrimizin mövcud olduğu və ya iqtisadi maraq doğuran dövlətləri əhatə edir.

Vergilər nazirinin müşaviri Riyad Hüseynovun sözlərinə görə, bu gün beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artması, iqtisadi və ticarət əlaqələrinin sürətlə genişlənməsi mövcud sazişlər şəbəkəsinin daha da genişləndirilməsini və yeni tərəfdaşların cəlb edilməsini obyektiv zərurətə çevirir. Hazırda Vergilər Nazirliyi bu istiqamətdə sistemli iş aparır. İkiqat vergitutmanın aradan qaldırılması barədə beynəlxalq sazişlərin imzalanması ölkədə əlverişli investisiya mühitinin yaradılmasına birbaşa təsir göstərməklə yanaşı, həm də vergidən yayınma hallarının qarşısının alınması məqsədilə vergi orqanlarının bir-birinə qarşılıqlı yardım göstərməsi üçün əlavə imkanlar yaradır. İspaniya, Malta, İsveç və İordaniya ilə imzalanmış analoji sənədlər Azərbaycan Respublikası tərəfindən təsdiq edilib və qarşı tərəflərdən də dövlətdaxili prosedurlar bitdikdən sonra qüvvəyə minəcək. Bunlardan əlavə, müqavilələrin layihələri üzrə Mərakeş, İrlandiya, İsrail, Danimarka, Sinqapur və Slovakiya ilə razılıq əldə edilib və gələcəkdə həyata keçiriləcək rəsmi səfərlər və ya görüşlər zamanı bu sənədlərin də imzalanması nəzərə tutulur. Türkmənistan, Portuqaliya, Oman, Albaniya, Qırğızıstan, Hindistan, Suriya, Banqladeş və Malayziya ilə də ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərin razılaşdırılması üzrə işlər aparılmaqdadır.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında