Azərbaycanda rabitənin 135 illik inkişaf tarixi – informasiya cəmiyyətinə keçid

Qloballaşan dünyamızı  bu gün rabitəsiz təsəvvür etmək çox çətindir. Dünya ölkələri hazırda genişmiqyaslı rabitə sistemləri ilə bir-birinə bağlanmışlar. Bu bağlılıq onu yaradan sistemlərin tarixən  təkmilləşməsi  nəticəsində mümkün olmuşdur. Azərbaycan da  bu gün rabitə sistemlərinin inkişafına görə dünyanın qabaqcıl ölkələri ilə   rəqabətə  girməyə hazırdır. Ölkəmizdə rabitənin zəngin inkişaf tarixi var. Məlumatların qasidlər, çaparlar, dəvə karvanları vasitəsilə ötürülməsi  ilə bağlı  faktlar buna  misal ola bilər.

Dövlət səviyyəsində poçtun əsası 1501-ci ildə Səfəvilər dövlətinin başçısı Şah İsmayıl Xətai tərəfindən qoyulub. Müasir formada poçtun yaranması isə XIX əsrin birinci  yarısına təsadüf edir.

Dünyada telefon rabitəsinin tarixi 1876-cı ildən başlayır. İlk telefon aparatı Amerikada həmin il A. Bell tərəfindən nümayiş etdirilmiş, 1877-ci ildə isə ilk telefon kommutatoru istismara verilmişdir. Avropaya keçən telefon tezliklə Rusiyaya və Bakıya çatmışdır. Bakıda isə  ilk telefon xətti “Nobel qardaşları Cəmiyyəti” tərəfindən 1881-ci il dekabrın 6-da çəkilmişdir. Həmin dövrdə təkcə şəhər mərkəzində deyil, şəhərətrafı kəndlərlə də telefon əlaqəsi yaradılmışdır. Bakı-Balaxanlı arasında 36 birləşdirici xətt işləmiş və 300 abunəçiyə xidmət etmişdir. 1911-ci ildə isə Tiflis-Bakı-Yelizavetpol istiqamətində telefon xətti çəkilərək istifadəyə verilmişdir.

1918-ci il oktyabrın 6-da Azərbaycan Demokratik Cümhuriyyətinin Poçt və Teleqraf Nazirliyi yaradılmışdır.  1928-1929-cu illərdə  Tiflis, Yerevan, Qroznı, Rostov, Moskva, Leninqrad şəhərləri ilə şəhərlərarası telefon rabitəsi, respublika daxilində isə Hacıqabul, Salyan, Kürdəmir, Ucar, Göyçay, Ləki, Yevlax, Bərdə, Ağdam, Xankəndi, Nuxa, Gəncə, Ağstafa, Qazax, Şamaxı, Xızı və Quba rayonları arasında telefon rabitəsi mövcud idi.

Ötən əsrin 50-ci illərinin sonlarında   Azərbaycanda  rabitənin inkişafında ən ciddi  problem  mütəxəssislərin  çatışmaması idi.  Buna görə də bu  sahədə mütəxəssislərin yetişdirilməsi məsələsi gündəmə gəlmişdir. 1959-cu ildə Azərbaycan SSR Nazirlər Soveti respublikanın ali məktəblərində yüksək ixtisaslı rabitəçi mütəxəssislər hazırlanması barədə qərar qəbul etmiş, 1965-ci ildə Azərbaycan Politexnik İnstitutunda “Telefon və teleqraf rabitəsi” ixtisası üzrə mühəndislərin ilk buraxılışı olmuşdur. 1964-cü il yanvar ayının 31-də Bakı Televiziya Mərkəzi Moskvadan Mərkəzi Televiziyanın verilişlərinin retranslyasiyasına başlamışdır. 1968-ci ilədək respublikada televiziya proqramının yayımı aran bölgələrində yerləşən Əli Bayramlı (Şirvan), Göyçay və Gəncə şəhərlərini əhatə etmişdir.

Sovet hakimiyyəti illərində Azərbaycan rabitəsində müəyyən işlər görülsə də, 60-cı illərdə respublikamız bu sahədə İttifaqın digər respublikalarından çox-çox geri qalırdı. Yalnız 1969-cu ildə Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başladıqdan sonra digər sahələrlə yanaşı, rabitə də güclü inkişaf yoluna qədəm qoyub.

Bir neçə fakta  diqqət yetirək. 1976-cı ildə təkcə Bakı telefon şəbəkəsinin gücü 1927-ci illə müqayisədə 20 dəfədən çox artmış, telefon Azərbaycan əhalisinin məişətinin ayrılmaz hissəsinə çevrilmişdi.  Bu dövrdə  rabitənin inkişafı təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb, respublikanın digər bölgələrini də əhatə edib. Bu illərdə Gəncədə, Naxçıvanda və digər şəhər və rayonlarda, kənd və qəsəbələrdə də ATS tikintisi aparılıb.

Həmin illərdə poçt, teleqraf və teleradio proqramlarının yayımı sahələri də diqqətəlayiq inkişaf yolu keçib. Bakıda  poçtamt binasının, Rabitə evinin, onlarca rayon mərkəzində rabitə qovşaqları, bundan başqa respublikada 300-dən çox poçt şöbəsi üçün binaların tikintisi o dövrdə reallaşıb.

1979-cu ildə Heydər Əliyevin şəxsi rəhbərliyi altında yaradılmış komissiya tərəfindən Bakıda, köhnə teleqüllənin yaxınlığında tikilməsi nəzərdə tutulan 310 metrlik yeni teleqüllənin layihəsi təsdiq edilib və 1981-ci ildə obyektin tikintisinə başlanıb. Buna baxmayaraq, bir sıra obyektiv və subyektiv səbəblər üzündən yeni teleqüllənin istismara verilməsi ləngidilsə də, ümummilli liderimiz Heydər Əliyevin respublikamıza ikinci dəfə rəhbərlik etdiyi dövrdə onun diqqət və qayğısı sayəsində xalqımızın istifadəsinə verilib.

Ötən əsrin 80-ci illərinin sonlarından  məlum səbəblərdən  rabitənin inkişaf sürəti kəskin zəifləyib. İnkişafın yeni mərhələsi isə ulu öndər Heydər Əliyevin  ikinci dəfə hakimiyyətə gəlişi ilə bağlıdır. 1993-cü ildən  tədricən bərqərar olan sabitlik şəraitində respublikaya xarici investorlar cəlb olunub, rabitə sahəsinin inkişafında əsl dönüş də bundan sonra başlayıb. Türkiyənin “Teletaş” və “Netaş” şirkətləri tərəfindən Bakıda, Sumqayıtda, Gəncədə və digər bölgələrdə müasir elektron tipli ATS-lər qurulmuş, “Aztelekom” İstehsalat Birliyində 2000 kanallı beynəlxalq telefon stansiyası, 6150 kanallı respublika daxili Şəhərlərarası telefon stansiyası, ABŞ-ın “Motorola” şirkətinin investisiyası ilə sellülar rabitə xidməti göstərən “Bakcell”, Türkiyə rabitəçiləri ilə “Azərcell” və digər birgə müəssisələr yaradılıb.Bütün bunlar Heydər Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan milli rabitəsinin parlaq inkişaf yolunun yeni mərhələsi idi.

Rabitənin inkişafında  1998-ci ildə  qazanılmış uğurları xüsusilə vurğulamaq lazımdır. Mütəxəssislərin fikrincə, həmin il  rabitə sistemində əsl inqilab baş  vermişdir. Belə ki, respublikamızda 108 min nömrəyə yaxın tutuma malik elektron tipli müasir ATS-lər qurularaq istifadəyə verilib.

1993-2003-cü illərdə görülən işlər nəticəsində ölkənin telefon şəbəkəsinin 48,4 faizi, o cümlədən Naxçıvan Muxtar Respublikasının telefon şəbəkəsi 100 faiz elektronlaşdırılıb. Heydər Əliyevin 17 fevral 2003-cü ildə “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya”nın (2003-2012-ci illər) təsdiq edilməsi haqqında” sərəncamı ölkəmizdə  informasiya  cəmiyyəti  quruculuğu yolunda  ­uğurlu bir addım idi.

Milli strategiyanın əsas məqsədi ölkədə informasiya cəmiyyətinin bərqərar olması, onun yaratdığı imkanlardan vətəndaşların, cəmiyyətin, dövlətin inkişafı üçün səmərəli istifadə edilməsi, ölkənin davamlı və dayanıqlı tərəqqisi, İKT-nin dövlət idarəçiliyində hərtərəfli tətbiqi, habelə sosial-iqtisadi və mədəni sahələrin inkişafına təkan verən iqtisadi sektor kimi inkişaf etdirilməsidir. Bu məqsədə çatmaq üçün görülən tədbirlər  öz müsbət nəticəsini verdi.

Ulu öndərin  siyasi kursunun uğurlu davamçısı  İlham Əliyevin  hakimiyyətə gəldiyi ilk dövrdən  informasiya  cəmiyyətinə  doğru  çox inamlı addımlar atıldı.  Ölkə Prezidenti xüsusi sərəncamla  məktəblərin  kompüterləşdirilməsi ilə  bağlı  Dövlət Proqramını təsdiq etdi. Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramı (2005-2007-ci illər)  və  sonralar  qəbul olunan  dövlət proqramları   informasiya  cəmiyyəti  qurucularının yetişdirilməsinə  güclü stimul yaratdı. İndi artıq ölkənin  bütün məktəblərində kompüterdən istifadə adi hala  çevrilmişdir.

Prezident İlham Əliyevin 7 mart 2014-cü il tarixli sərəncamına əsasən yaradılmış Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyaları Nazirliyi informasiya  cəmiyyətinə keçidin formalaşdırılmasında  əhəmiyyətli rol oynadı. Nazirlik Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi əsasında yaradılmışdır. Yüksək texnologiyalar dövrümüzün daha çox mütərəqqi və elm tutumlu  texnologiyalarıdır, eləcə də onlardan və onlara əsaslanan texniki vasitələrdən istifadəyə keçid indiki mərhələdə elmi-texniki inqilabın mühüm amilidir. Məhz buna görə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində məqsədi qabaqcıl texnologiyaları Azərbaycana gətirmək, Azərbaycanda elm tutumlu sənayenin inkişafına xidmət edən Yüksək Texnologiyalar üzrə Tədqiqat və İnkişaf Mərkəzi yaradılıb. Bütün bunlar müasir  dövrün tələbi idi.

“Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” İKT-nin  ölkəmizdə gələcək inkişafının  yeni konturlarını müəyyənləşdirmişdir. Bu  strategiya informasiya cəmiyyətinin əsaslarının yaradılması, vətəndaşlar, cəmiyyət, özəl sektor və dövlət orqanları tərəfindən İKT-dən geniş istifadənin növbəti mərhələdə planlaşdırılması üçün əlverişli şərait yaradır. O, cəmiyyətin müasir rabitə və informasiya texnologiyalarına olan tələbatı, dünya təcrübəsi, beynəlxalq təşkilatların, o cümlədən Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ), Avropa İttifaqının, UNESCO-nun tövsiyələri, “Açıq hökumət təşəbbüsü” nəzərə alınmaqla hazırlanmışdır. Strategiya İKT sahəsinin qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsi üzrə dövlətin siyasətini əks etdirir, əsas məqsəd və vəzifələri, prioritetləri və fəaliyyətin əsas istiqamətlərini müəyyənləşdirir.

Son dövrlər Azərbaycanda informasiya texnologiyalarının kütləviləşməsi, bu sahənin inkişafı üçün nəzərəçarpacaq addımlar atılıb, dövlətin ciddi dəstək və qayğısı nəticəsində uğurlar əldə olunub. Xüsusilə, “elektron hökumət”  informasiya portalının formalaşması istiqamətində  həyata keçirilən tədbirlər informasiya cəmiyyəti  yaradılması yolunda  mühüm addım hesab edilməlidir.      

Elektron xidmətlərin genişlən­dirilməsi sahəsində ölkənin əsas hədəflərini əks etdirən “2014-2016-cı illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və “elektron hökumət”in inkişafına dair Dövlət Proqramı”  bu gün uğurla  reallaşdırılmaqdadır. Bu proqramın məqsədi “elektron hökumət”in formalaşdırılması və elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində ölkədə indiyədək aparılmış işlərin davam etdirilməsi, bu sahədə ardıcıl və məqsədyönlü addımların atılması ilə müasir informasiya cəmiyyətinin tələblərinin təmin edilməsidir.

Ölkəmizdə “elektron hökumət”, “elektron dövlət”, onun ayrı-ayrı komponentləri olan “elektron parlament”, “elektron məhkəmə”, “elektron vergi” və sair --bunlar hamısı ümumilikdə bir məzmun kimi “elektron Azərbaycan”ı gündəmə gətirir. “Elektron hökumət”in yaradılması təbiidir ki, qısa müddətin işi deyil. Bu, informasiya cəmiyyətinin formalaşması prosesinin bir təzahürüdür. Bu proses get-gedə dərinləşir, yeni texnologiyalar ortaya çıxır, informasiya resurslarının sayı da, həcmi də artır. İnsanlar informasiya texnologiyalarına yaxından bələd olur, onun imkanlarından istifadə edir. Mobil telefon texnologiyaları kimi, artıq onlar özlərini bu texnologiyalardan kənarda hiss etmirlər. Yəni bu, o deməkdir ki, bütün sosial təbəqələr artıq bu texnologiyalardan istifadə etməklə hakimiyyət orqanları ilə interaktiv münasibət qurmağa başlayıblar.

İndi Azərbaycanda  İKT-nin imkanlarından geniş şəkildə istifadə olunur. İKT sektoru neftdən sonra ölkə iqtisadiyyatında ikinci prioritet sahə hesab olunur. İKT-nin ölkə iqtisadiyyatı üçün nə qədər əhəmiyyətli olduğu Prezident İlham Əliyev tərəfindən də dəfələrlə bəyan edilib. Təsadüfi deyil ki,  cənab Prezident 2013-cü ili  ölkədə “İKT  ili”  elan etmişdi. 

Qeyd edək ki, ictimai şüurda İKT-dən biznesdə, siyasətdə, idarəetmədə, səhiyyədə, mədəniyyətdə, elmdə, təhsildə, sənayedə və digər sahələrdə istifadə məsələlərinin aktuallığı və zəruriliyi tam qəbul olunmuşdur. Müasir dövrdə məlumat almaq imkanı güclü olan vətəndaş cəmiyyətinin qurulması gələcək bəşər sivilizasiyasına doğru mühüm addımdır. Hazırda İKT-dən geniş istifadə hər bir ölkənin sosial-iqtisadi inkişafına kömək edir və yoxsulluğun azaldılmasında səmərəli vasitə rolunu oynayır. Ölkəmizdə də  bu sahədə  çox əhəmiyyətli  layihələr reallaşdırılır. Qlobal informasiya mühitinin yaradılması, sosial və iqtisadi fəaliyyətin yeni formalarının meydana gəlməsi, informasiya və bilik bazarının yaradılması, müxtəlif səviyyədə informasiya mübadiləsi sistemlərinin inkişafı, vətəndaş və təşkilatların istənilən məlumatı almaq, onu yaymaq və ondan istifadə etmək kimi hüquqlarının tam təmin edilməsi və sair  bu istiqamətdə atılan uğurlu addımlardır.

Cəmiyyətin informasiyalaşdırılması ölkə iqtisadiyyatının bütün sahələrində səmərəliliyin artırılmasına, qiymətlərin endirilməsinə, dövlət orqanlarında elektron sənəd mübadiləsinin, elektron ticarət sistemlərinin tətbiqinə, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsinə kömək göstərəcəkdir.

İKT-nin  qeyri-neft  sektorundakı  rolunun artması  onu deməyə əsas verir ki, Azərbaycanda informasiya  cəmiyyəti quruculuğu sürətlə irəliləməkdədir. Yaxın  gələcəkdə  başqa  sahələrdə olduğu kimi,  informasiya  cəmiyyəti  quruculuğu  sahəsində  də  Azərbaycan  dünyanın inkişaf etmiş ölkələri ilə  rəqabətə  girə biləcək.

Mehdi MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”

Məqalə “Azərbaycanda rabitənin 135 illik inkişaf tarixi – informasiya  cəmiyyətinə keçid”  mövzusunda keçirilən müsabiqəyə təqdim  olunur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında