Heydər Əliyev müstəqilliyimizin və dinamik iqtisadi inkişaf strategiyasının memarıdır

İnsanın dünyaya gəlişi, eləcə də vaxtı-vədəsi yetişəndə həyatını başa vurub haqq dünyasına qovuşması təbii qanunauyğunluqdur. Amma onun qısa bir ömürdə minilliklərə sığmayan tarix yaradıb öz əməlləri ilə zamanın və məkanın fövqünə ucalması artıq qanunauyğunluq deyil. Bu, yalnız polad iradəyə, zəngin dünya görüşünə, fitri istedada və yüksək insani xüsusiyyətlərə malik olan nadir şəxsiyyətlərə və onların timsalında həmin şəxsiyyətləri yetirmiş xalqlara nəsib olur. Zaman keçdikcə həmin şəxsiyyətlərin dünyaya gəldiyi günün mahiyyəti dəyişir, həmin insanla birgə, həm də onun ölməz ideyalarının doğum gününə çevrilir.
Müstəqil Azərbaycan dövlətinin memarı, bütün həyat və fəaliyyətini Azərbaycan dövlətinin inkişafına, xalqımızın xöşbəxt gələcəyinə həsr etmiş ümummilli lider Heydər Əliyev hələ sağlığında öz xatirələrində yazırdı: "Mən bir yaz günü balaca bir evdə, zəhmətkeş ailəsində dünyaya göz açmışam. Anadan olanda yəqin ki, beş-on, uzağı otuz-qırx nəfər sevinib. İndi bəlkə də, bir qədər qeyri-təvazökar səslənsə də deməliyəm ki, anam məni bütövlükdə Azərbaycanımız üçün dünyaya gətırib. Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm. Bundan sonrakı ömrümü də onun işıqlı sabahları uğrunda qurban verməyə hazıram."
Bu gün Azərbaycan xalqının ümummilli lideri, böyük dövlət xadimi Heydər Əliyevin öz xatirələrində qeyd etdiyi həmin yaz günündən 87 il ötür. Unudulmaz Heydər Əliyev ideyalarından isə hazırda milyonlar öyrənir, onun keçdiyi şərəfli və çətin ömür yolundan, apardığı mübarizədən, uzaqgörən ideyalarından bütün dünya bəhrələnir. Tarixi proseslərdən və beynəlxalq təcrübədən məlumdur ki, əgər dövlətin, xalqın strateji, perspektiv mənafeyi baxımından onun daxili və xarici siyasətinin ümumiləşmiş konsepsiyasını müəyyənləşdirən, bu mənafeyi yüksək tribunalardan müdafiə edə bilən, dövlətin strateji xəttini xalqa sadə şəkildə bəyan edən və dövlətçiliyi ümumxalq işinə çevirməyi, xalqı öz arxasınca aparmağı bacaran və nəhayət, dövlətçiliyi qorumağı, onun müdafiəsini təşkil etməyi əməli sürətdə həyata keçirən praktik siyasətçi-diplomat, sərkərdə və komandan yoxdursa, həmin ölkənin nikbin gələcəyindən danışmaq çətindir.
Xarizma, yüksək nüfuz, təşkilatçılıq bacarığı, müdriklik, yüksək intellektuallıq, milli-mənəvi dəyərlərin daim uca tutulması, novatorluq, hadisələrə pozitiv təsir, qətiyyətlilik, prinsipiallıq və bu qəbildən olan digər keyfiyyətlər həm də liderin xalqının inkişafında oynadığı rolu müəyyən edən əsas cəhətlər kimi çıxış edir. Uğurlu fəaliyyətləri ilə tarix yaradan belə liderlər hər zaman beynəlxalq siyasətdə də heyranlıq duyulan şəxsiyyətlər sırasında yer alır, daim böyük hörmət və ehtiramla anılırlar. Bu mənada Azərbaycan xalqı da özünü xoşbəxt saya bilər ki, kifayət qədər mürəkkəb və ziddiyyətlərlə dolu dövr kimi xarakterizə edilən XX əsrdə 30 ilə yaxın bir müddətdə, xüsusilə əsrin sonlarında Heydər Əliyev kimi xarizmatik lider ölkəmizə rəhbərlik etmiş, məhz bu dahi insanın yorulmaz fəaliyyəti, gərgin zəhməti sayəsində Azərbaycanda baş verən tənəzzül tərəqqi ilə əvəzlənmiş, milli iqtisadiyyatın sürətli və davamlı inkişafı təmin olunmuşdur.
Bu gün Azərbaycan beynəlxalq aləmə sürətlə inteqrasiya edən, mötərəbər kürsülərdən öz sözünü deməyə, öz haqlı mövqeyini bildirməyə və qorumağa qadir, zəngin iqtisadi potensiala malik bir dövlətdir. Müstəqilliyin ilk illərində məlum səbəblərdən bərbad hala düşmüş Azərbaycan iqtisadiyyatında tərəqqiyə nail olunmasına, çox kövrək və zəif dövlət siyasətinin güclü və aparıcı mövqeyə yüksəlməsinə, qədim tarixi və çoxəsrlik zəngin mədəniyyəti olan ölkəmizin dünyada tanıdılması istiqamətində yorulmaz fəaliyyətinin nəticələrinə görə xalqımız möhtərəm Heydər Əliyevi əvəzsiz dövlət xadimi kimi qiymətləndirir. Dünya təcrübəsindən məlumdur ki, dövlət başçısı ölkənin inkişaf tələblərini və xalqın mənafeyini dəqiqliklə qiymətləndirməyə qadir, ölkənin mədəni, iqtisadi və təbii resurslarını, potensialını əhalinin rifahı və dövlətçiliyin inkişafına yönəltməyi bacaran şəxs olmalıdır. Bu mənada Azərbaycan xalqı xoşbəxtdir ki, tarix xalqımıza Heydər Əliyev kimi rəhbər, eləcə də xalqımızın və dövlətimizin qarşısında duran çətinlikləri aradan qaldırmaqla Azərbaycan dövlətini qısa zamanda hüquqi, dünyəvi, demokratik inkişaf yoluna çıxarmağı bacaran dövlət başçısı, ümummilli lider bəxş etmişdir.
Hələ 1969-cu ildə Azərbaycan Kommunist Partiyasının I katibi vəzifəsinə seçilən Heydər Əliyev tez bir zamanda öz gərgin əməyi sayəsində Azərbaycan Respublikasını digər SSRİ respublikaları arasında önə çıxarmışdır. Hakimiyyətinin ilk illərindən etibarən daim öz qayğısını xalqdan əsirgəməmiş, istər I katib işləyərkən, istərsə də ondan sonra İttifaq səviyyəli vəzifələrdə çalışarkən hər zaman Azərbaycan xalqını, onun maraq və mənafeyini üstün tutaraq xalqımızın və dövlətimizin əleyhinə qərar qəbul edilməsinə mane olmuş, mötəbər tribunalardan dəyərli, tutarlı və kəskin fikirləri ilə düşmənləri yerində oturtmuşdur.
Bir məsələni də qeyd etmək yerinə düşərdi ki, 70 il böyük qardaş hesab etdiyimiz rus ordusu Azərbaycanın müstəqilliyi ilə barışmayıb, yerli rəhbərlərin səriştəsizliyindən istifadə edərək Bakı şəhərində 20 yanvar qırğınını törətdiyi zaman Moskvada fəaliyyət göstərən Azərbaycan nümayəndəliyinə ilk gələn insan da dahi Heydər Əliyev olmuşdur. Nümayəndəlikdə keçirilən iclasda heç nədən çəkinmədən hələ o zaman SSRİ-yə rəhbərlik edən yüksək vəzifəli şəxsləri açıq-aşkar tənqid etmiş, Bakı hadisələrində birbaşa SSRİ rəhbərliyinin məsuliyyət daşıdığını bildirmişdir. Ümumiyyətlə, ulu öndər Heydər Əliyevin xalqımız, müstəqilliyimiz üçün tarixi əhəmiyyət kəsb edən xidmətləri saysız-hesabsızdır. Bütün bunlar isə, heç də onun işlədiyi vəzifələrlə bağlı deyildi, özünün yüksək insani keyfiyyətləri, polad iradəsi, zəngin dünyagörüşü, millətini və dövlətini hər şeydən üstün tutmağı, vətəninə və millətinə olan sevgisi ilə bağlı idi.
Onu da unutmaq olmaz ki, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi bir-birindən ciddi surətdə fərqlənən iki müxtəlif sistemə - sosializm və bazar iqisadiyyatı dövrünə təsadüf edir. Hər iki sistemdə ölkəyə uzun illər rəhbərlik etmiş dahi Heydər Əliyev istər sosializm, istərsə də bazar iqtisadiyyatı şəraitində Azərbaycan Respublikasını böhran vəziyyətində qəbul etmişdi. Eyni zamanda, hər iki sistemdə tezliklə böhran aradan qaldırılmış və sürətli tərəqqiyə nail olunmuşdur. Bütün bunlar isə düşünməyi bacaran hər bir kəsi belə bir sual qarşısında qoyur: bu uğurları ölkəmizə bəxş edən hansı amillər və səbəblərdir? Təbii ki, cavablar müxtəlif ola bilər, amma ölkəyə uğur gətirən başlıca amil ümummilli lider Heydər Əliyevin islahatçılıq məharəti və yüksək idarəçilik keyfiyyətləri ilə bağlıdır. Tək bircə faktı qeyd etmək kifayətdir ki, cənab Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrün 1970-1980-cı illəri əhatə edən on ili ərzində ölkəmizin kənd təsərrüfatına ondan əvvəlki yarım əsr ərzində, yəni 1920-1970-ci illərdə cəlb edildiyindən daha çox sərmayə qoyulmuşdur. Bu isə hazırda da sürətlə inkişaf edən kənd təsərrüfatında dinamik inkişafın əsasını qoyaraq, hələ o zaman Azərbaycanı digər müttəfiq respublikalardan önə keçirmişdir.
Yuxarıda qeyd olunduğu kimi, müstəqillik illərində də ümummilli liderin hakimiyyətə dönüşü təlatümlü, xalqımız üçün taleyüklü bir dövrə təsadüf edirdi. Belə ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin qarşısında müstəqil Azərbaycanı dünya xəritəsindən silinmək təhlükəsindən xilas etmək, ölkədə hər an baş verə biləcək vətəndaş müharibəsinin qarşısını almaq kimi məsuliyyətli və tarixi vəzifələr dururdu. Xalqımız çox gözəl bilirdi ki, ölkəni bu vəziyyətdən yalnız zəngin idarəçilik təcrübəsinə malik dahi Heydər Əliyev şəxsiyyəti xilas edə bilər. Çünki ümummilli liderin uzun illər ərzində qazandığı siyasi təcrübə, idarəçilik bacarığı və doğma vətəninə olan məhəbbəti onun xalqı ilə birlikdə bu missiyanın öhdəsindən şərəflə gələcəyinə heç kimdə şübhə doğurmurdu. Xalqımız düzgün seçim etmişdi və ulu öndər Heydər Əliyev bütün bacarığını səfərbər edərək ölkədə baş alıb gedən tənəzzülü dayandırdı və tezliklə tərəqqiyə nail oldu. Ölkədə mövcud olan problemlər tədricən həllini tapdı, iqtisadi və siyasi stabillik təmin olundu və beləliklə də, iqtisadi inkişafın sürətləndirilməsi, ölkəmizin beynəlxalq arenada nüfuzunun artırılması, Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılması və s. istiqamətlərdə konkret proqram və layihələrin işlənib hazırlanmasına başlanıldı.
Başqa sözlə desək, siyasi-iqtisadi stabilliyə nail olmaq və Azərbaycanı dünyaya tanıtmaq qarşıda duran ən mühüm vəzifələrdən idi. Ona görə də əldə edilmiş nailiyyətlər ölkə daxilində milli birliyin təmin olunması ilə yanaşı, həm də dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə səbəb olmuşdur. Bu isə öz növbəsində, müxtəlif ölkələrdə yaşayan soydaşlarımızı daha da ruhlandıraraq onların ölkəmizin milli maraqları ətrafında sıx birləşmələri üçün ciddi zəmin yaratmışdır. Təbii ki, xaricdə yaşayan həmvətənlərimizin bir ideya ətrafında birləşdirilməsi ölkənin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu gün onlar dünyanın harasında yaşamalarından asılı olmayaraq Azərbaycanla fəxr edir, onun uğurlarından qürur duyur və fərəh hissi keçirirlər. Ona görə də həm də bu milli birliyə və dünya azərbaycanlılarının həmrəyliyinə nail olduğumuz üçün Türk dünyasının böyük oğlu Heydər Əliyevə borcluyuq.
Unudulmaz şəxsiyyət olan Heydər Əliyev bütün fəaliyyəti dövründə xaricdə yaşayan soydaşlarımızın birliyi və təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlayaraq dünya azərbaycanlılarının vahid məqsəd ətrafında birləşdirilməsinə səy göstərmiş və buna nail olmuşdur. Bu baxımdan onun müvafiq sərəncamı ilə Bakı şəhərində keçirilmiş Dünya Azərbacanlılarının I Qurultayı mühüm əhəmiyyət kəsb etdi. Qurultay xaricdə yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında birləşərək təşkilatlanması istiqamətində yeni mərhələnin başlanğıcını qoydu.
Qeyd etdiyimiz kimi, təşkilatlanma prosesi, dünya azərbaycanlılarını bir araya dəvət etmək təklifi ulu öndərimiz Heydər Əliyev tərəfindən irəli sürülmüşdü. Heydər Əliyevin həyat və fəaliyyəti Azərbaycan xalqına xidmətdən, Azərbaycanı inkişaf etdirməkdən ibarət olmuşdur. İctimai-siyasi quruluşdan asılı olmayaraq bütün dövrlərdə Azərbaycanın inkişafına xidmət etmiş ümummilli liderimizin bu təşəbbüsü də məhz Azərbaycanı dünyaya tanıtmaq, həmvətənlərimizin gücünü bir mərkəzə cəmləməklə haqq səsimizi beynəlxalq aləmə çatdırmaq məqsədi daşıyırdı.
Heydər Əliyev siyasi kursunu ləyaqətlə davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev də xarici ölkələrdə yaşayan azərbaycanlıların problem və qayğılarını daim diqqət mərkəzində saxlayır. Soydaşlarımızla əlaqələri daha da möhkəmləndirmək və qarşıda duran vəzıfələri müzakirə etmək məqsədilə Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi bunun bariz nümunəsidir. Qurultay Azərbaycanın sürətli inkişafı və beynəlxalq arenada siyasi mövqeyinin daha da gücləndirilməsi istiqamətində tarixi işlərin görülməsinə şərait yaratmışdır. Məhz dünya azərbaycanlılarının, ümumilikdə türk diaspor təşkilatlarının bir amal uğrunda birləşdirilməsinə xidmət edən qərarların qəbul edilməsinin və bu istiqamətdə görülən genişmiqyaslı tədbirlərin nəticəsidir ki, artıq dünyada güclü, öz sözünü deyə bilən, siyasi proseslərə təsir etmək iqtidarında olan diaspor təşkilatları formalaşdırılmışdır. Bir məsələni xüsusi qeyd etmək lazımdır ki, 2009-cu ildə Xocalı faciəsinin qurbanları, demək olar ki, bütün dünya ölkələrində anıldı, hadisələrin səbəbləri və günahkarı olan mənfur ermənilərin və onların havadarlarının insanlığa yaraşmayan simaları bütün dünyaya nümayiş etdirildi. Bu da heç şübhəsiz, digər amillərlə yanaşı, həm də güclü diaspor təşkilatlanması ilə bağlıdır.
Qeyd olunduğu kimi, ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən dahi rəhbər ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı. İttifaq səviyyəsində mövcud olan iqtisadi əlaqələr dağıldıqdan sonra milli iqtisadiyyatın dirçəldilməsi üçün ölkənin malik olduğu təbii resurslardan istifadə edilməsi və milli məhsulların xarici bazarlara çıxışının təmin edilməsi mühüm əhəmiyyət kəsb edirdi. Məhz belə bir dövrdə Azərbaycanın zəngin neft ehtiyatlarının mövcudluğunu nəzərə alan ümummilli lider ilk vaxtlardan başlayaraq danışıqlar prosesinə ARDNŞ-in vitse-prezidenti, millət vəkili İlham Əliyevi də cəlb etdi. Beləliklə, cənab İlham Əliyev yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu. Onun bütün fəaliyyətinin mərkəzində özünün dəfələrlə vurğuladığı kimi bir ideya dururdu: "Bizim məqsədimiz təkcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətləri həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir".
Hamımıza məlumdur ki, 20 sentyabr 1994-cü ildə Bakı şəhərində Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının birgə istismarı ilə bağlı neft hasilatı üzrə ixtisaslaşmış, yüksək nüfuza malik dünya dövlətlərini təmsil edən 12 iri neft şirkəti arasında beynəlxalq müqavilə imzalandı ki, bununla da ölkəmizdə yeni neft strategiyası uğurla həyata keçırilməyə başlandı. Bağlanmış müqavilələr Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi. Ölkəmizin iqtisadi inkişafında əvəzsiz rol oynayan və sonradan "Əsrin müqaviləsi" adlandırılan bu iri layihə üzrə ilkin neft 12 noyabr 1997-ci ildə hasil edildi. Təqribən 730 milyon ton neft və 200 milyard kubmetrə yaxın təbii qaz ehtiyatına malik olan yataqlarda görüləcək işlərə 12-14 milyard ABŞ dollarına yaxın investisiya qoyuluşu nəzərdə tutulurdu ki, bu da müstəqilliyini yenicə əldə etmiş Azərbaycan Respublikası üçün çox vacib idi.
"Əsrin müqaviləsi" üzrə hasil edilən Azərbaycan neftinin dünya bazarlarına ixracı üçün ilkin dövrlərdə buraxıcılıq qabiliyyətləri ildə 5 milyon ton olan Bakı-Novorossiysk və Bakı-Supsa neft boru kəmərlərindən istifadə olunurdu. Lakin yaxın illərdə müqaviləyə daxil olan yataqlar üzrə illik hasilatın 50 milyon tona çatdırılacağını nəzərə alan ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə daha böyük nəqletmə imkanına malik ixrac marşrutları araşdırıldı və optimal variant kimi Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri seçildi. Məhz buna görə də layihənin həyata keçirilməsində fenomen siyasətçi Heydər Əliyevin əvəzsiz xidmətlərini nəzərə alan layihə iştirakçıları 2004-cü ildə BTC əsas ixrac boru kəmərinə Heydər Əliyevin adının verilməsi barədə qərar qəbul etdilər. Beləliklə, "Üç dənizin əfsanəsi" adlanan BTC layihəsi reallığa çevrilərək xalqımızın maddi-rifah halının yaxşılaşdırılmasına və doğma Azərbaycanın qüdrətli dövlət olmasına öz töfhəsini verməkdədir.
Ümumilikdə neft strategiyası ilə sürət götürən inkişaf dinamikası sonrakı illərdə də daha genişmiqyaslı formada davam etdirildi. 1995-1998-ci illər əsasən ölkədə müvafiq normativ hüquqi bazanın yaradılması ilə yadda qalsa da, bu dövr həm də dövlət mülkiyyətinin özəlləşdirilməsi, kiçik və orta sahibkarlığın dəstəklənməsi və s. istiqamətlərində mühüm dövlət sənədləri qəbul edildi. Bazar iqtisadiyyatı şəraitində iqtisadi inkişafın əsas amilinin özəl mülkiyyət və sahibkarlığın müxtəlif formalarının təşəkkül tapması olduğunu çox düzgün qiymətləndirən dahi şəxsiyyət Heydər Əliyev ölkədə sahibkarlığın inkişafı ilə bağlı xeyli vacib qərarlar qəbul etdi. Bu sahədə görülən işlərin əsl mahiyyətini qiymətləndirmək üçün ulu öndərin 1996-cı ildə söylədiyi bir fikri yada salmaq məqsədəuyğun olardı: "Bir Prezident kimi mən iqtisadiyyatda dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara bərabərlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılması zəruridir. Bu, dövlət siyasətimizin əsas prinsipləri olur".
Məhz bu diqqət və qayğının nəticəsidir ki, ölkədə yerli sahibkarlıq fəaliyyəti ilbəil genişlənir, möhkəmlənir və dövlət büdcəsinin əsas gəlir mənbələrindən birinə çevrilir. Artıq başlıca məqsəd bu mühüm sahənin ölkənin sosial-iqtisadi inkişafında əhəmiyyətini artırmaqdan ibarətdir. Bu məqsədə nail olmaq üçün ulu öndər təkcə 2002-ci ilin avqust-sentyabr aylarında altı mühüm fərman imzaladı. Bu tarixi fərmanların qəbul edilməsi mahiyyət etibarı ilə sahibkarlığın qarşısında konkret vəzifələr qoyaraq onun həlledici rolunu daha da gücləndirdi. Məhz həmin dövrdə məqsədyönlü formada həyata keçirilən ardıcıl tədbirlərin nəticəsidir ki, artıq sahibkarlıq ölkə iqtisadiyyatında aparıcı sahələrindən birinə çevrilərək istər məşğulluğun təmin olunması, istərsə də büdcə gəlirlərinin artırılması istiqamətində öz bəhrəsini verməkdədir.
Aydındır ki, istənilən sahədə görülən işlərin nəticəsi icraçı kadrların təcrübə və dünya görüşündən çox asılıdır. "Hər şeyi kadrlar həll edir" prinsipinə əsaslanaraq ixtisaslı və bacarıqlı kadrların yetişdirilməsi, eləcə də bir komanda halında səfərbər edilməsi xüsusi idarəçilik qabiliyyəti tələb edir. Hazırda Azərbaycan dövlətinin möhkəmlənməsi, inkişaf etməsi və dünyada nüfuzlu söz sahibinə çevrilməsi istiqamətində ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında fəaliyyət göstərən, hökumətin müxtəlif strukturlarına rəhbərlik edən insanların əksəriyyəti 1960-70-ci illərdə məhz Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin qayğısı sayəsində keçmiş SSRİ-nin aparıcı ali təhsil ocaqlarında dərin biliyə, geniş dünya görüşünə və zəngin idarəçilik qabiliyyətinə yiyələnmiş insanlardır. Hörmətli akademikimiz Ramiz Mehdiyevin dərin məzmunu ilə elmi ictimaiyyətin geniş müzakirəsinə səbəb olmuş "Zaman haqqında düşünərkən və elitanı transformasiya edərkən: varislik və innovasiyalılıq" adlı məqaləsində oxuyuruq: "Müasir Azərbaycanın milli elitasının formalaşması ümumən bir neçə mərhələdən ibarət olmuş və ötən əsrin 70-ci illərində, Heydər Əliyevin göstərişinə əsasən, minlərlə gənc azərbaycanlı təhsil almaq üçün Sovet İttifaqının müxtəlif şəhərlərinə göndəriləndə, o dövrdə hələ Sovet Azərbaycanı adlanan ölkəmizin təsərrüfat-iqtisadi, mədəni, yaradıcı, hərbi, siyasi elitasının formalaşmasına böyük diqqət yetirilməyə başladığı dövrdə xüsusilə nəzərəçarpan xarakter almışdı. Həmin qərarların qəbul edilməsi ilə əlaqədar siyasi çətinliklərə baxmayaraq, məhz onlar kadrların regenerasiyası, rotasiyası, əvəzlənməsi və dövlət qulluğunda işə yeni, intellektual və zirək gənclərin cəlb olunması prosesinin başlanmasına kömək etmişdir".
Göründüyü kimi, Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevə həm də ona görə minnətdar olmalıdır ki, o, özündən sonrakı Azərbaycanı təsadüflərin ixtiyarına buraxmadı, müasir idarəetmə qabiliyyətinə malik gənc lideri - İlham Əliyevi yetişdirdi. Ölkə Prezidenti cənab İlham Əliyev bu gün Azərbaycan dövlətini inkişaf etmiş dünya ölkələri səviyyəsinə çatdırmaq və bu inkişafı davamlı inkışafa çevrimək istiqamətində kompleks tədbirlər həyata keçirir.
Bu bir həqiqətdir ki, aparılan islahatların, həyata keçirilən daxili və xarici siyasətin uğurlarında, ölkənin sosial-iqtisadi inkişafında dövlət idarəçiliyində çalışan kadrların hər birinin öz xidmətləri və məsuliyyəti vardır. Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, belə idarəetməni və onu həyata keçirmək üçün komandanı, təbii ki, yalnız Heydər Əliyev məktəbini keçmiş, ondan tərbiyə almış və zəngin idarəetmə qabiliyyətinə malik olan möhtərəm İlham Əliyev formalaşdıra bilərdi.
Artıq cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında təbii-iqtisadi imkanlardan istifadə etməklə çox güclü və dayanıqlı bir iqtisadiyyat formalaşmışdır. İstər ümumi iqtisadi göstəricilərin, istərsə də sənaye, kənd təsərrüfatı, sosial və s. sahələrə dair göstəricilərin dınamik formada dəyişməsi, ilbəil artması ölkəmızin iqtisadi qüdrətini və inkişaf tempini xarakterizə edir. Eyni zamanda, dünyada davam edən iqtisadi böhran nəticəsində ayrı-ayrı ölkələrin iqtisadi vəziyyətinin pisləşdiyini, ÜDM həcminin azaldığını, investisiya qoyuluşları və kreditlərin cəlb edilməsi imkanlarının məhdudlaşdığını, bir çox ölkələrin milli pul vahidlərinin devalvasiya edildiyini, işsizlik səviyyəsinin artdığını və bütün bunların Azərbaycanda ciddi formada hiss edilmədiyini nəzərə alsaq, ölkəmizin iqtisadi uğurlarını daha aydın təsəvvür etmək olar. Uzağa getmədən, MDB ölkələrinin timsalında iqtisadi böhranın ümumi mənzərəsi ilə tanışlıqdan aydın olur ki, bir çox qonşu respublikalarda iqtisadi vəziyyət kəskin pisləşmiş və həmin ölkələrin iqtisadi durumunu xarakterizə edən makroiqtisadi göstəricilər aşağı düşmüşdür. Konkret olaraq bu ölkələrdə ÜDM 9 faiz, sənaye istehsalı 14 faiz, o cümlədən, ölkələr üzrə, Rusiyada 14 faiz, Qazaxıstanda 1,5 faiz, Belarusda 4,6 faiz, Qırğızıstanda 12,7 faiz, Ukraynada 29,6 faiz və s. azalmışdır.
Təsadüfi deyil ki, artıq öz iqtisadi inkişaf yolu olan, qlobal maliyyə böhranının təsirini minimum həddə endirməyi bacaran Azərbaycanın uğurları bütün dünyada diqqətlə izlənilir və ölkəmızin inkişaf tempini təmin edən şərtlər geniş təhlil obyektinə çevrilir. Bunu son vaxtlar dünyanın aparıcı mətbuat orqanlarında Azərbaycanın iqtisadi artımına dair dərc olunan yazılardan, beynəlxalq reytinq agentliklərinin ölkəmizə verdiyi qiymətlərdən də əyani görmək mümkündür. İnternet saytlarında aparılan araşdırmalardan aydın olur ki, Böyük Britaniyada nəşr edilən "Financial Times" qəzeti Azərbaycanın investisiya imkanlarını şərh edərək yazır ki, qlobal maliyyə böhranı Azərbaycan iqtisadiyyatına təsir göstərməyib.
(ardı var)

{nl}

İSA ALIYEV, AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor, AQİL ƏSƏDOV, İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri namizədi

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında